BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan
alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və
cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz
keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası adından 2000-ci il dekabrın 12-də Palermo şəhərində imzalanmış
BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası, onu tamamlayan "İnsan
alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və
cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz
keçirilməsinə qarşı" Protokollar müvafiq bildirişlər və bəyanatlar ilə (bildirişlərin və bəyanatların
mətnləri əlavə olunur) təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il
№ 435-IIQ
Birləşmiş Millətlər Təşkilatının Transmilli
mütəşəkkil cinayətkarlığa qarşı
KONVENSİYASI
Ali Məclisin 2000-ci il 15 noyabr tarixli, 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir
Maddə 1
Məqsəd
Bu Konvensiyanın məqsədi transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla
mübarizə işində əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Maddə 2
Anlayışlar
Bu Konvensiyanın məqsədləri üçün:
a) "mütəşəkkil cinayətkar qrup" dedikdə, birbaşa və ya dolayı maliyyə və ya digər maddi
mənfəət almaq üçün bir və ya bir neçə ciddi cinayəti və ya bu Konvensiyaya uyğun olaraq
cinayət kimi tanınmış cinayətləri törətmək məqsədi ilə müəyyən müddət ərzində mövcud olan və
birgə hərəkət edən üç və ya daha çox şəxsin struktur şəklində təşkil edilmiş qrupu başa düşülür;
b) "ciddi cinayət" dedikdə, ən çoxu dörd ildən az olmayan müddətə azadlıqdan məhrumetmə
cəzası və ya digər daha ciddi cəza növü nəzərdə tutan cinayət başa düşülür;
c) "struktur şəklində təşkil edilmiş qrup" dedikdə, dərhal cinayət törətmək məqsədi ilə təsadüfi
yaradılmayan və daxilində üzvlərinin rollarının forma l şəkildə müəyyən edilib-edilməməsindən,
üzvlüyün daimi olub-olmamasından və ya inkişaf etmiş strukturun yaradılıb-yaradılmamasından
asılı olmayaraq mövcud olan qrup başa düşülür;
d) "əmlak" dedikdə, istər maddi, qeyri-maddi, istərsə də daşınar və ya daşınmaz əşyalarda və ya
hüquqlarda ifadə edilmiş istənilən aktivlər, habelə bu cür aktivlərə hüququ və ya onlarda marağı
təsdiq edən hüquqi sənədlər və ya aktlar başa düşülür;
e) "cinayətdən əldə edilən gəlirlər" dedikdə, hər hansı bir cinayətin törədilməsi nəticəsində
birbaşa və ya dolayı yolla əldə edilmiş və ya alınmış hər hansı bir əmlak başa düşülür;
f)
"həbs"
və
ya
"götürmə"
dedikdə,
əmlakın
verilməsinə,
dəyişdirilməsinə,
özgəninkiləşdirilməsinə və ya yerdəyişməsinə qoyulan müvəqqəti qadağalar və ya bu cür əmlaka
müvəqqəti sahiblik və ya məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı əsasında bu cür
əmlaka müvəqqəti nəzarətin həyata keçirilməsi başa düşülür;
g) "müsadirə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı əsasında əmlakdan
tamamilə məhrum etmə başa düşülür;
h) "əsas hüquqpozma" dedikdə, bu Konvensiyanın 6-cı maddəsində göstərilən və cinayət tərkibi
yaradan əməllərin törədilməsi nəticəsində gəlir əldə edilmiş hər hansı bir hüquq pozuntusu başa
düşülür;
i) "nəzarət qaydasında mal alınması" dedikdə, hər hansı bir cinayətin istintaqı və həmin
cinayətdə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə bir və ya bir neçə dövlətin ərazisinə
onların səlahiyyətli orqanlarının icazəsi və həmin orqanların nəzarəti altında qeyri-qanuni və ya
şübhə doğuran yükün ölkəyə gətirilməsinə, daşınmasına və ya çıxarılmasına yol verən üsul başa
düşülür;
j) "regional iqtisadi inteqrasiya təşkilatı" dedikdə, hər hansı bir regionun suveren dövlətləri
tərəfindən yaradılan və bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz üzv dövlətlərinin
səlahiyyətlərini həyata keçirməyə və lazımi qaydada öz daxili prosedurlarına uyğun olaraq bu
Konvensiyanı imzalamaq, təsdiq, qəbul və ratifikasiya etmək və ya ona qoşulmaq səlahiyyətinə
malik olan təşkilat başa düşülür; bu Konvensiyada "İştirakçı dövlətlərə" istinadlar bu cür
təşkilatlara onların öz səlahiyyətləri çərçivəsində aid edilir.
Maddə 3
Tətbiq dairəsi
1. Bu Konvensiya, əgər onda digər qayda nəzərdə tutulmayıbsa, aşağıda göstərilən cinayətlərin
qarşısının alınmasına, istintaqına və təqibinə tətbiq edilir:
a) bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət kimi tanınmış
cinayətlərə, və
b) bu Konvensiyanın 2-ci maddəsində müəyyən edildiyi kimi, əgər bu cinayətlər transmilli
xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilmişdirsə, ciddi cinayətlərə.
2. Bu maddənin 1-ci bəndinin məqsədi üçün cinayət mütəşəkkil xarakter daşıyır, əgər:
a) bu cinayət birdən çox dövlətdə törədilibsə;
b) bu cinayət bir dövlətdə törədilib, lakin onun hazırlanmasının, planlaşdırılmasının, ona
rəhbərliyin və ya nəzarətin əhəmiyyət kəsb edən hissəsi digər dövlətdə baş veribsə;
c) bu cinayət bir dövlətdə törədilib, lakin öz cinayətkar fəaliyyətini birdən çox dövlətdə həyata
keçirən mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibsə; və ya
d) bu cinayət bir dövlətdə törədilib, lakin onun əhəmiyyət kəsb edən nəticələri digər dövlətdə baş
veribsə.
Maddə 4
Suverenliyin müdafiəsi
1. İştirakçı dövlətlər öz öhdəliklərini bu Konvensiya əsasında dövlətlərin suveren, bərabərlik və
ərazi bütövlüyü prinsiplərinə və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə uyğun
olaraq həyata keçirirlər.