Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı
əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya
növün quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir növün
müəyyən yaşama yeri olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən
orqanizmlər qrupudur, yaxud populyasiya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir.
«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat.
populus). Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı
fərdlərə nisbətən daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir:
1) Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə
ifadə olunur. Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı) müxtəlifdir, lakin
müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən həddən az olarsa populyasiyanı məhv edər.
Əgər populyasiya məhdud ərazi daxilində yaşayırsa və sayı az olarsa,
fərdləri bilavasitə saymaq
mümkündür, məs. Şirvan qoruğunda olan ceyranların sayı. Populyasiyanın sayı mövsüm və illər üzrə
kəsgin dəyişə bilər. Məs. Lemminqlərin (xırda gəmiricilər), adi çəyirtgə, xəstəliktörədən bakteriyalar,
bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü bitki və heyvan
populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan həşəratların və birillik bitkilərin
populyasiyalarının sayı yüz min və milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan
populyasiyalar təsadüfi səbəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər məhv olub
gedər. Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri mümkün olarsa, onda
populyasiyanın sıxlığını müəyyənləşdirib onun tutduğu sahəyə vurmaqla sayını tapmaq olar. Bir çox
növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın ən
çox optimal (əlverişli) sayına onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında qomectatik
imkanlar müxtəlif olur. 2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən
miqdarıdır; yəni sahə və ya həcm vahidinə düşən populyasiya fərdlərinin sayı və biokütləsidir.
populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını
nizamlamaq üçün mütəlif kompleks süni tədbirlər də həyata keçirilir. Məs. ilin çox çətin dövrlərində
heyvanlar
əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə köçürülür, brakonyerlərlə mübarizə
tətbiq edilir. Meşədə ağaclar çox sıx olduqda cavan və yetişgənlik yaşlarında «işıqlandırma»,
«seyrəltmə» və «keçid» qırıntıları tətbiq olunur. Populyasiyalar müəyyən quruluşa malik olub özlərini
müxtəlif yaş, cins, ölçü miqdarında və genetik cəhətdən göstərir. 3.1. Növün populyasya strukturu Hər
növ müəyyən ərazini (areal) tutaraq orada populyasiya sistemini yaradır. Ərazi nə qədər çox parçalanmış
olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün
populyasiya strukturunu onun bioloji ayrılması – onu təşkil edən fərdlərin hərəkətliyi və əraziyə bağlılıq
dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir. 3.2. Populyasiyanın ayrılması
dərəcəsi Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə,
belə növ az miqdarda iri
populyasiyalara malik olur. Böyük miqrasiya qabiliyyəti ilə fərqlənən növlərdə şimal maralını və şimal
tülküsünü misal göstərmək olar. Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü
mövsüm ərzində çoxaldığı (nəsil verdiyi) yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini
dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək zamanı yüz kilometrə qədər məsafəni qət edir.
Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi maneələrdən – enli çaylardan,
boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən böyük olmayan
arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola bilər,
məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.
Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox
kiçik
populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı
mühitin
müxtəlifliyindən birbaşa asılı olur. Dağlıq rayonlarında belə növlərin ərazi differensasiyası düzən
əraziyə nisbətən daha mürəkkəb olur. Növün qonşu populyasiyalarının ayrılma dərəcəsi olduqca
müxtəlif olur. Bəzi hallarda onlar ərazicə birbirindən kəskin ayrılır. Xanı və tinqa balıqlarının bir-
birindən ayrı yerləşən göllərdə populyasiyaları və yaxud ağbığlı silviya quşunun və Hindistan
qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və çay vadilərindəki
populyasiyalarını buna misal göstərmək olar. Geniş ərazilərdə növün başdan-başa məskunlaşması
bunun əks variantıdır. Belə yayılma xarakteri, məsələn, quru bozqırlarda və yarımsəhralardakı kiçik
sünbülqırana xasdır. Bu landşaftlarda onların sıxlıq dərəcəsi hər yerdə yüksəkdir. Populyasiyalar
arasında əlaqə növün vahid bütövlüyünü saxlayır. Populyasiyaların bir-birindən uzun müddət ayrı
düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur. Ayrı-ayrı populyasiyalar arasındakı fərqlər
müxtəlif dərəcədə təzahür olunur. Onlar yalnız onların qrup xarakterinə deyil, həm də fizioloji, morfoloji
keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışına toxuna bilər. Bu fərq əsasən təbii seçmənin
təsirilə yaranaraq hər bir populyasiyaya konkret şəraitdə yaşamağa uyğunlaşmağa imkan verir. Məsələn,
ağ dovşan arealının müxtəlif hissələrində müxtəlif rəngdə, müxtəlif ölçüdə, müxtəlif həzm sisteminə
malik olur. 3.3. Populyasiyanın təsnifatı Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq
və təsnifatını vermək üçün ekoloqlar müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova (1967) görə növün ən
böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi irqlər hesab olunur. Yarımnöv sistemi və onun tutduğu
ərazinin böyüklüyü növün bioloji xüsusiyyətlərindən asılıdır. Yarımnövün arealları hərəkətedən
formalarda olduqca böyük ola bilər. Onların daxilində eyni coğrafi şəraitə malik olan ərazilərdəki
iqlimə, relyef və landşafta uyğunlaşan coğrafi populyasiyalar ayrılır. Onlar da öz növbəsində mühitin
müxtəlif sahələrində məskunlaşan daha kiçik populyasiyalardan ibarət olur. N.P.Naumova (1963) görə
coğrafi populyasiya bir növün (və ya yarımnövün) eyni şəraitə malik olan ərazilərdə məskunlaşan,
ümumi morfoloji tip və həyat hadisələrinin vahid ritmi və orqanizmlərin dinamikası ilə seçilən fərdlərin
məcmusudur. Coğrafi miqyasda belə qruplaşmalar fərdlərin bu və ya digər rayonda yarımnöv arealı
hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində əmələ gəlir.
