32
KÖHNƏ DOST
Təkcə sənə ümid bəslərdim, amma,
Sən də məni atıb getdin, köhnə dost!
Əlvida deməyə verməyib aman,
Niyə üz çevirib getdin, köhnə dost!
Qəlbimin sirrini söylərdim sənə,
Doğmadan-doğmaydın, əzizdin mənə.
Əski dost çevrilməz, dedim, düşmənə,
Bax, sən də xəyanət etdin, köhnə dost!
Həsrəti ömrümə sarmadım, ey yar!
Mənim əvəzimə sən verdin qərar!
Gözlərim yenə də tək səni arar,
Qəlbimdə tikantək bitdin, köhnə dost!
Sözlərin könlümə olmuşdu dərman,
Sənsizlik acısı yamandır-yaman!
Bilmirdim, bizi də ayırar zaman...
Yadlar arasında itdin, köhnə dost!
33
BİR ŞAİR VAR
Şair Zakir Təkəliyə ithaf edilib
Bir şair var bu gün bizdə,
Əyləşibdir süfrəmizdə.
Bir səhv tapır hərəmizdə,
Nə desə sözün düzüdür.
Misraları ilmə-ilmə,
Onu heç də aciz bilmə!
Dodağından qopan kəlmə
Qəlbin alovu-közüdür.
Qonaqları bir-bir süzür,
Sözləri yan-yana düzür,
Cahillərə dodaq büzür,
Gözləri sərraf gözüdür.
“Savadsızam”, - deyir özü,
İnanmırıq buna, düzü.
Bilirik, aldadır bizi,
Zakir Təkəli - özüdür.
34
BİR TUZAQDA
Sanki rol oynayıram,
Özü də heç çaşmadan.
Nə artıq demək olmaz,
Nə əskik demək olmaz.
Sərhədimi aşmadan
Bir az sağa gedirəm,
Bir az sola gedirəm.
Amma onu bilirəm -
Hamı tamam başqadır,
Mənsə tamam özgəyəm,
Hamı iş adamıdır,
Mənsə gərək gözləyəm:
Gələnləri qarşıla,
Gedənləri yola sal…
Boş sözləri alqışla,
Elə ayaq üstə qal…
Onunsa vaxtı yoxdur,
Onu buyurmaq olmaz!
Öz qayğıları çoxdur:
İşə gedir, yorulur,
Hələ ali məktəbə
Pul da verib oxuyur.
35
Nə olsun ki, mən ondan
İyirmi sənə öncə,
O, alkoqol əlində,
Papiros damağında
Küçələri gəzəndə,
Gecə-gündüz oxuyub
Ali məktəb bitirdim?!
Lakin necə oldusa,
Amalımı itirdim.
Mən əhli-müsəlmanam,
Gərək, dözəm, dayanam.
Kafir ayrı, mən ayrı.
Amma görəsən niyə
Qoyanda tərəziyə
Bəxtəvərlik payını
Onunku ağır gəlir.
Bəs onda yaxşı ilə
Yamanın fərqi nədir?
Budurmu mükafatım?
Yeksənəkdir həyatım…
İndi ondan geridəyəm,
Çünki mən bir yerdəyəm,
Çünki mən bir tuzaqda!
…Azadlıqsa uzaqda…
36
VƏTƏN BAYATILARI
Bu yerə yollar uzaq,
Gecə düşübdür sazaq.
Şairlərin vətəni
Bizim Qazaxdır, Qazax!
* * *
Küçələri çıraqban,
El-obası firavan,
Soruşsanız: Haradır?
Naxçıvandır, Naxçıvan!
* * *
Unutmaram bu yayı,
Nə ulduzu, nə ayı.
Min dərdin dərmanıdır
Lənkəranımın çayı.
* * *
Qurtarsın qan davası,
Köz bağlasın yarası.
Laçında bir toy vuraq,
Çalaq “Laçın” havası.
37
* * *
Hanı o şən çağların,
Çiçəkli yaylaqların?
Gözləri yolda qalıb
Kəlbəcərdə dağların.
* * *
Bu yerin suyu qaymaq,
İçdikcə olmur doymaq.
Bu bahar Qarabağı
Gəzəydim oymaq-oymaq!
* * *
Çöl-çəməni, meşəsi,
Laləsi, bənövşəsi.
Mənim üçün cənnətdir
Vətənin hər guşəsi.
38
ŞƏHƏRİMİN KÜÇƏLƏRİ
Dar dalanlı, gen qucaqlı
Şəhərimin küçələri.
Həm sirlidir, həm maraqlı
Şəhərimin küçələri.
Qış qurtarıb, yaz gəlibdir,
Səmadan nur ələnibdir,
Gözəllərlə bəzənibdir
Şəhərimin küçələri.
Deyin, hanı ilk baharım,
Gözü yolda qalan yarım?
O günlərdən yadigarım,
Şəhərimin küçələri!
Seyr etdikcə Xəzərimi
Unuduram dərdi-qəmi.
Gözəldir bir gəlin kimi
Şəhərimin küçələri.
Ruhum Bakımı dolaşır...
İftixarım aşıb-daşır.
Sənə nəğmələr yaraşır,
Şəhərimin küçələri!
Doymaq olmur bu vətəndən,
Yaralıyam həsrətindən.
Yola salın, gedirəm mən,
Şəhərimin küçələri!
39
YAĞIŞ
Nəfəs-nəfəs buxarlanıb havaya,
Yerə damla-damla qayıdan yağış!
Yüksəkdən nəzər sal bizim obaya,
Varmı o yollarla qayıdan, yağış?
Yaz gələndə çöllərə dost olursan,
Dənizlərə, dəryalara dolursan,
Çiçəklərin ləçəyini yolursan,
Yeri nəfəsiylə soyudan yağiş!
Kaş hər səhər pəncərəmi vuraydın,
Həsrətimin sədasını duyaydın,
Ağlayanda göz yaşımı yuyaydın,
Yoxdur səndən başqa ovudan, yağış.
40
MƏN DEDİM Kİ…
Mən dedim ki, arzuları qanad edib uçacağam!
Fələk dedi: çox öyünsən inadını qıracağam!
Mən dedim ki, inadımı çətinliklər qıra bilməz!
Fələk dedi: heç bir qüvvə mənə qarşı dura bilməz!
Mən dedim ki, ümidim var, çalışacam gündüz-gecə,
Qarşımdakı sərhədləri aşacağam bircə-bircə!
Yolum nəki uzun olsa, mən bu yolu keçəcəyəm!
Fələk dedi: heç yorulma, bəxtini mən seçəcəyəm!
Dostları ilə paylaş: |