Dostoyevski--yeniyetme indd



Yüklə 36,79 Kb.

tarix06.05.2018
ölçüsü36,79 Kb.


Fyodor

 

DOSTOYEVSKİ



YENİYETMƏ

r o m a n


ФЁДОР  ДОСТОЕВСКИЙ

ПОДРОСТОК


“...Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ar-

dınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək 

şamımı sön dürdü. Bu vaxt birdən onun əlindən yapışdım; lap 

qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, 

qəfildən əlini həris liklə öp məyə başladım, bir neçə dəfə, çox-

lu-çoxlu öpdüm...”

Dü nya  ədəbiyyatının  nəhəng  simalarından  olan  Fyodor 

Dosto ye vs kinin məşhur “Yeniyetmə” romanı İnsan sevgisinin 

in tizarında olan, həyatda ilk sərbəst addımlarını atmağa çalı-

şan gəncin könül çırpıntıları haqqında kədər və ehtiras dolu 

hekayətdir. 

Roman həm də Dostoyevski dühasının siqlətini, insan psixo-

lo gi yasının gizlinlərini duymaq baxımından çox maraqlıdır.



5

BİRİNCİ  HİSSƏ

Birinci  fəsil

I

Dözmədim, oturub həyat meydanındakı ilk addımlarımın bu tari-

xini yazmağa başladım, hərçənd bunsuz da keçinə bilərdim. Amma 

bir şeyi yəqin bilirəm: artıq heç vaxt öz ömürlüyümü, hətta yüz il 

yaşa sam  belə,  yazmayacağam.  Həddən  artıq  alçaqcasına  özünə 

vurulma lısan ki, abır-hə ya bilmədən öz haqqında yazasan. Özümü 

yalnız  ona  görə  bağışlayı ram  ki,  hamının  qələmə  aldığı  məqsədlə, 

yəni oxucunun tərifini qazan maq xatirinə, yazmıram. Əgər keçən il-

dən başlayaraq başıma gələnləri bir dən sözbəsöz köçürmək qərarına 

gəldimsə, de mə li, bunu daxili tələ batın nəticəsində etmişəm: bütün o 

baş vermiş hadi sələr məni yaman sar sıtmışdı. Mən var gücümlə bü-

tün həmin kənar hadisələrdən, başlıcası da, ədəbi bərbəzəkdən qaça-

raq, yalnız baş ver miş hadisələri qeyd edirəm; ədib otuz il yazır və 

nəticədə heç bilmir ki, bu neçə illər ərzində nə üçün yazıb. Mən ədib 

deyiləm, ədib olmaq da istəmirəm, qəlbimin daxili aləmini və duy-

ğularımın gözəl təsvirini də dartıb onların ədəbiyyat ba zarına çıxar-

mağı ədəbsizlik və alçaqlıq sa yardım. Amma təəssüf için də du yuram 

ki, deyəsən, hisslərin təsvirini vermədən və mülahizələrsiz (bəlkə də 

hətta bayağı mülahizələrsiz) də keçinmək olmaz: hər bir, hətta yal-

nız və yalnız özün üçün nəzərdə tu tulmuş ədəbi məşğuliyyət insana 

o dərəcədə pozucu təsir göstərir. Mülahizələrsə hətta həddən artıq 

bayağı ola bilir, ona görə də o şeyləri ki, sən özün yüksək dəyərlən-

dirirsən, çox güman, kənar birinin nöqteyi-nəzərindən onun heç bir 



6

dəyəri olmasın. Amma bütün bunları qoyaq kənara. Bununla belə, 

bu da giriş sözü; bu barədə bundan artıq heç nə olmayacaq. Mətləbə 

keçək; baxmayaraq ki, hər hansı mətləbə – bəlkə də hətta hər bir mət-

ləbə – birbaşa keçmək dən də müdrik heç nə yoxdur.

