1.3. İlkin mifoloji obrazların transformasiyası
1.3.1. Dağ obrazı
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın yaradıcılığında dağ mövzusu mühüm yer almaqdadır. Şairin bu mövzuda yazdığı şeirlərinin əsasını ilkin mifoloji obrazlardan olan dağlara müraciəti təşkil edir. Şeirlərinin mayasında dağ, daş, qaya sərtliyi, mübarizliyi və mətanəti dayanan şairin ilham mənbəyi də, məhz ilkin varlıqlardan biri olan dağlarla bağlı olmuşdur. Şairin dağların əzəməti, qüdrəti və insanlarla münasibətinə həsr edilmiş şeirləri içərisində “Şahdağı”, “Əlvida dağlar”, “Dağlara qar düşdü”, “İnsan qayalar”, “Bir dağa açıq məktub”, “Payız nidası”, “Oxuyan Təbriz”, “Dağlara çağırış”, “Dağlar küsüb”.., “Durnaları dönməz oldu”… və s. daha səciyəvi xarakter daşıyır.
Məlumdur ki, Hun dastanında Oğuz xanın oğullarından birinin adı Dağdır. Mifoloji təsəvvürdə insan olan dağlar Məmməd Arazın xəyalında canlanmış, şair dağlara, daşlara, qayalara tərəfi-müqabil kimi müraciət etmişdir. “İnsan qayalar” şeirində müəllif qayalaşmış babalara, igidlərə, nənələrə üz tutub, onları oyandırmaq, danışdırmaq istəmişdir. Ancaq qayaların, daşların dilini anlamaq, daş sərtliyini öyrənmək, dağ-daşın xarakterinə bələd olmaq üçün gərək şair özü də qayalaşıb daşlaşaydı:
Bir qayaya söykənmişəm,
deyirəm kaş,
Bax beləcə daşa dönəm
Yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
Bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi,
Enib daşdan daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam (18,91).
Şair bu qənaətə gəlir ki, ətrafı amansız və hiyləgər düşmən ilə sarılı olan, özündən başqa kimsəyə sığınmaq imkanından məhrum igidlərin yaşaması daş olmaqla mümkün idi. Daş olmaq burada möhkəm olmaq, əzəmətli olmaq, mətin olmaq anlamında işlədilmişdir. Xalq dilində də “daş kimi möhkəmdir” ifadəsi vardır.
Tarixdən məlumdur ki, oğuz türklərinin torpaqları müntəzəm olaraq yadelli işğalçıların hücumlarına məruz qalıbdır. Hiyləgər düşmən etnik qrupları içəridən ələ almaqla türklərə daxildən və xaricdən zərbə vurmağa çalışıbdı. Məhz belə məqamlarda türk igidlərinin qaya kimi sərt, dözümlü olmaları onların qalib gəlmə şansını artırırdı:
Deyəm:- Bir vaxt insan oğlu
İnsan olub bu qayalar.
İnsanların nərəsindən
Doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman,
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi - dayaq olub,
Yumruq olub, ox olublar.
Qayadöşlü qəhrəmanlar
Qayalıqda yox olublar.
Bu torpağın taleyində
o da elə bir gün idi,
İgidlərin yaşaması
daş olmaqla mümkün idi (18, 91).
Dağa, daşa, qayaya bu qədər sevginin kökündə, təbii ki, əsatirlərdən gəlmə dağ, qaya mərdliyinin, mübarizliyinin insan təbiətinə xarakterik oxşarlıqları dayanmalıdır. Məmməd Araz da məhz ən təmiz, ülvi sevgini, sədaqəti dağlarda-yəni ucalıqlarda tapmışdır. Ona görə də, hətta dağdan yıxılanda da dağdan yapışmağı qət etmişdir, çünki qəlbində dağa qarşı dağ sevgisi, ilahi bir baxış var idi, dağlara salam verirdi, nə vaxtsa dağların yenidən onu ucaldacağına qəlbində sonsuz bir ümid var idi.
Məmməd Arazın dağ sevgisinin, ucalıq sevgisinin ən ciddi detallarından biri də şair dostu Musa Yaquba həsr edilmiş “Dağlara çağırış” şeirində verilmişdir. Şeirdə dağlara arxalanmaq, dağlara söykənmək ideyası insanla dağın danışması, dərdləşməsi, onların daxilən bir-birini tamamlaması kimi nəzərə alınmışdır:
Ən ağır anında dağlarla danış,
Ən ali loğmandır o müdrik qoca.
Nə qədər, nə qədər qaysaqlanmamış,
Dərdlər tullasan da, dərə boyunca,
Dağ çayı çökdürüb çay daşlarına,
Duruldub bənzədər göz yaşlarına.
Dağlar öz hökmündə güzəştsiz, ötkəm,
Şair, qayalara, dağlara söykən (18, 148).
Dağlara həsr edilmiş şeirlərində Məmməd Arazın dağ kultu ilə bağlı irəli sürdüyü fikirlər də maraq doğurur. Bildiyimiz kimi, mifoloji təsəvvürlərdə dağ Ata-Ana strukturunda iştirak edən ünsürdür. Bu şeirlərdə də, dağa pərəstiş olunması, dağla əlaqə, dağın inanc yerinə çevrilməsi oxucunun diqqətindən yayınmır. Dağ kultunun Məmməd Araz şeirlərində gah ata, gah ana obrazında iştirakı milli mifoloji görüşlərdən qaynaqlanırdı. Şair dağa insan kimi yanaşmış, dağda ruhun olmasına inanmış, onu insanlaşmış varlıq kimi qəbul etmişdir. Rövşən Əlizadə dağın kultsallaşması ilə əlaqədar olaraq “Azərbaycan folklorunda təbiət kultları” kitabında yazır: “Dağın ilkin stixiya kimi kultsallaşması onun əski inamlarla, həm də daşıdığı səmavi status epik mətnlərdə, o cümlədən “Kitabi-Dədə Qorqud” eposunda daha əhatəli formalarda əksini tapmışdır” (88, 31).
Məmməd Araz dağ ruhunun yaşadığını, qayaların igidlər kimi başlarını qaldırıb vüqarla dayandıqlarını, dərələrə yuvarlanan daşları isə namərdlərə - Vətəni, torpağı satan qorxaq, ölümə məhkum edilmişlərə oxşatmışdır. Dağlar insanlara çox şeyi, birinci növbədə mətinliyi, mərdliyi, cəsarəti, əyilməzliyi öyrədirlər.
Şairin bu tipli şeirlərində insanla dağ obrazı qoşalaşır. Dağsız insan, insansız dağ təsəvvür olunmur. Şair özünə xitabən müraciətində bildirir ki, bu ünsiyyətdən, bu təmasdan, təbiətlə insanın bir vəhdət təşkil etdiyindən danışmaq lazımdır. Bu insan ilə bir dağın yox, bütövlükdə türk xalqı ilə Vətənin vəhdəti deməkdir. Dağlara gedə bilməyəndə şair darıxır, inanır ki, bu münasibət dağlara da toxunubdur, sanki dağlar şairdən küsübdü. Dağlara yadlaşandan qonum-qonşularla da əlaqə kəsilibdir, hətta ilham pərisi də şairdən üz döndəribdir. Dağlara yadlaşandan bir qoşma da yaza bilməyən şair bu nisgili “Yəqin dağlar küsüb məndən” gəraylısında belə ifadə etmişdir:
Neçə yazdı düşmür yolum,
Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.
Çoxdan dağa-daşa yadam,
Salmır qonum-qonşu yada.
Əlim yatmır qoşmaya da,
Yəqin dağlar küsüb məndən (18, 297).
Məmməd Arazın dağlara həsr etdiyi bütün şeirlərində dağ kultu insan kimi təsvir edilir. “Əlvida dağlar” qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunmuşdur. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan bu şeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də öz poetik ifadəsini tapmışdır. Dağ ilə, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağların gülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solmuş, boz biçənəklər həsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylara çatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur. Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin etməkdədir. Belə ki, dağların əbədi sirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın, millətin ümumiləşmiş obrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasında xalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşmişdir:
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən-
Çoban, salamat qal, sağ-salamat qal!(17,147)
Ömrünün axır illərində isə şair “Qoş məni dağ küləyinə” şeirində :-
“Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə,
Dağların bəyaz qarından,
Rəng alan ağ küləyinə”(16,580),– deyərək dağlara qovuşmaq istəyini bildirirdi. Dağdan törəmək, dağa qovuşmaq təsəvvürü şairin içərisində, mənəvi dünyasında yaşayırdı. Bu hissin içərisində bir dağ, daş təmizliyi, nəcibliyi, ülvilik duyğuları, ucalıq və dağ-insan vəhdəti var idi. Bu vəhdət bütün türk millətinin içində ali bir hiss olaraq yaşamaqdadır.
1.3.2. Ağac obrazı
Qədim xalqların əksəriyyətinin dünya modeli haqqındakı təsəvvürlərində ağac mühüm yer tuturdu. İnsanlar ağaca dünyanın təbəqələri arasında əlaqə yaradan bir vasitə kimi baxır və inanırdılar ki, ağacın kökü yeraltı, gövdəsi yerüstü, budaqları isə göylərlə əlaqəlidir. Qədim türk inanclarında, xüsusilə də şamanlarda dünya ağacı haqqında formalaşan fikirlərə görə Göy Tanrısı ilə əlaqə yaratmaq üçün ən hündür ağac seçilirdi. Moisey Kalankatuqlu Şimali Qafqaz ərazisində məskunlaşmış hun tayfalarının uca palıd ağacına inandıqları haqqında məlumat verirdi. Hunlar palıd ağacına at qurbanı kəsir, onu Tanrı-xan allahının adı ilə bağlayırdılar.
Qədim türk mifologiyasında yaradılışın ağacdan başladığı haqqında təsəvvürlər də meydana çıxmışdır. Bu təsəvvürdə ağac qadın-ana strukturunda iştirak edən müqəddəs bir varlıq kimi qədim türk xalqlarının inam və məhəbbət abidəsinə çevrilmiş, kultlaşmışdır. Dünyanın quruluşu və yaradılış barədəki dini-mifoloji təsəvvürlər miras şəklində orta əsrlərə də keçdi. Həm şifahi, həm də yazılı ədəbiyyatda ağac kultu son dərəcə populyarlaşdı. Ağaca dünyanın və təbiətin ən müqəddəs varlıqlarından biri kimi baxılırdı. Ağaca belə münasibət müxtəlif şairlərin əsərlərində və ən müxtəlif formalarda yer alırdı.
XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin, XIII əsr Anadolu şairi Yunis Əmrənin və digər şairlərin şeirlərində bu sevginin dərin izlərinə rast gəlirik. Dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin qızının söylədiyi “Xeyirlə Şərin nağılı”nda da ağaca münasibət, ağacın şəfa vericilik missiyası açıqlanmışdır. Belə ki, Şər tərəfindən gözləri çıxarılıb dünya işığından məhrum edilən Xeyir məhz səndəl ağacının yarpaqlarının döyülüb gözlərinə sürtülüb yerinə qoyulması ilə yenidən işığa qovuşa bilir. Burada ağacın işıqlı bir missiya daşıması da şair tərəfindən incəliklə əks etdirilmişdir.
Müqəddəs ağac motivi islamiyyətdən əvvəl də, sonra da dastanlarda, nağıllarda, bir sözlə şifahi və yazılı ədəbiyyatımızda öz yerini qoruyub saxlamışdır. Belə ki, ağac sevgisi, islam imanının ağaca verdiyi qiymətlə birləşərək XIII əsr Anadolu şairi Yunis Əmrənin şeirində ağacla Tanrının vəhdəti kimi təsvir olunmuşdur:
Altundandır dirəkləri,
Gümüşdəndir yarpaqları,
Uzandıqca budaqları.
Bitər Tanrı deyə-deyə (159, 31).
Min üç yüz illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanlarında ağaca inam, ağaca məhəbbət daha qabarıq şəkildə görünür. “Salur Qazanın evinin yağmalandığı boy”da Qazanın oğlu Uruzu kafirlər tutub qənarənin dibinə gətirib asmaq istəyirlər. Uruz ağacla danışmaq üçün kafirlərdən aman istəmiş və ağaca belə müraciət etmişdir:
Sənə “Ağac!” “Ağac!” deyirəmsə, çəkinmə, ağac!
Məkkə ilə Mədinənin qapısı ağac!
Museyi-Kəlimin əsası ağac!
Böyük- böyük suların körpüsü ağac!
Nəhəng-nəhəng dənizlərin gəmisi ağac!(110,47-48)
Ağac sevgisi bütün zamanlarda türk xalq ədəbiyyatının əsas mövzularından olmuşdur. XVI əsr osmanlı ozan - şairi Pir Sultan Abdalın şeirlərindən birində eynilə Uruzun ağaca müraciətini xatırladan aşağıdakı bənd də diqqətimizi cəlb etdi:
Nurdandır Kəbə eşiyi,
Cahanı tutdu işığı.
Həsən Hüseynin beşiyi -
O da yenə ağacdandır (157, 31).
Müasir şairlərin də öz poeziyalarında ağac kultundan istifadə etdiklərinin şahidi oluruq. Türk dünyasının böyük şairi Nazim Hikmətin şeirlərində olan ağac sevgisindən misal çəkməsək, ağac kultu ilə bağlı söylədiyimiz mülahizələrimizdə nəticə istədiyimiz mərhələdə qərarlaşa bilməz. Belə ki, özünü bir cəviz ağacına bənzədən şair yazmışdır:
Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun farkındasın, nə polis farkında (162,681).
