107
ilə bağlıdır. Bu cəhətdən Hüseyn Rəhmi özündən əvvəlki və öz müasirləri olan
romançılardan, o cümlədən Əhməd Midhət, Namiq Kamal, Rəcaizadə Mahmud Əkrəm,
Xalid Ziya Uşaqlıgil, Məhməd Raufdan xeyli dərəcədə fərqlənir. Hüseyn Rəhmidə həyat
hadisələrinin real təsviri, milli yaşayış tərzinin, adət-ənənələrin gerçək qələmə alınması
güclüdür. Dəhri əfəndinin evindəki şəraitin təsviri – evin iki qismə bölünməsi (kişi və
qadın hissələrinə), şuluqluq edən uşaqların falaqqaya qoyulması (hətta 18 yaşlı Şəmi
beyin), şəriət qanunlarına əməl edib bir neçə qadınla evlənmək məsələsi, qısqanclıq
hisslərinin həddindən artıq güclü olması və habelə personajların daxili aləminin və xarici
görünüşünün təsviri (xüsusilə Dəhri əfəndi ilə baş aşpaz Tosunun hərəkət, davranış və
danışıq tərzinin təsviri) onun milli zəminə bağlılığını açıq göstərməkdədir.
Dəhri əfəndinin görüş və fikirlərində dualizm vardı. O, savadlı, dünyəvi elmlərdən
ətraflı xəbərdar olan avropapərəst bir burjua ziyalısı olduğu halda eyni zamanda
şərqlilik xüsusiyyətlərindən də əl çəkməmiş, Şərqə möhkəm bağlı olan bir şəxsiyyətdir.
Hər şeydən əvvəl Dəhri əfəndi ailədə bir despotdur. Onun qorxusundan nəinki
xidmətçiləri və nökərləri, oğlanları və qızları, hətta kürəkəni və qardaşı belə tir-tir
əsirlər. Onun bir sözünü iki eləyən yoxdur. Şəminin oxuduğu məktəbdə falaqqa
olmadığı halda Dəhri əfəndi evdə falaqqa saxlayır, yekə-yekə kişiləri belə falaqqaya
qoyub döyür. Həddindən artıq heybətli və qorxunc bir adam olan Dəhri əfəndi əgər
qaraya ağ desə, heç kəsin həddi yoxdur ona etiraz etsin. Demək, qaranı ağ kimi qəbul
etmək lazımdır, vəssalam. Başqa çarə yoxdur. Uşaqlardan hər hansının bıçaq, ülgüc,
qələmyonan və başqa kəsici alətlərlə oynayan görsə dərhal həmin aləti uşaqdan alıb
onun əlini bir neçə yerdən möhkəm cızardı. Uşağı tənbeh etmək, gözünü qorxutmaq
üçün qəsdən belə edirdi ki, görk olsun. Odla oynayanın əlini atəşə soxar cızıltı ilə
yandırardı ki, bir daha belə iş tutmasın və i.a.
Digər yandan bu cür bir despotun ailəsində eyni zamanda müxtəlif rəzil işlər törə-
dilir. Özünü insan tanımaqla sərraf adlandıran, adamın üzünə baxmaqla onun necə bir
şəxs olduğunu aydınlaşdırmağı ilə öyünən Dəhri əfəndinin oğlu, qardaşı və kürəkəni
gizlində Anjel Düpre üstündə bir-birilə dalaşırlar, içki içirlər, qumar oynayırlar. Bu ailədə
hamı bir-birinə kələk gəlməyə çalışır. Mürəbbiyə Anjelin tərtib etdiyi “qəlbləri fəth etmə”
siyahısına “evin ən kiçik bəyindən ən böyük əfəndisinə qədər bütün kişilər daxildir”. O,
bir-bir onları yoldan çıxararaq bu qısqanc kişilərin “axmaq fikirlərinə”, “məcnunanə
əməllərinə” daxilində gülür, oyuncaq kimi əlində oynatdığından çox razı qalırdı.
