sahillərdə”, İmran Qasımov və Həsən Seyidbəyli) və b. kimi obrazlar belə bir nəticə çıxarmaq
üçün münbit zəmin yaradır ki, sosrealizmin özü filoloji-estetik hadisədən xeyli artıq dərəcədə
ictimai-
sosioloji hadisədir. Sosrealizm Sistemin qorunub saxlanmasında effektli bədii rol oynaya
bilmədi, ancaq cəmiyyətin ümumi inkişafında onun ciddi xidmətləri oldu.
Mən mövzumuzun kontekstində “Aydın”, “Od gəlini”, “1905-ci ildə”, “Dönüş” kimi klassik
pyeslərin müəllifi, səhnəmizə təkrarsız obrazlar silsiləsi gətirmiş, XX əsr Azərbaycan
ədəbiyyatında son dərəcə istedadlı bir fiqur olan Cəfər Cabbarlının iki pyesindən bəhs etdim və
burada bir vacib məsələyə toxunmaq istəyirəm. Sosrealizm nümunəsi olan “Sevil”, “Almas”,
“Yaşar” kimi əsərlərin bu gün bədii-ideoloji yönünü dəyişdirməyə çalışmaq meylinə mən
qətiyyən ciddi yanaşmıram. Əslində, belə bir süni təbəddülat mümkün də deyil və mən vaxtı ilə
Cəfər Cabbarlı haqqında yazdığım geniş essedə bu barədə bəhs etmişəm (bax: Şəxsiyyət və
istedad, Bakı, 2000).
Bu yaxınlarda tanınmış rejissorlardan biri ilə söhbətim əsnasında məlum oldu ki, o, “Almas”a
yeni quruluş vermək istəyir, çünki bu gün həmin əsərə “tamamilə yeni gözlə” (onun ifadəsidir)
baxmaq lazımdır və İmamyarı, məktəb direktoru Mirzə Salmanı “müsbət” planda vermək istəyir.
Güman edirəm ki (və rejissor dostumuza da bunu dedim), Cəfər Cabbarlını bu cür “yenidən
oxumağa”, ona belə bir “tamamilə yeni gözlə” baxmağa qətiyyən ehtiyac yoxdur və bu “yeni
göz” də, əslində, sənətin yox, yeni konyukturanın gözüdür: dünən konyuktura Alması bədii
cəhətdən qurudub səhnəyə çıxarırdı, bu gün isə konyuktura bədii cəhətdən zəngin bir obraz
(“mənfi” obraz!) olan İmamyarı “müsbət” görür. Konyukturanın bədii-estetik mündəricatı elədir
ki, onun “müsbət”i də, “mənfi”si də sənətdən daha artıq zamanla bağlıdır, buna görə də
bədiyyatın yox, zamanın faktıdır.
“Almas”ı bu gün də olduğu kimi səhnəyə qoymaq lazımdır və bu tamaşa, elə bilirəm ki, dövrün
xarakterini, psixoloji səciyyəsini – o cəhətləri ki, tarix onları adi söz ilə ifadə edə bilməyəcək –
açmaq və göstərmək üçün tutarlı bədii sənəd ola bilər – bu, artıq rejissorun istedadından və
dünyagörüşünün genişliyindən asılıdır.
“Sevil”in, “Almas”ın təcrübəsi göstərir ki, sosrealizm tarixin sınağından çıxa bilməsə də, onun
çərçivələri daxilində elə əsərlər də yaranıb ki (“Zəngəzur”, Əyyub Abbasov; “Gələcək gün”,
Mirzə İbrahimov və s.), onların üzərindən qətiyyən xətt çəkmək olmaz. Sosrealizmin özünü
qəbul etməmək, onun daxilindəki uğurları qiymətləndirməməyə gətirib çıxarmamalıdır.
Belə bir yanlış metodoloji prinsiplə yanaşsaq, onda gərək bu gün, misal üçün, fransız
ədəbiyyatında sentimentalizmin yaratdığı “Manon Lesko”dan, yaxud rus ədəbiyyatında “Bədbəxt
Liza” kimi xrestomatik əsərlərdən imtina etmiş olaydıq.