Əslində Gülhanə parkında heç vaxt ceviz ağacı olmayıbdır, sadəcə öz böyüklüyünü, ölümsüzlüyünü duyan şair özünü ağaca oxşatmağa çalışmışdır. Müasir Azərbaycan şairlərindən Nəbi Xəzrinin “Dərələr” şeirindəki bir beyt də bu anlamda çox xarakterikdir:
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım (103, 137).
Nümunələr göstərir ki, müasir şairlərin ağac kultuna olan inancları hələ də davam etməkdədir. Odur ki, Azərbaycanın xalq şairi Məmməd Arazın da bir sıra əsərlərində ağac mövzusuna müraciət etməsi heç də təsadüfi deyildir. Məmməd Araz ixtisasca coğrafiya müəllimi idi. Uşaqlıqdan təbiətin qoynunda böyüyən balaca Məmmədin qəlbində ətraf mühitə, dağa-daşa, torpağa, bitki aləminə məhəbbət oyanmışdı. Böyüdükcə bu məhəbbət daha da dərinləşmiş, bu sevgi ömrü boyu onu tərk etməmişdi. Bu sevginin nəticəsi olaraq ömrünün kamil vaxtlarından başlayaraq sonuna qədər “Azərbaycan təbiəti” jurnalının baş redaktoru vəzifəsini ləyaqətlə icra etmişdir. Məmməd Araz bütün yaradıcılığı boyu ekoloji tarazlığın pozulması əleyhinə olmuş, elmi, publisist məqalələrində, o cümlədən, poetik yaradıcılığında bu məsələyə ciddi önəm vermiş, mübarizə aparmışdır.
Şairin müxtəlif əsərlərində rastlaşdığımız ağac obrazının poetik təsviri, ağaca həyat modeli kimi baxışın təcəssümü imkan verir ki, Məmməd Arazın ağac sevgisinin genetik olduğu qənaətinə gələk. Məlum olduğu kimi, qədim türk mifologiyasında ağac müqəddəs sayılan, insanların tapınaq yeri olan kultlardandır. Təsadüfi deyildir ki, şair “Araz axır” poemasında və gürcü xalqının böyük oğlu İlya Çavçavadzeyə həsr olunmuş “Şöhrətə atılan güllə” şeirində ağaca insan kimi münasibət bəsləyir.
“Araz axır” poemasında sevgilisinə qovuşa bilməyən lirik qəhrəman da mifoloji ünsürlərə müraciət etməyi məqbul sayır, sevgilisi Ayrıgülü ağaca çevrilməyə səsləyir, özü isə külək olmaq istəyirdi:
Görünür ki, hələlik,
Görüşə bilmərik biz.
İnsan tək qucaqlaşıb,
Öpüşə bilmərik biz.
Ondasa bir əlac var:
Sən ağac ol, mən külək! (20, 67)
Məmməd Araz gürcü xalqının böyük oğlu İlya Çavçavadzeyə ithaf elədiyi “Şöhrətə atılan güllə” adlı şeirində də ağac kultunu yada salmışdır. İlya Çavçavadzeni öldürən düşmən gülləsinin muzeydə saxlanılması şairi təsirləndirmişdi. Şair bu gülləni “düşmən” adlandırır və “düşmənin” İlya Çavçavadzenin sinəsində evinə qonaq kimi gəlişini isə bədii ifadə vasitələri ilə təsvir etməyə çalışırdı. Belə ki, Məmməd Araz İlyanın sinəsindən axan qanı bir püskürən vulkanın alovuna, özünü isə qırmızı yarpaqlar gətirmiş ağaca bənzətmişdir. Adətən deyirlər ki, ağac quruyub, yaxud kəsilib sıradan çıxsa da, o məhv olmur, köklərindən rişə verib yenidən pöhrələnir, əbədiliyini davam etdirir. İlya Çavçavadze də bu anlamda ağaca oxşayır. Namərd gülləsi onun fiziki ömrünə son qoysa da, onun mənəvi ömrü yaratdığı əsərlərində hələ də davam edir.
İnsanlığın yaradılışı haqqındakı türk düşüncəsinə görə Tanrı yer üzündəki doqquz insan cinsini, bu insanlardan öncə yaratdığı doqquz budaqlı bir ağacın kölgəsinə sığındırmışdı. Əvvəlcə yerdən doqquz budaqlı ağacı ucaltmış, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından birini yaradaraq, bu doqquz insana ağac kölgəsinə sığınmağı bir yaradıcılıq bilgisi halında vermişdi.
Hun dastanında Oğuz xanın Göy, Dağ, Dəniz adlı kiçik oğullarını dünyaya gətirən qadın, göl ortasındakı müqəddəs bir ağacın qovuğunda yaradılmışdı. Oğuz orduları qərbə doğru yürüşə çıxarkən İtil (Volqa) çayını ağac üstündə keçmişdilər; Kürkət Xaqanın ordularına qalib gəldikdən sonra qəniməti ağacdan düzətdikləri xərəklərlə daşımışdılar (89; 130; 139). Bu dastanın islamiyyətdən sonrakı variantında, körpəsini ağac qovuğunda dünyaya gətirən qadının oğluna Qıpçaq adı verilmişdi. Qıpçaq (yəni “oyuq ağac”) türkləri bu uşağın nəslindən çoxalmışdılar. Göy türklər də Ərgənəkondakı dəmirdən olan dağı ətrafında ağac yandırıb əritmişlər; içində 400 il qaldıqları bu örtülü yurdun meyvəli ağaclarını dastanlarında yaşatmışlar (134; 135; 136).
Məmməd Arazın yaradıcılığını izlədikcə onun təbiətə, xüsusilə də Ağaca olan sevgisi daha dərindən hiss edilir. Şairin həyat yoldaşı Gülxanım Fətəliqızı ilə söhbətimizdə Məmməd Arazın ağac sevgisindən danışırdıq. Söhbətin bu yerində Gülxanım müəllimə belə bir xatirə söylədi: “Bir dəfə Məmməd yenə yazırdı. Soruşdum ki, nədir, olmaya poema yazırsan? Dedi:- Yox, Gülxanım, poema deyil, şeirdi. Ancaq, bilirsən, “Kitabi-Dədə Qorqudda” bir ağac söhbəti var, neçə müddətdi məni narahat edir. Dədəm Qorqud ağaca müqəddəs varlıq kimi baxıbdır. Mən də elə düşünürəm, bu şeirdə ağac məsələsini əsas götürmüşəm. Dastanda ağac məsələsinə tədqiqatçılar çox da fikir vermirlər. Bu, çox ciddi məsələdi” (28, 6).
