Əsr namazı 356
«Əsr»- axşam çağına deyilir.357 Buna həmçinin «orta namaz» da deyilir.
Uca Allah buyurur:
«[Fərz, vacib] namazlara, xüsusilə orta namaza (günortadan sonrakı Əsr namazına) riayət edin….»358
Əsr namazı dörd rək'ətli səssiz qılınan namazdır. Bax: Namazda bəyənilən əməllər 7-ci bənd. Bu namazdan əvvəl iki və ya dörd rək'ət sünnə namazının qılınması sünnədə sabit olmamışdır. Yalnız azan və iqamə arsındakı iki rək'ətdən müstəsnadır.359
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - günəş parlaq olduqda (hələ batmasına çox olan halda) əsri qılardı»360
Əbu-l-Minfəl rəvayət edir ki, «Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: "Danış, görək Peyğəmbər - səllallahu aleyhi və səlləm - namazları necə qılardı?» – deyə müraciət etdikdə, o dedi: "Peyğəmbər - səllallahu aleyhi və səlləm - Əsri qıldıqdan sonra bizlərdən biri şəhərin kənarında yerləşən evinə qayıdar, günəş isə hələ də parlaq idi...»361
Əli (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Xəndək günü362 dedi: "Onlar (müşriklər) bizi orta namazdan (Əsr namazından) gün batana qədər yayındırdılar. Allah onların evlərini və qəbirlərini odla doldursun!…"»363
Əsr namazının vaxtı: əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi andan əşyaların kölgələrinin uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olan anadək (caiz vaxtı) və ya gün batanadək (zəruri halda).
Məğrib namazı 364
«Məğrib»- günəşin batdığı vaxta və yerə deyilir.365
Məğrib namazı üç rək'ətli, iki rək'ət səslə və bir rək'ət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rək'ət (daima) sünnə namazı qılmaq olar.
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - günəş batdıqda Məğrib namazını qılardı…»366
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rək'ət namaz qıldım»367
Cübeyr ibn Mutim (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - Məğrib namazında "Tur" surəsini oxuduğunu eşitdim»368
Məğrib namazının vaxtı: qünəş batan andan qaranlıq çökənədək. (Üfüqdə olan qızartı itənə qədər)
İşa namazı 369
«İşa»- axşamüstü mənasını daşıyır.370 Buna həmçinin «əl-Atəmətu» da deyilir.
İşa namazı dörd rək'ətli, iki rək'ət səslə və iki rək'ət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rək'ət (daima) sünnə namazı qılmaq olar.
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - İşa namazını səhabələrin toplandığını gördükdə tez (vaxtı girəndə), yubandıqlarını gördükdə isə gec qılardı…»371
Əbu-l-Minfəl rəvayət edir ki, «Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: "Danış, görək Peyğəmbər - səllallahu aleyhi və səlləm - namazları necə qılardı?» – deyə müraciət etdikdə, o dedi: "Peyğəmbər - səllallahu aleyhi və səlləm - "əl-Atəmətu" adlandırdığınız İşa namazını gecikdirməyi xoşlayar, ondan qabaq yatmağı və ondan sonra danışmağı isə bəyənməzdi….»372
əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - səfərdə ikən İşa namazını qıldı və iki rək'ətdən birində "Tin" surəsini oxudu. Mən onun kimi gözəl səslə – və ya qiraətlə – oxuyan dinləməmişdim»373
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rək'ət namaz qıldım»374
İşa namazının vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).375
Qeyd: * Yalnız Fəcr, Zöhr, Əsr, Məğrib və İşa namazlarını gündəlik qılmaq hər bir həddi-büluğa çatmış, ruhi xəstə olmayan müsəlmana fərzdir.
* Fərz namazlarını, həmçinin Vitr, Kusuf (Xusuf), İstisqa, Səfər, Qorxu, Cənazə, Təravih namazlarını tək və ya camaat şəklində qılmaq caizdir. Cümə namazı isə yalnız camaat şəklində qılınmalıdır. Qalan nafilə namazları isə müstəqil qılınır.
* Bu namazlar üçün verilən hər bir azan və iqamə arasında iki rək'ət nafilə namazı qılmaq olar.
