50
yerdəyişməsini qeyd edən vericinin komandaları əsasında işə düşərək, tormozlarda mayenin
mümkün olan maksimum təzyiqinin yaradılmasını təmin edir. Bir sıra mütəxəsislərin rəyinə görə bu
sistemin praktiki əhəmiyyəti o qədər də yüksək deyildir. Ona görə ki, ABS ilə təmin edilmiş
avtomobillərdə mayenin təzyiqinin artması təkərlərin bloklanmaması ilə məhdudlaşdırıldığı halda
BAS belə məhdudlaşmanı təmin edə bilmir və təkərlər bloklanır.
BAS sistemini ilk dəfə olaraq Mercedes-Benz firması tətbiq etmişdir. Müəyyən edilmişdir ki,
belə sistem ancaq qəfl tormozlanmanın başlanğıcında mayenin maksimum təzyiqini yaratmaq
iqtidarında olur. Buna baxmayaraq məsələn, Mercedes-Benz S sinifli avtomobilin 100 km/saat
sürətində qəfl tormozlama zamanı onun tormoz yolunu 15% yüksəltmək mümkün olur. Deməli, bu
sistemin tətbiqi ilə hadisə iştirakçılarından kiminsə həyatını qorumaq mümkün olur. Ona görə də
belə sistem Mercedes-Benz avtomobillərindən başqa digər markalarda da tətbiq olunur.
Yanlış rəylərə görə guya ВAS sistemindən fərqli olaraq ABS və ESP sistemləri tormoz
yolunu azaltmayıb, əksinə yüksəldir. Həqiqətdə isə bu, yol örtüyünün tipi və vəziyyətindən asılı
olur.
DBC- (Dynamic Brake Control )-tormozlamaya dinamiki nəzarət sistemi. Тəhlükəli və
qəza vəziyyətlərində sürücülərin 90%-ə qədəri qəza tormozlanmasını aparmaq imkanında olmurlar.
Bu zaman xarakterik cəhət ondan ibarətdir ki, onların çoxu pedalı sürətlə sıxmalarına baxmayaraq,
lazımı qüvvə ilə sıxa bilmirlər. Tormoz pedalına ötürülən qüvvənin sonrakı artımı isə lazımı tormoz
qüvvəsi yarada bilmir. Bu zaman tormoz qüvvəsinin ancaq bir hissəsindən istifadə olunduğundan,
təhlükəli vəziyyətlərdə hadisənin qarşısını almaq üçün, çox qiymətli olan bir neçə metr tormoz yolu
çatışmır.
DBC sistemi dayanıqlığa dinamiki nəzarət sisteminə (DSC) əlavə kimi nəzərdə tutulmuşdur.
DSC sistemi qəfl tormozlanmalarda pedal kifayət qədər qüvvə ilə sıxılmadıqda belə tormoz
intiqalında təzyiqin artması prosesini sürətləndirərək, kiçik tormoz yolunu təmin edir. Belə sistemdə
qiymətləndirici kəmiyyətlər kimi təzyiqin və pedala təsir qüvvəsinin artma sürəti götürülür.
DBC sistemində vakuum prinsipi yox, hidravlik güclənmə prinsipindən istifadə olunur. Belə
hidravlik sistem qəfl tormozlamalarda tormoz qüvvələrinin daha yaxşı və dəqiq hədlərini təmin
edir.
EBAC (Engine Brake Assistant Control)-tormozlamaya mühərriklə yardım sistemi. Bu
sistem Mitsubishi şirkəti tərəfindən işlənib hazırlanmışdır. О, dağlıq yerlərdə və böyük maillikli
küçələrdə avtomobilin rəvan şəkildə, yana sürüşmədən tormozlanmasına mühərriklə kömək edir.
Təkərlərdən hər hansı birində ilişmə zəif olduğunu aşkarlayan sistem MASTС sistemi ilə birlikdə
həmin təkərdə tormoz qüvvəsini artırır.
