2.3. Sosial infrastrukturun inkişafında investisiyanın rolu
Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm atributlarından biri də dövlətin sosial siyasətidir. Dövlətin sosial siyasəti isə əsasən əhalinin sosial müdafiəsi üzərində qurulur ki, onun da əsas istiqaməti əhalinin sosial müdafiəsini təmin etmək, dövlət təminatı vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meyllərinin aradan qaldırılmasından ibarətdir. Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərə tam uyğun olaraq sosial infrastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası daha da genişləndirilməlidir. Belə ki, bazar iqtisadiyyatına keçid respublikamızda sosial infrastrukturun sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmışdır. Deməli, respublikanın hər bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial infrastrukturun formalaşdırılması və inkişafı dövlətin apardığı sosial siyasə tam uyğun olaraq tənzimlənməlidir. Göstərmək lazımdır ki, sosial infrastrukturun formalaşdırılması istiqamətində ən mühüm vəzifə hər bir regionda istehsal strukturunun bazar iqtisadiyyatı tələbləri əsasında təkmilləşdirilməsidir. Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxflığı, cinsi tərkibi, əhalinin həyat səviyyəsi, milli etnik xarakterli amillər sosial siyasətdə və infrastrukturun formalaşmasında nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə sosial infrastruktur sahələrinin yüksək inkişafını nəzərdə tutmaqla, eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı mobelinə daha çox üstünlük verilir. Bazar münasibətləri şəraitndə sosial infrastruktur sahələrinin inkişafına, xüsusilə onun maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.
Məlumdur ki, geniş investisiya axınının əsas məqsədi lazımi mənfəət əldə etməklə yanaşı, əhalinin sosial vəziyyətini getdikcə yaxşılaşdırmaqdan ibarətdir. Məhz buna görə də respblikamızda investisiya qoyuluşlarının sosial yönümünü gücləndirmək lazımdır. Bu baxımdan xarici investorların fəaliyyəti nəticəsində strateji əhəmiyyət kəsb edən sahələrin xüsusilə, neft, qaz, kimya sənaye sahələrinin sürətli inkişafını təmin etməklə yanaşı, həm də müvafiq sosial infrastrukturun formalaşdırılmasını da təşkil etmək lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində bütövlükdə respublikada, o cümlədən, onun regionlarında sosial infratsrukturun formalaşması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, keçmiş ittifaq dağıldıqdan sonra Azərbaycan Respublikasının özünə məxsus sosial-iqtisadi problemləri meydana çıxmaqla, onun qəti həlli də mühüm vəzifə kimi qarşıda durur. Əgər keçmiş ittifaq dövründə sosial-iqtisadi inkişaf problemləri mərkəzləşdirilmiş qaydada, vahid reseptlə həll edilirdisə, indiki müstəqillik və bazar iqtisadiyyatı şəraitində bu ümumi problemlər ərazi xüsusiyyətlərinə, milli ənənələrə uyğun olaraq həll edilməlidir. Bu cəhətdən ölkə bir sıra çətinliklərə məruz qalmaqla, sosial inkişafı xeyli zəifləmiş və onun kompleks inkişafı təmin edilməmişdir. Ermənistan Respublikasının ölkəmizə təcavüzü nəticəsində respublikamızın sosial-iqtisadi inkişaf potensialına güclü zərbə vurmuşdur. Belə ki, müharibə zonası rayonlarında təsərrüfat fəaliyyəti dayandırılmış və sosial infrastruktur tamam dağılmışdır. Məlum olduğu kimi respublikamızın 20% torpağının müvəqqəti olsa da erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Odur ki, hazırda Azərbaycanda öz doğma ata-baba yurdlarından zorla qovulan qaçqınların sayı milyondan çoxdur. Şuşa, Kəlbəcər, Laçın, Əskəran, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Cəbrayıl kimi iri rayonların dağıdılması nəticəsində sosial infrastruktur obyektləri tamamilə məhv edilmişdir. Ancaq müharibə zonasında 600-dən çox yaşayış məntəqəsi, 4000-dən çox müxtəlif istiqamətli sənaye və kənd təsərrüfatı müəssisəsi, ümumi sahəsi 6 milyon kv.metrdən çox olan 80 min yaşayış evləri və 2 mindən artıq sosial-mədəni obyektlər, o cümlədən 490 ümumi təhsil məktəbləri, 151 məktəöəqədər təlim-tərbiyə ocaqları və 200 tibb müəssisəsi tamamilə dağıdılmışdır. Təxmini hesablamalar göstərir ki, ancaq Azərbaycanın qədim diyarı olan Dağlıq Qarabağ qaçqınlarına 2,5-3,0 mlrd. ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Məhz buna görə də müasir müstəqillik şəraitində respublikada və xüsusilə onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunda sosial infrastrukturun formalaşmasına və inkişafına güclü investisiya qoyuluşları tələb edilir. Digər tərəfdən, son illərdə respublikada sosial infrastruktur sahələrinin inkişafı zəifləməklə, bu mühüm sahədə çalışanların sayı xeyli azalmışdır.
