63
Tubulun yaşı çox olsa da, hələ biləklərində əlli kişinin gücü
gizlənirdi. Son illərdə Tubul pəhləvanı kənddə baş verən çətin bir
məsələ narahat edirdi. Qaraməlik adlı bir qaçaq tez-tez kəndə girib
kasıb-kusubun mal-dövlətini oğurlayırdı. Çalıb-çapıb talayırdı.
Tubul bu qaçaq Qaraməliyi dəfələrlə görmüşdü. Dəvə boyda kürən
atın tərkində, kəsərli qılınc çuxasından asılı. Qaraməliyi gəzdirən
kürən at dastanlarda təsvir olunan atlardan heç də geridə qalmırdı.
Köhnə adamların dediyinə görə onun atı Buran adı ilə tanınmışdı.
Deyilənə görə Qaraməlik Arapkir deyilən bir yerdən gəlmişdi. Bu
tərəflərdə onu Arapkirli Məlik kimi də tanıyırdılar. Qaraməlik öz
vətənində adam öldürüb bu tərəflərə gəlmişdi. Qəbələnin Savalan
dağı deyilən yerində özünə məskən salıb qaçaqlıq edirdi. Qaraməlik
bu tərəflərə gələrkən yolda soyğunçuluq edib xeyli pul-para əldə
etmiş, Koroğlunun Qıratına bənzəyən Buran atı da yolda əldə
etmişdi. Onu at belində görənlər heç cür tuta bilmirdilər. Kəndin
adlı-sanlı pəhləvanı Tubul kişi də bu işdə aciz idi. Tubul hələlik
Qaraməliklə yaxa olmaq üçün imkan gözləyirdi. Bilirdi ki, əlinə
keçsə, bir anda qabırğasını sındıra biləcək. Qaraməlik isə hələlik
məğlubedilməz idi. Sağa-sola əl atıb bol-bol azuqə əldə edib öz
kefini çəkirdi.
Bir dəfə Qaraməlik Tubulun taxılı olan xırmandan at belindən
bir çuval çəltiyini ələ keçirib getdiyini gözü ilə görmüşdü. Ona heç
nə edə bilməmişdi. Buna görə də Tubul özünü kəndlilərinin yanında
xəcalətli hesab edirdi. Tubul kənddə özünü bir qoçu kimi aparmasa
da camaata ağrı-acı verənləri görəndə özü də bərk ağrıyırdı.
Bir yaz günü səhər tezdən Tubul baltasını çiyninə alıb
odunluq ağac kəsmək üçün Kaladərəyə endi. Tubul seçdiyi ağacın
bir tərəfini kəsib dayandı. Bir az nəfəs almaq istədi. Baltanı ağaca
vurub əlini çəkdi. Tubulun baltası da bir igidin yükü idi. Onun
baltasını yalnız qardaşı oğlu Osman arabir əlinə alıb işlədirdi. O
vaxtlar bir yaxşı baltaçının baltasını ələ alıb baxanda deyirdilər:
-
Ayə, bu lap pəhləvan Tubulun baltasına oxşayır.
Tubul kişi bir az nəfəs alıb başladı ağacın bir tərəfini
kəsməyə. Ağaca bir neçə balta vurmuşdu ki, qabaqda bir bığıburma
kişi gəlib dayandı. Tubul kişi yenə baltanı ağaca vurub əlini çəkdi.
64
Bir-iki addım qabağa gedib salam-kalam etdi. Onlar xeyli söhbət
etdilər. Gələn adam Tubulu köməyə çağırdı:
-
Bu mən ölüm, qərib qonağam, mənə kömək elə, atım lığa
batıb.
Bu adam Tubulun hələlik tanıya bilmədiyi Qaraməlik idi.
Söhbət zamanı bu bığıburma kişi bildirdi ki, Kaladərədən keçib
Qəbələyə getmək istəyəndə atı sürüşüb lığa, qaynama bulağa batıb.
Atın qabaq ayaqları ilə başı görünürmüş. Kişi əlacsız qalıb atın
qabaq ayaqlarını çatı ilə bir qoz ağacına bağlayıb kömək
axtarmağa çıxıbmış. Onu Tubulun baltası bu tərəfə gətiribmiş.
Tubul kişi qonağın səsindən hiss edir ki, bu uzaqdan gəlmə
adamdır. Həm də təmiz adama oxşamır. Amma dar gündə kömək
istəyir. Belə vaxtlarda Tubul həmişə adamlara əl tutardı. Öz köhnə
adəti ilə bu adama da Tubul kömək etməli oldu. Qonağın çiyninə
əlini qoyub dilləndi:
-
Deyirsən, gedək?
