yaxın günlərdə S.Rəhmanın "Toy" komediyasını
oynayacaqdır". Əsəri qəbul etmək üçün rayonumuza
Respublikanın xalq artisti Mirzağa Əliyev gəlmişdir.
A.Manaflının "Həyat" haqqında mənim fikrim" məqaləsində
isə müəllif, teatrın direktoru S.Zülfüqarovun, bədii hissə
müdiri Əsəd Cəfərovun, aktyorlardan Ağababa Abdullayevin,
Mürşüd Haşımovun, Cəmil Vəzirovun, Rza Əliyevin, Şölə
Yolçuyevanın və başqalarının fəaliyyətindən bəhs edir.
Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev "teatr" adlı
sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olmuşdur. O,
qeyd edir ki, "mən də ora tez-tez gedir və böyük maraqla
aktyorların oyunlarına tamaşa edirdim". Sənət yollarında ilk
axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc
müəllim İ.Əfəndiyevin inkişafında istər rayon qəzeti "Qızıl
Araz"ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir.
Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə
əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur
olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk
etmirdi. O. Qaryagin rayonunun Böyük Bəhmənli kəndində
müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən
Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi
müdiri vəzifəsinə tə‘yin olunur. Bir il burada işlədikdən sonra
ali təhsil almaq üçün Bakıya – Azərbaycan Dövlət Pedaqoji
institutuna göndərilir. 1934 -cü ildə APİ-nin ədəbiyyat
şö‘bəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox
uzun sürmür; elə həmin il institutu tərk edib rayona
qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu
üçün institutdan uzaqlaşdırılmışdı.
Lakin yazıçı 1950-ci ildə qələmə aldığı "Tərcümeyi-hal" adlı
yazısında bu faktı atasının xəstəliyi ilə əlaqələndirmişdir.
Bunun səbəbi ondan ibarətdir ki, İ.Əfəndiyev 30-cu illərdəki
təqib və təhqirləri yaddan çıxarmamış, şəxsiyyətə pərəstişin
qızğın bir döründə Stalin ideologiyasının oğlan çağında əsl
həqiqəti ictimaiyyətdən gizlətməyə məcbur olmuşdur.
Həqiqət isə belədir: Müvəffəqiyyətlə imtahan verib filologiya
fakültəsinin əyani şö‘bəsinə daxil olmuş yazıçı bir neçə ay
orada oxuduqdan sonra xəbər tuturlar ki, İ.Əfəndiyevin atası
inqilabdan əvvəl ticarətlə məşğul olduğu üçün səs
hüququndan məhrum edilmişdir. O zaman səs hüququndan
məhrum edilmək isə ölümə məhkum olunmaq kimi bir hal idi.
Yazıçı sonralar qələmə aldığı başqa bir yazısında institutdan
qovulmasını tamamilə başqa cür izah etmişdi: Bir qədər sonra
İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası
səs hüququndan məhrum edilmiş tələbələr ideoloji
fakültələrdən çıxarılsın. Məsləhətdir, nə qədər gec deyil, ərizə
verib bir il məzuniyyət götür. "Atan qolçomaqdır" deyə səni
İnstitutdan çıxartsalar, sonralar iş tapmağın çətin olar. Mən
də o cür hərəkət etdim. Atası vəfat etdikdən sonra , çoxuşaqlı
ailənin bütün ağırlığı evin ən böyük övladı olan İ. Əfəndiyevin
öhdəsinə düşmüşdü. Xoşbəxtlikdən İ.Əfəndiyevin adı həmin
illərdə repressiya olunanların siyahılarında olmayıb. O, 1938-
ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şö‘bəsini qurtarıb
sağ-salamat rayona qayıdaraq müəllimliyini davam
etdirmişdir.
Respublikanın ən böyük ali məktəblərindən biri hesab edilən
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər
İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm bir mərhələ
təşkil edir. Ən tanınmış alimlərin və müəllimlərin dərs dediyi
həmin ali məktəbdə İ.Əfəndiyev Bəkir Çobanzadə, Əli Sultanlı
və s. bu kimi müəllimlərdən dərs almışdır. Yazıçının
qeydlərində oxuyuruq: "Lap ilk günlərdən istər tələbə
yoldaşlarımın, istərsə də müəllimlərin yaxın, səmimi
münasibətlərinə nail olmuşdum. Professor Çobanzadə, Əli
Sultanlı kimi məşhur müəllimlərimiz mənimlə xüsusi dost
olmuşlar. Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə
bütün türk-tatar dillərini bilirdi. Həmişə son dəblə tikilmiş
bahalı kostyumlar geyərdi. Demək olar ki, canlı bir
ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı... Aramla iki
saat söylədiyi mühazirələrdən heç birimiz yorulmazdıq... o,
yüksək mədəniyyətə, yüksək intellektə malik nadir bir adam
idi".
İ. Əfəndiyevin institutda dostlaşdığı və həmişə xətrini əziz
tutduğu müəllimlərdən biri də Əli Sultanlı idi. Əli Sultanlının
antik dövr ədəbiyyatı haqqındakı mühazirələri o qədər canlı, o
qədər şairanə olurdu ki, biz hər dəfə sanki gözəl bir poemaya
qulaq asırdıq.
Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlmiş
və bir-birinin ardınca hekayələr yazmağa başlamışdır.
"Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat
işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox
yorulmağıma baxmayaraq Qarabağın qarlı uzun qış
gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım.
Sonralar "Kənddən məktublar" adı ilə çap olunan həmin
hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim
Bakıya..."
Bu illər çox qorxulu bir dövr idi, ən istedadlı sənətkarların başı
üzərini qara buludlar almışdı, heç kəs özündən arxayın deyildi.
Sabaha sağ çıxıb-çıxmayacağından nigaran qalmış adamlar
bir-birindən qorxur, heç kimə etibar etmirdilər.
Yaradıcılığı
İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır:
"Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma
düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim
üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən
elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı,
Dostları ilə paylaş: |