GİRİŞ ƏVƏZİ VƏ YA MURADIN
YUXUSU
O gün dünyadakı bütün doğum evləri yüyrüyə qoyulubmuş
kimi irəli-geri
yellənməkdəydi. Həkimləri heyrət bürümüşdü. Körpələr səssiz-səmirsiz
doğulurdu. Anaların ağrı qarışıq həsrətlə doqquz ay boyunca gözlədikləri çağa
çığırtısı yox olmuşdu. Mamaçalar körpələrin ayaqlarından tutub yuxarı qaldırır,
yançaqlarını şapalaqlayıb, dünyanın ilk acısı ilə onları uzun yuxudan oyatmağa
çalışır, ilk qışqırıqlarını eşitmək istəyirdilər; qoy var səslə çığırsınlar ki, ciyərləri
genişlənsin... Ancaq körpələr bu dünyanın havası üçün darıxıbmışcasına elə ilk
andanca,
böyüklər kimi, dərindən nəfəs alır və yaşlı adamların gözlərinə bənzər
açıq, bir az da qayğılı gözlərlə ətrafa nəzər salır, sanki nə isə axtarırdılar. Hətta
bəzilərinin baxışlarında aşkar bir hirs oxunurdu, elə bil, rahatlıqlarının
pozulduğuna görə qəzəbliydilər, ancaq sirli bir inadkarlıqla susur, bu qəzəblərini
ürəklərində boğurdular.
Bir sözlə, o gün doğulan uşaqların heç birinin çağa çığırtısı eşidilmirdi, onlar lal
doğulurdu.
Təkcə doğum evlərində deyil, həkimlərin, ginekoloqların əli çatmayan
ucqarlarda da körpələr dünyaya belə vahiməli səssizliklə gəlirdi. Sanki söz
vermişdilər ki, səslərini bu dünyanın adamlarına eşitdirməyəcək, onlarla
danışmayacaqlar, elə bil, ana bətnində tapşırıq almışdılar ki,
o dünyada kəlmə
kəsib danışmayan körpələr də artıq ana bətnini tərk edərkən bütün insanlardan
küsülü olurdular. Biganəlik, laqeydlik aydın oxunurdu onların üzündən... Sanki bu
səssizliklə insanlara acıq verirdilər.
Bir neçə gün sonra bu lallığın yerini vahiməli şeylər tutdu. Körpələr sözləşibmiş
kimi eyni vaxtda ana südündən imtina etdilər, dodaqları ana döşünə toxunan kimi
ikrahla büzdükləri
üzlərini yana çevirir, kiçicik əlləri ilə anaların körpəsini əmiz-
dirmək üçün darıxan məmələrini kənara itələyirdilər... Əvəzində rezin əmzikləri
həvəslə sorurdular. Günlərin birində uşaqların səsi qəfildən açıldı, lakin bu
normal uşaq səsi deyildi, qəribə, qarışıq xoru diqqətlə dinləyəndə quş səsi, inək
və keçi mələməsi, donuz xorultusu eşidilirdi... Sanki insan övladlarını yox, bütün
canlıların törəmələrini yığmışdılar bir yerə. Körpələr
aylar sonra dil açanda da
ilk sözləri müxtəlif dillərdəydi. Bir millətdən olan anaların uşaqları ayrı-ayrı və
ya anlaşılmaz dillərdə danışırdılar.
***
“...Günlərlə başı içkidən ayılmayan, bəzən gecələrini parklarda, oturacaqların
üstündə keçirən bir avara şəhərin ana caddələrindən biriylə, zorla ağacdan-ağaca
adlayaraq gedir və mızıldana-mızıldana, nə isə oxuyurdu.
Həmin gün qəribə bir əhvalat oldu. Avara, qolundan tutub onu ayıltma
məntəqəsinə aparmaq istəyən polisin düz gözünün içinə baxdı və qışqırdı: “Əl çək
məndən!”. Sonra yenə başı sinəsinə düşdü və xırıltılı səslə, yavaşca əlavə elədi:
“Əl çəkməsən, oğlanlarıma şikayət edərəm”. Polis istehzayla “Kimdir sənin
övladların” – deyə soruşanda o yenə başını qaldırıb yenə düz polisin gözünün
içinə baxdı və: “Sizlərin nə günahı, hardan biləcəksiniz ki, yuxarıdakıların çoxu
mənim belimdən gəlib” – dedi. Başı xarabın biriydi. Heç kim nə dediyini anlamır
və ötüb keçirdi...
Bu şəhərdə kimsə kişi mayasının köçürülməsi barədə bilgi sahibi deyildi və
meyxanalardan çıxmayan bu avaranın donor olduğunu bilmirdi.”
(Akademikin son əsərindən)
***
“1997-ci ildə erməni katolik kilsəsinin Vatikanda keçirilən növbəti yığıncağında
Katolikos Patriarx XVIII Hovones Bodrusun xahişi ilə Roma Papası
onu qəbul
etdi.
Söhbət Papanın təbriki ilə başlandı:
– Uca Allahın mərhəməti ilə yığıncağınız baş tutub. Nəhayət, erməni katolik
kilsəsinin nizamnaməsini qəbul etmisiniz. Roma kilsəsi ilə fikir ayrılığınız
qalmayıb. Təbrik edirəm. Həmişə olduğu kimi, bundan sonra da katolik ermənilər
Vatikanın diqqət mərkəzində dayanacaq.
Bodrus bu qəbulun Eçmiədzində necə bir qıcıq doğuracağını düşünür və bu
düşüncə onu bütün ermənilər adından danışmağa həvəsləndirirdi.
– Vatikanın və sizin yüksək etimadınızı doğruldacağıq. Bilirsiniz Qriqoryan
Ortodoks kilsəsi yüz illərlə bizim Vatikana yaxınlaşmağımıza imkan vermədi.
Bunu düşmənçilik sayıb, sizə yaxınlaşmaq istəyənləri terror ediblər. Şükür, bu
qorxudan qurtarmışıq. Xaricdə yetərincə gücümüz var, ancaq Ermənistanda güc-
lənməliyik. Bundan ötrü Qarabağ məsələsində
bizi müdafiə etməniz dünyada
erməni katoliklərinin hörmətini və təsirini artırar.
Papa başıaşağı dinləsə də, Bodrusun üzündən hansı çoxbilmişlik və biclik
dalğalarının ötüb keçdiyini duyurdu:
– Əziz qardaşım Bodrus! Dağlıq Qarabağ məsələsi bizimkilərin diqqət
mərkəzindədir. Allaha dua edirəm ki, ora tezlikcə sülh və əmin-amanlıq gəlsin.
Məncə, siz Minsk Qrupunun işindən razı olmalısınız. Onların məsələni uzatması