Belə bir vəziyyət, kənd yerlərində xüsusilə nəzəri cəlb edir. Belə ki, kənd rayonlarında təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində çalışan ixtisaslı mütəxəssislər çatışmır. Bunun nəticəsində bu mühüm sahələrdə çalışanların əksəriyyəti qeyri-ixtisas sahiblərindən ibarətdir. Buna görə də ictimai tələbatla bağlı olan səhiyyə və təhsilin dövlət tərəfindən tənzimlənməsi zəruriyyətə çevrilir. Onu da əlavə etsək ki, hələ keçmiş ittifaqın mərkəzləşdirilmiş planlaşdırılması nəticəsində respublikanın daxili regionlarında sosial infrastruktur sahələri zəif inkişaf etməklə, bir-birindən son dərəcə kəskin surətdə fərqlənirlər. Bu da investisiya qoyuluşlarına olan tələbatınartmasına səbəb olur.
Bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial-infrastruktur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Mövcud iqtisadi münasibətlərin pozulduğu, yeni münasibətlərin isə hələ tam formalaşmadığı müasir dövrdə əhalinin sosial müdafiəsi dövlətin qarşısında duran ən aktual-strateji əhəmiyyət kəsb edən problemlərdən biri hesab edilir. Buna görə də iqtisadiyyatda baş verən dəyişikliklərə tam uyğun olaraq, hər bir regionda sosial-infrastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası genişləndirilməlidir. Bu mürəkkəb və çoxcəhətli vəziyyəti tənzimləmək üçün makro və mikro səviyyələrdən asılı olaraq sosial infrastrukturun formalaşdırılması tamamilə yeni prinsiplərə əsaslanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyətini, təbii-iqlim şəraitini, sosial-iqtisadi inkişafın mövcud səviyyəsi hesab edilir. Məlumdur ki, makroiqtisadi tənzimləmə abstrakt, ümumi icmal xarakter daşımaqla, sosial infrastrukturun formalaşmasını müəyyən mənada tədric edir. Buna görə də müasir qarışıq iqtisadiyyat şəraitində ən mühüm problem bazar iqtisadiyyatı tələblərinə tam uyğun olaraq sosial infrastrukturun formalaşması və tənzimlənməsidir. Cəmiyyət miqyasında sosial-infrastrukturun tərkib hissəsi hesab edilən sahələrin, xüsusilə, təhsilin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirilməli və tənzimlənməlidir. Bununla belə, indiki müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına əsaslanan müəssisələrdə sosial infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsində dövlət seyrici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı olmalıdır.
Beləliklə, iqtisadiyyatda baş verən köklü dəyişikliklərə tam uyğun olaraq hər bir sahə və regionlarda sosial inkişafın formalaşmasında və tənzimlənməsində dövlətin rolu və funksiyası daha vda gücləndirilməlidir. Deməli, ölkədə bazar iqtisadiyyatının formalaşdırılması, xüsusilə iqtisadiyyatın strateji sahələrinə nəzərdə tutulan xarici investisiyalardan əldə edilən gəlirlərdən sosial infrastrukturun kompleks inkişafını təmin etmək üçün də istifadə edilməlidir.
