|
Azərbaycan əDƏBİ DİLİNİn normalari
|
səhifə | 9/20 | tarix | 04.01.2023 | ölçüsü | 146,24 Kb. | | #98168 | növü | Qaydalar |
| NORMALARTarixi-ənənəvi prinsip. Tarixi-ənənəvi prinsip dedikdə, əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilməsi nəzərdə tutulur. Tarixi-ənənəvi yazılışa bir sıra orfoqrafiyalarda, xüsusən ingilis yazısında rast gəlinir.
Tarixi-ənənəvi prinsip əsasında alınma söz və şəkilçilərin yazılış qaydaları müəyyənləşdirilir. Bu prinsip ayrı-ayrı sözlərin indiki ədəbi dildə işlənən formalarını deyil, tarixən yazılı dildə sabitləşmiş formasını nəzərə alır. İndi dilimizdə işlənən ərəb, fars və rus mənşəli sözlərin yeni tələffüz forması yox, əvvəlki yazılışı qəbul edilir. Məsələn: aid, ailə, bais, bərabər, bəxt, dairə, klub, növbə, poema, radio, telefon kimi sözlərin müxtəlif formada yox, məhz bu formada yazılmasında fonetik və ya morfoloji prinsip deyil, tarixi-ənənəvi prinsip əsas götürülür.
Tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil vahidlərinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunur:
1. Əsl Azərbaycan sözlərinin və şəkilçilərinin yazılışında. Əvvəlki dövrlərdə Azərbaycan dilində yazı ərəb əlifbasına əsaslanırdı. İndi isə onların yazılışını saxlamaq məqsədəuyğun deyil, Azərbaycan sözlərinin yazılışını müəyyənləşdirərkən əvvəlki yazıdakı orfoqrafik qaydaları eynilə təkrarlamağa ehtiyac yoxdur. Onların çoxu artıq müasir ədəbi dilin orfoqrafiya qaydaları əsasında yazılır, lakin bəzi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi prinsip tətbiq edilir. Bu baxımdan orfoqrafiya qaydalarının aşağıdakı maddələrini xüsusi qeyd etmək olar:
a) ilk səsi daha çox e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır. Məsələn: elan, en, endirmək, erkək, erkən, ertə və s.;
b) ilk hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır. Məsələn: anbar, qənbər, zənbil, sünbül, şənbə və s.;
c) son səsi d, həm də t ilə deyilən sözlər d ilə yazılır. Məsələn: bulud, qurd, dörd, kənd, polad və s.;
ç) son səsi k, g və ya y ilə deyilən sözlər ikihecalı və ya çoxhecalı sözlər k ilə yazılır. Məsələn: böyük, kiçik, kəpənək, hörümçək, külək, çörək, çiçək və s.;
d) son səsi ğ, x və ya q ilə deyilən ikihecalı sözlər q ilə yazılır. Məsələn: bulaq, qaşıq, qatıq, qonaq, yanaq, qarpaq, torpaq və s.;
e) son səsi c, ç, j və ya ş ilə deyilən sözlər c ilə yazılır. Məsələn: ağac, qılınc, dinc, kərpic, gec, güc, sac, süzgəc və s.
Eləcə də -maq, -mək, -dıq, -dik, -duq, -dük, -lıq, -lik, -luq, -lük kimi şəkilçilərin sonunda q və k samitlərinin yazılması, əsasən, tarixi-ənənəvi prinsiplə əlaqədardır.
2. Alınma söz və şəkilçilərin yazılışında.
Müasir Azərbaycan dilində işlənilən alınma sözlər həm alınma tarixinə, həm də mənsub olduğu dilə görə, əsasən, iki qrupa bölünür:
a) Orta əsrlərdə ərəb və fars dillərindən alınma söz və şəkilçilər.
Orfoqrafiya qaydalarına əsasən, ərəb və fars mənşəli təkhecalı sözlərin bir qismi dilimizin ahənginə, tələffüzünə uyğun olaraq ikihecalı kimi yazılır; məsələn: nəsl-nəsil, şəhr-şəhər, ətr-ətir, fəsl-fəsil, səbr-səbir, ism-isim, qədr-qədir və s. Belə təkhecalı sözlərin digər qismi isə mənbə dilə uyğun şəikldə birhecalı yazılır; məsələn: cəbr, əmr, əsr, hüzn, kəsr, misl, nəbz, sehr, qəbz, üzr, zülm və s. Belə alınma sözlərin yazılışı məhz tarixi-ənənəvi prinsiplə əlaqədardır.
