110
Ömər Seyfəddinin “Antiseptik” hekayəsinin qəhrəmanı Bədiə, Hüseyn Rəhminin
“Bir müadələyi-sevda” romanının qəhrəmanı Bədiənin demək olar ki, eynidir. Ömər
Seyfəddinin hekayəsində də Bədiə zorla istəmədiyi adama – illərlə “Avropa ballarında,
kef məclislərində əylənmiş” 38 yaşlı bir diplomata nişanlanırsa da axırda qalib gəlir, öz
ağıllı, düşünülmüş planları ilə onu gülünc vəziyyətdə qoyur.
Hər iki yazıçı tamam orijinal yolla gedərək cavan qızların mollalara, dərvişlərə
verilməsi kimi çeynənmiş mövzuları təkrar etməmiş, həmin məsələni bir qədər başqa
şəkildə canlandırmışlar. “Bir müadeleyi-sevda” romanında Bədiənin ərə verildiyi şəxs
şairdir, iki dəfə evlənib, sonra da boşamışdır. “Antiseptik”də isə illərlə Avropada
əyyaşlıq edib, kef, əyləncə məclislərində vaxtını keçirən, qocaldıqda isə az yaşlı bir qız
alıb yeni həyata qədəm qoymaq istəyən diplomatın çirkin əməlləri istehzaya qoyulur.
Satirik yazıçıların bu tipli əsərlərində konflikt başlıca olaraq qızlarla valideynləri
arasında davam edir.
Həm Hüseyn Rəhminin, həm də Ömər Seyfəddinin əsərlərində o yerdəki
söhbət
qadınların mütiliyindən, çıxılmaz vəziyyətindən gedir, orada həm də həzin lirika hökm
sürür. Təəssüf hissləri, həyəcan adamı çulğayır. Köhnə ənənələrə qarşı etiraz səsini
ucaldan, öz hüququnu müdafiə edən qadınlardan bəhs edən əsərlərdə isə bunun
əksinədir, güclü gülüş, həm də qəhqəhələrlə gülüş vardır. Belə qadınların
qorxmazlığına, hazırcavablığına, dəyanətinə ürəkdən “əhsən” deyirik, sevinirik.
Hüseyn Rəhminin “Quyruqlu ulduz altında bir izdivac” romanında yeniliklə
köhnəliyin mübarizəsi verilmişdir. Əsərin baş qəhrəmanı İrfan Qalib bəy zəmanəsinin
açıq fikirli, təhsilli, bir qədər də əsəbi olan yeni gənclərindəndir. Xalqının
nümayəndələrini inkişaf etmiş görmək istəyir. Qadınların köhnə adətlər, ənənələr
cəngindən qurtarmasını, savadlı, tərəqqi etmiş, müasirləşmiş vəziyyətə gəlmələrini
arzulayır. Vətən, məmləkət dərdi onu yandırıb-yaxır. Siyasətə, fəlsəfəyə, həyatın
müxtəlif sahələrinə aid yazıb çap etdirmiş məqalələrinin (həm də bunların çoxunu ucuz
həftəlik jurnallarda pulsuz nəşr etdirirdi) oxunmadığını gördükdə məhzunlaşır, mühitinə
qarşı dərin nifrət bəsləyir. Bəzən onun qəzəb və nifrəti o qədər artır ki, hər şeyi
mərhəmətsizcə tənqid edir, milli adət-ənənələrdən heç birini bəyənmir, hamısını
dəyişdirməyin lazımlığı qənaətinə gəlir.
İrfana həddindən artıq təsir edən bir də o idi ki, “xalq məzhəkələrə, iyrənc
qəribəliklərə, bir sıra kobud təqlidlə başlayan əsərlərə heyran olduğu” halda ciddi əsərləri
oxumurdu. “Təkamül qanunu” adlı məqalələr seriyasının çıxdığı qəzetləri satılmayan,
yaxud yerə atılmış gördükdə az qala dəli olmaq dərəcəsinə gəlirdi. Buna görə də vətənindən
və vətəndaşlarından, hətta ailəsindən belə şikayətçi idi. İstanbul camaatının cəhalətinə
dözmək istəmirdi. Üstünü qatı yosun basmış daşları, divarlarda, kirəmitlərin arasında bitən
müxtəlif bitkiləri, göbələkləri, evin dəlik-deşiklərində, uçuq-sökük yerlərində qurd-quşun
yuva tikməsini gördükdə, hisli-paslı həyət-bacanı seyr etdikdə qəzəblənir, “adətən bir
türbəni” xatırladan bu damların altında keçirilən o səfil, o üzüntülü həyatı düşünür, gözləri
sulanırdı…”. İrfan gerilik və cəhalətpərəstliyin müqəssiri həmşəhərlilərinin özünü hesab
edir və haqlı olaraq bu işdə onları qəzəblə damğalayırdı.
“Nə üçün oyanıb üstünüzdəki səfalət tozundan silkinməyə çalışmırsınız? Günah
hər kəsdən artıq sizin özünüzdədir… Siz, sizi bu cəhalət və geriliyə bağlayan fikirlərə
söykənmiş və onlara yapışmışsınız… Sizi ziyalandırmağa çalışanların təzə, yeni və
bəsləyici əlamətlərini cinayət hesab edirsiniz…”. [9, s. 27] – deyə həmşəhərlilərini –
İstanbul camaatını köhnəpərəstlikdən qurtara bilməməkdə, tərəqqidən geri qalmaqda
taqsırlandıran İrfan Qalib bəy xüsusilə izdivac, kişilərlə qadınların bərabərsizliyi
məsələsinə heç dözə bilmirdi: Bunun timsalını böyük qardaşı Raqibin həyat yolundan
açıqca görmüşdü. Raqib köhnə adətə zidd getməmək üçün qızı görmədən, onunla söhbət
etmədən evlənməyə məcbur olmuşdu. Halbuki “ər-arvad arasında hiss, zövq, tərbiyə