– Bura gərək həmişə isti olsun. Ancaq çox rahatdır, elə deyilmi? Bu cəhətdən otaq çox yaxşı
yerdədir.
K. dillənmədi, çünki onu narahat edən isti yox, içərinin boğuq, az qala nəfəs almağı
çətinləşdirən havası idi, yəqin otağın havası çoxdan dəyişdirilməmişdi. Rəssam ondan
çarpayının üstündə oturmasını xahiş edəndə, K.-nın narahatçılığı daha da artdı. O özü isə
molbertin yanındakı yeganə stulda oturdu. Bundan əlavə də rəssam, deyəsən, K.-nın nə üçün
çarpayının lap kənarında oturmasını başa düşmədi, tez-tez xahiş etdi ki, rahat əyləşsin və onun
tərəddüd etdiyini görüb yerindən durdu, ona tərəf gəlib K.-nı çarpayının ortasına çəkdi. Sonra
qayıdıb öz kreslosuna oturdu və nəhayət, işlə bağlı ilk sualını verdi, K. hər şeyi unutdu:
– Heç bir günahınız yoxdur?
– Yoxdur!
Bu suala çox böyük bir sevinc hissi ilə cavab verdi, çünki cavab verdiyi mülki adam idi və
onun qarşısında heç bir məsuliyyət daşımırdı. Hələ heç kəs bunu K.-dan belə açıq şəkildə
soruşmamışdı. Bu sevincdən bir az da ləzzət almaq üçün əlavə etdi:
– Mən tamamilə günahsızam!
– Belə... – rəssam başını aşağı salaraq fikrə getdi, sonra qəflətən onu dikəldib dedi: – Əgər
günahınız yoxdursa, iş asanlaşır.
K.-nın baxışlarına yenə kədər qondu: guya məhkəməyə çox yaxın olan bu adam lap uşaq kimi
danışırdı.
– Mənim günahsızlığım işi asanlaşdırmır, – deyən K. buna baxmayaraq, qeyri-ixtiyari,
gülümsədi və başını asta-asta buladı. – Elə incəliklər var ki, məhəkəmə orda uduzur. Ancaq
sonradan hardansa nəsə tapır, o vaxt heç nə olan o şey indi böyük bir günaha çevrilir.
– Bəli, bəli elədir... – rəssam özünü elə göstərdi ki, guya K. lazım olmadığı bir halda onun
fikirləşməsinə mane oldu. – Axı siz günahsızsınız, elə deyilmi?
– Elədir ki var!
– Bu əsas məsələdir.
Əks dəlillərlə ona təsir etmək mümkün deyildi, ancaq qətiyyətindən də bilinmirdi ki,
dediklərinə innanır, yoxsa biganəlikdən belə deyir. K. ilk öncə bunu dəqiqləşdirmək istədi və
ona görə də dedi:
– Əlbəttə, siz məhkəməyə məndən yaxşı bələdsiniz, mənim bildiyim yalnız ondan-bundan
eşitdiklərimdir, vəssalam. Ancaq bir məsələdə hamının fikri eynidir ki, boş yerdən ittiham
irəli sürülmür, əgər məhkəmə ittiham irəli sürüsə, deməli müttəhimin günahkar olduğuna tam
əmindir və onu bu inamından döndərmək çətin məsələdir.
– Çətin məsələdir? – deyə qışqıran rəssam əlini göyə qaldırdı. – Məhkəməni bu inamından
döndərmək, ümumiyyətlə, mümkün deyil. Əgər mən o hakimlərin hamısını bu kətana yığsam
da, özlərini elə ordan müdafiə edəcəklər və əsil məhkəmədəkindən çox uğur qazanacaqlar.
“Elədir ki var” – deyə öz-özünə fikirləşən K. unutdu ki, məqsədi yalnız rəssamın fikrini
öyrənmək idi.
Qızlardan biri yenə qapının arxasından soruşdu:
– Titorelli, bəs o çıxıb getmək istəmir?
– Susun! -Titorelli qapıya tərəf qışqırdı. – Görmürsünüz onunla vacib söhbətim var?
Ancaq qız bununla razılaşmayıb soruşdu:
– Onun şəklini çəkəcəksən? – rəssamın cavab vermədiyini görüb əlavə etdi: – Xahiş edirəm
çəkmə, çox pis adamdır.
Bayırdan anlaşılmaz sözlər eşidildi, ancaq bilinirdi ki, hamısı deyiləni təsdiqləyir. Rəssam
qapıya tərəf cumub onu bir az açdı – ordan içəri dürtülmək istəyən qızların əl-qolları göründü
– və dedi:
– Əgər sakit olmasanız, hamınızı pilləkəndən aşağı tullayacam. Pilləkəndə oturun, özünüzü
sakit aparın. – Deyəsən, qızlar onun sözünə o dəqiqə əməl eləmədilər, ona görə də komanda
səsi eşidildi:
– Pilləkəndə oturmaq!
Yalnız bundan sonra ətrafa sakitlik çökdü.
– Bağışlayın! – geri qayıdan rəssam uzr istədi. Həmin anda K. heç qapı tərəfə baxmamış, onu
qoruyub-qorumayacağını, necə qoruyacağını rəssamın ixtiyarına buraxmışdı. İndi rəssam
bayırda eşidilməsin deyə ona tərəf əyilib qulağına nəsə pıçıldayanda da yerindən
qımıldanmadı.