Düzdür, bu analogiyada nüanslar var: sentimentalizm sırf bədii-estetik hadisə idi, sosrealizm isə
bədiiyyatda siyasi-inzibati hadisədir. Sentimentalizm təbii axtarışların nəticəsi kimi meydana
çıxdı, sosrealizm isə inzibati yolla ədəbiyyata tətbiq edildi; sentimentalizm mərhələ yaradıb
keçmişdə qaldı, sosrealizm isə iflasa uğradı, bədii məğlubiyyətə düçar oldu.
Anca
q bütün bunlarla bərabər, Sevillərin və Mehmanların, Bayramların (“Səhər) və Firudinlərin
(“Gələcək gün”) cəmiyyətin inkişafında oynadığı rol sosrealizmi məxsusiləşdirir, onu
ədəbiyyatın tarixi boyu bir-birini əvəzləyən, yaxud da müştərək inkişaf edən (xüsusən XX əsrdə)
ədəbi cərəyan və metodlardan fərqləndirir. Başqa ədəbi metodlara, cərəyanlara münasibətdəki
əsas meyar bədiilikdirsə, sosrealizmə münasibətdə sosioloji-ideoloji amillər irəli çıxır. Bunu
qəbul edib-etməmək olar, amma bunu qiymətləndirməmək və bundan sərf-nəzər etmək olmaz.
Mən qəti əminəm ki, misal üçün, Səməd Vurğunun Stalin haqqında şeirləri, 26-lar haqqında
poeması, Mikayıl Müşfiqin Stalin haqqında poeması, yaxud Süleyman Rüstəmin dövrün
kontekstində bir çox “ideyalı” (yəni partiyalı) şeirləri, yaxud da Rəsul Rzanın “Lenin” poeması
bu şairləri həqiqətən sevən, onlara həqiqi ehtiramla yanaşan ədəbiyyatçılar, naşirlər, redaktorlar
tərəfindən “gizlədilməməlidir”. Bu sənətkarlar, artıq dediyim kimi, XX əsr Azərbaycan
ədəbiyyatında ciddi yeri olan və həmişə də olacaq qələm sahibləridir. Onlar “37”-nin qorxunc
aurası altında, hakim ideologiyanın tərkib hissəsi olan rus şovinizm təzahürünün tüğyan etdiyi
bir vaxtda (İosif Stalin Papadan daha artıq katolik idi!) yaradıcı insanları ana dilində yazmağa
səsləyən “Vaqif” kimi əsərin, yaxud “Yenə o bağ olaydı...” tipli təkrarsız lirikanın (Müşfiqin
7
lirikası yalnız sosrealizm dövrünün yox, ümumiyyətlə, XX əsr Azərbaycan lirikasının zirvəsi
idi), yaxud milli vətəndaş bədii təfəkkürünün ifadəsi olan “Cənub şeirləri”nin, yaxud da
sosrealizm çərçivələrindən kənarda yazılmış və heç vəchlə bu çərçivələrə sığmayan “Qızıl gül
olmayaydı...”, “Rənglər” kimi poeziya nümunələrinin müəllifləridir və belə bir “gizləmə
əməliyyatına” qətiyyən ehtiyac yoxdur.
Bir anlıq təsəvvür edək ki, Xaqaninin Axsitana yazdığı:
Şah əvvəlinci Mehdidir, sani Süleyman olsun həm,
İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm.
Olmuş fələk şahın qulu, camı günəş meylə dolu,
Keyvan-
qılınc, nüsrət-yolu, Bəhram-peykan olsun həm.
Və s.
– misra
ları katiblər, təzkirəçilər tərəfindən ört-basdır edilərək, gizlədilərək, gəlib bizə çatmayıb,
o zaman nə qazanırıq? Belə olsaydı, ədəbiyyatımız da, ədəbiyyatşünaslıq elmimiz də tarixilik
baxımından itgiyə məruz qalardı və aydındır ki, bu fikirləri söyləyərkən, mən, sadəcə,
ədəbiyyatımızın maraqlarını güdür və tarixi obyektivliyi nəzərdə tuturam.
Digər tərəfdən, həmin misraların qorunub saxlanmasından, gəlib bizə çatmasından böyük Xaqani
bu gün nə itirir?
