Növbəti gün saat birin yarısında lord Henri Votton Kurzon küçəsini burulub
Albani küçəsinə döndü; o, dayısı lord Fermora baş çəkmək istəyirdi.
Lord Fermor
yumşaqxasiyyətli adam idi, lakin bu qoca subayın sərtliyi də vardı; camaat
arasında o, xudbin kimi ad çıxarmışdı, çünki bu adamdan heç bir xeyir
görmürdülər; amma yüksək təbəqənin adamları arasında lord Fermor səxavətli və
xeyirxah kimi tanınırdı; ona görə ki, lord onu əyləndirən hər kəsə böyük həvəslə
qonaqlıq verirdi. Onun atası Madriddə İngiltərənin səfiri olmuşdu; hələ o vaxt
kraliça İzabella1
cavan idi, heç Prim o vaxt gündəlikdə yox idi; ani şıltaqlıq
ucbatından lord Fermorun atası istefa verdi və diplomatik xidmətdən uzaqlaşdı;
əslində, buna səbəb onun Parisə səfir göndərilməməsi olmuşdu və o da buna etiraz
edərək işdən getdi; bu vəzifəyə onun tam hüququ çatırdı; mənsəbi, adı-sanı, tənbəl
həyatı, diplomatik xəbərlərin hazırlanmasında yaxşı təcrübəsi, əyləncələrə hədsiz
meyilli olması buna əsas verirdi.
Atasının katibi olmuş oğul Fermor da işdən getdi; o vaxt hamı bunu ağılsızlıq
hesab etdi və bir neçə ay sonra irsi titul qazanan oğul böyük zadəganlıq sənəti
sayılan bikarçılığı ciddi şəkildə öyrənməyə başladı.
Onun şəhərdə iki böyük evi
vardı, lakin o, kirayələdiyi mebelli mənzildə yaşamağa üstünlük verdi; çünki belə
bir mənzildə yaşamaq daha qayğısız idi; o, səhər yeməyini və naharını tez-tez
klubda edirdi. Mərkəzi qraflıqda özünün bir neçə kömür mədəni vardı, onlara
diqqəti artırmağa başladı; sənayenin bu sahəsinə onun qeyri-sağlam marağı sübut
etdi ki, belə bir sahibkarlıq məşğuliyyəti ona imkan verəcək ki, öz sobasını odunla
yandırsın; əsl centlmenlərə xas xüsusiyyətdir! Siyasi əqidəsinə görə o,
mühafizəkar idi, lakin bu, mühafizəkarların hakimiyyətdə olduqları dövrdə
deyildi; həmin dövrdə o, mühafizəkarları qızğın söyür, onları radikalların güruhçu
dəstəsi adlandırırdı. O, öz otaq xidmətçisi ilə çox böyük qəhrəmanlıqla dalaşır,
onunla çox sərt rəftar edirdi. O,
öz növbəsində, qohum-əqrəbasını da qorxudur,
onları təftiş edirdi. Belə bir adamı yalnız İngiltərə doğa bilərdi; buna baxmayaraq,
o heç də İngiltərədən razı deyildi və həmişə deyirdi ki, ölkə məhvə doğru gedir.
Onun prinsipləri əskidənqalma prinsiplər idi, lakin bəzi mülahizələri ilə
razılaşmaq da olardı.
Lord Henri otağa girəndə dayısını qalın ov gödəkcəsində gördü; qoca ağzında
siqar “Tayms” qəzetini oxuyur, bəzən isə qəzetin yazdığına etiraz əlaməti olaraq
dodaqaltı donquldanırdı.
– Harri, sənsən? – qoca təəccübləndi. – Belə tezdən nə əcəb gəlmisən? Mən elə
bilirdim siz modabazlar yuxudan günorta saat ikidən
tez durmursunuz və saat
beşə kimi gözə görünmürsünüz?!
– Corc dayı, inanın, məni bura belə tez çəkib gətirən yalnız qohumluq hissləridir.
Sizdən bir şey istəyəcəyəm...
– Yəqin, pul olar, hə? – lord Fermor üz-gözünü turşutdu. – Yaxşı, gəl otur görüm,
nə istəyirsən? İndiki cavanlar elə bilirlər ki, pul hər şey deməkdir.
