264
FƏSİL 9.
Gender bərabərliyi və insan inkişafı
Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm
də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli
idarəçiliyin qurulması üçün zəruri olan şərtdir.
Kofi Annan, BMT keçmiş baş katibi
İnsan inkişafı uzun, sağlam və yaradıcı həyat sürmək, dəyər verdikləri
hər hansı məqsədlərə nail olmaq və hamı üçün ümumi olan planetdə ədalətli
və dayanıqlı inkişafa fəal surətdə qoşulmaq üçün insanların azadlıqlarının
genişləndirilməsi deməkdir. İnsanlar istər fərd kimi, istərsə də qrup olaraq
insan inkişafının həm benefisiarları, həm də aparıcı qüvvələridir.
İnsan İnkişafı Hesabatı, 2010-cu il
9.1
İnsan inkişafı, insan qabiliyyətləri və bərabərlik
İnsan inkişafı həyatda qarşımızda duran seçimlərin genişləndirilməsindən
ibarətdir. Təbii ki, insanların arzuladıqları, seçdikləri məqsədlər saysız-hesabsız-
dır və hətta eyni insanın arzu və məqsədləri zamanla dəyişə bilər. İnsan inkişafı
nəzəriyyəsi bu müxtəlifliyin içərisindən ən zəruri üc seçimi belə müəyyən edir:
uzun və sağlam həyat sürmək;
istədiyi biliklərə yiyələnmək;
ləyaqətli həyat üçün zəruri olan ehtiyatları əldə etmək
1
.
Yuxarıda qeyd olunan seçimlər cinsi, yaşı, maliyyə durumu, dini, milli və
sosial statusundan asılı olmayaraq hər insan üçün təmin olunmayınca, real insan
inkişafına nail olmaq mümkün deyil.
Artıq bildiyiniz kimi, insan inkişafı nəzəriyyəsinin mərkəzində insanlarin
azad seçim anlayışı dayanır. Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın
əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasında görən bu ya-
naşma nədən məhz azad seçim məsələsinə bu qədər böyük diqqət yetirir? Məsələ
burasındadır ki, insan inkişafı nəzəriyyəsi təkcə bərabər hüquq və imkanların
yaradılması tələbi ilə kifayətlənməyərək məhz konkret insanların mövcud hüquq
və imkanlardan istifadə etmək qabiliyyətində olmasını inkişafın əsas amili olaraq
görür. İnsan inkişafı nəzəriyyəsinin ərsəyə gəlməsində mühüm rol oynayan Mar-
ta Nissbauma görə “insan qabiliyyətləri” (human capabilities) “insanların real
həyatda istədiyinə nail olmaq və istədiyi fəaliyyətlə məşğul ola bilmək bacarığı-
1
BMTİP İnsan İnkişafı Hesabatı, 1999-cu il
265
nı” əks etdirir
2
. Insan qabiliyyəti heç də həmişə sırf fərdi xüsusiyyətlərdən asılı
deyil. İnsan inkişafı nəzəriyyəsinə əsasən insan qabiliyyəti bir sıra sosial, iqtisadi
və mədəni amillərin təsiri nəticəsində əmələ gəlir. Bu amillər içərisində konkret
sosial mühitdə insanların cinsi mənsubiyyətinə görə rastlaşdığı məhdudiyyətlər
mühüm yer tutur. Gəlin bu yanaşmanı adi bir misalda araşdıraq.
Böyük şəhərdə, qonşuluqda, oxşar iqtisadi və sosial şəraitdə üç qız böyü-
yür. Qızlar eyni orta məktəbi eyni qiymətlərlə bitirir. Lalə eyni ildə istədiyi ali
təhsil müəssəsinə sənədləri təqdim edir. Səidə ali təhsil almaq istəyir, lakin ailəsi
qız üçün ali təhsilin faydasız olduğunu düşünür. Ailəsinin qadağası nəticəsində
Səidə arzusundan vaz keçməli olur. Cəmilə isə valideynləri ilə məsləhətləşib
qərar verir ki, məktəbi bitirəndən sonra işə düzəlib ali təhsildə ixtisas seçimini
bir ildən sonra etsin.
Hər üç halda, milli qanunvericiliyə əsasən, qızların təhsil almaq hüququ var.
Praktiki olaraq imkanlar da mövcuddur (şəhərdə onlarla ali təhsil ocağı fəaliyyət
göstərir, hər üç qız kifayət qədər hazırlıqlı və biliklidir, ailələri maddi cəhətdən
çətinlik çəkmir). Fərq ondadır ki, Lalə mövcud hüquq və imkanlardan istifadə
etmək qabiliyyətindədir, Cəmilədə də o qabiliyyət var, ondan istifadə etməmək
seçimini özü verir. Lakin Səidədə azad seçim xarici məhdudiyyətlər nəticəsində
alınmır. İnsan inkişafı nəzəriyyəsinə əsasən, inkişaf yalnız hər üç amilin -
müəyyən ehtiyatlara (məsələn, təhsilin verdiyi biliklərə) yiyələnmək üçün hü-
quq, imkanın və qabiliyyətin olduğu şəraitdə yer tuta bilər. Beləliklə, insan in-
kişafı üçün əlverişli şəraitin olub-olmamasını öyrənmək məqsədi ilə biz bu üç
amilin təsiri altinda formalaşan konkret həyat təcrübələrinə müraciət etməliyik.
Gətirdiyimiz misalda üç qız hüquq və imkanlardan istifadə etmək
qabiliyyətlərinə görə bərabər şəraitdə deyil. Konkret ailə içərisində olan qərar
vermə strukturu və qızlar üçün olan xüsusi qadağa Səidəni arzusuna çatmaqdan
məhrum edir. Burada konkret sosial mühitdə (ailədə) müəyyən kateqoriyalı in-
sanlara (qızlara) tətbiq olunan xüsusi qadağalar fərdin seçimini məhdudlaşdırır.
Məhz bu qadağalar nəticəsində yaranan bərabərsizlik şəraitində müəyyən kate-
qoriyaya aid insanlar öz inkişafında ciddi əngəllərlə üzləşirlər.
Seçimlərimizi məhdudlaşdıran müxtəlif faktorlar arasında cəmiyyətdə və
ailədə bərqərar olan bərabərsizlik mərkəzi yer tutur. Qeyri-bərabər hüquq
və imkanlar şəraitində seçimlərin genişləndirilməsi yalnız konkret kateqori-
yalara aid insanlar üçün mümkün olur. Beləliklə, bərabərsizlik nəticəsində
“insan inkişafı” yalnız konkret kateqoriyalı insanların inkişafı ilə əvəzlənir.
Bəs qalanları necə? Təbii ki, cəmiyyət hər hansı bir kateqoriyanın qeyri-
bərabər mövqeyinə bəraət qazandırırsa, bu kateqoriyaya aid insanların inkişafını
məhdudlaşdıran formal və qeyri-formal qadağaları da adi bir hal olaraq qəbul
2
Martha Nussbaum. Women and Human Development: The Capabilities Approach, Cambridge
University Press, 2008, p. 5