-Niyə, Əli xan?
-Nino,
xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü və bu dənizi
sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən
uzaqlaşanda sudan çıxmış balıq kimi oluram.
Nino bir anlığa gözlərini yumdu.
-Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna bürünmüşdü ki,
qəlbimi paraladı.
Oturub Ninonun əlini ovuclarımın içinə aldım.
-Nino,
biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə pərişan olacağam.
Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı
hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl
elə burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə
gedə bilmərəm. Çünki orada nə məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən
zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki,bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim.
Sən mənə məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm.
Nə olursa-olsun
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.
Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri ilə saçlarımı
sığalladı:
-Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə fikirləşdim ki,
sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha Paris barədə söhbət etməyək.
Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi.
O, məni mehribanlıqla öpdü.
-Nino, mənim kimi adama arvad olmaq çox çətindir?
-Yox, Əli xan, heç də çətin deyil.
O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı.
Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, – körpəmiz
doğulduğu
zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy
səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra
da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün,
şəhərimizin və günəşimizin övladıyam.
-Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin qarnımda
daşıdığım
balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı
olacaq. Razısan?
-Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...
XXIX
Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın yanına avropalı
həkimlər çağırmazdıq.
Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Ananın doğum sancıları
çox qorxunc bir hal aldığı zaman biz ona firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi
olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz sənin göbək bağını evin
gündoğanına baxan divarından qılıncla Quranın arasından asdıq. Sonra
sən onu illərlə bir talisman
kimi boynunda gəzdirdin və xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman
boynundakı göbək bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi
səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına
buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan bir müdrik adam gəldi və özü ilə
bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni
götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O
gündən etibarən sən bir daha xəstələnmədin.
Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum və bütün
vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir
səslə. Atam sakittərzdə dedi:
-Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır. Qədim
zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini
evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi.
-Bu sancı
nə qədər sürə bilər, ata?
Beş, altı, bəlkə də on saat.
Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı yadına saldı. Atam
birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf
getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın
üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam dedi:
-Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin gücündən daha
üstündür.
Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim (Mərhəmətli və
Rəhimli Allahın adı ilə).
Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə edərək alnımı
yerə vurdum:
-Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin Rəbbi, ən
mərhəmətli, ən rəhimli Allaha həmd olsun).
Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun qışqırığı get-gedə
artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz surələrini
mexaniki bir şəkildə təkrar
edirdi:
-İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət diləyirik...)
Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını eşidirdim:
İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət
göstərdiklərinin yolu ilə apar).
Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum.
Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı:
Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla aparmadıqların...)
Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə təkrar etdik.
Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-
pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, kiminsə gülər üzünü
gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa qalxdım. Atamın mənə yönələn baxışlarını hiss
edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm.
Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. Ninonun
gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi:
-Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki!
Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu.
Kimsə arxa tərəfimdən dedi ki,
Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino
taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir
qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir
canlı “oyuncaq” gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı.