________________Milli Kitabxana____________________
11
Borc
Dönüb, ömrün qürubuna baxıram hərdən,
Zarıdığım, sızladığım çağlar olubdu.
Qələmimə, varlığıma göz yaşı həmdəm,
Göz yaşımın sirdaşı da çaylar olubdu.
Kədərimlə yük olmuşam bir kədərliyə,
Qolsuz olub - dişləriylə qolumdan tutub.
Bir sünbüldən bir sütüllük dən alım deyə -
Qılçıq dartan qarışqalar əlimdən tutub.
Həkim olub - çarpayımda ölüm küsdürüb,
O, inama ovsun deyib, ölümə gürzə.
Sinəsindən doğru donlu yalan püskürüb
Gümanımı inamıma şübhəli görsə.
Çağrışıma uşaq kimi yüyürən qadın,
Tez ələyib,
Yox eləyib dərdi-sərimi,
Gözsüz olub - ürəyinin gözünü qatıb,
Ümid verib: necə xoşca,
Necə səmimi!..
Ünvanıma yarpaq-yarpaq şeirlər yağıb,
Hər alqış da qələmimə bir söykənəcək!
Bu torpaqdır bu gün mənim ilham çırağım,
Bilməm sabah nə yazılıb,
Nə söylənəcək!..
Borcu borcla qaytarmazdı bizim babalar,
Yaxşılığı yaxşılığa xırdalamazlar!
Bu özüldən ucalıbdı bizim qalalar,
Bunu yazsa –
Mənim kimi bir şair yazar.
________________Milli Kitabxana____________________
12
İndi mənim bir borcum var:
Borclu qalmayam -
Ağlar, sızlar anlarımı
Yığam bir yerə,
Özəyində qəlbim olan tonqal qalayam,
Boz külünü yem eləyəm quduz yellərə.
Ünvanımı tanımasın
Qəm adlı o çən.
Gündoğandan günbatana qolumu açam.
Deyəm: indi qalan ömrü zərrəsinəcən,
Ölümlərə
Baş əymədən yaşayacağam...
25 oktyabr, 1983
________________Milli Kitabxana____________________
13
MƏNİM VALİDOLUM
Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.
Bir dəfə söhhətini soruşanda dedi: "Nəvəm mənim validolumdur. O, bizə
gələndə bütün ağrılarımı unutdurur". Bir neçə ildən sonra bu hiss mənə də
doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.
Mənim validolum körpəcə nəvəm...
O gəldi - ürəyim ağrını danır.
O gəldi - çay gəlir, çöl gəlir evə,
Olur iş otağım futbol meydanı.
At kimi çullayır yazı masamı,
Açıb qayışımı cilov düzəldir.
"Quyruğu bəs hanı?
Yalı bəs hanı?
Yox, belə at olmaz! - xoşuna gəlmir."
Kağıza bığ çəkir: uzun bağ, eşmə.
"Qoy, - deyir, - babacan, çənəndən asım,
Qara bığlarını buna dəyişmə,
Qoy elə saqqalın bığ da saxlasın".
Sualın aramı, uyğusu yoxdur:
"Niyə qaranlıqda ulduzlar azmır?"
Bəs niyə pişiyin buynuzu yoxdur?"
"Göy niyə tökülmür?"
"Yer niyə aşmır".
Kiminsə kəlamı yadında qalıb;
Mən tutqun olanda dillənir balam:
"Günəş güləyəndir,
Ay qaşqabaqlı...
Birisi nənəmdir, birisi babam".
Mənim validolum, - körpəcə nəvəm,
Həniri gəldimi - qəm itkin düşür.
________________Milli Kitabxana____________________
14
O gəldi-çay gəlir, çöl gəlir evə
Gözümə, könlümə gün ilkin düşür
Boyuna boy alım , oda varmağa
Adına ad verim:qeyrət səngəri!
Mən qoca qoruqçu vəzifəsində
Sən ana dilimə sərhəd əsgəri
Suya yönəlməyən, oda varmağa
Qolum, qanadım ol, ey körpə nərim!
Üfüqdən üfüqə od aparmağa
Gözündən qığılcım gözlər gözlərim.
Pitsunda, 2 noyabr. 1983
________________Milli Kitabxana____________________
15
XƏSTƏXANA HƏYƏTİNDƏ
BÜLBÜL OXUYUR
Həkim dostum Cəfər Quliyevə
Xəstəxana həyətində bülbül oxuyur,
Tibb bacısı dönüb baxır əlində dərman.
Nə yaxşı ki, dərdi yoxdur,
Dərmanı yoxdur,
Xəbərsizdi bu dünyanın gedişatından.
Yuva qurub bir ağacın uc budağında,
Layla çalır? Himn oxuyur? -
Sirdən də sirdi...
...Xəstə qoca titrək qalxır öz yatağından,
Bəlkə ölüm bu fürsətdə içəri girdi?
Bülbül ötür,
Bütün səslər kəsir səsini.
Yarpaqlar da bir-birinə ehmal toxunur.
...Xəstəxana həyətində həkim gəzişir,
Xəstəxana həyətində bülbül oxuyur.
Bülbül ötür...
Nə ayırar bülbülü çağdan?
Çalağanı marıqdadır - duyur quşcuğaz.
...Gözüyaşlı qadın çıxır qonşu otaqdan,
Gedən getdi...
Səs ayıltmaz, haray ayıltmaz...
Çalağanlar Yer üzündə səs oğruları,
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
Meşə qırıb, dağ uçurub,
Çay, dəniz yarıb,
Yer şarının nüvəsinə nüvə əkənlər...
________________Milli Kitabxana____________________
16
Çalağanlar caynağında ölkələr itər,
Çalağanlar, dimdiyində qanadlı raket!
Ayıq olun
Əqidələr! Millətlər! Dinlər!
Daha yekə vəd verəcək caynağı yekə!
Məqam var ki, göz baxmasa qulaq da daşdı,
Bəzən olur: ən xoş səsi səssizlik udur,
Kim ümidli,
Kim narahat, kimsə təlaşlı...
Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...
Bu dünyadır:
Biri susdu, yüzü çağlayır:
Son anda da bal dadı var, havanın, suyun,
Təbiətin hikmətinə qulaq bağlayın,
Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr, 1983
Dostları ilə paylaş: |