Gülxanım Fətəliqızı danışdıqca şairin nurlu siması gözlərimizin önündə canlanırdı. Aydın olurdu ki, “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələr, ağacla bağlı inamlar şairin milli, tarixi, poetik düşüncəsinin formalaşmasında böyük rol oynayıbdır. Təsadüfü deyildir ki, şair bir çox şeirlərində “Kitabi-Dədə Qorqud” dastanlarının qəhrəmanlarını xatırlamış, onların igidliklərini, yüksək əxlaqi keyfiyyətlərini oxucuya milli-mənəvi dəyər kimi aşılamaq istəmişdir. Qeyd etmək lazımdır ki, Məmməd Arazın ömrünün son illərində yazdığı, lakin, çatdırıb çap edə bilmədiyi “Dədəm Qorqud səsləməsi” adlanan həmin əsər iki hissədən ibarətdir:
-
Səsləmə
-
Adın Ağac
Əsəri həcminə, obrazların rəngarəngliyinə, gündəmə qaldırılan qlobal məsələlərin aktuallığına, poetik yükünün çəkisinə görə poema da adlandırmaq olar. Əsər Dədə Qorquda müraciətlə yazılmışdır.
Şairin öz ifadəsindən aydın olur ki, Dədə Qorqudun alqışları, səsləmələri əbədi olaraq yaşamaqdadır. Dastanda ağac ilə bağlı söyləmələr, dualar əsas leytmotivlərdən biridir. Demək olar ki, dastanın bütün boylarında ağac haqqında dualara, alqışlara rast gəlinir. Bu alqışlar əsasən bir-birini təkrar etməkdədir. Buna baxmayaraq, hər dəfə “Kölgəlicə qaba ağacın kəsilməsin!” alqışı sanki yenidən doğulan körpənin gələcəyini stimullaşdıran amilə çevrilməkdədir.
“Salur Qazanın evinin yağmalandığı boy”da ağaca olan inam, məhəbbət isə daha qabarıq şəkildə verilmişdir. Ağac kultuna aid edilən mifik elementlərə, həmçinin “Məlik Məmməd”, “Tapdıq” və s. nağıllarda da rast gəlmək olur (3; 37; 63; 64; 96; 175; 177). Ağac kultu mifoloji strukturda əsas yer tutan atributlardan biridir. Ağac obrazı türk mifologiyasında yer ilə göy, insan ilə Tanrı arasında rabitə yaradan əlaqə vasitəsidir.
Məhz Məmməd Araz da bu aspektdən çıxış edərək ağaca olan sevgini bütün zamanlar üçün keçərli olduğuna oxucunu inandırmağa çalışmışdır. Eyni zamanda şair təəssüflənir ki, son zamanlarda təbiətə qarşı bir amansızlıq başlamışdır. Ağaclar kütləvi surətdə məhv edilir, meşələr qırılır, nadir ağacların nəsli kəsilmək üzrədir. İnsanların ağacları məhv etməsi müasir dövrün bəlası kimi bağışlanılmazdır:
Ağacı əcəl yıxmır,
İnsan yıxır.
Ağacı insan öldürür (28, 6).
Təbiətin fəryadını keçmişə, gələcəyə hayqıran şair Dədə Qorquda üz tuturaq, nahaq işlərin haqq adıyla qanuniləşdirilməsinin, təbiətin məhvinə müxtəlif don geyindirilməsinin yolverilməz olduğunu insanlara çatdırmaq istəyirdi. Axı, ağacların məhv edilməsi, həm də quşların öz yuvasından didərgin düşməsi, çayların məcrasını dəyişməsi və bütövlükdə fəlakətlərlə nəticələnirdi:
Dədəm Qorqud!
İnsan yedi təbiəti,
Özünü yeyə-yeyə.
Quşları qovdu yuvasından,
Çayları dartıb aramla,
Çıxarıb məcrasından (28, 6).
Qoşa-qoşa doğranan zeytun, palıd, narbənd, sərv ağaclarını görən şair təbiətə ağı deyib yas saxlayır, nalə çəkirdi:
Vay, zeytunlarım, vay,
Vay, palıdlarım, vay.
Vay, narbəndlərim, vay,
Ardıclarım, sərvlərim, vay (28, 6).
Hazırda Azərbaycanda şam, çinar və ardıc ağaclarına inam və tapınma ənənəsi bölgələrimizdə davam edir. Məsələn, Naxçıvan MR-da Çinar, Narbənd, Ardıc ağaclarına xüsusi qayğı ilə yanaşırlar, əhd edənlər bu müqəddəs ağacların budaqlarına nəzir deyib yaylıq, parça kəsikləri bağlayırlar. Anam Məmmədova Məleykə Bağır qızından (1912-1998) Çinar ağacı haqqında eşitdiyim əfsanəni oxucuların diqqətinə çatdırmağı məqsədəmüvafiq hesab edirəm (Anam bu əfsanəni əmisi Əhmədov Məsum Kərbəlayi Əhməd oğlundan (1878-1980) eşitmişdir). Belə nağıl edirlər ki, Zəkəriyyə peyğəmbər Allahın əmri ilə Allahın əsl, həqiqi dinini təbliğ edir, çoxallahlığın hökm sürdüyü bir dövrdə Allahın vahidliyi haqqında, Allahdan başqa tanrıların olmadığı haqqında fikirlər söyləyirdi. Oyuncaq tanrılara tapınan kütlə Zəkəriyyə peyğəmbərə qarşı çıxır, onu öldürmək qərarına gəlirlər. Düşmən kütlənin amansız qərarından məlumatlandırılan Zəkəriyyə peyğəmbər Çinar ağacının koğuşunda gizlənir. Peyğəmbərin düşmənləri ağacın gövdəsini kəsirlər, mişar Zəkəriyyə peyğəmbərin ayağına toxunub yaralayır və ağacın gövdəsindən qan axır. O vaxtdan Çinar ağacını kəsmək, yandırmaq günah sayılır.
Bütün bunlara baxmayaraq ağaclar kütləvi şəkildə kəsilir, meşələr məhv edilir. Təbiətə qarşı bu qədər amansızlığı şair əsərin sonunda insanın özünə qarşı bir amansızlıq olduğunu xatırlatmaqla bitirirdi. Şair göstərirdi ki, ağacı, təbiəti məhv edən insan özünün məhvinə imza atır. Yaş ağacın kəsilməsi insan başının kəsilməsinə oxşayır, ağaclar da insan kimi ağlayırlar. Ağaclar insanların qoşa biləyidir, onları qorumaq lazımdır:
Baş kəsməyin,
Ağacları yaş kəsməyin.
İnsanın qoşa biləyidi ağaclar! (28, 6).
“Dədəm Qorqud səsləməsi” şeiri bütövlükdə qlobal ekoloji problemlərin yaşandığı bir zamanda insanlığa, bəşəriyyətə çağırışdır. Əsərin mərkəzi surəti ağac insan ilə vəhdətdə bəşərin dünəni, bu günü, sabahı kimi mənalandırılmışdır.
1.3.3. Araz (su) obrazı
Görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor Yaşar Qarayev, Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabına yazdığı “Yaddaş poeziyası” ön sözündə belə bir fikir işlədir: “Əsl, həqiqi, böyük poeziya –ümumbəşəri yaddaşdır. Məncə, Məmməd Araz şeiri də düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın ifadəsidir. Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və yaralı sahillərindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatılardan, folklordan axan bir Araza döndü - Məmməd Araza!” (156, 3)
Azərbaycan mifoloji dünyagörüşündə su ilkin yaradılışın əsası olaraq şərtləndirilən elementlərdən sayılmışdır. Məmməd Arazın “Atamın kitabı” poemasında “Su ilə söhbət”, “Su üstündə bayatı” fəsilləri də ilkin mifoloji hadisə kimi su ilə bağlı müəllifin orijinal, eyni zamanda ənənəvi fikirlərindən ibarətdir. Ancaq şair su mifoloji obrazını daha çox Araz obrazı ilə birləşdirərək əsərlərində bu haqda geniş danışmışdır. Xatırladaq ki, şairin poeziyasında Araz obrazı ən uca zirvədə yer alır. Araz Azərbaycanda çaydır. Dünyanın Arazdan böyük, sulu çayları çoxdur. Haqqında mahnılar, rəvayətlər yazılmış çaylar da var. Ancaq Araz çayı qədər haqqında poetik nümunələr yaradılmış çaya rast gəlmək mümkün deyildir. Yaqut əl-Həməvi (1179-1229) də Mudjam əl-buldan (Ölkələrin adlı siyahısı) (178, 24) əsərində Ər-Rəss (Araz-N.M.) çayının adıyla bağlı vilayətin adının Quranda Allah tərəfindən xatırlandığını qeyd etmişdir.
Akademik Ziya Bünyadovun tərcüməsində Yaqut əl-Həməvinin Araz haqqındakı aşağıdakı fikrini əhəmiyyətli hesab edirik: “Ər-Rəss Azərbaycanda çaydır. Azərbaycan sərhədlərinin biri bu çaydır. Deyirlər ki, Arranda, Ər-Rəss vadilərində minlərlə şəhər var idi. Bu çay başlanğıcını Kəlikəlidən götürüb Arran ərazisi ilə axır” (120, 27-28). Göründüyü kimi orta əsrlərdə Araz çayı haqqında formalaşmış mülahizələr diqqət çəkicidir. Hətta aparılan müşahidələrin nəticəsində deyə bilərik ki, 1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikasının yaradılması da təsadüfi hal sayıla bilməz. Məhz Araz camaatı, məhz Araz ölkəsi bu yerdə Nuh tufanından sonra məskunlaşan Nuh tərəfdarlarının genlərində kodlaşdırılmış ilahi qüdrətin təlqini nəticəsində təcəssüm edən baxışlar kompleksinin məcmusudur.
Araz çayı İlahi tərəfindən yaradılan cənnət çayıdır. Filologiya elmləri namizədi, mərhum Əbülfəz Hüseyninin “Sovet Naxçıvanı” qəzetinin 30 yanvar 1986-cı il tarixli 25 saylı nömrəsində çap edilmiş “Xalqımızın mənlik heykəli” adlı məqaləsində oxuyuruq: “Gəmiqaya”da yer xəritələri, hər hansı bir sahə, ölkə, çay və ayrıca Araz çayının xəritəsi müşahidə edilir. Biz həmin xəritənin yanında qədim runi hərfləri ilə Arazın qədim adlarından “Oğuz” sözünü oxuya bildik” (100, 4).
Bu müqəddəs çay haqqında Yaqut əl-Həməvi daha sonra yazırdı: “Ər-Rəss möcüzəli çaydır, burada çoxlu müxtəlif növ balıqlar üzür. Təsdiq edirlər ki, hər ay burada əvvəllər olmamış yeni balıq növləri peyda olur. “Sürməhi” növlü balıq ancaq bu çayda ildə bir dəfə müəyyən bir vaxtda peyda olur” (178, 25).
Xalq yaradıcılığında, folklor nümunələrində də Araz mövzusu yetərincə işlənmişdir. Araz ilk növbədə su mənbəyidir, su isə ilkin yaşayışın, həyatın başlanğıcı olduğuna görə müqəddəsdir. Ona görə də xalqımız həmişə Araza müraciət etmiş, Arazdan kömək diləmişdir. Görünür, bu səbəblərdən də Arazdan dilək istəmək batindən gələn ilahi təlqinlər vasitəsilə səadət axtarışı, səyyahların kəhkəşanları izləməklə məğribdən məşriqə istiqaməti müəyyənləşdirməsi qədər müdhişdir:
Araz, Araz, xan Araz,
Can sənə qurban, Araz.
Ürəyimin dərdinin
Məlhəmisən, sən Araz (120, 29).
Araz çayının qismətinə bir Vətəni, bir torpağı, bir eli ikiyə ayırmaq düşdü. 1813-cü ildə Rusiyanın Azərbaycanın şimalını işğal etməsi ilə başlanan bu “qismət” Araz çayının dərdinə çevrildi, bir nisgilə, bir ağrıya dönüb Azərbaycan türklərinin yaxasından asıldı. İki yüz illik hicranın millətə gətirdiyi dərd Araz çayı haqqında çoxlu rəvayətlər, şeirlər, bayatıların yaranmasına səbəb oldu. Təbii ki, bu ağrı Araz adında rəmzləşdirilərək dərd, ələm, ayrılıq əlaməti kimi təsvir edilirdi. Aşağıda verilən bayatı nümunələrində bu dərdin izləri açıq görünməkdədir:
Araz, Araz, xan Araz,
Dağlardan axan Araz.
Yardan bir xəbər gətir,
Evimi yıxan Araz (71, 52).
Və ya:
Araz, araz, xan Araz,
Gəl eyləmə qan, Araz.
Qoy gedim, yar gözləyir,
Nədir bu tüğyan Araz? (72, 31)
Araz sahilində dünyaya göz açan şairin uşaqlıqdan eşitdiyi, duyduğu, hətta ağrı-acısını yaşadığı bu nisgil, bu qəm Məmməd Arazın ürəyində ağrı ilə bərabər doğulmuş poetik misralara, əzabla, göz yaşı ilə yoğrulmuş beytlərə, qanla suvarılmış şeir nümunələrinə çevrilib yazılır, dərd daşıya bilən insanların dərdinin təcəssümü olurdu. Şair “Arazın nəğməsi” şeirində yazırdı:
Sən canlı tarixsən doğrudan, Araz,
Səsində min ildən qəm-qubar qalıb.
Sinəndə dil açan bu yanıqlı saz,
Ulu babalardan yadigar qalıb (17, 157).