II

Bağışlayın, yəni qeydlərimi keçən ilin on doqquz sentyabrından 

başlamaq istəyirəm, yəni məhz həmin o gündən ki, onda ona ilk dəfə 

ola raq… rast gəldim.

Amma kimə rast gəlməyimi beləcə, əvvəlcədən, hələ heç kəsin heç 

nə bilmədiyi məqamda izah etmək bayağı çıxardı; hətta düşü nü rəm 

ki, bu üslubun özü də bayağıdır: ədəbi bərbəzəkdən yayınacağı ma 

söz ver məklə yanaşı, elə ilk sətirdəncə bu bərbəzəyə aludə olu ram. 

Bun dan başqa, ağıllı yazmaqçün, deyəsən, təkcə istək kifayət elə mir. 

Onu da qeyd edim ki, deyəsən, nəinki rus dilində, heç bir Av ropa 

dillərində bu qədər çətin yazılmır. İndicə yazdıqlarımı bir də oxu-

dum və görü rəm ki, qələmə aldıqlarımdan çox-çox ağıllıyam. Necə 

ola bilir ki, ağıllı adamın dedikləri deyilməmiş qalanlardan daha sə-

feh olsun? Bunu özümdə, bütün bu son nəhs ilin içində insanlarla 

söhbətlərimdə dəfələrlə görmüşəm, bundan çox əziyyət çəkmişəm.

On doqquz sentyabrdan başlasam da, yenə də mənim kimliyim, 

o vaxta qədər harada olmağım, deməli, həmin o on doqquz sentyabr 

sə həri beynimdə qismən nələrin olması barədə bir-iki kəlmə əlavə 

edim ki, oxucu üçün də, bəlkə elə özümçün də bir qədər aydın olsun.

III

Gimnaziyanı bitirmişəm, indi isə artıq iyirmi bir yaşın içindəyəm. 

Soyadım  Dolqorukidir,  hüquqi  atamsa  cənab  Versilovların  keçmiş 

təh kimli nökəri Makar İvanoviç Dolqorukidir. Beləliklə, qanuni do-

ğul muşam, baxmayaraq ki, son dərəcə qanunsuz oğulam və mənim 

əs lim heç bir şübhə doğurmur. Məsələ belə olub: iyirmi iki il bun-

dan əv vəl mülkədar Versilov (elə bu da atamdır), iyirmi beş yaşında 



7

 özünün  Tu la  quberniyasındakı  malikanəsinə  gəlir.  Güman  edirəm 

ki, onda hə lə ki fayət qədər simasız bir şey idi. Maraqlıdır ki, məni 

hələ lap uşaq   lıqdan bu qədər valeh etmiş, bütün qəlbimin xüsusiy-

yətlərinə  əsaslı  təsir  göstərmiş,  hətta  bütün  gələcəyimi  özü  vasitə-

silə uzun müd dətə yoluxdurmuş bu adam hətta indinin özündə də 

olduqca çox şeylərdə mənimçün tamamilə sirr olaraq qalır. Amma 

doğrusu, bu barədə bir qədər sonra. Bunu elə-belə söyləmək çətindir. 

Onsuz da bütün dəf tərim bu adam haqqında məlumatla dolu olacaq.

