K. heç ona tərəf baxmadı da. Küçəyə çatan kimi qarşısına çıxan ilk faytonu saxlatdırdı. İndi
bircə istəyi vardı ki, qızılı düyməsi bəlkə də heç kəsin
nəzərinə çarpmayan, ancaq K.-nın
gözlərini deşən xidmətçidən birtəhər canını qurtarsın. Öz vəzifəsini axıracan yerinə yetirmək
istəyən xidmətçi isə faytonun qozlasına oturdu, ancaq K. onu düşürtdü. O, banka çatanda,
artıq günortadan keçmişdi. Şəkilləri faytonda qoyub getmək istədi, ancaq qorxdu ki, onları nə
vaxtsa rəssama göstərəsi olar. Buna görə də onları otağına apartdırdı, yazı stolunun lap
axırıncı çəkməcəsinə qoyub ağzını açarla bağladı ki, ən azı, yaxın günlərdə direktor
müvininin gözünə sataşmasın.
SƏKKİZİNCİ FƏSİL
Tacir Blok. Vəkildən imtina
Nəhayət K. qərara aldı ki, vəkilin xidmətindən imtina etsin. Düzdür, bu hərəkətin nə dərəcədə
düzgün olması barədəki şübhələr ona rahatlıq vermədi,
ancaq bununla belə, qəti inamı
hamısını üstələdi. Qərarı vəkilin yanına gedəcəyi gün qəbul elədi və həmin gün də onu çox
yordu, yavaş-yavaş işlədi, otağında çox qaldı. Nəhayət, vəkilin qapısına çatanda, artıq saat
onu keçmişdi. Zəngi basmamışdan əvvəl fikirləşdi ki, bəlkə də bunu telefonla, ya da məktubla
bildirsəydi, daha yaxşı olardı, çünki üzbəüz oturub söhbət eləmək o qədər də ürəkaçan
olmayacaqdı.
Buna baxmayaraq, üzbəüz oturub demək istədi, başqa cür imtina etsəydi, ya
sakitcə, ya da bir-iki quru sözlə qəbul olunacaqdı və Leni də bəzi şeyləri öyrənib deməsəydi,
K. heç vaxt vəkilin bunu necə qəbul etdiyindən, eyni zamanda da, bu imtinanın özü üçün necə
nəticələnəcəyindən xəbər tuta bilməyəcəkdi, halbuki vəkilin fikirləri də mənasız deyildi.
Ancaq vəkil onunla üzbəüz otursaydı və hətta bu xəbərdən təəccüblənsə də,
ondan çox şey
qoparmaq mümkün olmasaydı da, üzünün ifadəsindən, rəftarından K. istədiyini asanca öyrənə
bilərdi. Belə də ola bilərdi ki, müdafiəsinin vəkilə həvalə edilməsinin yaxşılığına inanırdı və
ondan imtina etməzdi.
Həmişə olduğu kimi, bu dəfə də ilk zəng cavabsız qaldı. “Leni bir az cəld tərpənsə, yaxşı
olardı” – K. ürəyindən keçirdi. Ancaq indinin bir üstünlüyü vardı ki, heç kim onun işinə
qarışmırdı, yoxsa adətən, ya
gecə köynəyində həmin kişi, ya da bir başqası çıxıb onun
zəhləsini tökürdü. İkinci dəfə zəngi basanda, geri dönüb qonşu qapıya baxdı, ancaq indi o da
açılmadı. Nəhayət, vəkilin qapısındakı deşikdə bir cüt göz göründü, amma Leninin gözləri
deyildi. Kimsə qapının rəzəsini çəkdi, lakin arxasından tutub açılmağa qoymadı, içəri tərəfə
dönüb, “Odur!” – deyə qışqırdı və sonra qapını tamamilə açdı. K. qapıya tərəf cumdu, çünki
arxadakı qapıda açar tələsik buruldu. Ona görə də qapı açılan kimi, necə deyərlər,
özünü içəri
təpidi, hələ çatdırıb qapını açan adamın xəbərdarlığından sonra otaqların arasındakı dəhlizdə
bircə köynəkdə qaçan Lenini də gördü. Onun arxasınca bir az baxandan sonra qapını açan
adama tərəf döndü. Balaca, sısqa, topasaqqal bir kişi idi və əlində də şam tutmuşdu.
– Burda işləyirsiniz? – K. soruşdu
– Xeyr, qonağam, vəkil mənim nümayəndəmdir, bir işə görə məsləhət almağa gəlmişəm.
– Pencəksiz gəlmisiniz? – K. əli ilə işarə etdi ki, paltarının yarısını çıxarıb.
– Ah, bağışlayın, – kişi əlndəki şamla özünü işıqlandırdı və sanki nə kökdə olduğunu yenicə
gördü.
– Leni məşuqənizdir? – K.-nın sualı qısa oldu. Ayaqlarını bir az aralamış, şlyapasını saxlayan
əllərini də arxasında çarpazlamışdı. Əynində belə bahalı palto olması, onun bu arıq kişidən
çox üstün olduğunu göstərirdi.