Araz axır, fəslin müxtəlif vaxtlarında gah səsli-küylü, gah da lal-dinməz olurdu. Şair Arazın səsini babalardan yadigar qalan sazın səsinə bənzədirdi. Saz ustad sənətkarın əlində necə kükrəyib daşır, həzinləşirsə, Araz da hərdən Koroğlu kimi nərə çəkir, Abbas kimi qəmlənirdi. Bəzən coşan, çağlayan, sahillərə sığmayan, bəzən sakitləşib lal axan Araz həm də iki sevgilini ayırmış hicran çayıdır. Arazın sularında ağlayan Leyli məhəbbəti, Məcnun arzusudur:
Səndə təmkinlik də, dəlilik də var,
Dağlarda pələngsən, düzlərdə quzu.
Bəlkə sularında dil açıb ağlar,
Leyli məhəbbəti, Məcnun arzusu? (17, 158)
Məmməd Arazın qəlbində olan Vətən sevgisinin mərkəzində Araz dərdi, Araz problemi məskunlaşmışdı, bu səbəbdən də şair harada olmasından asılı olmayaraq, tez-tez Arazı xatırlayır, yada salırdı. Səsli-küylü Moskva şəhərində istirahətdə olanda da, Moskva çayının sahilində gəzəndə də o, Araz çayının nəğmələrini eşidirdi. Sanki Arazın nəğmələri telli sazın nəğmələri ilə həmahəng idi, başqa çayların səsində bu həzinliyi, bu şirinliyi duymaq şair üçün mümkün deyildi:
Oxu, bir aram-aram,
Oxu, bir həzin-həzin,
Oxu, göylər uyusun,
Oxu, dağlar titrəsin...
Araz yadıma düşüb,
Hər teli min havalı,
O saz yadıma düşüb! (17, 94)
“Araz yadıma düşüb” şeiri Məmməd Arazın şair dostu Azərbaycanın cənubunda doğulmuş Söhrab Tahirə ithaf edilmişdir. Moskva çayının sahilində gəzdikcə şairin xəyalları Arazın sularında yuyunub durulurdu. Bu yerlər nə qədər cazibəli olsa da, Araz sahili qədər doğma deyildir. Şeirdə həm də cənub həsrəti vardır. Axı, Söhrab Tahir də Araz sahilindən vətənə qürbət kimi baxmağa məcbur edilmiş vətən oğludur.
Arazdan yazdığına görə şairi qınayanlar da tapılırdı, “Arazdan çox yazırsan”- deyə tənqid edirdilər. Sovet rejiminin tüğyan elədiyi illərdə Arazdan yazmaq asan iş deyildi, böyük cəsarət və hünər tələb edirdi. Məmməd Arazda isə bu cəsarət var idi. O, Nəsimi kimi əqidəsi yolunda soyula da bilərdi, ancaq Arazdan yazmaya bilməzdi:
Mənə deyir birisi:
“Çox yazırsan Arazdan.
Nə bilim, gahdan quzu,
Gahdan aslan Arazdan.”
Neyləyim mən, neyləyim?!
Qələm gəldi əlimə-
Araz gəlir dilimə (17, 106).
Şair adını çəkmədiyi nadanı, “sapı özümüzdən olan baltanı”, inandırmağa çalışırdı ki, Araz adi çay deyil, o, ana qədər əziz və müqəddəsdir. Araz “Avesta”dan belə qədim bir millətin tarixini özündə yaşadan canlı varlıqdır. Araz nəinki sevilməli, qorunmalı, saxlanmalıdır. O, babaların yadigarıdır. Arazın şahələrində Qıratın, Bozatın nəfəsi duyulur, nənələrin mülayim rəftarı, xoş gülüşləri, babaların dəmir iradəsi, sərtliyi hiss edilir:
Yox, Araz deyəndə mən,
Yalnız çay düşünmürəm!
Mənim tək baxsan ona,
Deməzsən adi sudur.
O, bir gəlin hörüyü,
Bir uşaq yuxusudur (17, 107).
Şair Arazdan ayrıla bilmirdi. Araz şairin xəyallarında, fikrində və yuxularında idi. Şair hər yerdə Arazı görürdü. Doğma Naxçıvan torpağında dolandıqca Araz da şairlə bir yerdə idi, hətta sahil boyunca bitmiş çinarlar şairin əlinə, sahillər dodaqlarına bənzəyirdi:
Sahilin – dodağıma,
Ləpən dilimə bənzər.
Sahil boyu çinarlar,
Yazan əlimə bənzər (17, 283).
1967-ci ildə yazdığı “Araz üstə çinar gördüm” (18, 17) şeirində Məmməd Araz, Araz çayının sahilində bitmiş qoşa çinardan söhbət açmışdır. Qoşa çinarlar iki sevgili kimi yarpaqları ilə öpüşürlər. Onlardan biri bir az gövdəlidir, ucadır, o biri isə nazikdir, incədir və gövdəli çinara qısılıbdır. Şairə elə gəlirdi ki, çinarlar lap təzəcə toy eləmiş cavanlardır. Əl-ələ verib şənlik edirlər, gecələr ulduzlara dalıb, qucaqlaşıb yatırlar. Şair bu xoşbəxtliyin qarşısında bir qorxu hissi də keçirirdi, əli baltalı, qazmalı adamlar bu çinarların xoşbəxtliyinə qənim kəsilə bilərlər:
Qorxdum, qorxdum onların
Bu sevgisini yaralayarlar.
Budaqları, gövdələri, qişələri,
Bir-birindən aralayarlar (18, 18).
Məmməd Arazı qorxudan hiss, Araz çayının adına deyilən bir vətəni parçalayıb iki əsrlik yaratdığı hicran hissidir. Burada Məmməd Arazın şair dostu Söhrab Tahirin də bu qorxu hissi ilə bağlı yazdığı şeirdən bir beyt misal gətirmək yerinə düşər:
Azad qardaşım var, onunla xoşam.
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam.
Çöpü də ikiyə bölmərəm daha (147, 7).
Vətənin Araz boyunca ikiyə bölünməsinin ağır nəticələri xalq təfəkküründə bəzən Araza qarşı bir qəzəbli, qarğışlı deyimlərin formalaşmasına səbəb olmuşdur. İmperiyaların apardığı işğalçı müharibələr xalqımızın həyat tərzinə məhrumiyyətlər, aclıq, səfalət, qarətçilik, dağıntılar gətirmişdir. Uzun zaman yaralarını sarıya bilməyən insanlar da bu bəlaların səbəbkarı kimi Araz çayını günahlandırmışlar:
Şərmisən, xeyirmisən?
Qılıncın səyirmisən!
Qolun qurusun, Araz,
Vətəni ayırmısan (72, 58).
Və ya:
Araz, Araz budumu,
Araz dolu sudumu.
Quruyasan, ay Araz,
Olasan su udumu (54, 75).
Yaxud, ikiyə bölünmə ilə əlaqədar birbaşa ruslara qarşı deyilmiş bayatılar da var, məsələn:
Urus, öləsən, urus,
Gözə gələsən, urus.
Səni də bölən ola,
Onda biləsən, urus (131).
