|
Azərbaycan əDƏBİ DİLİNİn normalari
|
səhifə | 3/20 | tarix | 04.01.2023 | ölçüsü | 146,24 Kb. | | #98168 | növü | Qaydalar |
| NORMALARLeksik normalar. Leksik norma sözün mənaca və ya formaca ona yaxın olan bir sıra vahidlərin arasından seçilməsi qaydası, həmçinin onun ədəbi dildə olan mənalarının işlədilməsidir. Leksik normalar izahlı lüğətlərdə, əcnəbi sözlər lüğətlərində, terminoloji lüğətlərdə və soraq kitabçalarında əks etdirilir.
Azərbaycan dilinin lüğət tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli sözlərdə yazı normaları onların birvariantlı tələffüzü üzrə sabitləşdiyi kimi, alınma sözlər də uyğünlaşma prinsipinə əsaslanır. Yazıda vahidlik xətrinə sözlərin sabit şəklinin işlədilməsi üçün məcburi normalar tətbiq edilir. Milli mənşəli sözlərdə norma və variant əsas götürülür. Sözlərin sabit qayda üzrə yazılışında müəyyən edilən prinsiplər yazıda şivə variantlarına yol verilməməsindən irəli gəlir.
Yazıda vahidlik və sabitlik prinsipinə əməl edilməsi məqsədi ilə müxtəlif nitq variantlarından biri seçilir, ya da sözlərin dil strukturuna uyğun şəkli əsas götürülür.
Leksik normalara riayət edilməsi nitqin dəqiqlik və düzgünlüyünün ən mühüm şərtidir. Həmin normaların pozulması müxtəlif tipli leksik səhvlərə gətirib çıxarır.
Leksik normada əsas prinsip müasir dildə işlədilən sözlərin mənaca ondan istifadə edənlər üçün aydın olmasındadır. Bunun üçün bir neçə qaydaya əməl olunması vacib şərtlərdəndir:
1) Arxaik sözlərə, məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir. Əgər danışan öz nitqində arxaik sözlərdən və ayrı-ayrı şivələrə məxsus areal səviyyəli vahidlərdən istifadə edərsə, onların mənası dinləyənlərə aydın olmaz. Müasir ədəbi dil üçün köhnəlmiş sözlər hesab edilən, anlayış cəhətdən norma olmayan arxaizmlər öz dövrünün dil norması olmuşdur. Həmin sözlərə qədim yazılı abidələrin dilində rast gəlmək mümkündür. Arxaik sözlərin arxaikləşməsinin səbəbi ondadır ki, həmin sözlər nitq fəaliyyətində işlənmə intensivliyini itirməklə normalılığını da itirir. Məsələn: sayru, yağı, yağma, xış, kəndxuda və s.
2) Danışan və ya yazanın nitqində əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Çox zaman bir sıra əşya və hadisələrin dilimizdə müvafiq adı olduğu halda, o, alınma sözlərlə adlandırılır. Məsələn: xolodilnik (soyuducu), pılesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan), çaşka (fincan) və s. Dilimizdə qarşılığı olan sözün əvəzində başqa bir alınmanın işlədilməsi dili korlamaqdır, leksik normanın pozulmasıdır. Əcnəbi söz və terminlərin işlədilməsi natiq üçün o zaman məqbul sayıla bilir ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı olmasın.
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Danışan qurmaq istədiyi cümləni tamamlaya bilmədikdə, zəruri sözləri tapmaqda çətinlik çəkdikdə yersiz fasilələr etmək məcburiyyətində qalır və həmin fasilələrdə mətnlə əlaqəsi olmayan yersiz sözlər, ifadələr işlətməli olur. Məs.: deməli, məsələn, əsas etibarilə, türkün məsəli, zaddı, şeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, canım sənə desin və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitəsizlik əmələ gətirir.
4) Jarqon söz və ifadələr işlədilməməlidir. Belə söz və ifadələrin (məs., znaçit, voobşe, tem bolee, mejdu proçim, niçeqo sebe, kakraz, toçno, uje və s.) işlədilməsi nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
5) Loru söz və ifadələr, söyüş xarakterli söz və ifadələr işlədilməməlidir. Məsələn, zırpı (böyük), lələş, qağa, fısqırıq, dürtmək, bağırmaq və s.
6) Şəkilçi artırılması ilə yaranan sözlərdən istifadə olunmamalıdır. Məsələn, sakitçilik, qaçqınçılıq, salamatçılıq, piyadaçı, aşağılaşdırmaq və s.
7) Sözlərin yerində işlənilməməsi hallarına yol verilməməlidir. Məs., müdaxilə etmək əvəzinə müdaxilə göstərmək, sual vermək əvəzinə sual soruşmaq və s.
8) Danışıq dilində kitab sözlərindən də istifadə edilməməlidir. Onlardan yersiz halda istifadə olunması danışıq dilinin leksik normalarının açıq şəkildə pozulmasıdır. Lakin son zamanlar müasir danışıq dilində kitab sözlərinin işlənməsi artmışdır ki, onların da bir çoxu danışıq dilinin norması kimi qəbul edilməyə başlanmışdır. Məsələn: perspektiv, məlumatlandırmaq və s.
Dostları ilə paylaş: |
|
|