Nuru Paşanın Sütlücədəki silah fabriki partlayışdan sonra
***
Xilaskar Nuru Paşa
İlk növbədə Hərbi nazir Ənvər Paşanın
təkidi ilə Qafqaza ordu
göndərmək qərarı verilir və öz qardaşı Nuruya diviziya generalı, ardınca da
Paşa rütbəsi verib qısa zamanda Qafqaz İslam Ordusu yaratmağı tapşırır.
25 May- Nuru Paşa komandanlığında Osmanlı ordusunun Gəncəyə
qədəm qoyduğu gündür. M.Ə.Rəsulzadə yazırdı: “Gəncə Nuru Paşanı göydən
enmiş mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqlal Gəncə
tarixində görünməmişdi.”
Qafqaz İslam Ordusu yerli birliklərlə daha da gücləndirildi, ərzaq, at,
yem tədarükü görüldü, qısa və sürətli hərbi hazırlıqdan sonra Gəncədən
hərəkətə başlandı, 3-cü Ordu komandanı Vəhib Paşanın Tiflis-Qazax
səmtindən göndərdiyi batalyon da yardım üçün yola düzəldi. İyunun 28-də ilk
cəsarətli hücumla Qaraməryəm, Göyçay, ardınca da Ağsu, Kürdəmir
quduzlaşmış erməni-rus hərbi birliklərindən təmizləndi. İyulun 31-də Qafqaz
İslam Ordusunun ilk hissələri artıq Bakı həndəvərindəki “Qurd qapısı”nda
dayanmışdı.
Gəncədən üzübəri qarşısına keçən təpədən dırnağadək silahlanmış
seçmə rus-erməni birliklərini darmadağın edərək
coşqun əhval-ruhiyyə ilə
Bakıya çatan Qafqaz İslam Ordusu burada öz qanlı hakimiyyətini qurmuş
bolşevik-daşnak hökumətini həm qorxudur, daha da vəhşiləşdirir, həm də
müdafiə tədbirlərini artırmağa vadar edirdi. Üstəlik, bu zaman Şaumyanın
başçılıq etdiyi bolşevik-daşnak hökumətini sevindirən hadisə də baş verdi:
general Denstervillin komandanlığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis
briqadası 4-7 avqust 1918-ci ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı.
İşğalçı qüvvələr bununla xeyli güclənmiş oldu. Türk Ordusunun birinci Bakı
hücumu ərəfəsində qüvvələr nisbəti işğalçı yadellilərin xeyrinə idi. Üstəlik
Bakı uğrunda başlayan həlledici döyüşlər I Dünya müharibəsinin də ən ağır,
həlledici dövrünə təsadüf edirdi, hərbi-siyasi vəziyyət Bakının tez bir
zamanda işğaldan azad olunmasını zəruri edirdi. Düşmənə təzədən
cəmləşmək, yeni qüvvə, güc toplamağa imkan vermək olmazdı.
Şiddətli top atəşinin köməyi ilə avqustun 5-də saat 04:25-də başlayan
hücum qarşısında erməni, rus və ingilislər çox güclü müqavimət göstərdilər.
Ancaq türk qoşunlarının getdikcə şiddətlənən
hücumu bu müqaviməti
qırmağa başladı və düşmən birlikləri hissə-hissə geri çəkilməyə məcbur oldu.
Düşmənin bir müdafiə xətti pozulmuş, ikinci müdafiə xəttinə yanaşılmış və
Bakının qurtulmasına lap az qalmışdı. Lakin Türk qoşunları əvvəlcədən
davamlı hücum üçün kifayət qədər top mərmisi hazırlamadığına görə
irəliləyən piyadalara açılan atəşlər getdikcə azalmağa başladı və düşmənin
əks-hücumla türk birləşmələrini Bakıdan 4 kilometr məsafədə yerləşən
Bibiheybət - Biləcəri dəmir yolunun qərbinə doğru çəkilməyə məcbur etdi. 5
avqust döyüşündə düşmənin ölü və yaralı sayı 2 min oldu. Nuru Paşanın 139
əsgəri, 9 zabiti şəhidlik mərtəbəsinə ucaldı, 444 əsgər, 19 zabit yaralandı.
Hazırlığı gücləndirmək, arxadan gələn qüvvələri gözləmək üçün geri
çəkilmək qərarı verildi. Hücumun dəf edilməsi düşmən cəbhəsində ruh
yüksəkliyinə səbəb oldu. 6 avqustdan etibarən Bakıda əli silah tutan 15-65 yaş
arasında olan kişilər əsgəri xidmətə çağırılaraq məcburən silahlandırıldı.
Əsgər getmək istəməyənlərdən 600 nəfərdən çoxunu erməni qaniçənləri
yerindəcə güllələndi.
Azərbaycan aydınları, elm, ədəbiyyat, sənət adamları, din xadimləri Bakının
alınması işinin uzanmasından, dinc əhaliyə qarşı davam edən qırğınlardan
ciddi narahat olaraq, Türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları
daha da cəsarətləndirmək üçün avqustun 10-da şəhərin
müsəlman türk əhalisi
adından Türk əsgərlərinə müraciət hazırladılar.
"Neft və milyon səltənəti adlanan Bakının qapıları önündə neçə
gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna.
Bu gözəl şəhəri zəbt edə bilməsəniz, türkün və onun ordusunun
şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz
bu sərvət və qızıl şəhərini zəbt edə bilməsəniz, Qafqaz türkləri və Türküstan
müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, Türk bizə
köməyə gəlmədi" cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan
ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah
deyənləri ortadan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi
əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün alovlanmış olacaqdır.
Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini zəbt edə
bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dost-
düşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə dillərinin əzbəri
olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı Türklərin pərişanlığı ilə sona
çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ
keçirdiklərini bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar isə belə
bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv
edəcəklər.
Ey Türk əsgəri! Əgər sən bu şəhəri almazsan, Bakıda sənin üçün
hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin
geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün
kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən,
İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı
qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin
üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən,
qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş
yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil
olacaqsan. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri
şənləndirəcəksən. Fəqət sən, ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə
Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük
mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsendəki
düşmənin çoxunu, erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri qabağına
qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala,
Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri
də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz
ərməğan et!"