23
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
ŞÜKÜR MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:
1(091)
FEODALİZMİN SON MƏRHƏLƏSİNDƏ SƏFƏVİLƏR
İMPERİYASINDA MÜXALİFƏTÇİ SİYASİ-HÜQUQİ TƏLİMLƏR
Açar sözlər: dini ideologiya, nöqtəvilik, müxalifətçi təlimlər, panteist baxışlar
Key words: Religious ideology, neutraids, oppositional studies, pansteistic views
Ключевые слова: религиозная идеология, ноктавия, оппозиционные ученые,
пантеистические взгляды
Orta əsrlərin son mərhələsi hesab elilən XVII əsrin ilk onilliklərində Səfəvilər imperiyasında
feodal zülmü, ağır vergi və mükəlləfiyyətlər son dərəcədə artdı. I Şah Abbasın apardığı
köçürmələrin, fasiləsiz müharibələrin, hərbi yürüşlərin bütün ağırlığı xalq kütlələrinin üzərinə
düşür, onların sosial hüquqsuzluğunu artırır, iqtisadi vəziyyətini daha da ağırlaşdırırdı. Bu səbəbdən
də geniş kəndli kütlələrinin və şəhər yoxsullarının artan narazılıqları, antifeodal hərəkatları özlərinin
ideya-nəzəri əsası olan
müxtəlif təriqətçi təlimlərdə, siyasi-hüquqi baxışlarda əks olunurdu.
Bəhs edilən dövrdə Qərb dünyasında olduğu kimi, İslam Şərqində də hakim dini
ideologiyadan kənarda heç bir düşüncə tərzi, müstəqil təlim və baxışlar sistemi mümkün deildi.
Rəsmi islam ideologiyası həm hakim feodal sinfinin, həm də onların zülmü və istismarı altında olan
məzlum kütlələrin varlığına hakim kəsilmişdi. Başqa sözlə deyilərsə üsyan edən məzlum təbəqələr
də, onların hər cür narazılığını qan içində boğan feodal hakimlər də öz hərəkətlərini dini ehkamlarla
əsaslandırmağa çalışırdılar. Lakin fərq burasındadır ki, hakim ortadoks dini təlim həmişə feodal
sinfinə xidmət etdiyi halda, müxtəlif təriqətçi dini təlimlər, nəzəriyyələr məzlum kütlələrin arzu və
istəklərini ifadə edirdi. Beləliklə mövcud feodal dövlət quruluşuna qarşı çevrilmiş təriqətçi təlimlər
eyni zamanda həm də rəsmi dini ideologiyaya qarşı yönəlmiş olurdu. Buna görə də təriqətçi
hərəkatlar hər yerdə hakim dini ideologiya tərəfindən küfr hesab edilir, onların boğulmasında
dövlətlə rəsmi ortadoks qurumlar birgə hərəkət edirdilər.
Geniş kütlə mövcud quruluşdan və ağır sosial-iqtisadi vəziyyətlərindən nə qədər narazı olsalar
da belə dinsiz kimi tanıdıqları müxalifət liderinin arxasınca getməzdilər. Ona görə də bütün
antifeodal hərəkatlar dini bayraq və şüarlar altında gedir, onların rəhbərləri dini örtüyə bürünmüş
olurdular. Hətta Səfəvi xanədanının nümayəndələri kimi, bəzi müxalifətçi təlimlərin nümayəndələri
də (məs: Fəzlullah Nəimi) özlərinin peyğəmbər nəslindən olduqlarını iddia edirdilər.
XIV-XV əsrlərdə Cənubi Azərbaycan, Xorasan Kaşan, və bir çox digər ərazilər həmin
dövrlərin Hülakilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətlərinin tərkibinə daxil olub,
dini-siyasi hərəkatlar üçün olduqca həssas bölgələr idi. Bu yerlərdə öz zamanlarında olduqca geniş
yayılmış Sərbədolər, Hürufilər, digər müxtəlif təriqətçi təlimlərin ideyaları kütlələr içərisində hələ
də yaşayırdı.
XVI əsrdə teokratik Səfəvilər imperiyasının meydana gəlməsi ilə mövcud siyasi-dini
təriqətlərin, cərəyanların yeni ayrılmaları baş verdi. Həmin təriqət və cərəyanların müəyyən bir
qismi hakim qızılbaş məfkurəsi ilə tədricən çulğalaşdı. Digər qisminə daxil olanlar isə həmin
məfkurəyə qarşı çıxır və bidətçi kimi qiymətləndirilirdi. Səfəvi dövlətində qızılbaş ruhaniləri hər
cür azad-fikirliliyi fanatikcəsinə təqib edirdilərsə, onun hüdudlarından kənarda qızıl-başlıq
bəktaşiliklə birlikdə müxalifət hesab edilirdi.
Bütün təbliğata, cəza və edamlara baxmayaraq, Səfəvi imperiyasında hakim qızılbaş
ideologiyası yeganə siyasi baxışlar sistemi deyildi. Gizli və aşkar şəkildə müxtəlif müxalifətçi
təlimlər: qələndərilik, nöqtəvilik, hürufilik, rövşənilik, əliallahılıq və s. təbliğ olunurdu. İfrat şiə
təriqətçiliyi qalmaqda davam edirdi. XVI yüzilliyin əvvəllərində Səfəvilərin arxalandığı şəhər