– Bu qızlar da məhkəməyə işləyir...
– Necə? – K. başını yana çəkərək rəssama baxdı. O isə təzədən kreslosuna oturaraq
yarızarafat, yarıciddi dedi:
– İndi hamı, hər şey məhkəməyə işləyir...
– Bunu hələ hiss eləməmişəm, – K. çox qısa cavab verdi və eşitdiyi bu ümumi sözlərdən
sonra rəssamın qızlar haqqında dediklərinə çox da fikir vermədi. Ancaq bunula belə, bir
anlığa qızların arxasında sakitcə oturduğu qapıya tərəf baxdı. Yalnız qızlardan biri yarıqdan
içəri saldığı saman çöpünü aşağı-yuxarı çəkirdi.
– Deyəsən, siz bu məhkəməyə yaxşı bələd deyilsiniz, – deyən rəssam ayaqlarını geniş
aralayaraq barmaqlarının ucu ilə döşəməni döyəcləyirdi. – Ancaq günahsız olduğunuza görə
bu sizə lazım olmayacaq. Sizi ordan yalnız mən çıxara bilərəm.
– Bunu necə edəcəksiniz? – K. soruşdu. – Axı bayaq özünüz dediniz ki, məhkəmə heç bir
dəlil-sübut qəbul etmir.
– Yalnız məhkəməyə təqdim olunan dəlil-sübutları qəbul etmir! – rəssam şəhadət barmağını
yuxarı qaldırdı, sanki bununla K.-nın hansısa bir incəliyi başa düşmədiyinə işarə etdi. – Bu
baxımdan açıq məhkəmədən kənarda görülən işlər daha önəmli olur. Məsələn, müşavirə
otaqlarında, dəhlizlərdə, ya da elə lap burda – emalatxanada...
Rəssamın dedikləri K.– ya bu dəfə inandırıcı göründü, çünki başqalarından eşitdikləri ilə
tamamilə üst-üstə düşürdü. Bəli, hətta çox ümidverici görünürdü. Əgər vəkilin dediyi kimi,
şəxsi münasibətlərlə hakimlərə təsir etmək mümkün idisə, deməli, rəssamın o şöhrətpərəst
hakimlərlə əlaqələri çox vacib idi, bunu qiymətləndirməmək olmazdı. Belə olan halda o, K.-
nın tədricən ətrafına topladığı köməkçilərə qoşulmuş olurdu. Bir dəfə bankda onun
təşkilatçılıq qabiliyyətini çox tərifləmişdilər və indi özü ilə tək qaldığı bir anda bu
istedadından yetərincə istifadə etməyə yaxşı fürsət yaranmışdı. Rəssam dediyi sözlərin K.-ya
necə təsir etdiyini görəndə, deyəsən bir az qorxdu:
– Sizə elə gəlmirmi ki, mən lap hüquqşünas kimi danışıram? Məhkəmədəki cənablarla çox
oturub– durmağımdandır... Düzdür, mənə çox xeyiri dəyir, ancaq nitqin ifadəliliyini də az
itirmir.
– İlk dəfə hakimlərlə necə əlaqə yarada bildiniz? – K. onun xidmətindən istifadə etməmişdən
əvvəl rəssamın etibarını qazanmaq istədi.
– Çox sadə yolla! Bu əlaqələr mənə miras qalıb. Atam da məhkəmə rəssamı idi. Bu elə bir
vəzifədir ki, irsən kiməsə keçir. Buraya həmişə təzə adam götürmək olmaz. Müxtəlif çinli
məmurların şəkillərinin çəkilməsi üçün müxtəlif, həm də gizli qaydalar var və bunları da bəzi
ailələrdən başqa heç kəs bilmir. Məsələn, o çəkməcədə atamın qeydləri var, onları heç kimə
göstərmərəm. Yalız onlardan xəbəri olanlar hakimlərin şəklini çəkə bilərlər. Hətta onları
itirsəm də, yaddaşımda gəzdirdiklərim bəs eləyər ki, heç kəsin mənə sözü ola bilməsin. Axı
hakimlərin hamısı şəkillərini keçmişdəki böyük hakimlər kimi çəkdirmək istəyir və bunu da
yalnız mən bacarıram.
– Buna qibtə etmək olar! – deyən K. özünün bankdakı vəzifəsini xatırladı. – Belə çıxır ki, sizi
yerinizdən tərpətmək olmaz.
– Olmaz! – rəssam fəxrlə çiyinlərini çəkdi. – Ona görə də hərdən hansı bir yazığasa
məhkəmədə kömək etməyə cəsarətim çatır.
– Bəs bunu necə edirsiniz? – K. bunu elə soruşdu ki, deyərdin rəssamın indicə yazıq dediyi
heç o deyil. Rəssam isə dediyindən dönmədi:
– Məsələn, tamamilə günahsız olduğunuz üçün sizin işinizdə belə edəcəm...
Tez-tez günahsız olmasının təkrarlanması K.-nı iyrəndirməyə başladı. Bəzən ona elə gəlirdi
ki, rəssam belə sözlərlə məhkəmənin müsbət nəticəsini öz köməyi üçün əsas şərt hesab eləyir
və belə olan halda da, həmin kömək mənasını itirirdi. Acaq bütün bu şübhələrə baxmayaraq,
Dostları ilə paylaş: |