Bioloji coğrafi
populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə həm də aparıcı qida tipi, fərdlərin hərəkətlik
dərəcəsi, oturaq və ya miqrasiya həyat tərzinə görə fərqlənə bilər. Bir coğrafi populyasiyanın fərdlərini
birləşdirən xarakterik cəhət onların həyat ritminin birliyidir. Aşağı dərəcə (ranq) populyasiyalar üçün
müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, yerli, lokal, elementar və b. populyasiyaları göstərmək
olar. Belə populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. Populyasiyanın ranqı (dərəcəsi) nə qədər
aşağı olarsa, populyasiyalarla əlaqə də bir o qədər sıx, fərdlər arasında mübadilə dərəcəsi böyük,
fərqləndirici xüsusiyyətlər isə az olar. Yarımnöv ranqının qruplaşmaları arasında fərq daha güclüdür, bu
fərqlər ayrı-ayrı fərdlərin yalnız fizioloji və davranış tərzi, həm də onlarda morfoloji tərzlərdə nəslən
möhkəmlənmişdir. Populyasiyların müxtəlif ranqları (dərəcələr) arasındakı əlaqələr növün vəhdətini və
onun irsi fondunun zənginləşməsini təmin edir. Akademik S.S.Şvars təbii populyasiyaların ayrılmasına
digər – tarixi-genetik cəhətdən yanaşır. Bu baxımdan, populyasiyaları genetik vahid kimi yalnız cinsi
çoxalma və çarpaz mayalanma olan növlər üçün ayırmaq olar. Ölçüsünə görə karlik, adətən lokal və
superpopulyasiyalar ayırırlar. Superpopulyasiyalar başdan-başa geniş əraziləri əhatə edərək çoxlu
miqdarda fərdlərdən ibarət olur. Populyasiyaları, həmçinin
məkanca və yaş strukturuna, daimi yerində
olan və ya məskunlaşdığı yeri dəyişən və digər ekoloji dərəcələrə görə ayırmaq olar. Müxtəlif növlərin
populyasiyalarının ərazi sərhədi bir-birinin üstünə düşmür. Geniş populyasiya sərhədinə malik olan
növlər də mövcuddur. Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasının zəbt etdiyi
ərazi müxtəlif bitki örtüyünü (müxtəlif cinslərdən ibarət meşələr, tarlalar,
çəmənlər, yarğanlar, çay
yatağı və s.) özündə cəmləşdirir. 3.4. Populyasiyanın bioloji strukturu Populyasiyanın strukturunun
əsas göstəriciləri – orqanizmlərin sayı, məkanda yayılması və keyfiyyətcə müxtəlif fərdlərin nisbəti
sayılır. Hər bir orqanizmin fərdi əlamətləri onun irsi proqramından, genetik tipindən və bu proqramın
ontogenezin inkişafında necə həyata keçməsindən asılıdır. Hər bir fərd müəyyən ölçü, cins,
morfologiyasının fərqləndirici əlamətləri, davranış xüsusiyyətləri və dəyişən mühitə qarşı uyğunlaşma
dərəcəsinə malikdir. Bu əlamətlərin populyasiyada yayılması da onun strukturunu təyin edir.
Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə və inkişafı, yenisinin dağılması,
müxtəlif səbəblərdən ölümü (məhv olma), ətraf mühitin dəyişməsi, düşmənlərinin sayının artma və ya
azalması – bütün bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.
Populyasiyanın cinsi strukturu Fərdlərin mühitə tələbatı və onun ayrı-ayrı faktorlara qarşı davamlığı
qanunauyğun və əhəmiyyətli dərəcədə dəyişir. Ontogenezin müxtəlif mərhələlərində yaşayış yeri, qida
tipi, yerdəyişmə xarakteri, orqanizmlərin ümumi aktivliyi dəyişə bilər. Çox vaxt növ daxilində ekoloji
yaş müxtəlifliyi növlər arasındakı fərqdən daha yüksək dərəcədə təzahür edir. Populyasiyanın yaş
fərqləri onun ekoloji müxtəlifliyini və bununla da mühitə müqavimətini əhəmiyyətli dərəcədə