12
məlumatlar əldə etməyə imkan verir. Belə tədqiqatlar elə bir informasiya bünövrəsi yaradır ki,
ona əsaslanmaqla
sosial gerçəkliyin sirlərinə daha dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni
meyllərin aşkara çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji
nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf
qanunauyğunluqlarının elmi surətdə dərk olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını
tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də müxtəlif sosial qrupların,
təbəqələrin fəaliyyətinin
məqsəd, niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləşdirən empirik tədqiqatlar insan amilini daha
da fəallaşdıran mexanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv
məqamlarının həqiqi mənasını aşkara çıxarır. Bu inkişafın obyektiv meylləri ilə həmin meyllərin müxtəlif sosial
qrupların şüurunda subyektiv inikası arasında uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin
mövcudluğunu dərk etməyə istiqamətləndirir.
2. Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu
funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin,
sosial proseslərin mövcud vəziyyətini
təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini
aydınlaşdırır, həmin perspektivlərin reallaşdırılmasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Bu elm
insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir.
Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr
[21 - 22]
idarəetmə orqanlarının ehtiyaclarını xeyli dərəcədə
ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır.
Sosial proseslər üzərində həqiqi nəzarət konkret informasiyaya, deməli, konkret sosioloji tədqiqatlara
möhtacdır. Tətbiqi
sosiologiya müxtəlif qruplarda, təşkilatlarda, müəssisələrdə və s. sosial inkişaf məsələlərini daha
optimal qaydada həll etmək sahəsində tövsiyələrin işlənib hazırlanmasında bilavasitə iştirak edir. Kompleks sosial
problemlərin tədqiqi mühüm praktik əhəmiyyətə malikdir: bu halda cəmiyyət həyatının daha bütöv mənzərəsini
təsəvvür etmək, neqativ nəticələri irəlicədən görmək, idarəetmənin ən səmərəli yollarını və vasitələrini
müəyyənləşdirmək mümkün olur.
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur.
Birinci qrup obyektiv xarakterli amilləri - insanın həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin,
məişətin və s.
konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli
amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər,
ictimai rəy və s.) əhatə edir. Bunların sıx əlaqədə öyrənilməsi şəxsiyyətlərarası münasibətləri
təkmilləşdirmək,
cəmiyyətdə daha möhkəm sabitlik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir.
3. İdeoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də
yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında
real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa
düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin.
Sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya
cəhətdən yetkinləşməsində
müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından
deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial
qanunların daha dərindən başa düşülməsinə əsaslanır. Səmərəli, işgüzar, elmi idarəetmə üslubu tələsik, kifayət
qədər əsaslandırılmamış iradi qərarların qarşısını almağa kömək edir.
Sosioloq faktları, hadisələri araşdırarkən
nə qədər obyektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi
mövqe tutur. Renata Maynts (AFR) 1974-cü ildə Torontoda keçirilmiş VIII Ümumdünya sosiologiya konqresində
demişdir: «Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya
bir çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə təsir göstərməkdə başqa
sahələrə, məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların
təsir göstərə bildikləri şəxslər hansı sferalara mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların
topladıqları məlumatlardan sonralar istifadə edirlər». Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq
informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır.
Mövzunun
seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən sosioloq alimin sosial-siyasi
mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı
olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif
sosial qrupların siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi
mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir.
Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahəsində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir. Bu işin
səmərəsini
yüksəltməkdə ictimai rəyi, kütləvi informasiya və təbliğat vasitələrinin, cəmiyyətin siyasi və hüquqi
təsisatlarının
[23 - 24]
fəaliyyətini, sosial-psixoloji, ideoloji mövqeləri sosioloji baxımdan tədqiq etmək böyük rol
oynayır.