FƏSİL 3. İNVESTİSİYA VƏ ƏSAS FONDLARIN TƏKRAR İSTEHSALI
3.1. Əsas fondların mahiyyəti, təsnifatı və strukturu
Maddi nemətlər istehsalında istehsal vasitələrinin və müvafiq əmək vərdişlərinə malik olan işçi qüvvəsinin olması zəruridir. İstehsal prosesinin əsasını əmək alətləri və əmək cismlərinin məcmusundan ibarət olan istehsal vasitələri təşkil edir. İstehsal vasitələri istehsal prosesinin maddi-əşya elementləri olmaqla, məhsuldar qüvvələrin tərkib hissəsi kimi fəaliyyət göstərir. İstehsal vasitələri əmək alətlərinə (maşın, mexanizm, müxtəlif avadanlıqlar və s.) əmək cisminə (xammal, material, yarımfabrikat, konstruksiyalar, müxtəlif hissələr və s.) bölünür.
Belə bir bölgü istehsalın maddi şəraitindən irəli gəlir və bütün ictimai-iqtisadi formasiyalarda mövcuddur. Hələ vaxtı ilə K.Marks yazmışdır: «… əmək prosesi hər hansı ictimai şəraitdə baş versə də, hər bir əmək prosesində istehsal vasitələri həmişə əmək vasitələrinə və əmək cisminə bölünür.»
İstehsal vasitələrinin mühüm hissəsini əmək vasitələri təşkil edir. İctimai-iqtisadi formasiyaların fərqini əmək vasitələrinin təkamülündə görən K.Marks yazmışdır: «İqtisadi dövrlərin fərqi onda deyildir ki, nə istehsal edilir, bundadır ki, necə istehsal edilir, hansı əmək vasitələri ilə istehsal edilir».
Əmək vasitələri dedikdə, binalar, qurğular, iş maşınları, güc maşınları, nəqliyyat və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi əmək alətidir və daha doğrusu, istehsal avadanlıqlarıdır ki, onları K.Marks oğrazlı şəkildə istehsalın sümük və əzələ sistemi adlandırmışdır. İstehsal prosesinin həmin maddi ünsürlərinə əsas istehsal fondları deyilir.
İstehsal fondlarının ünsürləri məhsulun hazırlanmasında da müxtəlif formada iştirak edirlər. İstehsal fondları məhsulun hazırlanmasında iştirak xarakterindən və dəyərinin hazır məhsula keçirilməsi formalarından asılı olaraq iki qrupa: əsas və dövriyyə fondlarına ayrılır.
Əsas istehsal fondlarının dövriyyə fondlarından fərqləndirici cəhət ondan ibarətdir ki, əsas istehsal fondları istehsal prosesində uzun müddət iştarak edərək öz maddi-əşya formasını saxlayır və dəyərini istehsal olunan məhsula hissə-hissə keçirir.
Dövriyyə istehsal fondları isə istehsal prosesində bir dəfə iştirak edərək maddi-əşya formasını saxlamır və öz dəyərini birdən-birə tamamilə hazır məhsula keçirir.
Əsas istehsal fondları maddi istehsal sferasında fəaliyyət göstərir, qeyri-istehsal təyinatlı əsas istehsal fondları əhalinin sosial-mədəni və məişət tələbatını ödəyir. Bu barədə daha geniş təsəvvürə malik olmaq üçün aşağıdakı sxemə nəzər salmaq kifayətdir (bax sxem 11).
Əsas fondların düzgün təsnifləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti var. Bu hər şeydən əvvəl əsas fondun tərkibində baş verə biləcək dəyişikliklərin qanunauyğunluğu, uçot və planlaşdırılmasını, investisiya qoyuluşunun həcmini, istiqamətini və s. məqsədəuyğun müəyyən etməyə imkan verir. Sənayenin əsas istehsal fondlarının təsnifatı aşağıdakı sxemdə verilir.
Sxem 11.
