www.achiq.info
1
Əbülfəz Rəcəbov
Dil, Cəmiyyət, Şüur
Oxucuya
Dil
Birinci Fesil: Dilin Mahiyyəti
İşarədən Nitqədək
Nitq və Fəaliyyət
Əmək, Cəmiyyət və Dil
Sözlər və Şeylər
Dilin və Nitqin Funksiyaları
OXUCUYA
İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi
məsələlərindən bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması,
işarədən nitqə doğru inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək
fəaliyyəti zamanı cəmiyyətdə yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki,
cəmiyyət özü də dilsiz mövcud ola bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz
yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı digərini şərtləndirən və nə zamansa ikisi də mövcud
olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı
əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların sözlərə münasibəti necədir?
Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq arasındakı
münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif
tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır.
Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və
psikologiya elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi-
nəzərdən dil və cəmiyyət, dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir.
www.achiq.info
2
Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli
sürülmüş fikir, ideya, nəzəriyyə və fərziyyələrə tənqidi yanaşmış, bunların müsbət və mənfi cəhətlərini
oxucuya izah etməyə çalışmışdır.
Nəzərdən keçirilən və tədqiq edilən problemlərin mühüm bir qismi nəinki Azərbaycan dilində
(Azərbaycan dilçiliyində yox!), eyni zamanda elmdə ilk dəfə qaldırılır. Muəllif bir sıra hallarda bu
problemlərin həllində müasir elmi ideyalarla təzad təşkil edən fikirlər irəli sürur, bəzən müasir dilçilikdə
qəbul edilməyən, bəzən isə tənqid edilən (rədd edilən desəydik, daha doğru olardı) ideyalara isnad edir.
Lakin qeyd edilməlidir ki, müəllif dilin fəlsəfi məsələlərini tədqiq və izah edərkən hər yerdə dialektik və
tarixi materializm fəlsəfi müddəalarından çıxış edir.
Qeyd edilməlidir ki, indiyədək tədqiqatçılar dilin fəlsəfə ilə bağlı problemlərindən danışarkən öz
fikirlərini sübut etmək üçün Marks və Enqelsin əsərlərindən sitatlar gətirmiş, onların fikirlərinə
əsaslanmışlar. Lakin heç kəs onların fikirlərindəki mənanın dərinliyinə diqqət yetirməmişdir. Marks və
Enqels öz əsərlərində dil və təfəkkürün münasibətindən danışmamışlar, dil və şüurun münasibətindən bəhs
etmişlər, halbuki istər Azərbaycan, istərsə də ümumiyyətlə sovet dilçiləri bu barədə həmişə Marks və
Enqelsin məşhur sözlərinə müraciət etmişlər («Dil də şüur qədər qədimdir». «Dil başqa insanlar üçün
mövcud olan və yalnız bununla da mənim özüm üçün mövcud olan praktik real şüurdur» və s.). Onların
fikrincə, guya şüur və təfəkkür eyni hadisədir. Əksinə Marks və Enqels dil və təfəkkürün münasibətindən
danışmaq istəsə idilər, «şüur» sözünü yox, «təfəkkür» sözünü işlədərdilər. Məhz bu kimi səbəblərə görə
müəllif Marks və Enqelsin fikirlərinə müraciət etdikdə onların indiyədək verilmiş izahından çıxış etmir,
əksər hallarda öz şərhini təqdim edir.
Lakin nəzərə almaq lazımdır ki, bu kitabda təqdim edilən dilin fəlsəfi problemlərinin əksəriyyəti
elmdə ilk dəfə qaldırılır. Ona görə də güman edirəm ki, səhvlərim, yanlış, yaxud dolaşıq fikirlərim olmamış
olmaz. Kitabda rast gələcəyiniz nöqsanlar və ümumiyyətlə kitabda qaldırdığım məsələlər barəsində fikir,
məsləhət, arzu və təkliflərinizi mənə bildirsəniz, qabaqcadan öz minnətdarlığımı bildirirəm.
