18
Uşaqlar ilk növbədə öz ana dilində dil açmalı, ən azı 7-8 yaşına qədər ana
dilində danışmalı, öyrənməlidirlər. Heç bir fransız, alman, ingilis övladı öz dilini
qoyub başqa dildə təhsil almır. Nəzərə almalıyıq ki, bu dillər dünyanın aparıcı
böyük dilləridir, bu dillərin nüfuzu digər dillərə təsir edə bilir. Azərbaycanlılar
tarix boyu ana dilində təhsil almayıblar, ərəbcə, farsca təhsil alıblar. Yaxşı ki,
bütün müqavimətlərə, kənar təsirlərə baxmayaraq, dilimizi yaşatmışıq, qoruyub
təkmilləşdirmişik.
Nağıl saatının maraqlı və yaddaqalan keçməsi üçün kitabxanaçı kiçik və orta
yaşlı uşaqlar üçün cizgi filmlərinin nümayişini təşkil edə bilər. Bildiyimiz kimi,
bizim çox maraqlı və sevilən Azərbaycan nağıllarının video yazıları və diskləri var.
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə
kitabxanaçı Gülarə Munisin “Əlifba” kitabının nağılını uşaqlara oxuyur.
Gəlin “Əlifba”kitabının nağılına biz də qulaq asaq.
Biri var idi, biri yox idi.
Qoca dünyada kitab çox idi,
Danışan kitab isə yox idi.
Kitablar arasında “Əlifba” adlı qoca bir kitab var idi. Bütün uşaqların dilini
açan bu kitab o qədər qoca idi ki, beli bükülmüşdü, gözləri zəifləmişdi, əlləri qırış-
qırış olmuşdu. Amma bu kitabın çox qəribə, möcüzəli bir xüsusiyyəti var idi. Kim
onu əlinə götürüb oxumaq istəsəydi, kitab cavanlaşardı. Onun əvvəlcə beli düzələr,
qaməti şax olardı. Sonra gözünün işığı artar və əllərinin qırışı yox olardı. Belə
vaxtlarda kitab o qədər sevinərdi ki, az qalardı vərəqləri uçsun.
Günlərin bir günündə dəcəl bir oğlan kitabı əlinə götürüb o tərəf bu tərəfə baxıb,
deyir:
-Nə qəşəng şəkilləri var...
Bunu eşidən kitab çox sevinir. Elə bilir ki, dəcəl oğlan indicə onu oxuyacaq. Oğlan
əvvəldən axıra kimi kitabın şəkillərinə baxıb, sonra onu bir tərəfə atır. Kitab çox
pərt olur. Nəinki kitab, hətta hərflər də pərt olur. “A” hərfi deyir:
19
-Əgər bu oğlan məni görsəydi, kitabı kənara atmazdı. Axı mən bütün hərflərdən
gözələm, vacibiyəm, yaraşıqlıyam. Mənimlə “Ana” sözü yazılır.
Bunu eşidən “B” hərfi bərk hirslənir. “A” hərfinə deyir:
-Bəsdir özünü təriflədin! Əvvəl mənə bax, sonra danış. Unutma ki, sən çox vaxt
məndən sonra yazılırsan. Bir bu sözlərə bax. “Balıq, balqabaq, balış, badımcan,
bahar, bal, bazar”. İstəyirsən sabaha qədər sayım?
“A” hərfi bu sözlərdən sonra öyündüyü üçün çox peşiman oldu.
Üçüncü səhifədə sakit dayanan “C” hərfi işi belə görəndə özünü saxlaya bilmədi.
Üzünü “B” hərfinə tutub sözə başladı.
-Sən özünü nə yaman öyürsən? Bir gözlərini aç mənə bax. Mənimlə bəzi sözlər
yazılanda sən gedib lap axıra düşürsən. Bir bu sözlərə bax. “Corab, cib, cənab,
cavab”. Heç olmasa, mənim yanımda öyünmə.
Bunu eşidən “D” hərfi dözə bilmədi. Üzünü “C” hərfinə tutdu:
20
-Dinc dayan, yoxsa açaram sandığı, tökərəm pambığı. Elə sən özün də “Dinc, gic,
sərnic, kərpic, qılınc” sözlərində axıra qalırsan.
Burada E hərfi qeyzlə qışqırdı:
-Üzünüzü mənə çevirin və eşidin. And olsun yanımdakı bacım “Ə” hərfinin canına
ki, biz hamınızdan güclü və gərəkliyik. “Ev” deyəndə, “El” deyəndə, “Elçi “
deyəndə mən, “əl, əməl, əvvəl, əncir” deyəndə isə bacım “ə” hərfi əvvəldə gəlir.
-F Fikirləş sonra danış. “Fevral, fayda, fəsəli, fayton” sözləri hansı hərflə başlayır?
“G” hərfi “Fəsəli” sözünü eşidən kimi dedi:
-Hanı fəsəli, hanı fəsəli?. Mənə də verin. Gözüm gözəldir. Görənlər belə deyir. Bir
də deyirlər ki, mən gəlinə oxşayıram. Elə gəlinləri də mənim adımla çağırırlar.
“Gül” deyəndə, “Gülab” deyəndə, “Gülşən” deyəndə məni yada salırlar. Adımı
eşidən kimi diksinib oyanıram.
Səs-küyə bütün hərflər bir yerə yiğışdı. Yekəqarın “O”hərfi qarnını irəli verib sözə
başladı:
-Sakit olun! Bacılar, qardaşlar, öyünmək, qürrələnmək bizə yaraşmaz. Axı siz
görürsünüz ki, hamımız lazımlıyıq. Xüsusən də mən.
“Nöqtə” bu sözü eşidəndə qışqıraraq istəyirdi ki, “Qoşanöqtə” hoppanıb “O”
hərfinin üstündə dayandı və dedi:
-Hə necəsən? İndi oldun “Ö” hərfi.
21
Sonra “u” hərfi dinlənmək istəyəndə “Qoşanöqtə” hoppanıb onun üstündə dayandı.
Onu da “ü” hərfinə çevirdi.
Aləm bir-birinə qarışmışdı. Səs-küydən qulaq tutulurdu.
Qoca “Əlifba” kitabı bu mərəkəyə baxır, səbirlə işin axırını gözləyirdi.
“İ” hərfi ilə “G” hərfi araya girəndə isə “Əlifba” kitabı dözmədi və dedi:
-Siz də dillənirsiz? Sonra o, dərindən bir nəfəs aldı. Bütün hərflər uçub, öz
səhifəsinə düşdü. Qoca “Əlifba” kitabı aramla sözə başladı:
-Əgər siz belə öyünsəniz, sizi oxuyan uşaqlar sizdən nə öyrənər? Sizin hər birinizin
öz yeri var. Əgər sizlərdən biri olmasa, kitabı oxuyanlar çaşbaş qalar, heş nə başa
düşməz. Çox danışmaqdansa, çox düşünmək lazımdır. O dəcəl oğlanı kitaba cəlb
etmək lazımdır ki, bizi yada salsın, bizi oxusun.
Sonra qoca “Əlifba” kitabı hərflərə dedi:
-Masanın üzərində elə düzülün ki, oğlan gələndə bu sözləri oxusun: “Ana, Vətən,
torpaq, bu sözləri yazmaq və onların qədrini bilmək üçün bizi oxumalısan”.
Hərflər tez bu sözləri yazıb, oğlanın gəlməyini gözlədilər. Onlar əmin idilər ki,
oğlan “Əlifba” kitabını oxuyacaq. Onlar bunu başa düşdülər ki, öyünməklə iş
düzəlməz. Öyünənləri heç kəs sevmir.
Axşamüstü dəcəl oğlan evə gələndə masa üzərindəki yazıları oxuyub, səhər etdiyi
hərəkəti üçün çox peşiman oldu. O, “Əlifba” kitabını götürüb sinəsinə sıxdı. Axı
bu bizim ana dilimiz, doğma dilimizdi. Doğma dilini sevməyən, Vətəni də sevməz,
torpağı da...
Bəli, nağılımız burdaca bitdi. Əziz uşaqlar, göydən üç alma düşdü. Biri sənin, biri
mənim, biri də nənənin.
Nagil saatından sonra uşaqlar müəllifi Aygün Bala aid olan “Meşədə əlifba
bayramı”adlı kitab ilə tanış olurlar və kitabdakı hərflərə aid şeirləri
səsləndirirlər.
“Meşədə əlifba bayramı”
Yığışmışdı heyvanlar,
Quşlar sakit guşədə.
Əlifba bayramıydı
Bu gün səhər meşədə.
22
A
Əlifbanı öyrəndim,
Böyüdüm addım-addım.
“A” hərfiylə başlayır,
Ayıdır mənim adım.
B
Dərsi pozmadı bəbir,
“B”-dan bayraq da qurdu.
Yeni dostlar tapdı o,
Bayquşla qoşa durdu.
C
Ceyran, cüyür söylədi:
Daha vurmayaq üzə.
“C”-la başlar canavar,
Niyə düşməndir bizə?
Ç
Kəndə getmişdi gecə,
Yemişdi neçə beçə.
Çaqqalın yaxasından
Açılmışdı böyük “Ç”
D
Əlifbanı öyrənmək
Heç də olmayıb asan.
23
Qulağından asmışdı
“D” hərfini boz dovşan
E
Müəllimi daha çox
Eşşək incitdi, yordu.
“E” hərfini demədi,
Eşşəktək baxdi, durdu
Ə
Əqrəb öz zəhərini
Bildirmədi heç kəsə
“Ə” hərfini söylədi,
Hazırdı bu gün dərsə
F
Yazı taxtasında fil
Gördü ki, yer çox azdı.
O, xortumuyla yerde
Böyük “F” hərfi yazdı
G
Bayramda hamıdan çox
Sevinirdi gəlincik:
“G” hərfindən qurmuşam
Özümə gözəl evcik
24
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü münasibətilə təşkil olunan
tədbirlərdən biri də ədəbi-bədii gecədir. Ədəbi-bədii gecəyə kitabxanaçı iki ay
qabaqcadan hazırlaşmalıdır. Çünki, bu tədbirin özəlliyi onun geniş və maraqlı
olamasındadır. Ədəbi-bədii geçə iki hissədən ibarət olur. Birinci hissədə çıxış və
məruzələr dinlənilir, ikinci hissədə isə Azərbaycan Əlifbasına və Azərbaycan
dilinə aid olan şeir və mahnılar səsləndirilir. “Ana dilimiz-milli təsdiqimiz,
qürurumuzdur” adlı tədbirin nümunəsini veririk.
I Aparıcı:
Mənim ana dilim.
Laylay dedim gündə mən,
Gölgədə sən, gündə mən.
İldə qurban bir olar.
Sənə qurban gündə mən.
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgül bağın olsun.
Kölgəsində yatasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Beşiyimizin başında səslənib bu laylalar. Nənələrimizin, analarımızın
dilindən eşitmişik bu laylaları. Ömrümüz boyu bizimlə yol yoldaşı
olub, ürəyimizə, qəlbimizə hakim kəsilib, gülətirli bu laylalar. Ömrün
müəyyən çağından, həyatın müəyyən dövründən sonra arxaya
baxdıqda, keçmişi, lap uşaqlıq illərini xatırlayanda yadımıza birinci bu
laylalar düşür. Onun həzin xatirələrində, bulaq suyu kimi təmizliyində
və zirvə ucalığında böyüyür və biz ana laylalarına məhəbbət hissi
bəsləyirik. Ona görə də onun hər misrasinda, hər sözündə, ana istəyi,
ana ürəyinin böyüklüyü hiss olunur və duyulur. Bir də ona görə ki, ana
dilimizin ən təmiz özəyindən keçir bu laylalar.
25
Oxucular səhnəyə daxil olur: Rafiq Yusifoğlunun “Saitlər” adlı şeirini
səhnələşdirib tədbir iştirakçılarına təqdim edirlər.
“A”nı lağa qoyaraq
“İ”dedi:
-Mən inciyəm.
Mirvariyəm, inciyəm.
“E”də, “Ə”də incədi.
“Ö”də, “Ü” də incədi...
“İ”nin kobud sözündən
Qalın səslər incidi.
Elə bil “Əlifba”nın
Üstünə zülmət çökdü,
Qoymadı dil-boğaza,
“İ” üyütdü, “İ” tökdü.
Dedi ki, sən qalınsan,
“O” da, “U” da qalındı.
“I” sizdən də betərdi...
“A”küsdü,
“A” alındı.
Söylədi:
-“Əlifba”nın
İlkin səsi mənəm, mən.
Əgər hər hansı bir ziyalı öz doğma ana dilində danışmırsa və bu dili
bəyənmirsə, bu dilə xor baxırsa, o, ziyalı həmin xalqın içindən
çıxmasına baxmayaraq, onu həmin xalqın ziyalısı adlandırmaq olmaz.
Ana dilində ona çalınan laylalar, doğma anasından əmdiyi süd elə bir
ziyalıya haram sayılmalıdır... Bəli bu sözlər hörmətli ziyalımız Nazim
Hikmətə aiddir.
Ana dili! Ana qədər əziz, Vətən qədər qüdrətli ana dilimiz. Bizim
incə, həzin laylalarımız, kövrək bayatılarımız, insanı məğrurluğa,
mərdliyə səsləyən qəhrəmanlıq dastanlarımız məhz bu dildə yazılıb.
Ona görə də doğma ana dilimizi daha çox sevməli, daha dərindən
öyrənməliyik.
“Babamın, nənəmin şirin-şirin nağıllarında ürəyimə, girib ana dilim.
Elə o zamandan, Füzulinin, ölməz qəzəllərindən, Vaqifin büllur
qoşmalarından sənin böyüklüyünü, əhəmiyyətini hiss etmişəm.
26
Hər xalqın öz dili özünə şirindir. Sən də mənə baldan şirin, zirvədən
ucasan, azərbaycan dilim! Sənin keşiyində durmaq, səni qorumaq,
sevib-əzizləmək və sənin böyüklüyünlə, əzəmətinlə fəxr etmək hər bir
azərbaycanlının müqəddəs vəsifəsidir”.
Oxucular səhnəyə daxil olur. Şairə Zeynal Vəfanın “Dilim dillər tacıdır” adlı
şeirini soyləyirlər.
I Oxucu:
Yeddi aydı ömrüm-dilim-dilimdi,
Aeroportda qəfil bir səs eşitdim,
Aman Allah, bu ki, mənim dilimdi.
Sevən qəlbim səsə doğru süründü,
Oksigenə möhtac olan bir şəhər,
Bakirə bir dağ mehinə büründü.
Elə bil ki, milyon ildi tanışdıq.
İnsan dönüb daş olarmış, daşa bax,
Sevinc dolu gözdən axan yaşa bax,
Gah qıvrılan, gah açılan, qaşa bax,
Aman Allah, hicran necə ağırmış.
Dilim əsdi, dodaqlarım büzüldü,
Bu boğucu bürkülüyün içindən,
Mənə doğru bir Gilavər süzüldü.
Çoxdan yatmış bir saatdım, quruldum,
Lehmə dolu gölməçəydim, duruldum.
Hicranımı vüsal yoldu bir anda,
Adəm yurdu qoca Səna çevrilib,
Bakı oldu, Təbriz oldu bir anda.
Oraq olub ayrılığı biçirdim,
Bu alovlu təşnəliyin içində,
Hər kəlməni sərin su tək içirdim.
Füzulinin qarşısında baş əydim,
Onun qəlbi qeyrət üçün aratdı.
Yad millətin arasında doğuldu,
Doğma dildə “Leyli-Məcnun” yaratdı.
Doğma eldə doğma dildən aralı
Gəzənlər var, ən sağalmaz yaramdı.
Övladıyla özgə dildə danışan,
Anaya da ana demək haramdı.
27
Sərhədlərin o tayından gözəlim,
Göz ağardıb ürəyimi közləmə.
Özgə dildə “Vətən, Vətən” deyəndən,
Ömrü boyu vətəndaşlıq gözləmə.
II Oxucu:
Yad torpaqda mən biçarə, çəlimsiz,
Nə gəzirəm Muğanımsız, Milimsiz.
