4
DƏMİR AĞACDAN ASILAN BEŞİK
I hissə
PROLOQ
Daşın uzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara,
üzü parıltılı daş bir deyildi, iki deyildi... Minlərlə daşı çaylaqlardan gö-türmüşdülər,
karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına
qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmişdilər. Bürclər
ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular.
Buludlara ilişib onları yun əlçimi kimi parçalayan qaya da buz kimi soyuq idi. Quzey
divarı çayın sahilindən qartal uçuşu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuşdu.
Oradan da iyirmi beş, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır
basmışdı, pəncərədən az aralıda daşların arasından dağdağan kolu bitib aşağı sallanmışdı.
Pəncərənin yoğun dəmir barmaqlığını pas basmış, pasın üstünü isə daş xınası örtmüşdü.
Pəncərənin aşağısı nov kimi yarıq idi. Bu pəncərədən aşağıya baxmaq hər adamın işi deyildi.
Aşağılarda səsi eşidilən çayı həmişə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə
çəkirdi. Bə’zən də elə qalınlaşırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub.
Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı.
Başı kəllə qəndə oxşayırdı, aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə
Savalan dağı idi.
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
–
Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.
Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı “Emruzi bikr”
incisi kimi ağ yaş axırdı. O incinin danələrinə bənzəyən gilələr yuvarlanıb düşürdü. Amma
yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur
hissi vardı.
– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam?
– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına
gətirəndə sevindiyimdən ürəyim kövrəldi.
– Adam sevindiyindən də ağlayarmı, ana?
– Ağlayar, oğlum, ağlayar.
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.
Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı
dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə
bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.
– Gedərik, oğlum, gedərik.
Aləmşahbəyim qalxdı. Yeddi yaşına qədəm qoymuş oğlu İsmayılın yumşaq, kiçik
barmaqlarını ovcuna aldı, kiçik hücrənin qapısına getdi. Hücrənin səkkiz küncü vardı. Hər
küncdən tavanın dəbilqə içərisinə oxşayan səqfinə xət gedirdi. O xətlər birləşən yerdən bir qəndil
asılmışdı. Qızıl suyu ilə suvarılmış qəndilin səkkiz şamlıq şamdanı vardı. Şamdanlar bir-biri ilə
qızılgül yarpaqları və qönçələri ilə birləşmişdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan
tökülmüşdü. Şamdanlardakı şamlar yarıya qədər yanmış, yanlarında üst-üstə qalaqlanmışdı.
Yerə zərif naxışları olan iri xalça salınmışdı. Amma hücrənin alaqaranlığı xalçanın
rənglərini boğmuşdu. Xalçanın, qəndilin incəliyi yanında divarların biri-birinə geydirilmiş iri
daşları kobud və köntöy görünürdü. O daşlardan soyuq şüalanırdı elə bil. Bu hücrə qalanın quzey