10
1917-ci ilin əvvəllərində «Nobel qardaşları» konsernin 74 milyon manat
dəyərində tərpənməz əmlakı və 45 milyon manat məbləğində səhmdar kapitalı
vardı. O, 25 iri neft sənaye və nəqliyyat müəssisəsinin 90 milyon manata yaxın
səhmdar kapitalını öz nəzarəti altına almışdı.
1912-ci ildə xarici bazarda Amerika və ingilis neft birlikləri tərəfindən
sıxışdırılan və daxili bazarda «Nobel qardaşları» konserni ilə mübarizə apara
bilməyən Paris bankiri Rotşild özünün neft səhmlərinin çox hissəsini dünya neft
inhisarçılarından biri olan ingilis-holland «Şell» trestinə satdı. Hələ əsrin
əvvəllərində Bakıda ingilis kapitalı ilə təşkil edilmiş bir sıra kiçik şirkətlərin də
«Şell»in tərkibinə daxil olması ilə trest daha da böyüdü. 1914-cü ildə 77 milyon
səhmdar kapitalla 11 şirkətə nəzarət edən trest 80 milyon puddan çox neft
çıxarmışdı.
1917-ci ilin əvvəllərində «Şell» 13 şirkətin ümumi məbləği 90 milyon
manatdan artıq olan səhmdar kapitalına nəzarət edirdi.
1912-ci ildə Londonda 7 rus bankı, habelə ingilis və fransız bankları
tərəfindən təşkil edilmiş «Rusiya baş neft korporasiyası» (qısaca olaraq «Oyl») çox
iri inhisar birliyi idi.
1914-cü ildə 143 milyon manatdan çox səhmdar kapitalı olan «Oyl»
korporasiyası artıq 20-yə yaxın şirkəti öz nəzarəti altına almış, bir sıra ticarət-
nəqliyyat şirkətləri ilə sindikat
sazişi bağlayaraq, onların 79 neft stansiyası,
23 paroxodu, 229 barjı və 1800 sistern-vaqonunun sərəncamçısına çevrilmişdi.
Həmin dövrdə korporasiya hər hansı inhisar birliyindən xeyli çox—110 milyon
puda yaxın neft çıxarmışdı.
1916-cı ildə «Oyl»un tərkibində ən iri şirkət olan Rus «Neft» şirkəti
ayrılıb müstəqil konsern yaratdıqdan sonra korporasiya dağılmağa başladı.
1917-ci ilin əvvəllərində 75 milyon manat səhmdar kapitalı olan Rus
«Neft» konserni 40 milyon puda yaxın neft istehsal etdi. O, səhmdar kapitalının
ümumi məbləği 110 milyon manata çatan 22 şirkəti öz nəzarəti altına aldı.
Beləliklə, Azərbaycan neft sənayesi, demək olar ki, bütünlüklə səhmdar
cəmiyyətlərinin əlində olub, kapitalizmin ən yüksək inkişaf səviyyəsinə çatmışdı.
Çarizm və neftli torpaqlar. Dövlət-kapitalist neft təsərrüfatının
yaradılması: Neftli torpaqlar, əsasən, xəzinənin ixtiyarında idi. Abşeronda cəmi
6100 desyatin neftli torpaq sahəsi vardı. 1913-cü ildə Azərbaycanda istismar edilən
neftli torpaqların ümumi sahəsi 991 desyatinə yaxın olmuşdur. Bu torpaqların
yarıya qədəri xüsusi sahibkarlara məxsus idi.
Xüsusi sahibkarlara məxsus neftli sahələr, əsasən, bəy torpaqlarının və çar
hökuməti tərəfindən «xüsusi xidmətlərinə görə» zadəganlara, hərbçilərə, dövlət
məmurlarına bağışlanmış torpaqların (bu torpaqların ümumi sahəsi 97,5 desyatinə
bərabər idi) satın alınması və ya uzun müddətə icarəyə götürülməsi yolu ilə əmələ
gəlmişdi.