Qadın məhz həmin dövrdə, yəni həyatının iyirmi beşinci ilində 

dul qalır. O isə kübar cəmiyyətindən olan, amma çox da zəngin ol-

mayan Fanariotovay la evlənmişdi, ondan bir oğlu və bir qızı da var-

dı. Onu bu qədər tez tərk etmiş həyat yoldaşı haqqındakı məlumat-

larım kifayət qədər yarımçıqdır, onlar mənim materiallarım arasında 

itib-batıb; elə Versilovun həyatının fərdi cəhətlərinin çoxu da mənə 

məlum deyil, ona görə ki, özünü həddən artıq təkəbbürlü, məğrur, 

qapalı və etinasız aparırdı. Buna baxmayaraq onun hərdən qarşım-

dakı mütiliyi məni çox təəccü b lən dirirdi. Amma qabaqcadan qeyd 

etməkçün xatırladım ki, o, həyatı boyu üç, hətta kifayət qədər böyük, 

bütövlükdə dörd yüz mindən artıq, bəlkə ondan da çox dəyəri olan 

miras xərcləmişdi. Aydın məsələdir ki, indi bir qəpiyi də yoxdur…

Onda kəndə, hər halda sonralar özünün mənə dediyi kimi, «Al-

lah bilir nə üçün» gəlmişdi. Azyaşlı uşaqları, adətən, onunla deyil, 

qo hum larının  yanında  olurdular;  o,  ömrü  boyu  öz  uşaqları  ilə  bu 

cür rəf tar edirdi. Bu malikanədə kifayət qədər çoxsaylı nökər-nayib 

qalırdı; onların arasında bağban Makar İvanoviç Dolqoruki də var-

dı. Bu məsələni birdəfəlik qurtarmaqçün burada haşiyə çıxım: ömrü 

boyu öz soyadından mənim qədər acığı gələn bir başqası az-az tapı-

lar. Əlbəttə, bu, axmaqlıq idi, amma beləydi. Hər dəfə hansısa mək-

təbə daxil olan da, ya da öz yaşıma görə qarşısında hesabat verməli 

olduğum adam larla görüşəndə, bir sözlə, hər bir müəllimciyəz, tər-

biyəçi, nəza rət çi, keşiş – kimlər desən, soyadımı soruşub eşidəndə 

ki, Dolqoru ki yəm, hökmən nə üçünsə əlavə etməyi lazım bilirdilər:

– Knyaz Dolqoruki?

Hər dəfə də bütün bu bekar insanlara izah etməyə borcluydum:



8

– Xeyr, sadəcə Dolqoruki.

Bu sadəcə nəhayət, məni dəli eləməyə başladı. Nadir şey kimi onu 

da qeyd edim ki, bir dənə də olsun istisnanı xatırlamıram: hamı soru-

şurdu. Bəzilərinə, yəqin ki, bu heç lazım da deyildi; heç bunun kimin 

nəyinə lazım olduğunu da bilmirəm. Amma hamı soruşurdu, hamı 

və hər biri. Eşidəndə ki, mən sadəcə olaraq Dolqorukiyəm, soruşan 

adam, özü də nə üçün soruşduğunu bilmədən, adətən, məni küt və 

axmaq-etinasız nəzərlərlə süzür və çıxıb gedirdi.

Hamıdan çox təhqiramiz tərzdə məktəb yoldaşlarım soruşurdu-

lar. Məktəbli təzə şagirddən necə soruşur? Özünü itirmiş və pərt ol-

muş təzə şagird məktəbə (fərqi yoxdur hansına) gəldiyi birinci gün 

hamının qurbanına çevrilir: ona əmr edirlər, onu cırnadırlar, onun-

la nökər kimi rəftar edirlər. Birdən boylu-buxunlu, kök bir oğlan öz 

qurbanının qar şı sında dayanır, onu lap yaxından, uzun-uzadı, ciddi 

və ədabaz nəzər lər lə bir neçə saniyə süzür. Təzə şagird onun qarşı-

sında səssiz-səmir siz dayanır, əgər qorxaq deyilsə, ona tərs-tərs baxır 

gözləyir ki, indi nəsə olacaq.

– Soyadın nədir?

– Dolqoruki.

– Knyaz Dolqoruki?

– Xeyr, sadəcə olaraq Dolqoruki

– Hə, sadəcə olaraq! Axmaq.

 O, haqlıdır: knyaz olmadan Dolqoruki soyadını daşımaqdan da 

axmaq bir şey yoxdur. Mən bu axmaqlığı heç bir günahım olmadan 

üzərimdə gəzdirirəm. Sonralar, artıq çox hirslənəndə, «knyazsan?» 

sualına daim cavab verirdim:

– Xeyr, keçmiş təhkimli nökərin oğluyam.