Hərgah “Mədain xarabalıqları” varsa, Xaqani heç nə itirmir.
Eyni fikir sosrealizm dövründə sonrakı nəsillərin nümayəndələri, misal üçün, Bəxtiyar
Vahabzadənin Lenin haqqında poemasına, yaxud Tofiq Bayramın partiya bileti haqqında şeirinə
və bu tipdən olan başqa yazılara da şamildir. Bir var bütün yaradıcılığın boyu balaca Valodyadan
tutmuş Vladimir İliçin vəfatına qədər Lenin haqqında sönük şeirlər yazasan, bir də var ki,
sənətkar (sənətkar!) sidq-ürəkdən inanaraq, yaxud da başqa yazılarını “Qlavlit”in əlindən qoparıb
paravoz kimi çəkib aparmaq xətrinə (söhbət sənətkardan gedirsə, hər halda, bu da sənətin
ifadəsidir) bu tipli mövzulara müraciət edir.
Yaddan çıxarmayaq ki, Sistem ilə sosrealizm arasında üzvi bir vəhdət var idi. Sistem Anna
Axmatovaya şeir yazdıraraq sosrealizmin dili ilə: “Stalin hardadır, orda azadlıq var!” (“Qde
Stalin, tam svoboda!”)-
dedirdirdi, Mixail Bulqakova Koba haqqında pyes yazdırırdı və biz
sosrealizm çərçivələrinə sığışmayan başqa böyük yazıçıların, şairlərin yaradıcılığında bu tipli
nümunələrə az rast gəlmirik.
Yaxud, dediyim həmin “sidq-ürəkdən inam”ı götürək.
Mən yuxarıda Pavel Korçagindən danışdım və şəxsən məndə heç bir şübhə yoxdur ki, onu, yəni
sidq-
ürəkdən gələn inamı iflic olmuş, kor bir insanın merkantil mülahizələri, riyakarlığı yox,
həqiqi inamı, fanatizmi yaradıb. Baxın, Nikolay Ostrovski Lenin ordeni ilə təltif edilir və rəhbərə
belə bir məktub yazır: “Sevimli yoldaş Stalin! Mən ölkənin böyük rəhbərinə və müəlliminə,
mənim üçün əziz insana bir neçə ürək sözlərimi demək istəyirəm: mən düşmənə başqa silahla
zərbə vuracağam. O silahla ki, onunla məni Lenin-Stalin partiyası silahlandırıb.” Bu kor, iflic
insan dostuna yazdığı məktublarından birində isə deyir: “Partiyadan kənar belə böyük, belə
intəhasız həyatda necə yaşamaq olar?” Bu sözlər Nikolay Ostrovskinin ürəyindən gəlir və elə
buna görə də hörmətə layiqdir. Məhz bu sarsılmaz əqidə, bu mövqe ona “Polad necə bərkidi”ni
yazdırıb. Sadəcə olaraq, bədii əsəri əqidə, mövqe yox, istedad yazır.
Mehdi Hüseyn yaradıcılığının ilk dövrlərində “Kin”, “Fəryad” kimi bədii cəhətdən, olsun ki,
yüksək səviyyəyə çatmayan, ancaq hər halda tam surətdə sosrealizmin də bəhrəsi olmayan kiçik
romanlar (povestlər) yazdı, ancaq sosializm ideyalarına ürəkdən gələn inamı sonralar onun
“Abşeron”, “Qara daşlar” kimi əsərlərini meydana çıxartdı və onu sosrealizm klassiki etdi.
Sönük yazılar, onsuz da, illərin sınağından çıxmayacaq. Misal üçün, sosrealizm bəhrəsi olan
“Pəri xala və Lenin” (Mirzə İboahimov) povesti yalnız mövzusuna görə yox, bədii qadirsizliyinə,
süni fabulasına görə öz-özünə çıxıb gedəcək, ancaq həmin müəllifin yenə də sosrealizm bəhrəsi
olan “Gələcək gün” romanı qalacaq, çünki burada sosrealizm imkan verib ki, milli mənlik, milli
azadlıq ideyaları ədəbiyyata gətirilsin.
8