Əsas fondların təsnifatı
Qrup və yarımqrupların adı
|
Qrup və yarımqrupların tərkibi
|
Təyinatı və qısa xarakteristikası
|
1. Binalar
|
Əsas və köməkçi sexlərin, anbarların, laboratoriyaların binaları və s.
|
Əmək və maddi sərvətlərin mühafizəsini təmin etmək üçün yaradılan tikinti obyektləri
|
2. Ötürücü qurğular
|
Elektrik və istilik şəbəkələri, rabitə xətləri, qaz şəbəkəsi. Hidrotexniki qurğuların (neft və qaz quyuları, bəndlər və s.), nəqliyyat qurğuları (yollar, körpülər, tunellər və s.), kommunikasiya qurğuları (istilik, su kəmərləri şəbəkəsi və s.). Generatorlar, istilik və elektrik mühərrikləri, kompressorlar və s.
|
Elektrik, istilik və mexaniki enerjinin ötürülməsi, istehsal prosesinə xidmət etmək üçün texniki funksiyaları yerinə yetirən mühəndis inşaat obyektləri
|
3. Güc maşınları və avadanlıqları.
|
Generatorlar, istilik və elektrik mühhərikləri, kompressorlar və s.
|
Bu avadanlıqlarla enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi funksiyasını yerinə yetirirlər.
|
4. İş maşınları və avadanlıqları
|
İstehsalda istifadə olunan müxtəlif maşın və mexanizmlər (metalkəsən, ağac emal edən, toxucu dəzgahlar, ekskvator, buldozer, qaldırıcı kran, konveyerlər və s.)
|
Əmək cisminə təsir etməklə və onların hazır məhsula çevirmək funksiyasını yerinə yetirirlər.
|
5. Nəqliyyat vasitələri
|
Avtomobillər, elektrovozlar, su yolu, lokomotivlər, platformalar, elektrokarlar və s.
|
Firma (müəssisə) daxilində və ondan kənarda yüklərin və sərnişinlərin daşınmasını təmin edir.
|
6. Ölçü, tənzimləyici cihazlar, qurğular və laboratoriya avadanlıqları
|
Təzyiqi, sürəti, temperaturu ölçmək üçün istifadə olunan cihazlar, kompüter idarəetmə pultları, dispetçer nəzarət qurğuları. Firmanın və elmi tədqiqat laboratoriyalarının cihaz və aparatları.
|
İstehsal proseslərini əl ilə və kompüterlə (avtomatik) tənzimləmək, texnoloji proseslərin ölçülməsini və onlara nəzarət etməyə həyata keçirir.
|
7. İstehsalat alətləri
|
Kəsici, yonucu, sıxıcı alətləri, iş stolları və s.
|
İstehsal prosesini yüngülləşdirmək, iş yerlərində təhlükəsizliyi təmin etməklə, əmək cisimlərini saxlamaq.
|
8. Təsərrüfat inventarları
|
Hesablayıcı və yazı maşınları, yanğın əleyhinə alətlər, skaflar, seyflər və s.
|
İstehsal prosesinə xidməti və iş şəraitinin təmin edilməsi funksiyasını yerinə yetirir.
|
Əsas istehsal fondları əmək cisminə təsir göstərən texnoloji prosesdə bilavasitə iştirak edən bütün əmək vasitələrindən (maşın, avadanlıq, alətlər və s.) və eyni zamanda, əmək cisminə bilavasitə təsir etməyən, lakin iş prosesinin düzgün həyata keçirilməsi üçün şərait yaradan əsas vasitələrdən (istehsal binaları, tikililər, ötürücü qurğular və s.) ibarətdir.
Bazar iqtisadiyyatına keçid şəraitində respublika iqtisadiyyatının daha da inkişaf etdirilməsi əsas istehsal fondlarının inkişafından və onun strukturunun təkmilləşdirilməsindən asılıdır. Respublikanın sənaye sahələrində texniki cəhətdən təkmilləşmiş yeni istehsal vasitələrinin istifadəyə verilməsi istehsal prosesinə fəal təsir göstərir, əmək məhsuldarlığının yüksəldilməsini və əsas istehsal fondlarından səmərəli istitfadə edilməsini təmin edir.