İki yad dil arasında dilimiz,
Yetim qəlbim partlamasa yaxşıdır.
Bürünmüşəm öz oduma, tüstümə,
Özgə dilin duasını neynirəm,
Öz dilimdə qarqış səpin üstümə.
Eynəyimi bir tərəfə tulladım,
Bir günəşlik işıq gəldi gözümə.
Qurban verrəm bir əsrlik ömrümü,
Dilimdəki ən adi bir sözümə.
Niyə dilim daşlaşmayıb bu dilsiz,
Nifrət etdim özümdəki dözümə.
O müqəddəs dildən opmək istədim,
Eh, heyf ki, təyyarəsi uçurdu.
Varlığını bildirərsən nəylə sən.
De, varsansa bu dünyada ay Allah,
Təyyarəni bir azca da əylə sən.
Eybi yoxdur, qoy yubansın tanışım,
Öz dilimdə mən bir az da danışım.
1 avqust Azərbaycan əlifbası və Azərbaycan Dili Günü münasibətilə bağlı
hazırladığım bu vəsaiti xalq şairi Əzizə Cəfərzadənin sözləri ilə tamamlamaq
istərdim: “Analar! Adətlərimizi, ənənələrimizi, dilimizi qoruyun! Uşaqlar ilk
təhsilini mütləq öz ana dilində almalıdır. Müqəddəs sözlərin hamısını birinci
dəfə insan ana dilində yazmalıdır” ana dili göz bəbəyimizdir, onun keşiyində
dayanmaq hər birimizin vətəndaşlıq borcudur”.
28
Ə D Ə B İ Y Y A T S İ Y A H I S I:
www. Google. Az. Wikipediya.
1.
Heydər Əliyevin dil siyasəti : Rəsmi sənədlər. Bakı. : Şirvannəşr, 2009. -
133 s.
2.
Xudiyev. N. M.Heydər Əliyev və Azərbaycan dili. Bakı. : Təhsil, 1997. -
288 s.
3.
Əlifba : 4-6 yaş uşaqlar üçün. - Bakı : Qanun ; Bakı : "Əli və Nino"
nəşriyyatı, 2013. - 56 s.
4.
Əlifba (kart-kitab). - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı,
2013.
5.
Hərflər Əlifba. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 2013. -
30 s.
6.
Mənim ilk kitabım. Kiçik yaşlı uşaqlar üçün. - Bakı : Turan Nəşrlər Evi,
2012. - 30 s.
7.
Mənim ilk sözlərim. Bakı.: 2006.- 44 s.
8.
Riyazi əlifba. Bakı.: 1996. - 25 s.
9.
Amanova. S. B. Əlifba [Elektron resurs] : Nağıl. Bakı. : İnnovativ Tədris
Mənbələri (İTM) QSC, 2013.
10.
Amanova. S. B. Əlifba : Yazmağı və oxumağı öyrənirəm. Bakı :
OSKAR, 2012. - 36 s.
11.
Bal. A. Meşədə Əlifba bayramı : Şeirlər. Bakı. : Qələm MMC, 2007.-
110 s.
12.
Bəhmənli. V. Əlifba : Poeziya. Bakı : Beşik, 2009. - 34 s.
13.
Eyyubov. P. Bağçadan məktəbə / P. Eyyubov. - Bakı : Qələm , 2014. - 80
s.
14.
İsabəyli. Q. Əlifba-krossvord : Poeziya. Bakı : Şirvannəşr,1999.–16 s.
15.
Nuruqızı. S. Bapbalaca əlifba : Nağıllı, şeirli, tapmacalı, yanıltmaclı və
şəkilli əlifba. Bakı. : Aspoliqraf, 2010. - 196 s.
16.
Rəcəbov O. Nəğməli əlifba. Bakı.:Şirvannəşr, 2005.- 30 s.
17.
Sadıq. F. Şeirli əlifba : Poeziya. Bakı. : 2007. - 33 s.
18.
Yusifoğlu. R. Ana dilim. Bakı.: 2007.- 26 s.
Dostları ilə paylaş: |