PVA (Predictive Brake Assist)-sistemi. Bu sistem Bosch şirkəti tərəfindən işlənib
hazırlanmışdır. O, 2005-ci ildən etibarən kütləvi şəkildə istehsal olunmağa başlamış və təhlükəsizlik
sistemlərini proqnozlaşdıran Bosch CAPS (Combined Active and Passive Safety) sisteminin ilk
nəslindən hesab olunur.
Əgər adaptiv kruiz-nəzarət müəyyən etsə ki, avtomobil digər nəqliyyat vasitəsinə kritik
yaxın məsafədə yerləşir və sürücü vəziyyətə reaksiya vermir, onda, bu sistemin köməyi ilə hiss
olunmadan tormoz qəliblərini barabana yaxınlaşdıraraq, mümkün qəza tormozlanmasına hazırlıq
görülür. Əgər qəflətən tormozlamaq lazım gələrsə, qəliblərin barabanlara öncədən yaxınlaşdırılması
səbəbindən bir neçə millisaniyə udulduğundan avtomobilin dayanma yolu qısalacaqdır.
2006-cı ildən etibarən Audi Q7 modelində belə sistemin Predictive Collion Warning adlanan
daha inkişaf etmiş variantlardan istifadə edilir. Belə variantda əgər, sürücü digər nəqliyyat
vasitəsinə yaxınlaşdığını hiss etməsə və tormozlanma aparmasa, onda, təhlükənin yaxınlaşması
haqqında sürücünü məlumatlandırmaq üçün yüngül tormozlama aparılır. Nəticədə sürücünün
diqqəti məcburi surətdə yola yönəldilir və təhlükənin qarşısı sürücü tərəfindən tormozlama
aparmaqla alınır.
EBD (Electronic Brake Distribution)-tormoz qüvvələrinin elektron paylayıcısı sistemi. Bu
sistem Mitsubishi şirkəti tərəfindən işlənib hazırlanmışdır. Tormozlama zamanı xarici və
arxa
tərəfdəki tormoz qüvvələri optimallaşdırılır və maksimallığı təmin edilir. Avtomobildə bir nəfərdən
51
artıq adam olduqda EBD arxa təkərlərdəki tormoz qüvvəsini artıraraq, tormozlamanın səmərəliliyini
yüksəldir.
HAH (Handbrake with Automatic Hold)-avtomatik funksiyalı duracaq tormoz sistemi. Bu
sistem BMW şirkəti tərəfindən işlənib hazırlanmışdır. O, müxtəlif yol şəraitlərində avtomobilin
duracağa qoyulmasında sürücüyə kömək edir və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə şərait
yaradır. Duracaq tormozu müvafiq düyməni basmaqla işə salınır.
«Duracaq tormozunun avtomatik funksiyası» müəyyən şəraitlərdə tormozlama prosesini
avtomatlaşdırır. Məsələn, sürücü tez-tez dayanmalar rejimində işlədikdə yorucu tormozlama
əməliyyatlarını yerinə yetirmək prosesindən azad edilir və bu funksiya avtomatik olaraq icra edilir.
Duracaq tormozu yoxuşlarda yerindən tərpənmə zamanı avtomobilin arxaya sürüşməsinin qarşısını
alır.
EBV-tormoz qüvvələrinin elektron paylanma sistemi. Bu quruluş 5-ci nəsil ABS
sistemlərinin tərkibinə daxildir. O, bütün təkərlərin bir-birinə nəzərən hərəkətlərinə nəzarət edir,
elektronikanın köməyilə tormoz pedalının sıxılma dərəcəsi və avtomobilin yüklənməsindən asılı
olaraq tormoz qüvvələri tənzimlənir.