İnsan təfəkkürünün məhsulu və adamların iradəsinin ifadəsi olan elmi-texniki proses təkrar istehsala fəal təsir göstərir ki, bu da əsas fondlar şəklində maddiləşir. Bazar iqtisadiyyatı şəraitində əhalinin maddi nemətlərə tələbatının böyük bir miqyasda artdığı və təbii olaraq onların istehsalının genişləndiyi bir zamanda əsas fondlar iqtisadiyyatın inkişafının müəyyənedici amilinə çevrilir.
Əsas fondların texniki səviyyəsi dedikdə, onların fəal hissəsi, yəni maşın və mexanizmlərin xüsusi səkisi, keyfiyyət səviyyəsi dedikdə isə təkmilləşdirilməsi dərəcəsi nəzərdə tutulur. Texniki tərəqqi əsas fondların fəal hissəsinin kəmiyyət və keyfiyyətcə artmasına geniş imkan yaradır, istehsala yeni daha təkmilləşmiş texnikanın tətbiq edilməsini tələb edir. Beləliklə, texniki tərəqqi əsas fondların aktiv hissəsinin daima artması istiqamətində onun strukturunun təkmilləşdirilməsinə mühüm təsir göstərir.
Əsas fondların sahə və istehsal (texnoloji) strukturunu bir-birindən fərqləndirmək lazımdır. Əsas fondların sahə strukturu dedikdə, xalq təsərrüfatı sahələrinin əsas istehsal fondlarının ümumi dəyərindəki xüsusi çəkisi nəzərdə tutulur.
Respublikamızda son illərin statistik məlumatlarına əsasən iqtisadiyyatın əsas fondlarının sahə strukturu 4№-li cədvəldə verilib.
Cədvəl 4.
1990-1998-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatının sahələri üzrə əsas istehsal fondlarının sahə strukturu (yekuna nisbətən faizlə)
|
İ L L Ə R
|
1990
|
1995
|
1996
|
1997
|
1998
|
Bütün iqtisadiyyatın cəmi
|
100,0
|
100,0
|
100,0
|
100,0
|
100,0
|
O cümlədən:
|
|
|
|
|
|
Sənaye
|
32,6
|
35,0
|
33,0
|
33,3
|
34,7
|
Kənd təsərrüfatı
|
13,9
|
9,8
|
11,3
|
14,1
|
13,4
|
Tikinti
|
4,6
|
4,6
|
5,0
|
5,0
|
5,4
|
Nəqliyyat və rabitə
|
16,3
|
18,8
|
13,8
|
13,6
|
13,6
|
Digər sahələr
|
32,6
|
31,8
|
36,9
|
34,0
|
32,9
|
Cədvəlin məlumatlarından göründüyü kimi iqtisadiyyatın başqa sahələri ilə müqayisəli sənayenin payına düşən düşən əsas istehsal fondlarının xüsusi çəkisi 32,6%-dən 34.7%-ə qədər yüksəlmişdir. Həmin dövr ərzində kənd təsərrüfatının payına düşən əsas istehsal fondunun xüsusi çəkisi 13,9%-dən 13,4%-ə qədər azalmışdır.
Bazar iqtisadiyyatı şəraitində elm və texnikanın inkişafı əsas istehsal fondlarının maddi əsasını təşkil edən əmək alətlərinin təkrar istehsalı ilə əlaqədar olaraq onun strukturu daima təkmilləşir. Əsas fondların təkrar istehsalı əsasında cəmiyyətin məhsuldar qüvvələri daim inkişaf edir. Bu isə öz növbəsində əmək alətlərinin aktiv hissəsində keyfiyyət dəyişikliklərinə səbəb olur. Bazar münasibətlərinin formalaşdırılması və inkişafı xüsusilə sürətlənməkdə olan elmi-texniki tərəqqi hər bir istehsal və qeyri-istehsal sahələrində yeni, daha mütərəqqi texnika və texnologiyanın tətbiqini tələb edir.
