46
daşıyan məfhumlardan bəhrələnməsidir. O, belə fikirlərin son vaxtlar geniş yayıldığını da
nəzərdən qaçırmır:
"İndi dünyadakı bəzi mərkəzlərdə "islam fundamentalizmi,
islam ekstremizmi və
fanatizmi" haqqında fikirlər söylənilir. Hesab edirəm ki, bizim müqəddəs kitabımız Qurani-
Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Biz islam mədəniyyətini, islam
mənəvi dəyərlərini müqqədəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların
təhrif olunması, əgər
dini dildə desək, günahdır".
Bu müdrik və uzaqgörən şəxsiyyət İslama qarşı yönələn ittihamların arxasında hansı
siyasi-ideoloji hədəflərin gizləndiyini çox yaxşı dərk edirdi. Bəlli olduğu kimi, bu sayaq
təbliğat son 20-30 ildə daha geniş miqyasda,
daha doğrusu, qlobal səviyyədə aparılırdı.
İslam dünyasında müşahidə edilən siyasi-ideoloji oyanış və öz haqqı yolunda mübarizə
cəhdləri müstəmləkəçilik niyyətlərindən əl çəkmək fikrində olmayan bir sıra dairələri ciddi
düşündürürdü. Eyni zamanda, bir çox müsəlman ölkələrində xalqın özünə güvənc
psixologiyasının və milli özünü dərk şüurunun təşəkkülündə islam
amili böyük rol
oynayırdı. Bunlarla yanaşı, İslam bir çox Şərq, Afrika və Asiya ölkələri arasında
yaxınlaşma və birliyin möhkəmlənməsində mühüm tənzimləyici kimi çıxış edirdi. Ona görə
də, Şərq və İslam sivilizasiyasına qarşı qərəzli mövqe nümayiş etdirən dairələr belə bir
mənfi təbliğata əl atmaqla beynəlxalq aləmdə müsəlmanlar əleyhinə mənfi
ictimai rəy
formalaşdırmaq istəyirlər.
47
Azərbaycan rəhbəri bu məsələdə çox prinsipial və qətiyyətli bir mövqe nümayiş etdirdi
və öz fikirlərini əsaslandırmaq üçün Qurani-Kərimə istinad etdi. Belə ki, müsəlmanların
müqəddəs kitabında heç vaxt fundamentalizm məsələsi olmayıb. Deməli, İslama iftira və
böhtan atılır. O, eyni zamanda vurğuladı ki, islam dəyərləri və mədəniyyəti dedikdə Qurani-
Kərimin gətirdiyi dəyərlər və mədəniyyət nəzərdə tutulur. Kimsə bunları təhrif edib öz
subyektiv, qərəzli niyyətləri baxımından başqa səmtə yozursa, Qurana iftira atırsa, günah
işlətmiş olur.
Allah-təala Qurani-Kərimdə buyurur:
"
Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman
gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə dünyada və axirətdə özlərinə zərər
yetirənlərdir" (əl-Bəqərə, 21).
2001-ci il 11 sentyabr hadisələrindən sonra İslama qarşı ittihamlar
daha da gücləndi və
müsəlmanların heysiyyətinə toxunan terrorizm məfhumu siyasi təbliğat dövriyyəsinə
buraxıldı. Bu məsələdə də Azərbaycan Prezidenti öz ardıcıl və elmi-dini əsaslara söykənən
mövqeyini bəyan etdi və bildirdi ki, İslam ilə terrorizm bir araya sığan məfhumlar deyil,
əksinə, İslam və Quran hər sayaq zorakılığı, haqsızlığı rədd edir. O, bir daha dünyada və
hətta beynəlxalq aləmdə müsəlmanlara qarşı yönələn ikili münasibəti pislədi.
Azərbaycan
İslam dünyasının bir parçası olduğuna görə ona qarşı irəli sürülən əsassız ittihamları rədd
etməli oldu. Bakıda bir neçə elmi konfrans, seminar və dəyirmi masa təşkil edildi. Həmin
tədbirlərdə ziyalılar və ilahiyyatçılar, siyasətçilər və qələm sahibləri islam
sivilizasiyasının sülh, əmin-amanlıq, ədalət və ümumbəşəri dəyərlər qaynağı olduğunu önə
çəkdilər. Bütün bu sayaq tədbirlərin əsasında Heydər Əliyevin konseptual tezisləri
48
dayanırdı. O, hələ öncələr və dəfələrlə Azərbaycanın etnik separatizm və terrorizmlə
üzləşdiyini, lakin beynəlxalq qurumların bu məsələyə biganə yanaşdığını bəyan etmişdi.
Azərbaycan rəhbəri terrorizm və zorakılıq məsələsində ikili standartın
yol verilməz
olduğunu təkidlə vurğulayırdı. O, bir sıra xarici qurumların Azərbaycanda insan haqları və
demokratiya barəsindəki iradlarını həmin ikili standart müstəvisindən izah edərək,
məsələyə obyektiv, hərtərəfli və prinsipial şəkildə yanaşılmasının zəruriliyini önə çəkirdi.
Onun qoyduğu məntiqi sualın qarşısında çox vaxt beynəlxalq institutların nümayəndələri
susmağa məcbur olurdu. Heydər Əliyevin, əgər söhbət insan haqlarından gedirsə, nə üçün
bu və ya digər təşkilat və qurumlar öz yurd-yuvasından zorla didərgin salınmış bir
milyon
azərbaycanlının-müsəlmanın haqqının tapdandığını görmür, onların hüquqlarının təmin
edilməsi üçün yetərli bir iş görmür? - sualı cavabsız qalırdı. O, öz xalqının, öz millətinin
haqqını ardıcıl surətdə qorumaqla yanaşı, İslam dünyasına qarşı edilən haqsızlıqları və
yürüdülən ikili siyasəti də pisləyirdi.