Hüseyn Rəhmi əsərinin birinci nəşrinin müqəddiməsində bir tərəfdən
avropapərəstlərin hücumundan yayınmaqdan ötrü, digər tərəfdən də təəssübkeş
vətəndaşlarının onu ictimai ədəb qaydalarını “pozmaqda” ittiham edəcəklərindən
çəkinərək (Roman “İqdam” qəzetində nəşr edildikdən sonra yazıçıya həqiqətən belə
hücumlar edilmişdir) mürəbbiyə Anjel Düpreni “Çiçək bağçasında bir baldırğan”
adlandırır və onun heç bir hörmətə layiq olmadığını belə qələmə alır: “Mürəbbiyələrə
qadınlıqları etibarilə hörmət, uşaqların tərbiyələrini üzərilərinə almaları baxımından da
təşəkkür etməyə borcluyuq. Fəqət adını mürəbbiyə qoyduğumuz bu hekayəmizdəki
madmazel Anjelin yalnız adı mürəbbiyədir. Özü nə hörmətə, nə də təşəkkürə dəyəri
olmayan bir səfilədir. Təmiz bir çiçək bağçasında bir baldırğanın yetişməsi havanı
korlamayacağı kimi bunun vücudundan da iffət sahibi digər möhtərəm tərbiyəçilərə bir
ayıb düşməz zənn edirəm”. [7, s. 5]
Bəzi ədəbiyyatşünaslar belə zənn edirlər ki, “Mürəbbiyə” romanının süjetini
Hüseyn Rəhmi Əhməd Vəfiq paşanın evində baş vermiş hadisələrdən götürmüşdür.
Bəlkə romanda Dəhri əfəndinin bir çox xüsusiyyətinin həqiqətən Vəfiq paşaya həddən
artıq uyğun gəldiyini; hər ikisinin varlı, avropapərəst, elmli, savadlı, Avropa dillərini
bilən, həmin dillərdən tərcümələr edən və s. nəzərə alaraq belə güman edirlər. Hər halda
elə olsun. yaxud olmasın. Bunun o qədər də əhəmiyyəti yoxdur. Lakin bir şey aydındır
108
ki, roman müəllifi həyat hadisələrinə müdaxilə edə bilmiş, gerçək əxlaqi-məişət
hadisələrini real surətdə canlandırmışdır.
Realist satirik nəsr sənətkardan dərin həyat müşahidəsi, hadisə və əhvalatları
ümumiləşdirmə bacarığı, zəmanəyə uyğun yeni xarakterlər, bir sözlə, ideya və fikir
tələb edir. Mübaliğəyə yol vermədən Hüseyn Rəhmini həyatın mühüm ictimai
problemləri ilə məşğul olan realist satirik nəsrin orijinal nümayəndələrindən biri
adlandıra bilərik.
Hüseyn Rəhmini bir satirik yazıçı kimi əsasən zəmanəsinin ictimai-etik
məsələləri, vətəndaşlarının əxlaqi-mənəvi aləmi maraqlandırır. Ədib, həmin məsələlərin
bədii şərhini ailə üzvləri arasında ixtilaf və narazılıq (“Təsadüf”, “Boşanmış qadın”),
sevgi-məhəbbətin tapdanması, qızların alınıb-satılması (“Sevda ardınca”, “Bir
müadileyi-sevda”), din, mövhumat, xurafat, cahillik və ruhanilərin fırıldaqları (“Cadu”,
“Qulyabanı”, “Quyruqlu ulduz altında bir izdivac”) və s. nöqsanların təsvirində verir.
Əlbəttə Hüseyn Rəhmi təkcə təsvir etməklə kifayətlənmir. Onun əks etdirdiyi hadisələr
tipikdir, yaratdığı surətlər həyatidir. Konkret həyat faktlarının ümumiləşdirilməsi,
xüsusilə ümuminin əks olunması, onun romanlarının bədii-emosional ifadəsini və
dəyərini təmin edən cəhətdir. Yazıçı həyati faktları diqqətlə öyrənir, təhlil edir və
ümumiləşdirmələr yolu ilə həmin faktların mənasını bədii təxəyyülün köməyilə açıb
oxucuya təqdim edir.