– İlahi! – Dəhşətə gələn kişi əlləri ilə üzünü örtdü, – xeyr, xeyr, nə danışırsınız?!
– Yaxşı, inandım, – K. gülümsədi, – ancaq buna baxmayaraq, mənimlə gedəcəksiniz. –
Şlyapası
ilə işarə etdi ki, qabağa düşsün.
– Bəs adınız nədir? – K. gedə-gedə soruşdu.
– Blokdur... Tacir Blok – deyən balaca kişi K.-ya tərəf döndü və dayanmaq istədi, ancaq K.
qoymadı.
– Bu sizin əsil adınızdır?
– Əlbəttə! Niyə şübhələnirsiniz ki?
– Mənə elə gəldi ki, adınızı gizlətməyə əsasınız var...
K. özünü o qədər sərbəst hiss edirdi ki, adam yalnız yad bir yerdə özündən səviyyəcə aşağı
olan insanlarla danışanda, özünə aid olan şeylər barədə susaraq etinasızlıqla onların
maraqlarından danışa-danışa həmsöhbətlərini öz gözlərində böyüdəndə, istədiyi anda da
kiçildəndə, belə sərbəst ola bilərdi. Vəkilin iş otağının qapısına çatanda, K. dayanıb onu açdı,
itaətkarlıqla qabağa qaçmış taciri geri çağırdı:
– Tələsməyin! Buranı işıqlandırın!
K.-ya elə gəlirdi ki, Leni burda gizlənmiş olacaq və tacirə bütün künc-bucağı axtartdırdı,
ancaq otaqda heç kəs yox idi. Hakimin şəklinin yanından keçəndə, K. tacirin çiyinbağından
tutub saxladı:
– Bunu tanıyırsınınz? – deyə şəhadət barmağını yuxarı tuşladı.
Tacir şamı qaldıraraq gözlərini qıya-qıya yuxarı baxdı:
– Hakimdir.
– Baş hakimdir? – K. tacirlə böyür-böyürə dayanıb şəklin ona necə təsir etdiyini bilmək istədi.
Tacir heyranlıqla yuxarı baxdı:
– Baş hakimdir! – dedi.
– Adamları o qədər də yaxşı tanımırsınız. Alçaq çinli istintaq hakimlərinin ən alçağıdır.
– Bəli, indi yadıma düşdü... – tacir şamı aşağı saldı. – Bu barədə eşitmişəm də...
– Əlbəttə! Yadımdan çıxmışdı, deyəm... Əlbəttə, eşitməli idiniz...
– Axı niyə, niyə?
K. onu itələyə-itələyə qapıya tərəf apardı, dəhlizə çıxanda soruşdu:
– Leninin harada gizləndiyini bilməmiş olmazsınız?!
– Gizləndiyini? Xeyr, indi yəqin mətbəxdədir, vəkilə şorba bişirir.
– Niyə bunu o dəqiqə demədiniz?
– Sizi elə ora aparırdım, özünüz geri çağırdınınz.. – tacir K.-nın
gah belə, gah da onun əksini
əmr eləməsindən çaş-baş qalmışdı.
– Elə bilirsiniz ki, çox hiyləgərsiniz... Yaxşı, məni ora aparın!
K. indiyəcən mətbəxdə olmamışdı: çox böyük idi və içində hər şey vardı. Elə soba adi
sobalardan üç dəfə böyük idi, qalan şeyləri isə yaxşı seçmək olmurdu, çünki balaca lampa
qapının girəcəyində asılmışdı, içəriyə işıq az düşürdü. Həmişəki kimi ağ önlük taxmış Leni
sobanın qarşısında dayanıb xörəyə yumurta çırpırdı və yana çevrilərək dedi:
– Axşamın xeyir, Yozef.
– Axşamın xeyir, – deyən K. əli ilə tacirə işarə elədi ki, kənardakı kresloya otursun və o da
oturdu. Özü isə Leniyə lap yaxınlaşaraq çiyinləri üzərindən boylana-boylana soruşdu:
– Bu kişi kimdir?
Bir əli ilə şorbanı qarışdıran Leni o biri əli ilə K.-nı qucaqlayaraq onu özünə tərəf çəkdi:
– Yazığın biridir, kasıb tacirdir, adı da Blokdur... Sən bir ona bax!
İkisi də dönüb geri baxdı. Tacir K.-nın
göstərdiyi kresloda oturmuşdu, daha lazım olmadığı
üçün şamı üfürüb söndürmüşdü və indi də tüstünü kəsmək üçün onun başlığını əli ilə sıxırdı.
– Sən bircə köynəkdə idin, – K. əli ilə qızın başını sobaya tərəf döndərdi. Leni isə susurdu. –
Məşuqundur?
Leni şorba qazanını götürmək istədi, ancaq K. onun hər iki əlindən yapışıb dedi:
– Cavab ver!
– İş otağına keçək, orda hər şeyi sənə başa salaram.
– Xeyr, istəyirəm burda başa salasan.
Qız ona sarılıb öpmək istədi, K. geri çəkildi.
– İstəmirəm indi məni öpəsən.