|
Azərbaycan əDƏBİ DİLİNİn normalari
|
səhifə | 1/20 | tarix | 04.01.2023 | ölçüsü | 146,24 Kb. | | #98168 | növü | Qaydalar |
| NORMALAR
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI
Dil və norma bir-biri ilə əlaqəlidir. Nitq mədəniyyətində əsas meyar ədəbi dil normaları hesab olunur. Nitq mədəniyyətinin əsas vəzifələrindən biri ədəbi dilin, onun normalarının qorunmasıdır. Ədəbi dilin normaları − ədəbi dilin inkişafının müəyyən dövründə dil vasitələrindən istifadə qaydalarıdır, yəni tələffüz qaydaları, yazı qaydaları, sözdüzəltmə qaydaları, qrammatik qaydalarıdır. Norma − dil ünsürlərinin (sözlərin, söz birləşmələrinin, cümlələrin) eyni şəkildə, ümumqəbuledilmiş formada işlədilməsi nümunəsidir.
Dil normaları filoloqlar tərəfindən düşünülüb tapılmayıb, onlar bütün xalqın ədəbi dilinin inkişafında müəyyən dövrü əks etdirir. Dilin normalarını fərmanla daxil etmək və ya ləğv etmək olmaz, onları inzibati yolla dəyişdirmək mümkün deyil. Dilin normalarını tədqiq edən dilçi alimlərin fəaliyyəti ondan ibarətdir ki, onlar dil normalarını meydana çıxarır, təsvir edir və sistemə salırlar, həmçinin onları izah və təbliğ edirlər.
Dil normasının əsas mənbələri aşağıdakılardır:
1) klassik yazarların əsərləri:
2) klassik ənənələri davam etdirən müasir yazarların əsərləri;
3) kütləvi informasiya vasitələrinin nəşrləri;
4) hamı tərəfindən qəbul edilmiş müasir istifadə forması;
5) linqvistik tədqiqatların məlumatları.
Dil normalarının səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
a) nisbi sabitlik;
b) yayılma;
c) hamı tərəfindən işlədilmə;
ç) hamı üçün məcburi olma;
d) dil sisteminin istifadəsinə, qaydasına və imkanlarına uyğunluq.
Normalar ədəbi dilə öz tamlığını və hamı tərəfindən anlaşıqlı olmasını saxlamağa kömək edir. Onlar ədəbi dili dialekt nitqi axınından, ictimai və peşə jarqonlarından, loru dildən qoruyur. Bu, ədəbi dilə zəruri funksiyalardan birini – mədəni funksiyanı yerinə yetirməyə imkan verir.
Nitq norması konkret nitq situasiyasına müvafiq dil normalarının seçilməsi qaydasıdır.
Ədəbi dil norması dedikdə cəmiyyət üzvləri tərəfindən qəbul edilmiş məcburi hər hansı bir qayda nəzərdə tutulur. Ədəbi dil norması milli və tarixi hadisədir. Buna görə də mövcud normalar hər xalqın mədəniyyəti ilə bağlı olur. Bu normalar tarixən – uzun illər ərzində cilalanır və ədəbi dil üçün səciyyəviləşir. Dil və nitq səciyyəli olan normalar tənzimləyici, nizamlayıcı funksiya yerinə yetirir. Dildə nisbi sabitlik yaradan ədəbi dil normaları mütləq deyil, dəyişkəndir. Belə ki, bu normalar müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Dilin daimi inkişafı ədəbi dil normalarının dəyişməsinə gətirib çıxarır. Belə ki, keçən yüzillikdə, normativ olan qrammatik formalar hazırkı dövrdə ədəbi dilin müasir normasından kənara çıxmaq kimi izah ediləcək. Əslində, müasir ədəbi dildə əvvəlki qrammatik normalara qayıtmaq qeyri-mümkündür. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur. Dil tarixində yalnız orfoqrafik, orfoepik normalar deyil, ədəbi dilin bütün normaları dəyişir. Məsələn, fonetik normada baş verən dəyişikliklərə sağır nun (ᶇ) səsinin vaxtilə ədəbi dildə işlənməsini, indi isə yalnız qərb qrupu dialektlərinin fonetik xüsusiyyəti kimi işləndiyini nümunə göstərə bilərik.
Ədəbi dilin normaları kütləvi xarakter daşıyır. Yəni bu normalar hamının dil ünsiyyəti üçün yararlıdır. Məhz bu normaların sayəsində nitqin hər bir şəraitində – məişətdə, istehsalatda, təhsildə, ictimai-siyasi mühitdə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dil normaları, əsasən, dərslik və məlumat kitablarında, xüsusilə lüğətlərdə irəli sürülür.
Ədəbi dilin iki forması vardır: şifahi dil və yazılı dil. Bunların da hər birinin özünəməxsus normaları mövcuddur. Dil norması qrammatiklərin qeydə aldığı dil normasıdır. Norma variantlardan birini müəyyən edir.
Müxtəlif dövrlərdə ədəbi dilin normalarını lüğətlər əsasında müəyyən etmək mümkündür.
Ədəbi dildə normaların aşağıdakı növləri qeyd olunur:
1) dilin yazılı və şifahi formalarının normaları;
2) yazılı dil normaları;
3) şifahi dil normaları.
Şifahi və yazılı dilin ümumi normalarına aşağıdakılar aid edilir:
leksik normalar;
qrammatik normalar;
üslubi normalar.
Yazılı dilin xüsusi normaları aşağıdakılardır:
orfoqrafiya normaları;
punktuasiya normaları.
Yalnız şifahi dildə tətbiq olunan normalar orfoepiya normalarıdır. Bura isə aşağıdakılar daxildir:
tələffüz normaları;
vurğu normaları;
intonasiya normaları.
Şifahi və yazılı dil üçün ümumi normalar dilin mahiyyətinə və mətnlərin qurulmasına aiddir.
Dostları ilə paylaş: |
|
|