Məlumdur ki, roman janr xüsusiyyətinə görə həyati ziddiyyətləri geniş planda
göstərmək cəhətdən böyük imkanlara malikdir. Ona görə də romanda hadisələrə müəllif
münasibəti və müəllifin oxucuda da belə bir münasibət yaratmaq cəhdi vacib məsələdir.
Bu baxımdan Hüseyn Rəhminin romanları mücərrədçilikdən uzaq, aydın və konkret
ideyalıdır. Bunlarda təsvir edilən hadisə və əhvalatlara, xarakterlərə müəllif münasibəti
dəqiqdir. Yazıçı satiraya tutduğu, gülüş obyektinə çevirdiyi hər hansı məsələyə dövrün
ictimai ideal mövqeyindən yanaşır, nöqsanları, mənfilikləri estetik inkarda ifadə edir.
Onda estetik inkar, emosional tənqidin ifadə vasitələri də müxtəlifdir, rəngarəngdir. Bu
cəhətdən onun bəzi məsələlərə münasibətini nəzərdən keçirək.
Hüseyn Rəhmini narahat edən başlıca məsələlərdən biri əsrlərcə davam edib gələn
qadınların kölə halında yaşaması, hüquqsuzluğu, əşya kimi alınıb-satılması idi. Qadın
hüquqsuzluğu bütün dünya ədəbiyyatında mühüm bir problem olaraq ictimaiyyətin
qabaqcıl nümayəndələrini həmişə düşündürmüşdür. Şərq qadınlarının vəziyyəti isə daha
böyük əhəmiyyət kəsb edir. Çünki, uzun zamanlar onlara kölə, qul münasibəti bəslən-
mişdir. Qadınlara belə münasibət göstərən Şərq ölkələrindən biri də Türkiyədir. Başqa
müsəlman ölkələrində olduğu kimi Türkiyədə də qadınların vəziyyəti acınacaqlı ol-
duğundan müxtəlif dövrlərdə mütərəqqi fikirli adamlar bu hal ilə barışmaq istəməmişlər.
Türk ədəbiyyatında İbrahim Şinasi, Namiq Kamal, Əbdülhəq Hamid, Əhməd Midhət,
Sami Paşazadə Səzai… əsərlərində bu məsələyə əhəmiyyətli dərəcədə toxunmuşlar.
Hüseyn Rəhminin də bir neçə əsəri ya bilavasitə, ya da dolayısı ilə bu məsələyə
həsr edilmişdir. Onun “Sevda ardınca” əsəri də bilavasitə qadın hüquqsuzluğundan bəhs
edir. Romanın qəhrəmanı Aynınur yaşadığı mühitdə çıxış yolu tapa bilmir. O, azad
sevməkdən məhrumdur. Anası onu məcburən istəmədiyi adama ərə verir. Belə həyat
tərzindən narazı qalan qız intihar etməli olur. Öz qadınlıq hüququnu yaxşı başa düşən,
lakin köhnə fikirli valideynlərin istəyinin qurbanı olan Aynınur haqlı olaraq anasını
“əsir satan”, ərini “əsir müştərisi”, özünü isə bir əsir adlandırır. Gənc qız məhz bu əsir
“alverinin” qurbanı olduğunu açıq-aydın dərk edir.
Halbuki, bu əsərindən 10-12 il əvvəl yazdığı “Bir müadələyi-sevda” romanında
bunun əksini görürük. Burada Bədiə adlı qız Aynınurdan xeyli dərəcədə seçilir. O,
qorxmaz, cəsarətli və mübariz bir qız kimi verilmişdir. Bədiə ağıllı, fərasətli, tərbiyəli və
savadlıdır. Bunlara baxmayaraq, zəmanəsinin başqa türk qızları tək o da valideynlərinin
Dostları ilə paylaş: |