1. Beş min yeni qüvvə,
2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu
xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya,
3. Bir təyyarə bölüyü,
4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək
üçün)
5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6
min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada
tüfəngi cəbbəxanası,
6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.”
Bunların əksəriyyəti yetişməsə də, türk əsgərlərinin rəşadəti hər şeyi
həll etməyə qadir oldu. Bir nümunə.
5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay)
Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:
"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz
firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin,
qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub
olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit
heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına
vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin
mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən
14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin
acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini
səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin
dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna
doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam
var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk
mövqelərinə çatıldığından xəbər verirdi".
( Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203)
Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında
gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa
başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara
və süngü hücumuna başlanıldı. Hücum qoluna
sağdan və soldan həmlə edən
düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-
sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu.
"Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə
doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də
olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar... Bakı qarşımızdaydı...
Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur
olmuşdular... Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni
mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların
atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam
etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında
gördüyüm anlar da oldu... Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara
yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ
Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!... Güllə
dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?..." Qucaqlayıb,
dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini
buraxanda əlimdə qan izləri gördüm... "Yaralısan, oğlum!..." Əlini çiyninə
apardı... Sıxdı, bir ara ağrıdan üzünü turşutdu... "Unutmuşam, komandan
paşam!..." dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri
doldururdu... Və imperiya dastanı davam edirdi... Yanımdan gənc bir zabitin
parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini
aparmıdı...”
(Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s.
225-226)
İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin
düşmənin
müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi.
Xatirələrində yazır:
"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər
tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün
birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da,
mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə
olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi
qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə
üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini
azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".
(General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263)
Bakı çağırılmamış qonaqlardan qurtulandan
sonra da Nuru Paşa
başqanlığında Türk əsəgərlərinin işi asan olmamışdır. Nuru paşa Baş
Komandan Vəkili Ənvər paşaya 22 sentyabr 1918-ci il tarixində göndərdiyi
bir raportda bunları bildirirdi:
"Bakının zəbti günü bir qisim islamlar, bir
qisim ermənilər ilə bir neçə rusu öldürmüş və qarət etmişsə də, bu hal
ermənilərin keçən 31 martda müsəlmanlara qarşı törətdikləri qətliamın yüzdə
birini təşkil etməz. Bu dəfəki qarətləri törədənlərin əksəriyyəti iranlı fəhlələr
olmuşdur. Ordu tərəfindən verilən əmrə görə, qarətçilərdən 100-dən çoxunun
tutulub edam edilməsi qarətin qarşısını dərhal almışdır. Bu gün Bakıda asayiş
tam nəzarət altındadır".