Dil
İnsanı ətraf mühitə hakim edən, bütün canlıların fövqündə saxlayan dildir. İnsan dildən hər gün, hər
saat istifadə edir. Çox vaxt insan həyatında idrakın, şüurun, təfəkkürün əhəmiyyətini ön plana çəkir,
bunlarsız insanın insan kimi ümumiyyətlə mövcud ola bilməyəcəyini söyləyirlər. Bu zaman unudurlar ki,
idrakın şüurun, təfəkkürün yaranması və formalaşmasında dilin əhəmiyyəti böyükdür. Dil olmasa idi idrak,
şüur, təfəkkür haqqında, müasir insanın özü haqqında bu gün söhbət belə ola bilməzdi. İnsanı insan edən
www.achiq.info
3
dildir.
İnsan həyatında oynadığı nəhəng rola görədir ki, dilin yaranması, gerçəkliklə, şüurla, təfəkkürlə
əlaqəsi, ümumiyyətlə dil problemi bütün dövrlərdə filosofları maraqlandırmış, dilçilik elmi yaranandan onun
mərkəzi mövzusuna çevrilmişdir. «Dil nədir?» sualı dilçiləri dil haqqında elmin bütün tarixi boyu
maraqlandırmışdır. Bu suala çoxlu və müxtəlif cavablar verilmişdir. Cavablar, müəlliflərinin elmi
dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat metodlarının, dilin inkişafı, forma və qanunauyğunluqlarının
müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir.
Dilçilik elmi dilin mahiyyəti və təbiəti haqqındakı müddəalarında dialektik materializm fəlsəfəsinin
prinsiplərinə əsaslanır. Bu müddəalara görə, dilin əsas funksiyaları kommunikativ (ünsiyyət), fikir (təfəkkür,
nominativ - dil fikir alətidir), estetik-emosional və inikas funksiyalarıdır. Dil məhz kommunikativ və fikri
formalaşdırma aləti funksiyaları sayəsində ictimai hadisə olur. Dilçilik elmi də dilə bu baxımdan - ictimai
hadisə olması nöqteyi-nəzərindən yanaşır, dilin təbiətini, inkişaf qanunauyğunluqlarını, dillə şüurun və
təfəkkürün, dillə cəmiyyətin qarşılıqlı əlaqə və münasibətlərini bu baxımdan öyrənir.
Dilə strüktur baxımından yanaşsaq, ona belə bir tərif verə bilərik: dil işarələr və onlar arasında əlaqələr
sistemidir. Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından
yanaşdıqda isə ona belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan
fikrinin, təfəkkürünün formalaşması vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın
mənəvi aləminin, əxlaqının, davranışının, xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Biz bu tərifin son
və ən kamil tərif olması fikrindən uzaq olsaq da, bizcə, o, Dilə indiyədək verilmiş təriflərin ən əhatəlisi,
mükəmməlidir. Dilsiz cəmiyyət, deməli, insanın özü mövcud ola bilməz." Dil insanın insan kimi varlıq
formasıdır.
Bütün bunlar dilin fəlsəfi tərifidir. Dilçilik elmi isə dili sırf dilçilik baxımından öyrənir. Dil hər şeydən
əvvəl dil haqqında elmin, dilçiliyin tədqiqat obyektidir, predmetidir. Dilin nəzəri problemlərini - dil və şüur,
dil və təfəkkür, dil və cəmiyyət, dilin təbiəti və mahiyyəti, dilin inkişaf qanunauyğunluqları, dilin qnoseoloji
və ontoloji problemləri-dilçiliyin bəzən obrazlı surətdə dilin fəlsəfəsi adlandırılan ümumi dilçilik adlanan
sahəsində öyrənilir.
Nəzəri dilçilik hər şeydən əvvəl dilin mahiyyəti problemini aydınlaşdırmaqla məşğul olur, çünki ən
mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq
qabiliyyəti və s. ilə əlaqədardır. Məhz buna görə dilçilik dilin mahiyyəti məsələləri ilə az ya çox əlaqədar
olan digər elm sahələri ilə «kəsişir», beləliklə, aralıq elm sahələri yaranır.
Əlbəttə, dil özü özündə olan, özü özü üçün olan varlıq, hadisə deyildir. O, obyektiv gerçəklikdə