Azərbaycan dilində qoşa və yanaşı samitli sözlərin işlədilməsinə təsadüf edilir. Qoşa samitlər tələffüz edilərkən onların tərkibində ciddi dəyişiklik baş vermir. Yanaşı samitlərin tələffüzü uyğun uyuşma ilə müşayiət edilir. Ərəb mənşəli sözlərədki qoşa samitləri dəyişdirməyə ciddi ehtiyac olumr. Bu sözlərdəki qoşa samitlərin biri ixtisar olunsa, onda ahəngə görə birinci samitdən əvvəlki sait uzun tələffüz edilməlidir. Bu isə gərəksiz dəyişmə tələb edərdi. Buna görə də ərəb mənşəli sözlərdəki qoşa samitlərin mühavizəsi tamamilə özünü doğruldur.
Azərbaycan dili sözlərində samit qoşalığına ancaq sözün kök və şəkilçi hissəsində təsadüf olunur. Tələffüzdə birinci samit qüvvətli, ikinci isə nisbətən zəif səslənir. Yazıda bunların hər ikisi eyni işarə ilə verilir. Məsələn: saqqal, çaqqal, toqqa, saqqız, doqqaz, zoqqultu və s.
Ərəb mənşəli sözlərdə Azərbaycan dili sözlərindən fərqli olaraq, qoşa samitlər sözün müxtəlif hecalarında, daha çox sonunda işlənir. Sözün daxilindəki və sonundakı qoşa samitlər mənbə dildəkinə uyğun olaraq saxlanır və yazıda norma kimi işlədilir.
Azərbaycan dilinin əvvəlki orfoqrafiya qaydalarına görə bir sıra alınma sözlərin apostrofla yazılması da tarixi-ənənəvi prinsiplə əlaqədar olmuşdur. Lakin bir qədər fonetik prinsiplə əlaqədar proses də nəzərə alınmışdır. Məsələn: mə’dən, bə’zi, e’tibar, e’tiqad, e’tiraz və s.
Ərəb və fars dillərindən alınma bəzi şəkilçilərin də orfoqrfiyası tarixi-ənənəvi prinsipə əsaslanır. Buna görə də belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsasında dəyişdirilmədən, əslinə uyğun olaraq bir cür, yəni bir variantda yazılır; məsələn: tarix-i, inqilab-i, cənub-i və s.
b) Sovet dövründə və müasir dövrdə rus və Avropa dillərindən alınma söz və şəkilçilər.
Rus və Avropa dillərindən alınma sözlərin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nəzərdə tutulur və əksərən sözlər belə də yazılır, çünki həmin sözlər rus ədəbi dilindən alınmışdır. Məsələn: avtobus, laborant, maqnitofon, telefon, kompyuter, disk, prosessor, printer və s.
Rus və Avropa dillərindən alınma bir sıra sözlərin orfoqrafiyasında eynilə köçürmə halında təzahür edən tarixi-ənənəvi prinsip ilə əlaqədar olaraq k hərfi iki fonemin hərfi işarəsi kimi işlənir ki, bunlardan biri, yəni ka ancaq rus və Avropa dillərindən alınma sözlərin orfoqrafiyası və orfoepiyası ilə bağlıdır: kataloq, kassa, keks, kollektiv, kvadrat, estetika, etika və s.
Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: -ov, -yev, -ova, -yeva; məsələn: Bəylərova, Hüseynova, Hacıyev və s.
Lakin bütün bünlarla bərabər, nəzərə almaq lazımdır ki, bu və ya digər sözün orfoqrafiyasını tarixi-ənənəvi prinsip əsasında müəyyənləşdirərkən, bu dil vahidləri fonetik və morfoloji prinsiplər baxımından da az-çox nəzərdən keçirilir, hətta bir sıra sözlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzlaşması əsas olur.
Sözlərin yazılışındakı mətni normalar mətni tərtibatda öz əksini tapır. Mətni tərtibatda başlanğıc hərflərin böyüklüyü və kiçikliyi, sözlərin bitişik və ya ayrı yazılışı, sətirdən-sətrə keçid qaydaları, həmçinin durğu işarələri başlıca yer tutur.
Dostları ilə paylaş: |
|
|