Sonra, artıq son dərəcə hirslənəndə, «siz knyazsınızmı?» sualına 

bir dəfə qəti şəkildə cavab verdim:

– Xeyr, sadəcə olaraq Dolqorukiyəm, keçmiş ağam, cənab Versilo-

vun qanunsuz oğluyam.

Bunu  artıq  gimnaziyanın  altıncı  sinfində  fikirləşib  tapdım,  bax-

ma yaraq,  tezliklə  əmin  oldum  ki,  axmağam,  ancaq  elə  o  saatdaca 

axmaq lıq  eləməyimi  dayandırmadım.  Yadımdadır,  müəllimlərdən 



9

biri – amma elə təkcə o – belə qərara gəldi ki, mən «qisasçı və vətən-

daş ide yası ilə doluyam». Ümumiyyətlə isə bu hərəkətimi mənimçün 

təh qir edici olan dalğınlıqla qəbul etdilər. Nəhayət, yoldaşlarımdan 

biri,  çox  ətiacı  biri,  –  onunla  cəmisi  bircə  ildir  danışırdım,  –  ciddi 

görkəmlə, amma bir qədər kənara baxaraq dedi:

– Əlbəttə, bu cür duyğular sizə şərəf gətirir, şübhəsiz, fəxr eləməyə 

əsasınız var; amma yerinizdə olsaydım, hər halda, çox da sevinməz-

dim ki, qanunsuz doğulmuşam… sizin isə sanki ad gününüzdür!

O  vaxtdan  qanunsuz  doğulmuşam  deyə  lovğalanmağıma  son 

qoy dum.

Təkrar  edirəm,  rus  dilində  yazmaq  çox  çətindir:  bax,  soyadıma 

görə həyatım boyu necə əsəbiləşdiyim barədə öç səhifəni yazıb dol-

dur muşam, bununla belə, oxucu, yəqin, artıq belə nəticəyə gəlib ki, 

mən  məhz  knyaz  deyil,  sadəcə  Dolqoruki  olduğuma  görə  hirslə-

nirəm. Bir daha izah etmək, özümə bəraət qazandırmaq mənimçün 

təhqiredici olardı.

IV

Beləliklə,  Makar  İvanoviçdən  savayı  bu  çoxsaylı  nökər-nayib 

arasında artıq on səkkiz yaşına çatmış bir qız da vardı və onda əl-

liyaşlı  Makar  Dolqoruki  birdən  hiss  elədi  ki,  bu  qızla  evlənmək 

niyyətin də dir. Məlum olduğu kimi, təhkimçilik dövründə qulluqçu-

ların  nikahı  cənabların  icazəsilə,  bəzən  də  hətta  onların  sərəncamı 

ilə olurdu. Onda malikanədə bir xala yaşayırdı; yəni mənim xalam 

deyildi, özü mül kə dar xanım idi; amma bilmirəm niyəsə hamı onu 

ömrü boyu “xala” çağırırdı, təkcə mənim deyil, ümumiyyətlə, həm 

də Versilovun ailə sin də onu xala hesab edirdilər, bu xala isə ona az 

qala, heç qohum da düş mürdü. O, Tatyana Pavlovna Prutkova idi. 

Onun elə həmin qu ber niyada və həmin qəzada özünün otuz beş təh-

kimli kəndlisi vardı. O, demək olmaz ki, Versilovun beş yüz kəndlisi 

olan mülkünü idarə edirdi, amma qonşu kimi ona göz qoyurdu və 

bu nəzarət, eşitdiyimə görə, alimlərdən olan işlər mü dirinin nəzarə-

tinə dəyərdi. Hərçənd onun biliyilə qəti surətdə heç bir işim yoxdur; 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə