K. özünü zorla da olsa saxlayır, rəssamın sözünü kəsmirdi. Qəti qərara gəlmişdi ki, rəssamın
köməyindən imtina etməsin, çünki ona elə gəlirdi ki, bu kömək vəkilin vəd etdiyi köməkdən
də müəmmalı deyildi. K. rəssamın köməyini vəkilinkindən üstün hesab edirdi, çünki ziyansız
idi, səmimi idi...
Rəssam kreslosunu çarpayıya yaxın çəkərək boğuq səslə soruşdu:
– İndiyəcən soruşmaq yadımdan çıxıb ki, siz necə bəraət istəyirsiniz? Onun üç növü var: tam
bəraət, elüzəri bəraət və bir də süründürməçi bəraət. Əlbəttə, ən yaxşısı tam bəraətdir, ancaq
məsələnin bu çür həllinə gücüm çatmaz. Yəqin ki burda əsas rolu müttəhimin günahsızlığı
oynayır. Siz günahsız olduqları üçün, doğrudan da, yalnız öz günahsızlığınıza bel bağlaya
bilərsiniz. Belə olan halda, sizə nə mənim, nə də başqasının köməyi lazım deyil.
Bu dəqiq təsvir əvvəlcə K.-nı çaş-baş saldı, ancaq sonra o da rəssam kimi alçaqdan dedi:
– Mənə elə gəlir ki, dediyinizdə ziddiyyətlər var.
– Hansı ziddiyyətlər? – səbrlə soruşan rəssam gülümsəyərək geri söykəndi.
Bu təbəssüm K.-da elə təsəvvür yaratdı ki, sanki indi rəssamın sözlərində deyil, ümumiyyətlə
bütün məhkəmə sistemində ziddiyyətlər axtarmalıdır. Ancaq buna baxmayaraq, geri
çəkilmədi:
– Əvvəlcə dediniz ki, məhkəmə heç bir dəlil-sübut qəbul etmir, sonra bunu yalnız açıq
məhkəməyə aid etdiniz, indi isə deyirsiniz ki, günahsız adama heç bir kömək lazım deyil. Bu,
ziddiyyətin biri... Bundan əlavə, əvvəlcə dediniz ki, hakimlərə şəxsən təsir etmək olur, ancaq
indi bunu inkar edirsiniz ki, adına tam bəraət dediyiniz həmin azadlığı şəxsi təsirlə əldə
eləmək heç cür mümkün deyil. Bu da ikinci ziddiyyət...
– Bu ziddiyyətlərin çox asan bir izahı var. Söhbət burda iki müxtəlif məsələdən gedir, yəni
qanunda yazılandan və bir də mənim öz təcrübəmdə gürdüklərimdən – bunları qarışdırmayın.
Qanunda, əlbəttə, bir tərəfdən yazılır ki, – düzdür, mən onu özüm oxumamışam – müttəhimə
bəraət vermək olar, digər tərəfdən də orda yazılmır ki, hakimlərə təsir etmək olar. Ancaq
təcrübədə mən həmişə bunun əksini görmüşəm. Mən kiməsə tam bəraət verildiyini hələ
eşitməmişəm, ancaq təsirlərin çox şahidi olmuşam. Əlbəttə, belə də ola bilər ki, mən şahid
olduqlarımın heç birində günahsız adam olmayıb. Ancaq bu inandırıcı görünürmü? Bu qədər
işdə bircə nəfər də günahsız adam olmadı? Uşaq vaxtı atam evdə məhkəmədən danışanda, ona
çox diqqətlə qulaq asırdım. Onun emalatxanasına gələn hakimlər də çox vaxt ondan
danışırdılar, ümumiyyətlə, bizim dairələrdə bütün söhbətlər yalnız məhkəmə barədə olur.
Özümün məhkəmələrə getmək imkanım yarananda, onun hamısından istifadə etdim, saysız-
hesabsız məhkəmələrin ən vacib mərhələlərini izlədim, onların açıq keçirilən iclaslarında
iştirak etdim və etiraf etməliyəm ki, kiməsə bəraət verildiyinin şahidi olmadım.