-
Sən Allah, lap baltanı da mən aparım. Buralarda tanış-
bilişin varsa, çağır, gedək.
-
Taparıq, apararıq, hələ gedək bir baxım, nə lazım olacaq.
Bığıburma kişi əlini uzadıb ağaca vurulmuş baltanı qopardı.
Baltanı əlində saxlaya bilmədi. Balta yavaş-yavaş endi ağacın
dibinə. Kişi birtəhər baltanı qaldırıb dedi:
-
Bay atonnan! Kişi, sənin balan böyüsün! Ayə, bu nə
baltadı? Bunu gəzdirmək üçün iki qatır lazımdı.
-
Bu kişi baltasıdı - Dedi Tubul.
Sonra qonağın əlindən baltanı alıb atdı çiyninə. Düşdülər
yola. Onlar söhbət edə-edə gəlib çıxdılar İsmabulaq deyilən yerə. O
vaxtlar bu yerlər başdan-başa qaynama bulaqlar idi. Burada at
batan, dəvə batan qaynamalar vardı. Qaraməlik gəlib bir bulağın
yanında dayandı. Tubul çevrilib bulağa tərəf baxdı, barmağını
dişlədi:
-
Baho, bu ki, bandit Qaraməliyin atıdı.
Tubul kişini tər basdı. Neyləsin, qonağı vurub öldürsün, yoxsa
kömək etsin? Kişi dar gündədi, kömək istəyir. Belə dar gündə, bu
yerdə onu öldürmək kişilikdən deyil. Tubul alnının tərini silib dedi:
65
-
Dostum, mən səni çoxdan tanıyıram, sən Qaraməliksən.
Sənin o qaçaq başını qaratoyuq başı kimi çəkib çıxara bilərdim.
Ancaq dar gündə üstümə köməyə gəlmisən. Sənin günahlarından
keçirəm. Sənin bu Buran atını da xilas edəcəyəm. Ancaq sən də
gərək kişilik göstərəsən. Bu kəndə pislik etməkdən əl çəkəsən.
Tubul bu sözləri deyəndə Qaraməlik bir az sıxıldı. O ağır
balta gəlib durdu gözünün önündə, bir az özünü yığışdırıb dedi:
-
Qardaş, kimin var çağır, atımı xilas edək, mən də bir
kişiyəm. Nə qədər sağam, sənin kəndinlə işim olmaz.
-
Deyirsən, inanım sənə?
-
Söz deyirəm, kişi kimi.
Tubul əlini uzadıb Qaraməliklə bir də görüşdü. Baltasını bir
yana qoyub:
-
Allah, sən məni bağışla, bu dəfə günahımdan keç. Axı pisə
yaxşılıq etməyi özün buyurmusan.
Tubul bu sözləri deyib yapışdı Buran atın iki ayağından. Onun
biləkləri şişdi, gözləri qapandı, dərindən nəfəs alıb bir nərə çəkdi.
Elə güc verdi ki, bir göz qırpımında dəvə boyda Buran at palçıqdan
çıxdı sahilə. At ayaq üstə dayanan kimi Tubul əlini çəkdi. Tubulun
ayaqları isə dizə qədər torpağa batmışdı.
Qaraməlik bu işə mat qaldı. Birdən yerindən oynadı, gəlib
Tubulu qucaqladı. O üzündən bu üzündən öpdü:
-
Çox sağ ol, qardaş!
-
Ayə, Qaraməlik, mən sənin Buran atını xilas etdim, sən də
mənim ayaqlarımı torpaqdan çıxar.
Qaraməlik yaxınlaşıb Tubulu çəkmək istədi. Tubul onun çiy-
nindən bir balaca aşağı sıxdı. Məlik bir anda yerə oturdu. Onlar
çoxdankı dostlar kimi bir-birini qucaqladılar. Atın xilas olmasına
Tubul da sevinmişdi. Bu vaxt Qaraməliyin atı kişnədi, sonra özünü
möhkəm silkələdi. Elə silkələndi ki, Tubulun da, Qaraməliyin də üst-
başı tamam palçıq oldu. Qaraməlik sevinclə dedi:
-
Ha, zoruva dönüm, silkələn, bizdən zərər yoxdu. Sənə bir
şey olmasın.
Dostları ilə paylaş: |