Elmi-texniki tərəqqinin müasir mərhələsində istehsalın səmərəliliyinin yüksəltməyin istiqaməti mövcud əsas istehsal fondlarını təzələmək və yeni məhsuldar avadanlıqlarla əvəz etmək hesabına ictimai istehsalın texniki səviyyəsini yüksəltməkdər ibarətdir. Müasir dövrdə respublika iqtisadiyyatının inkişafına yönəldilən investisiya resurslarından səmərəli istifadə olunması nəticəsində əsas istehsal fondlarının həcminin artmasına, strukturunun təkmilləşdirilməsinə geniş imkan yaradır. Məlumdur ki, K.Marks geniş təkrar istehsal prosesinin ən mühüm amili kimi əsas istehsal fondlarının təzələnməsinin iki formasını göstərmişdir:
a) ayrı-ayrı əmək vasitələrinin dövrü və ya qismən yeniləşdirilməsi;
b) amortizasiya fondunun bir hissəsinin həmin məqsəd üçün istifadə etmək hesabına müəssisələrin tədricən genişləndirilməsi və ya yenidən qurulması.
Əsas istehsal fondlarının təzələnməsi qanunauyğun prosesdir. K.Marks göstərmişdir ki, məhsuldar qüvvə sürətlə inkişaf etdikdə bütün köhnə maşınlar daha məhsuldar maşınlarla əvəz edilməlidir. Lakin dahi K.Marks ancaq əsas istehsal fondlarının yeniləşməsini deyil, o, həm də bütün istehsal sahələrində ixtisaslaşmış əməyə də yüksək qiymət vermişdir. O, qeyd etmişdir ki, əməyin məhsuldar qüvvəsi necə dəyişirsə dəyişsin, eyni əmək, eyni vaxtda kəmiyyətcə bərabər dəyər yaradacaqdır. Lakin, əməyin məhsuldar qüvvəsi çoxaldıqca çox, azaldıqca isə az dəyər yaradacaqdır. Göründüyü kimi əməyin məhsuldar qüvvəsinin dəyişdirilməsi o vaxt yüksək səmərə verə bilər ki, ona münasib ixtisaslı əmək formalaşmış olsun.
Əsas istehsal fondları iqtisadiyyatın maddi-texniki bazasının əsas elementlərindən biri olmaqla, sahənin dinamik inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Əsas istehsal fondlarının daima təzələnməsi, mənəvi cəhətdən köhnəlmiş fondlaların daha məhsuldar fondlarla əvəz olunması istehsalın iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsinə və əmək resurslarından qənaətlə istifadə olunmasına səbəb olur. Bütün bunların hamısı əsas fondlara investisiya qoyuluşlarının gücləndirilməsi sayəsində mümkün ola bilər.
Əsas istehsal fondlarının təzələnməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ictimai əmək məhsuldarlığının yüksəldilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində dövlətin investisiya siyasətində məqsəd əsas istehsal fondlarının yenilişdərilməsi prosesinin həyata keçirilməsinin sürətləndirilməsidir.
Əsas fondların keyfiyyətini xarakterizə edən mühüm göstəricilərdən biri də texnoloji strukturdur. Əsas fondların texnoloji strukturu dedikdə onun ümumi dəyərində ayrı-ayrı ünsürlərin tutduğu xüsusi çəki başa düşülür.
Bazar iqtisadiyyatı şəraitində əsas fondların təzələnməsi və onların texnoloji strukturunun təkmilləşdirilməsi üzrə aşağıdakı zəruri istiqamətlərin həyata keçirilməsi daha məqsədəuyğun hesab edilir.
1. Əsas istehsal fondunun aktiv hissəsi olan maşın və avadanlıq vahidinin istehsal gücünün artırılması və onun optimal səviyyəyə çatdırılması.
2. İstehsal prosesindəki mövcud mexaniki üsullardan müasir kompüterləşmə, elektrofizika, elektrokimya və başqa mütərəqqi üsullara keçirilməsi.
3. Fasiləsiz texnoloji proseslərə, tullantısız və ya az tulantılı texnologiyaya keçirilməsi.
Qeyd etdiyimiz kimi problemlərin müvəffəqiyyətlə həll edilməsi ilk növbədə investisiya qoyuluşlarının həcmindən bilvasitə asılıdır. Məhz buna görə də respublikamızda sənaye istehsalının inkişafının sürətləndirmək məqsədilə daxili və xarici investisiya fəaliyyətini daha da aktivləşdirmək lazımdır.