– Deməli, bircə dəfə də olsun bəraət verilmədi... – deyən K. sanki özü ilə, qəlbindəki
ümidlərlə danışırdı. – Bu mənim məhkəmə haqqındakı düşüncələrimi bir daha təsdiqləyir.
Deməli, bu nöqteyi-nəzərdən də onun heç bir mənası yoxdur. Bircə cəllad bütün bir
məhkəməni əvəz edə bilər.
– Belə ümumiləşdirmək olmaz, – rəssam narazılıqla dilləndi, – mən yalnız öz təcrübəmdən
danışdım.
– Elə bunun özü də kifayətdir... Yoxsa əvvəllər kiməsə bəraət verildiyi barədə eşidibsiniz?
– Yəqin ki kimlərəsə nə vaxtsa bəraət verilib. Ancaq onları dəqiqləşdirmək çox çətindir.
Məhkəmələrin qətnamələri heç vaxt çap olunmur, hətta onları hakimlərə də göstərmirlər, ona
görə də o keçmiş məhkəmələrdən yalnız əfsanələr qalıb. Yeri gəlmişkən, bu əfsanlərdə
çoxlarına tam bərat verildiyindən danışılır, onlara inanmaq olar, ancaq təsdiq etmək mümkün
deyil. Bütün bunlara baxmayaraq, deyilənlərə heç məhəl qoymamaq da olmaz, çünki onlarda
da müəyyən həqiqətlər var, özü də çox gözəldirlər, hətta mən özüm də həmin mözularda bir
nebə şəkil çəkmişəm.
– Mənim fikrimi belə lətifələrlə dəyişmək olmaz! Yəqin heç məhkəmədə də bu lətifələrə
əsaslanmaq olmaz, elə deyilmi?
Rəssam güldü:
– Xeyr, olmaz...
– Elə isə, bu barədə danışmağa da dəyməz, – deyən K. hələlik onun dediklərinə inanmasa da,
eşitdikləri bildiklərinin əksi olsa da, rəssamın nə fikirləşdiyinin hamısını öyrənmək istəyirdi.
Onsuz da indi onun dediklərinin nə dərəcədə düzgün olub-olmadığını yoxlamağa, etiraz
eləməyə vaxtı yox idi və əgər rəssamı, lap cüzi də olsa, nədəsə, hardasa kömək etməyə razı
sala bilmişdisə, deməli, artıq istədiyinə nail olmuşdu. Ona görə də dedi:
– Yaxşı, tam bəraəti bir kənara qoyaq, ancaq daha iki bəraət növünün adını çəkdiniz...
– Elüzəri bəraət və bir də süründürməçi bəraət. Amma bunlar haqqında danışmamışdan əvvəl
bəlkə pencəyinizi çıxarasınız? Yəqin istilənmiş olarsınız.
– Elədir, – deyən K. indiyə qədər onun dediklərindən başqa heç nəyə fikir verməmişdi, ancaq
rəssam bürkü adı çəkən kimi alnında iri bir tər damcısı düyünləndi. – Demək olar ki,
dözülməzdir.
Rəssam başını tərpətdi, sanki K.-nın nə çəkdiyini yaxşı başa düşürdü.
– Pəncərəni açmaq olmaz? – K. soruşdu.
– Xeyr, çərçivəyə bərkidilmış şüşədir, açmaq olmur.
İndi K.-nın yadına düşdü ki, bütün vaxtı ya rəssamın ya da özünün pəncərəyə tərəf cumub onu
taybatay açacaqlarına ümid edirdi. Hazırlaşmışdı ki, hətta içəri dolacaq dumanı da acgözlüklə
içinə çəksin. Ona elə gəldi ki, artıq havası çatmır və başı hərləndi. Əlini yavaşca yanındakı
tük döşəyə toxunduraraq zəif səslə dedi:
– Burda heç dayanmaq olmur, cana da ziyandır...