– Elədir, – lord Henri təsdiqlədi və pencəyinin düyməsini açdı, – və onlar böyüyə-
böyüyə bunu daha yaxşı anlayırlar. Lakin mən pul istəmirəm. Corc dayı, pul o
adamlara lazım olur ki, onlar borc ödəməyə adət ediblər, amma mən heç vaxt
borcumu ödəmirəm. Kredit ailədə kiçik oğulun yeganə kapitalıdır; və bu kapitalla
da yaxşı yaşamaq mümkündür. Bundan başqa, mənim işim Dartmur ticarətçiləri
ilədir,
təbii ki, onlar məni təchizat məsələlərində heç vaxt incitmirlər. Sizin
yanınıza məlumat almaqdan ötrü gəlmişəm, əlbəttə, əhəmiyyətlisindən ötrü yox,
əhəmiyyətsiz informasiyadan ötrü gəlmişəm...
– Sən məndən hansı informasiyanı ala bilərsən axı? İngiltərənin “Mavi
kitab”ında1 hər şey yazılıb da... Doğrudur, indi bu kitabda ağızlarına gələni
yazırlar, amma necə olsa... Harri, bilirsən də, mənim vaxtımda, diplomat olanda
bu məsələlər daha yaxşı həll olunurdu. İndi eşitmişəm ki, diplomatları işə
götürməmişdən onları imtahan edirlər... İmtahanı
verən adamlar işə qəbul
olunur... Hə də, onlardan nə gözləyirsən bəs? İmtahan boş seydir, ser, başdan-
ayağa mənasız bir işdir. Əgər sən, həqiqətən, centlmensənsə, sənə nəyi
öyrədəcəklər ki? Elə öz bildiklərin bəsdir. Əgər centlmen deyilsənsə, onda
biliklərə yiyələnmək sənin üçün zərərlidir.
– Mister Dorian Qrey “Mavi kitab”a düşməyib, Corc dayı, – lord Henri ehtiyatsız
bir cümlə işlətdi.
– Mister Dorian Qrey kimdir? – lord Fermor ağarmış əyri qaşlarını çataraq
soruşdu.
– Elə mən də bunu sizdən
öyrənmək istəyirəm, Corc dayı! Əslində, onun kim
olduğu mənə bəllidir. O, sonuncu lord Kelsonun nəvəsidir. Anası Devero olub –
ledi Marqaret Devero. Mən istərdim ki, siz onun anası barədə mənə məlumat
verəsiniz. O qadın haqqında nə bilirsiniz? O, kimə ərə getmişdi? Axı siz vaxtilə
Londonun bütün yüksək mənsəb sahiblərini tanıyırdınız?! Ola bilsin, o qadını da
tanıyasınız. Mən mister Qreylə çox maraqlanıram, onunla təzəcə tanış olmuşam.
– Kelsonun nəvəsi deyirsən? – qoca ucadan dedi. – Kelsonun nəvəsi! Hə, əlbəttə!
Əlbəttə! Mən onun anasını çox yaxşı tanıyırdım! Hətta onun xaç suyuna salınma
mərasimində də iştirak etmişəm. Marqaret Devero! O, qeyri-adi gözəl bir qız idi!
O, ağzından süd iyi gələnin birinə qoşulub qaçanda bütün kişiləri
qəzəbləndirmişdi. Özü də yoxsulun biriylə qaçmışdı! Oğlan piyada alayının
zabitiydi, deyəsən; ya da nə bilim, ona oxşar bir şey idi… Əlbəttə! Yadıma düşür!
Elə bil, dünən olub! Yazıq oğlan, bir neçə ay idi evlənmişdilər, dueldə
öldürüldü… O vaxt çirkin şayiələr də gəzirdi bu barədə.
Deyirdilər ki, guya,
Kelso hansısa belçikalı bir avaranı, əclafın birisini tutub qəsdən göndərib ki, öz
kürəkənini təhqir etsin; başa düşürsən, onu satın alıbmış ki, gedib qızının ərini
ictimai yerdə təhqir etsin…və o əclaf da həmin cavan zabiti dueldə güllələdi, işi