Abdullah ibnu-l-Muğaffəl (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Kim istəyirsə azan və iqamə arasında namaz qılsın.»376
Cümə namazı
«Cümə»- Hicri tarixində həftənin 7-ci (istirahət) gününə, miladi tarixində isə həftənin 5-ci gününə deyilir. Bu gün həmçinin «Cumu'ə» və «Cumə'ə» də adlanır.377 Bu gün camaatın məsciddə toplanıb birgə qıldıqları namaz da belə adlanır.378
Cümə namazı iki xütbə və iki rək'ət səslə qılınan namazdan ibarətdir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rək'ət sünnə namazı qılmaq olar.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - (cüm'ə günü) iki xütbə verər və onların arasında oturardı»379
Abdullah ibn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Cümə günü Fəcr namazının birinci rək'ətində «əs-Səcdə», ikinci rək'ətində isə «əl-İnsan»- surələrini, Cümə namazının birinci rək'ətində «əl-Cumu'ə»-ikinci rək'ətində isə «əl-Munafiqun»-surələrini oxuyardı.380
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rək'ət namaz qıldım»381
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz Cümə namazını qıldıqdan sonra dörd rək'ət namaz qılsın!»382
Burada dörd rək'ət namaz deyildikdə Cümədən sonra Zöhr namazını qılmaq qəsd olunmur. Bu dörd rək'ətin sünnə namazı olduğuna Muslimin başqa rəvayəti dəlalət edir:
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz Cümə namazından sonra namaz qılmaq istəsə, dörd rək'ət namaz qılsın!»383
Cümə namazının fəziləti: Uca Allah buyurur:
«Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»384
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında385 məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş386 kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər"»387
"Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir:388
* Kişi olmalı (qadın müstəsnadır);
* Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsna- dır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacibdir);
* Mükəlləf - həddi-büluğa çatmış, ağıllı-olmalı (Uşaq və ruhi xəstə müstəsnadır);
* Müsəlman olmalı (kafir müstəsnadır);
* Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);
Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə namazına getməsi müstəhəbdir."
Xütbəni qısa etmək, uca səslə vermək Peyğəmbər - səllallahu aleyhi və səlləm - sünnəsindəndir.
Ammar (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Namazı uzatmaq, xütbəni qısa etmək xətibin (xütbə verənin) fəqih olmasının (şəriət elmlərini başa düşməsinin) əlamətlərindəndir!»389
Cabir ibn Abdulluh(r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - xütbə verdiyi zaman qoşuna öyüd-nəsihət verən sərkərdə kimi gözləri qızarar, səsini qaldırar və qəzəblənərdi…»390
Cümə namazının vaxtı: "İslam alimləri Cümə namazının əvvəl vaxtı barəsində ixtilaf etmişlər. Lakin qeyd etmək lazımdır ki, bu namazı Zöhr namazının başlandığı vaxt qılmaq əfzəl391, günəş səmanın ortasına (zenitə) yüksəlməmişdən bir saat əvvəldən Zöhr namazının axır vaxtına qədər qılmaq caizdir392."393
Sələmətu ibn əl-Əkva (r.a) – ağacın altında beyət394 etmiş səhabələrdəndir – rəvayət edir ki, «Biz Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər Cümə namazını, divarların kölgələnə biləcəyimiz kölgəsi olmadığı bir zamanda qılıb qurtarardıq»395
Başqa rəvayətdə: «Biz Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər, günəş zeniti keçdikdən sonra Cümə namazını qılar, sonra da kölgələnmək üçün yer axtarardıq»396
Cümə namazında olanların sayı üç və daha çox olmalıdır. Üç nəfərdən az Cümə namazı qılmaq olmaz.397
Cümə namazının ikinci rək'ətinin rükusuna və ondan əvvəl namaza yetişən şəxs Cümə namazını qılmış sayılır, ikinci rək'ətin rükusundan sonra namaza yetişən şəxs isə Cümə namazına gecikmiş hesab olunur və o Zöhr namazını qılmalıdır.398
Bayram namazı
İslam dinində yalnız iki bayram mövcuddur ki, bunlar da «Fitr (Oruc)» və «Ədha (Qurban)» bayramlarıdır. Digər bayramlar isə dində olmayan adət-ənənədən hesab olunur. Bu bayramları Uca Allah Quranda xüsusən qeyd etmişdir.