Gətirdiyimiz nümunələrdən aydın olur ki, uzun müddətli bir hicranın mərkəzində coğrafi şəraitə görə Araz çayının dayanması elə onun da adına bu tipli deyimlərin, şeirlərin yaranması ilə nəticələnmişdir. Məmməd Araz da bir vətəndaş kimi hər dəfə Araz çayının qırağında çəkilmiş dəmir tikanlı, simli sərhəd dirəklərini gördükcə, bu tikanlı simlər sanki ürəyinə batır, onu ağrıdırdı. Şair ayrılığın nə zaman sona yetəcəyini gözləyir, təsəlli verəcək bir xəbər, ümid intizarında idi. Nəhayət, şair Araz çayının üzərində su elektrik stansiyası tikilməsi xəbərini eşidir. Bu xəbər şairi sevindirir, azacıq da olsa, ürəyində təsəlli xarakterli ümid yaranır, qəlbinin ağrıları bir qədər səngiyir, heç olmasa sahillərdə işıq yanacaqdı, müdhiş qaranlıqlar boğulacaqdı. “Arazın işıqları” bu sevincin, bu təsəllinin ifadəsi kimi yazılmışdır:
Alqışlar çaylar səni,
Həftələr, aylar səni.
Yükün işıq yüküdür,
Yormaz bu taylar səni (18, 19).
Bu sevinc, bu təsəlli ötəri olsa da, belə, bir müddətdən sonra Araz yenə də şairin yuxularına gəlir. Amma indiki Arazda bir qədər toxluq vardır. Daha Araz ağlayıb sızıldamır, şair də, Araz da özündə bir cəsarət tapır, gələcəyə inam hissi ilə baxırlar:
Bu gecə yuxumda Arazı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı, “cəsarətlə keç!” (19, 51)
Məmməd Arazın təcəssüm və tərənnüm etdiyi Araz obrazı öz mükəmməl poetik ifadəsini “Araz dili” (19, 136) şeirində tapmışdır. Şeirə epiqraf kimi belə bir bənd verilmişdir: “Eyham toru tullayanda Araza, hörmət səddi tapdanmasın arada”. Şair Məmməd Araz ilə Araz çayı qarşı-qarşıya dayanır. Şair Arazı, Araz da şairi qınayır. Hər kəs özünü haqlı sayır. Bir dərə üstündə mübahisə düşür, Araz da “mənim” deyir, şair də “mənim” deyir. “Mən səninəm”, “sən mənimsən” deyə bilmirlər. Yaxşı ki, onların səsini özlərindən başqa kimsə duya bilmir. İki Araz bir-birini qınasa da, sonda bir-birini başa düşürlər, dil tapıb danışa bilirlər. Bu anlaşmadan sonra şair kükrəyib daşaraq Araz dilində şər qüvvələrə müraciət edirdi:
Səninləyəm, şər oğlu şər, səninlə,
Özü tikan, adı bəşər, səninlə.
Bu sərhəddə çox təzadlar görmüşəm,
Yad doğmalar, doğma yadlar görmüşəm (19, 137).
Araz dilində danışmaq elə belə ola bilərdi. Arazın dili qəlizdi, hərdən sakit, lal olsa da, bəzən kükrəyib daşır, qabağına keçən nə varsa vurub yıxır, süpürüb dərələrə doldurur. Zamanı gələndə şər qüvvələri də öz ağuşuna alıb dərin dərələrdə qərq edəcək, nə itin dana kimi böyürməsinə, nə dananın it kimi hürməsinə baxmayacaqdır. Şairin ürəyindən keçən arzu da elə budur.
Məmməd Arazın Araz sevgisinin sərhədlərini müəyyənləşdirmək çox çətindir, ancaq məqsədimiz bu sevginin bəzi məqamlarından danışmaq, “Araz axır” (20, 44) poemasında müəllifin oxuculara anlatmaq istədiklərini, üstüörtülü, rəmzlər, simvollar vasitəsi ilə əhatələnmiş məsələlərin mahiyyətini çatdırmaqdan ibarətdir. Öncə poemanın adına nəzər salaq: “Araz axır”. Azərbaycan Respublikasının çox böyük, əvəzedilməz sənətkarı, xalq artisti, mərhum Rəşid Behbudovun oxuduğu bir xalq mahnısı vardı: - “Qadan alım” (55, 79). Mahnı üç bənddən ibarətdir, hər bənd də Araz sözü ilə başlayır:
Araz axır lil ilə,
Ay qız, ay qız, amandı.
Dəstə-dəstə gül ilə
Qadan alım.
Mən yarımı sevmişəm,
Ay qız, ay qız, amandı.
Şirin-şirin dil ilə,
Qadan alım (55, 79).
Bu mahnının yaşını dürüst təyin edə bilməsək də, bu nisgilin XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Araz çayı boyunca ikiyə bölündüyü zamanlardan gəldiyinin qənaətindəyik. Mahnıda açıq-aydın şəkildə verilmiş həsrət yanğısında iki sevgilinin timsalında namərd qılıncı ilə ara-sında sərhəd çəkilmiş bir millətin dərdi, kədəri əks olunmuşdur. Bu mahnınn məğzi ilə Məmməd Arazın poemasının adında olan oxşarlıq başlanğıcdan özünü büruzə verir. Poema belə başlayır:
Sahildə nəfəs dərib,
Sahildə durdu qatar.
Elə bil ürəyimi,
Araza tulladılar (20, 45).
Ayrılığın ilk vaxtları Araz sevgililərin o tay-bu taydan atdıqları gül dəstələrini aparırdısa, artıq indi aşiqlərin qəlbini, arzusunu da özü ilə axıdır, aparır. İlk vaxtlar sevgililər hələ birləşmək ümidi ilə bir-birlərini şirin dillə danışdırıb, təsəlli alırdılarsa, indi onlar təlatümə gəlmiş, həyəcan və çılğınlıqla haray salır, nicat istəyirlər. Bu tayda şairin lirik qəhrəmanı o tayda sevgilisi Ayrıgülün Arazda qərq olduğunu görüncə sahil boyu qaçır, Ayrıgülünü xilas etməyə çalışırdı:
Bu zaman dimdiyi qan,
Bir qaraquş göründü.
Qaraquş şığıyaraq,
O qızın üstə endi.
Alaraq ürəyimi,
Öz əqrəb caynağına,
Uçdu, uçdu deyəsən,
lap Dəmavənd dağına (20, 46).
