3
hadisələrlə əlaqəsini dialektik materializm mövqeyindən aydınlaşdırmaq lazımdır. Dilçiliyin tarixi dili başqa
hadisələrlə yaxınlaşdırmaq halları ilə doludur. Nəzəri dilçilikdə dilin təfəkkürlə əlaqələndirilməsi əsasında məntiqi
dilçilik və dil nəzəriyyəsinin mentalinqvistik aspekti, dilin insanın psiki fəaliyyəti ilə əlaqələndirilməsi əsasında
psikoloji dilçilik və dil nəzəriyyəsinin psikolinqvistik aspekti, dilin digər ictimai institutlarla əlaqələndirilməsi
əsasında sosioloji dilçilik və dil nəzəriyyəsinin sosio-linqvistika və etnolinqvistika aspekti, dilin təbiət hadisələri ilə
əlaqələndirilməsi əsasında naturalist dilçilik və dil nəzəriyyəsinin akustik-fizioloji aspekti yaranır.
XIX əsrin ortalarından başlayaraq dilə vahid bütöv kimi baxılmır. Son zamanlar, xüsusən F. de Sössürdən
başlayaraq, nitq fəaliyyətində dil və nitq qarşılaşdırılması (antinomiyası, dixotomiyası) göstərilir.
Dili daha çox dil və nitq deyə qarışdırırlar. Dilin belə parçalanması onun bir bütöv vahid kimi tədqiq edilməsinə
mane olur. Əslində dil və nitq qarşılaşdırılması şərtidir. Nitq (yaxud nitqlər) dilin rəngarəng fərdi təzahür formasıdır
(formalarıdır). Bu məsələyə sonra qayıdacaq və onu geniş surətdə nəzərdən keçirəcəyik. Burada isə ancaq onu qeyd
etməyi lazım bilirik ki, nəzəri dilçilik, əsasən, dil problemləri ilə məşğul olmalı, nitq haqqında isə təkcə ümumi
müddəalar irəli sürməklə kifayətlənməlidir; nitq problemlərini sahə dilçilikləri tədqiq etməlidir.
Dilin tədqiqində ikinci çətinlik subyektlə tədqiqat obyekti arasındakı münasibət məsələsidir. Dilçiliyin tədqiqat
obyekti, predmeti nədir? Şübhəsiz ki, dildir. Materialist idrak təlimində subyektlə tədqiqat obyekti arasındakı qarşılıqlı
münasibətlərə əsas yer verilir. Tədqiqatın nəticəsi subyektin tədqiqat obyektinə bəslədiyi münasibətdən xeyli dərəcədə
asılıdır. Bu münasibətin necəliyindən asılı olaraq tədqiqatın nəticəsi obyektiv də, subyektiv də ola bilər. Hətta
obyektiv münasibətdə belə bütün obyektiv nəticələrlə yanaşı subyektiv momentlər də nəticədə müəyyən dərəcədə
özünü göstərməlidir, çünki, bizim hisslərimiz, qavrayışlarımız obyektiv aləmin subyektiv obrazlarıdır; qavrama
subyektiv ideyalardan obyektiv həqiqətə doğru hərəkətdir. Qavrama nə qədər geniş, ətraflı və dərin, tədqiqatın obyekti
haqqında bildiyimiz nə qədər əhatəli və dəqiq olarsa, tədqiqatın nəticəsində subyektivlik bir o qədər az olar. Buna görə
də tədqiqatın sonunda subyektivlikdən çəkinmək üçün tədqiqatçı tədqiqat obyektini özü üçün mümkün qədər dəqiq
müəyyənləşdirməlidir. Bu baxımdan dilçiliyə nisbətən bütün digər elm sahələri ilə məşğul olanların bəxti gətirmişdir,
çünki onların tədqiqat obyekti bilavasitə müşahidə edilə bilər, halbuki bir ünsiyyət vasitəsi kimi dili bilavasitə
müşahidə etmək mümkün deyildir. Müəyyən bir fərdin nitqini - şifahi şəkildə nitq fəaliyyəti və nitq aktını, yazılı
şəkildə yenə də sırf fərdi olan və nitqin yazıya köçürülmüş formasını, mətni - müşahidə etmək olar, ayrı-ayrı fərdlərin
nitqini müşahidə etmək olar (qəribədir, belə çıxır ki, nitq var, dil yoxdur, dil fiksiyadır); bütövlükdə dili müşahidə
etmək qeyri-mümkündür. Mətnlər üzərindəki müşahidələri toplasaq, yenə də dil üzərində deyil, mətnlər toplusu
üzərindəki müşahidəni alarıq. Mətnlər toplusu heç də dil demək deyildir, L. V. Şerbanın dili ilə desək, dil materialıdır.
Dilçinin tədqiqat obyekti isə mətn və yaxud mətn toplusu ola bilməz. Bütövlükdə «insanların ünsiyyət, ifadə, fikir və
digər informasiyaları nəqletmə vasitəsi olan dil strukturuna və vəzifəsinə görə üç müxtəlif keyfiyyətə malikdir. Dil-
bu,
a) dil strukturu (yaxud sistemi), onun vahidlərinin, kateqoriyalarının, sistemlərinin daxili mütəşəkkilliyidir;
b) tarixən əmələ gələn və sonrakı inkişafa qabil olan dil normasıdır;
v) dili, onun strukturunu və normalarını bilən və onlardan öz fikir, iradə, hisslərini ifadə etmək, nitq məhsulu
yaratmaq üçün istifadə edən fərdlərin nitq fəaliyyətidir.
L. V. Şerbanın dili ilə desək, dilçiliyin predmeti dil-struktur (sistem), dil-norma, dil-danışanların fəaliyyəti kimi
üçlükdür.
Dilin tədqiqinin müxtəlif aspektlərinin mövcudluğu dilçiliyin predmetinin müxtəlifliyini göstərmir, onun
vahidliyini danmır. Tədqiqat aspektinin müxtəlifliyi dilçiliyin predmetinin dəyişkənliyini də göstərmir; dilçiliyin
predmeti dəyişmir, dəqiqləşdirilir. Tədqiqat aspektinin müxtəlifliyi subyektin obyektə münasibətindən, tədqiqatçının
istifadə etdiyi metodun müxtəlifliyindən irəli gəlir. Nəzəri dilçilik dil haqqında onun tədqiqinin bütün aspektlərini
əhatə edə bilən ümumi təsəvvür yaratmalıdır.
Dialektik və materialist fəlsəfəyə görə, tədqiqat obyekti öz-özlüyündə vahid və bütövdür, predmetin özündə
4
ziddiyyət olmur. Tədqiqat aspektinin müxtəlifliyi obyektə baxışda bu və ya digər əlamətin daha qabarıq
göstərilməsinin nəticəsidir.
birinci fəsil
DİLİN MAHİYYƏTİ
1- İşarədən Nitqədək
Dil insan həyatinın, fəaliyyətinin elə bir sahəsidir ki, onsuz (dilsiz) nəinki insanın fəaliyyətini, hətta bir ictimai,
sosioloji varlıq kimi insanın özünün varlığını, mövcudluğunu təsəvvürə gətirmək belə mümkün deyildir; dilsiz insan
ictimai varlıq olmaqdan çıxıb bioloji varlığa çevrilir. Dilin insan həyatındakı əvəzsiz əhəmiyyətinin nəticəsidir ki,
ictimai varlıq olan insan, demək olar ki, öz varlığını dərk etdiyi ilk vaxtlardan başlayaraq dilin yaranması, mənşəyi
haqqında müxtəlif fikirlər-fərziyyə və nəzəriyyələr, nağıl və əfsanələr irəli sürmüşdür. Bu fikirlərin bir qismi elmi
səciyyə daşımış, digər qismi elmdən uzaq olmuş, bəzisi idealizm cəbbəxanasından götürülmüş, bəzisində dualizm
ruhu özünü göstərmişdir. Xüsusən XIX əsrdən sonra irəli sürülən fikirlərin mühüm hissəsi materializm dünyagörüşünə
əsaslanmışdır.