İnvestisiya fəaliyyəti obyektinin düzgün seçilməsi milli iqtisadiyyatımızın inkişafına və xüsusilə formlaşmaqda olan strukturuna daha müsbət təsir göstərə bilər. Məhz buna görə də Azərbaycanda keçid iqtisadiyyatı şəraitində investisiya fəaliyyətinin obyekti əsasən aşağıdakı istiqamətlərə yönəldilməlidir:
1. İqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vasitələrinə.
2. Qiymətli kağızlar (səhm, istiqrazlar və s.), məqsədli pul əmanətlərinin çoxaldılmasına.
3. Elmi-texniki məhsul və digər mülkiyyət obyektləri, əmlak hüquqi və intellektual mülkiyyətin inkişafına.
Belə bir mühüm istiqamətlər üzrə investisiya fəaliyyətinin gücləndirilməsi bütövlükdə milli iqtsadiyyatın artım tempinə müsbət təsir göstərir.
Qeyd etmək lazımdır ki, əsas istehsal fondların texnoloji strukturunun keyfiyyətcə təkmilləşdirilməsində əsas fondun ümumi dəyərində aktiv hissəsinin nisbətən üstün artımı və eyni zamanda, istehsalın texniki cəhətdən silahlandırılması əmək məhsuldarlığının yüksəldilməsinə və istehsal olunan məhsulun çeşid və keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Əsas istehsal fondlarının texnoloji strukturunun keyfiyyətcə təkmilləşdirilməsi nəinki əsas istehsal fondun aktiv hissəsinin artmasına, eyni zamanda, istehsalın və əməyin texniki səviyyəsinin yüksəldilməsinə də imkan verir.
Əsas istehsal fondlarının strukturu və habelə onun tərkib ünsürlərinin mütləq və nisbi artımı sənaye istehsalının səmərəli təşkil olunması nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə sənaye istehsalının maddi-texniki bazasının ahəngdar inkişafı və sərf edilmiş vəsaitin səmərəliliyinin yüksəldilməsi üçün sahələr arasında və sahələr daxilində müxtəlif istiqamətlərdə istifadə olunan investisiya qoyuluşu əsas fondların strukturunu iqtisadi əsaslarla təmin etməli və onların ayrı-ayrı ünsürləri arasında düzgün proporsionallıq yaratmalıdır.
Əsas fondların fəal hissəsinin xüsusi çəkisi nə qədər yüksək olarsa, istehsalın texniki səviyyəsi də bir o qədər yüksək olar, eyni zamanda müəssisənin məhsul buraxmaq üçün istehsal imkanları bir o qədər artır. Buna görə də istehsalın səmərəliliyinin artması məsələlərini həll edərkən əsas istehsal fondlarının strukturundakı müsbət dəyişikliklərin təsiri nəzərə alınmalıdır.
Əsas fondun strukturu sabit deyil, o elmi-texniki tərəqqinin nailiyyətlərinin məqsədəuyğun tətbiqi əsasında daima təkmilləşir. Bunun nəticəsində də əsas fondun strukturu respublika sənayesinin müxtəlif sahələrində bir-birindən fərqlənir. Qeyd etmək lazımdır ki, respublikamızın hasiledici sənayesində əsas fondun passiv hissələrinin (bina və tikililərin) xüsusi çəkisi yüksək olduğu halda, emaledici sənaye sahələrində isə əsas fondun aktiv hissəsi (maşın və avadanlıqlar) üstün yer tutur.
Əsas fondun strukturuna müxtəlif amillər təsir göstərir ki, bunlardan: istehsal edilən məhsulun xarakterini, istehsalda elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi səviyyəsini, istehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini, məhsuldar qüvvələrin yerləşdirilməsini, əsaslı vəsait qoyuluşundan, investisiya və istehsal gücündən istifadə səviyyəsini və s. göstərmək olar.
Əsas istehsal fondlarının strukturu elə nisbətdə müəyyən edilməlidir ki, bazar iqtisadiyyatının tələb etdiyi vəzifələrin yerinə yetirilməsi və istehsalın iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsi təmin edilsin.
Dostları ilə paylaş: |