– Xeyr, xeyr, – rəssam öz pəncərəsinin müdafiəsinə qalxdı, – açılmadığı üçün, adicə təkqat
şüşə olsa da, içərini ikiqat pəncərədən isti saxlayır. Havanı dəyişmək istəyəndə – taxtaların
arasındaki yarıqlardan həmişə təmiz hava gəldiyi üçün bu heç lazım olmur – qapılardan birini,
ya da ikisini də açıram.
– Rəssamın dediklərindən, az da olsa, təsəlli tapan K. ikinci qapının yerini öyrənmək üçün
yan-yörəsinə baxdı. Bunu hiss edən rəssam dilləndi:
– Arxanızdadır, çarpayı ilə qabağını kəsmişəm...
K. divardakı balaca qapını yenicə gördü.
– Emalatxana üçün balacadır, çox şey də artıqlıq eləyir, – rəssam sanki K.-nı qabaqlamaq
istədi, – ancaq gərək bura yerləşəydim. Əlbəttə, qapının qabağındakı çarpayı çox pis yerdə
durub... Məsələn, indi şəklini çəkdiyim hakim həmişə bu qapıdan gəlir və açarın birini də ona
vermişəm ki, mən evdə olmayanda içəri girib gözləsin. Ancaq o da, adətən, səhər tezdən –
mən yatanda gəlir. Əlbəttə, nə qədər bərk yatsam da, çarpayının yanındakı qapı açılan kimi,
ayılıram. Səhər-səhər çarpayımın üstünə çıxanda ona necə lənətlər yağdırdığımı eçitsəydiniz,
hakimlərə olan bütün hörmətinizi itirərdiniz. Düzdür, açarı geri ala bilərəm, ancaq pislikdən
başqa qazancım olmayacaq. Burdakı qapıları heç bir əziyyət çəkmədən çərçivəsindən
çıxarmaq olur...
Rəssam danışan anda K. pencəyini çıxarıb-çıxarmayacağı barədə düşündü və axırda başa
düşdü ki, bunu eləməsə, burda çox qala bilməyəcək, ona görə də çıxarıb dizinin üstünə qoydu
ki, söhbəti qurtaran kimi geyinib gedə bilsin. Pencəyi çıxaran kimi qızlardan biri qışqırdı:
– Artıq pencəyini çıxarıb!
Və bu tamaşaya baxmaq üçün qızların qapıdakı yarıqların qabağına necə düzüldükləri
eşidildi.
– Qızlar elə bilir, şəklinizi çəkəcəm, ona görə soyundunuz.
– Belə de... – K. rəssama fikir vermədi, çünki indi köynəkdə oturmasına baxmayaraq, hələ də
özünü yaxşı hiss eləmirdi və demək olar ki, mızıltı ilə soruşdu: – O iki imkanın adı necə oldu?
Həmin ifadələri yenə unutmuşdu...
– Elüzəri bəraət, bir də süründürməçi bəraət. Hansını istəyirsiniz, onu da seçin. Hər ikisini
mənim köməyimlə almaq olar. Əlbəttə, heç biri asan başa gəlməyəcək, fərq yalnız orda olacaq
ki, elüzəri bəraət üçün az vaxt, ancaq gərgin əmək, süründürməçi bəraət üçünsə az əziyyət,
lakin çox vaxt tələb olunacaq. Deməli, elüzəri bəraətdən başlayırıq. Əgər siz bunu istəsəniz,
onda mən bir vərəq kağız götürüb, orda sizin günahsız olduğunuza zəmanət verirəm. Bu
zəmanətin mətni mənə atamdan qalıb və ona əl gəzdirmək lazım deyil. Sonra onu götürüb
tanış hakimlərin yanına gedirəm. Deməli, indi şəklini çəkdiyim hakimdən başlayıram, bu
axşam iclasa gəlsə, ona verirəm. Verəndə də deyirəm ki, sizin heç bir günahınız yoxdur və
günahsız olduğunuza zəmanət verirəm. Bu, elə-belə zəmanət deyil, əsil zəmanətdir, nəyisə
Dostları ilə paylaş: |