Bir zamanlar dilin mənşəyi, yaranması ilə nəinki elm, hətta din də maraqlanmışdır. Bu haqda Tövratda, İncildə,
Quranda müxtəlif fikirlər söylənmişdir. Hətta bu müqəddəs kitablarda dilin əmələ gəlməsi məsələsinin izahında belə,
təəccüblü görünsə də, materializm və idealizm dünyagörüşü rüşeymlərinə təsadüf edilir. Biz həmin kitablarda dilin
yaranması haqqında irəli sürülən fikirləri təhlil etmək fikrində deyilik, çünki bu ehkamların təhlili dilin fəlsəfəsinin
yox, dilin tarixi fənninin mövzusudur. Yəhudilərin, xaçpərəstlərin və müsəlmanların dini kitablarında dilin yaranması
haqqında bir-birinə yaxın iki fikir irəli sürülür: 1) guya Adəmi yaradan Allah dünyadakı əşyaları bir-bir ona göstərib
onların adlarını deyir; 2) Allah Adəmi xəlq etdikdən sonra dünyadakı əşyaları adlandırmağı onun özünə həvalə edir.
Birinci fikir o deməkdir ki, dil insana (Adəmə) Allah tərəfindən bağışlanmışdır. Bu, mahiyyətcə idealist fikirdir, çünki
dilin fövqəlbəşər qüvvə tərəfindən insana əta edilməsi ideyasını irəli sürür. İkinci fikrə görə isə dili insan (Adəm) özü
yaratmışdır. Dini ehkam üçün qəribə səslənsə də bu fikirdə materializmin ibtidai rüşeymini görmək olar. Təfərrüatına
varmadan təqdim edilmiş bu fikirlər bir daha sübut edir ki, hətta dini ehkamlarda belə (din xadimlərinin bunu istəyib-
istəməməsindən asılı olmayaraq) ibtidai, primitiv şəkildə olsa da dilin əmələ gəlməsi haqqında idealist və materialist
dünyagörüşünün mübarizəsi özünü göstərir. Antik dövrdə bu mübarizə Yunanistanda şeylər və onların adı arasındakı
əlaqə haqqında məşhur fəlsəfi mübahisə şəklində təzahür edir. Orta əsrlər, yeni və ən yeni dövrlərdə də dilin əmələ
gəlməsi haqqında bir sıra fərziyyə və nəzəriyyələr irəli sürülür. Lakin dialektik və tarixi materializmə qədərki bütün
fərziyyə və nəzəriyyələrdə dilin əmələ gəlməsi həqiqi elmi əsasda izah edilmir. Yalnız eramızdan əvvəl yaşamış
məşhur yunan materialist filosofu Epikurun söylədiyi - dil ehtiyac nəticəsində, insanların bir-birinə nə isə söyləmək
ehtiyacı hiss etməsi nəticəsində əmələ gəlmişdir fikri, dilin əmələ gəlməsinin materialist (əlbəttə, ibtidai materialist)
izahına yaxınlaşır.
Dilin əmələ gəlməsinin elmi izahını dialektik materialist fəlsəfə vermişdir. K. Marks və F. Enqelsin irəli
sürdükləri bu nəzəriyyəyə görə, insan da, dil də eyni zamanda əməklə, əmək prosesi nəticəsində yaranmışdır. F.
Enqelsin «Meymunun insana çevrilməsi prosesində əməyin rolu» adlı əsərində dilin mənşəyi, «Ailənin, xüsusi
mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində isə dilin tarixi inkişafı uzaqgörənliklə (ona görə uzaqgörənliklə deyirik
ki, onun irəli sürdüyü bir sıra problemlər sonralar elmin, xüsusən arxeologiya və psixologiya elmlərinin nailiyyətləri
əsasında sübut edilmişdir) əsaslandırılmışdır. Burada həmin əsərlərin təhlilini vermək, dilin əmələ gəlməsi haqqında
materialist nəzəriyyəsini izah etmək, ümumiyyətlə, dilin mənşəyi probleminin birbaşa şərhini vermək məqsədi qarşıya
qoyulmamışdır. Belə bir izah, ümumi dilçiliyin ibtidai kursunun mövzusuna daxil edildiyi üçün bura da yalnız dilin
yaranmasının nəzəri fəlsəfi-psikoloji izahını vermək nəzərdə tutulmuşdur.
Əslində dilin mənşəyi problemi dilçiliyin deyil, fəlsəfənin mövzusudur, lakin hər halda dillə əlaqədar olduğu