Uca Allah buyurur:
«Sayı bəlli olan günlərdə Allahı yada salın!»399
Bu ayədə təşriq günləri qəsd olunur. Yəni, zil-Hiccə ayının 10-13-cü günləri.400
Uca Allah buyurur:
«Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin sayını tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona [«Allahu Əkbər» deməklə] təzim və bəlkə də şükr edəsiniz»401
Bu ayədə «Fitr» bayramı da qəsd olunur.402
«Fitr»- Orucu dayandırma, nəhayət vermə deməkdir.403
«Ədha»- Qurban vermək deməkdir.404
Bayram namazı, iki rək'ət səslə qılınan namaz və iki xütbədən ibarətdir. Bu namazdan nə əvvəl nə də sonra sünnə namazı qılınmır.
Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Fitr bayramının namazını qıldı, ondan nə əvvəl nə də sonra namaz qılmadı.»405
"Bayram namazlarını qılmaq hər bir həddi-büluğa çatmış, ağıllı olan müsəlmana fərzdir. Buna dəlil olaraq aşağıdakı hədisi göstərmək olar:
Ummu Atiyyə406 (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edər və heyzli qadınları namaz qılınan yerdən uzaqlaşdırardı»407
Başqa rəvayətdə: «Bakirə qızları və heyzli qadınları bayram namazına çıxartmaq bizə əmr olunardı. Heyzli qadınlar o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər»408"409
"Bayram namazını qılmaq müsafir və müvəqqəti qeydiyyatda olan sakinə fərz deyildir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - bayram namazlarının hamısını Mədinə şəhərində qılmışdır. O, Məkkənin fəth olduğu ildə (hicrətin 8-ci ilində) Şəvval ayının əvvəlinə qədər orada qalmış və bayram namazını qılmamışdır. Peyğəmbər - səllallahu aleyhi və səlləm - vida həccində bayram günü Minada410 qalmış və müsafir olduğu üçün bayram namazını qılmamışdır. Həmçinin Ərafa günü (zil-Hiccə ayının 9-u) müsafir olduğu üçün Cümə namazını qılmamışdır."411
Bayram namazından əvvəl azan və iqamə vermək sünnəyə müxalifdir.
Cabir (r.a) rəvayət edir ki, «Mən, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qıldığı bayram namazının şahidi oldum. O, xütbədən əvvəl azan və iqamə vermədən bayram namazını qıldı və (xütbə zamanı) səhabələrə Allahdan qorxmağı, Ona itaət etməyi əmr etdi. Sonra onlara öyüd-nəsihət etdi və (Allahın axirət gününə hazırladığı nemət və əzabını) xatırlatdı. Daha sonra Bilalın (r.a) əlindən tutub qadınların yanına getdi. Onlara da öyüd-nəsihət edib xatırlatdıqdan sonra dedi: "Həqiqətən, Cəhənnəm əhlinin (sakinlərinin) əksəriyyəti siz412 olacaqsınız". Onların arasından bir qarayanız qadın ayağa qalxıb: "Nə üçün, ey Allahın elçisi?" – deyə soruşduqda, o dedi: "Çünki, siz (qadınlar) çox gileylənir və ərlərinizin sizə etdiyi yaxşılıqlara qarşı nankorluq edirsiniz". Qadınlar da bər-bəzəklərini, sırğa və üzüklərini Bilalın (r.a) ətəyinə atıb Allah yolunda sədəqə verdilər»413
Bayram namazının xütbəsi Cümə namazının xütbəsindən fərqli olaraq namazdan sonra olur.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm -, Əbu Bəkr (r.a) və Ömər (r.a) bayram namazlarını xütbədən əvvəl qılardılar»414
əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Qurban bayramında namazdan sonra verdiyi xütbədə dedi: "Bizim kimi namaz qılıb qurban kəsənin qurbanı qəbul olunur. Namazdan əvvəl bunu edənin kəsdiyi (heyvan) qurban kimi qəbul olunmur"». Əl-Bəra ibn Azibin (r.a) dayısı Əbu Burdətə ibn Niyar (r.a) deyir ki, «Mən Peyğəmbərə - səllallahu aleyhi və səlləm -: "Ey Allahın elçisi! Mən bu günün yemək-içmək (bayram) günü olduğunu bilib bir qoyun kəsdim. Bu qoyun evimdə kəsilən ilk heyvan olsun deyə onu namazdan əvvəl kəsdim və nahar etdim" – dedikdə, o dedi: "Kəsdiyin qoyun yalnız yemək üçündür (qurban kimi qəbul olunmur)". Mən Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - "Ey Allahın elçisi! Mənim evimdə iki qoyundan da sevimli olan bir çəpişim var. Onu kəssəm qurbanı əvəz edərmi?" – deyə soruşduqda, o dedi: "Bəli, lakin səndən sonra belə edənin (bayramdan əvvəl kəsdiyi heyvanının) əvəzini verməz"»415