Sistemin iş prinsipi ondan ibarətdir ki, tormoz qüvvələri hər bir təkərə fərdi sürətdə və
müəyyən edilmiş nisbətdə ötürülərək, hər bir təkər müstəqil sürətdə tormozlanır. Sistemin elektron
vericiləri və mikroprosessor real vaxt miqyasında avtomobilin vəziyyətini çoxlu sayda parametrlərə
görə müəyyən edərək, onun yana sürüşməsinin qarşısını alır, ixtiyari yol şəraitlərində, hətta tormoz
pedalına maksimum qüvvə ilə təsir etdikdə belə, tormozlamanın ən yüksək səmərəliliyini təmin
edir.
Avtomobilin arxa
oxuna təsir qüvvəsi artarsa, sistem arxa təkərlərdəki
tormoz qüvvələrini
artıraraq, bu qüvvələrin düzgün tənzimlənməsini təmin edir.
EBS (Electronic Braking System)- elektron tormozlama sistemi. EBS sistemində də tormoz
pedalı tormoz sistemi ilə mexaniki əlaqədə olmur. Onun yerdəyişməsi elektrik siqnalına çevrilərək
idarəetmə blokuna ötürülür. Müxtəlif vericilərdən daxil olan məlumatların analizinə əsasən
elektronika tormoz sistemi nəzarətində təzyiqi nizamlayan icraedici mexanizmlərə müstəqil surətdə
komandalar ötürülür.
Brake by Wire. Bu sistem Bosch şirkəti tərəfindən işlənib hazırlanmışdır. İdeyanın
mahiyyəti çox sadədir: tormoz pedalı hidravlik va ya pinevmatik tormoz sistemi ilə birbaşa əlaqəyə
malik deyildir. Pedala sıxılma tormoz sisteminin idarəetmə bloku tərəfındən qəbul edilir və o,
avtomobilin fəzadakı vəziyyəti, onun sürəti və yüklənmə dərəcəsi, yol örtüyünün keyfiyyəti, hava-
iqlim şəraitləri və s. haqqındakı məlumatlar əsasında hər bir konkret təkər üçün lazımı tormoz
qüvvələrini hesablayır. Bu, avtomobil aqreqatlarının idarə edilməsində rəqəmli sistemlərin rolunun
məntiqi davamı və dərinləşdirilməsidir. Bu sahədə öncül olan Bosch şirkəti Brake by Wire
sisteminin bir neçə variantını işləmiş və istehlakçılara təqdim etmişdir. Məsələn, EBS (yük
avtomobilləri üçün elektropnevmatik) sistemi Scania və Mercedes-Actros magistral yük
avtomobillərinin bir sıra modellərində artıq tətbiq edilmişdir. EHB (minik avtomobilləri üçün
elektropnevmatik) sistemi isə Daimler Chrysler kompaniyasının yeni minik avtomobilləri
modellərində geniş surətdə tətbiq olunmaqdadır.
Yaxın perspektivdə Bosch şirkəti nə pnevmatik, nə də hidravlık tormoz intiqalının tətbiq
edilmədiyi EMB-elektromexaniki tormoz sisteminin tətbiqini nəzərdə tutur. Belə sistemlərdə
kompyuterlərlə sərt şəkildə idarəedilən tormoz qüvvəsi elektrik mühərriki tərəfindən yaradılacaqdır.
EHB (Electro Hydraulic Brake) sistemi. Bu sistem Continental Teves AG şirkəti tərəfindən
işlənib hazırlanmışdır. Standart tormoz sistemindən fərqli оlaraq, pedalın basılması haqqındakı
siqnal elektrik sistemi vasitəsilə EHB-nin hidravlik qurğusunun elektron idarəetmə blokuna
ötürülür. Blok tormozlama üçün lazım olan təzyiqi müəyyən edir.
Sistemin tətbiqi ilə tormoz və dayanma yolları qısalır, avtomobilin dayanıqlığı və pedalın
həssaslığı yüksəlir, qəza ehtimalı azalır və mövcud olan ABS, EBD, TCS, EPS, BA, ACC və s.
sistemlərinə qoyulan bütün tələblər ödənilir.
SBC (Sensotronic Brake Control)-hər bir təkərin fərdi şəkildə tormozlanmasını təmin