38
Götür bu dəsmalı, sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol, amma Bakı ol.
Hər küçən, hər evin qürbət kimidi
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də, Bakı bir qədim gəmidi,
Dayanıb Bakını gözləyir Xəzər?..
Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə...
Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə...
Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,
Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.
39
Bitib iqtidarı, qurtarıb gücü,
Səsini itirmiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu boş papaq kimi –
Kimdənsə mərhəmət umur bu şəhər.
Çırpmır üstündəki torpaqdı, gildi,
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər...
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni...
Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı –
Bu şeri sənə ağlamışam...
40
15. Qəzəb
Ay başıqapazlı, taleyi acı –
Hər tini, dalanı əndişə ölkə,
Kolbasası halal, pivəsi hacı
Artisti, ulduzu fahişə ölkə,
Bəsdi sən danışdın, növbə mənimdi...
Bir gecə gəzişsən sən öz içində,
Ev-ev, küçə-küçə olarsan dəli.
Qadınlar görərsən kişi cildində,
Kişilər görərsən qadın kölgəli...
Şəhərin gözləri qara deyilmiş,
Gecələr bu şəhər ayrı göz taxar.
Paytaxta gecələr dodağı şişmiş,
Yerişi dəyişmiş kişilər çıxar.
41
Təzə körpü kimi namusdan keçib,
Dünəni olmayan sabahsızlar var.
Ucuz kafelərdə araqdan içib,
İnqilab axtaran allahsızlar var.
Kəsib doğradılar səni min tikə,
İtdi çörəyinin, suyunun dadı.
Ümidlər varıydı, ay yazıq ölkə,
Bəs niyə olmadı, niyə olmadı?
Su kəsən divlərin nə yaman çoxdu,
Hər yerdən boylanır evləri dam-dam.
Səndə adamların bir üzü yoxdu,
Bilmir ki, hansına tüpürsün adam.
Sevgisiz olduqca yabanlaşmısan,
Bu sərhəd-taleyi kim çəkdi sənə?
Yaman ruslaşmısan, iranlaşmısan
Osmanlı şilləsi gərəkdi sənə!
Uduzdun özünü kəndlə, şəhərlə
Ev-ev, küçə-küçə ancaq azaldın.
Dərsini bu dəfə yaxşı əzbərlə,
Bəsdi xəritədən sinifdə qaldın.
42
16. Vitrin
Mişel Uelbekə
Dünyanın bakirə çağları getdi...
Daha oksigen də saxtadır, saxta.
Dünya-dünya deyil, supermarketdi,
Hamı satıcıdır, hər yan piştaxta...
Burda şüarlar var, endirimlər var
Sevinclər bahadı, qəmlər ucuzdu.
Məsələn, necədir görün bu şüar:
“Üç əclaf istəsən biri pulsuzdu”.
Vitrinlər önündə donub qalarsan,
Şüarlar çığırar: “Məni al!“ – deyə.
Yüz metr Nəsimi dərisi alsan,
Bir şüşə Lorkanın qanı hədiyyə.
43
Burda sədaqətlər düzülüb rəfə,
Yazılıb: toxunmaq qətiyyən olmaz!
Xoruz banınacan gündə üç dəfə,
Pyotr yüz Məsihi danar, yorulmaz...
Vitrində tozlanır namuslu olmaq,
Vitrində tozlanır qeyrətli ürək.
Neyləyək, namusa sponsor tapaq,
Neyləyək, ürəyə klip çəkdirək?!
Ay dünya, hər yanı piştaxta dünya,
Ay yalançı dünya, ay saxta dünya,
Ay qərəz dünyası, ay kin dünyası,
Ay market dünyası, vitrin dünyası,
Sən şair qətlinə möhür bassan da,
Şerin kitabını bağlasan da sən.
Milyon il şairi qandallasan da,
Şeri zirzəmidə saxlasan da sən,
Bir şair nəfəsi gedib-gəlirsə,
Bir uşaq bircə bənd şeir bilirsə,
Şairlər qazacaq sənin qəbrini.
Bir gecə şairlər küçəyə çıxıb,
Sənin mərsiyəni oxuyar, market.
Bizə uzatdığın çekləri yığıb,
Sənin kəfənini toxuyar, market.
44
Bezib, qəzəblənib, hirslənib, doyub
Mən səni Eyfeldən asdıracağam.
Sənə kassalardan başdaşı qoyub,
Səni vitrinlərdə basdıracağam.
Nəyi almısansa qaytaracaqsan,
Sinənin üstünə çıxacam sənin.
Əlimin altında yalvaracaqsan,
Alnına bir şeir sıxacam sənin.
Dükanlar hamısı batacaq yasa,
Bu market dünyası iflas olacaq.
Elə çığıracaq ağrıdan kassa,
Obama eşidib bəyaz olacaq.
Yağacaq başına şeir-raketlər,
Vitrinlər söz altda dağılacaqlar.
Yetim qalacaqlar mini-marketlər,
Gəbərib qurd-quşa yem olacaqlar.
Ay pozğun dünyanın pozğun qarısı,
Dollar dodağınla heç bir şey demə.
Sənə bağlanıbdı cənnət qapısı,
Yeri, cəhənnəm ol, düz cəhənnəmə.
Dostları ilə paylaş: |