Cundub ibn Abdullah əl-Bəcəli (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - Qurban günü (bayram) namazı qıldı, sonra xütbə verdi, daha sonra qurbanlıq heyvanı kəsdi və dedi: «Namazdan əvvəl qurban kəsən, (bayram namazından sonra) onun əvəzinə başqa bir heyvan kəssin! Qurban verməyən isə, Allahın adını çəkib ("bismilləh" deyib) heyvanı kəssin!"»416
«Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və liləhi-l-həmd». Bu duanı hər kəs bayram günü camaatla (xorla) deməmək şərtilə təkrarlamalıdır.417
Bayram namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə təxminən bir metrə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).418
Peyğəmbər - səllallahu aleyhi və səlləm - və raşidi xəlifələr bayram
namazlarını bu vaxt qılmışlar.419
Bayram namazının qılınması 420
Birinci rək'ətdə ehram təkbirini edib, «istiftah» duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmən rək'əti tamamlamaq. İkinci rək'ətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rək'əti təşəhhüd və salamlarla tamamlamaq lazımdır.
Bayram namazını camaatla qılmayan şəxsin bu namazın qəzasını qılması sünnəyə ziddir. Çünki, Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - bayram namazının qəzasını qılmaq varid olmayıb.421
Vitr namazı
«Vitr» - tək deməkdir.422
Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccütdən) sonra və onlarsız da qılınır.
Uca Allah buyurur:
«Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdən ikisini, bəzən yarısını, bəzən də üçdən birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (səhabələrin) də belədir.»423
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o, dedi: "İki rək'ət, iki rək'ət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rək'ət (vitr) namaz qılıb cüt-cüt qıldığınız namazların (cəmi) sayını təkləşdirin"; Beləliklə də "Vitri gecə qıldığınız namazların sonuncusu edin!"»424
Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - gecənin hər vaxtında – əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı»425
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi «Vitr gecənin axırında qılınan bir rək'ətdir!»426
– Əl-Mühamili Peyğəmbərin - səllallahu aleyhi və səlləm - Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
a) bir rək'ət;
b) üç rək'ət (iki, sonra da bir ayrı, və ya üç rək'ət ardıcıl);
v) beş rək'ət (ardıcıl);
q) yeddi rək'ət (altı rək'ət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rək'ət i tamamlamaq);
d) doqquz rək'ət (səkkiz rək'ət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzuncu rək'əti tamamlamaq);
e) on bir rək'ət (on rək'əti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rək'ət qılmaq).427
Qeyd: Burada, ardıcıl dedikdə, rək'ətlər arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.
Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - on üç rək'ət gecə namazı qıldı!»428
Vitr namazı Peyğəmbərin – səllallahu aleyhi və səlləm - daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır.429 Peyğəmbərin - səllallahu aleyhi və səlləm - Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir.
İbn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dəvənin üzərində Vitr namazını qıldı»430
Başqa rəvayətdə: «səfərdə olarkən…»431
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra Sübh namazınadək.432
Sübh namazınadək Vitri qılmayan şəxs ondan sonra onu tək sayda yox cüt sayda qəzasını qıla bilər.433
Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - xəstəlikdən və ya başqa səbəbdən gecə qılmadığı namazı gündüz on iki rək'ət qılardı!» - başqa rəvayətdə - «yatıb qaldıqda»434
Dostları ilə paylaş: |