Şair Ayrıgülün Arazda batmasını göydə ulduzun axması ilə müqayisə edirdi. Qədim zamanlardan süzülüb gələrək deyimlərdə formalaşmış “hər kəsin bəxt ulduzu var” və yaxud “filankəsin ulduzu axdı” ifadələrindən doğan ideya istiqaməti müəllifin düşüncələrini qarışdırırdı. Axan ulduz Ayrıgülün bəxt ulduzu idimi? Bu ulduz Ayrıgülün bəxt ulduzu idisə, bəs lirik qəhrəmanın bəxt ulduzu haradadır? Bu zaman gözlənilməz hadisə baş verir. Dimdiyi qıpqırmızı qan olan bir Qaraquş şığıyaraq Ayrıgülü caynağına alıb, aparıb Dəmavənd dağının başına qoyur. Dəmavənd dağı nağıllardan bildiyimiz kimi, divlərin məskənidir, gedər gəlməz yerdir. Qaraquş da xilasedici rolunu oynayan Səməndər və ya Simurq quşu (40; 44; 45; 46; 52) deyil, Qaraquş dimdiyi qıpqırmızı qan içən vəhşi quşdur ki, rusların ikibaşlı qartalına çox oxşayır. Müəllif əsatir yönlü motivlərdən istifadə etməklə poemanın başlanğıcında, əslində, məram və məqsə-dini oxucuya çatdırmağa çalışırdı.
Poemanın tikinti mühəndisi olan romantik qəhrəmanı İkinci Cahan müharibəsinin davam etdiyi vaxtlarda ordu sıralarında Arazın o tayına, Cənubi Azərbaycana gedir, bu nahaqdan başlanmış, bəşəriyyəti zəlil günə salmış müharibənin bitməsi üçün Qərbə yollanan hərbi hissələrlə birlikdə hərəkət edir. İkinci Cahan müharibəsi başa çatar-çatmaz Təbrizə gedən yollar bağlanır. Mühəndisin Təbrizdə olarkən tanış olduğu, sevdiyi Ayrıgülə qovuşmaq istəyinin qarşısına tikanlı simlərdən çəpər çəkilir. Xəyallarında hər gecə Təbrizdə gözəl Ayrıgülünə qovuşan lirik qəhrəman Araz boyu çəkilmiş tikanlı məftillərin, sərhəd dirəklərinin heç yaxınına da gedə bilmir. Onun qarşısını kəsən əsgərə nə qədər məhəbbət haqqında danışsa da, əsgər onu anlamır, başa düşmür, lirik qəhrəman həyatın və zamanın bu acı reallığı qarşısında aciz qalır, həyəcanlanır, xəyallar aləmində qurduğu məhəbbət səltənəti darmadağın olur.
Şair “Araz axır” poemasında lirik qəhrəmanının daxili aləmini bir neçə aspektdə işıqlandırmağa, sevmək, döyüşmək və yaratmaq motivini bu şəxsin simasında ümumiləşdirməyə çalışmışdır. Poemada qeyd edilir ki, Cənubi Azərbaycandan yadelli işğalçılar qovulduqdan sonra lirik qəhrəmanın tərkibində olduğu hərbi hissəyə Qərbə hərəkətə başlamazdan qabaq Təbrizdə beş gün dincəlmək üçün icazə verilir. Lirik qəhrəman burada Ayrıgülün eşq qaynayan gözlərinin hədəfi olub yaralanır:
Biz Qərbə dönməliyik,
Əlvida, qoca Təbriz!
Komandir dedi: “Beş gün
Dincələcək hissəmiz”.
Orda bağlandı, bəli,
İlk peymanım, ilk andım.
Mən orda döyüşsüz,
Gülləsiz yaralandım (20, 53).
Şair lirik qəhrəmanının Təbrizdə rüşeym şəklində başlayan ilk məhəbbətini daha da yüksək zirvələrə qaldırmış, insanlığın amalına çevirib bəşəri məzmun vermişdir. Müəllif yeri gəldikcə folklordan gələn notları da poemada işlətməklə sevgililərin daxili aləmini, xarakterlərini açmağa çalışmışdır. Ayrıgül sevsə də, onun qəlbinə bir nigarançılıq hakim kəsilibdir, atasının ərbaba borclu olduğuna görə onu aparacaqlarından qorxur; burada həm də feodal İranında yaşayan türk qadınının hüquqsuzluğunun, həm də bu qadının bir əşya kimi alınıb satıldığının şahidi oluruq. Ayrıgülün adında da sevən qızın qismətinin cizgilərini müşahidə edirik. Ayrıgül sevgilisindən ayrı düşmüş gül kimi mənalandırılmış bir ifadədir:
Mən onun gözlərində,
Qəm oxudum bir səhər.
-Nahaq sevirsən məni,
Məni sənə verməzlər (20, 55).
Min illərdir aşiqlərin dilindən düşməyən “Sarı gəlin” (55, 163) xalq mahnısında rastlaşdığımız Sarı gəlinlə Ayrıgülün hüquqsuzluğu qoşa qanad kimi bir-birinin oxşarıdır. Bu tale oxşarlığı təkcə lirik qəhrəmanı deyil, şairi də incidən fraqmentlərdəndir:
Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər.
Sarı gəlin (55, 163).
Ayrıgül nə qədər hüquqsuzdursa, taleyin onların qarşısında qoyduğu hökmün məhkumudursa, əsərin qəhrəmanı da taleyinə hakim deyil. O, bir əsgərdir, komandirin tapşırığı ilə indi Avropaya döyüşə getməlidir. Lirik qəhrəman döyüşə yollanır, gözüyaşlı Ayrıgüllə vidalaşarkən ona ancaq təsəlli verə bilir:
Salamat qal, sevgilim,
Salamat qal, gedirəm.
Ölsəm - qara torpağın,
Qalsam - yalnız səninəm (20, 56).
Məmməd Araz İkinci Dünya müharibəsinin reallıqlarını, bu reallıqların fonunda nakam bir sevgini orijinal bədii ifadə vasitələri ilə əks etdirmiş, cənub həsrətini, Vətən məhəbbətini xüsusi olaraq vurğulamış, bütün bəşəriyyətin diqqətini sülh uğrunda mübarizəyə cəlb etməyə çalışmışdır. Poemada müharibəyə nifrət, sülhə çağırış, dinc həyat tərzinin, birgə yaşayış prinsiplərinin təbliği lirik ricətlər vasitəsi ilə oxucuya çatdırılır. Bu mənada poemanın “müharibə olmasa” adlı lirik parçası diqqəti cəlb eləyir:
Sevənlər aləmində,
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi söz,
Sözü məhəbbət olar,-
Müharibə olmasa (20, 62).
İkinci Cahan müharibəsi qurtarır, poemanın qəhrəmanı ali təhsil alır, tikinti mühəndisi olur, ancaq sevgilisi ilə qovu-şa bilmir. Hətta Arazın şimalındakı sevgilisi ilə məktublaşdığına görə Ayrıgülü həbs edib, zindana salırlar. Həyatın amansız həqiqətləri, əzablı döngələri arasında çaşmış, çıxış yolunu ayırd etməkdə aciz qalmış lirik qəhrəman yenidən xəyallar aləminə qapılır, bəzən əfsanə qəhrəmanı Prometey kimi özündə güc, qüvvət hiss edib vuruşmaq, çarpışmaq istəyir, bəzən də işığa, küləyə dönüb sərhədləri keçmək, Ayrıgülünə qovuşmaq istəyir:
Mən sənin görüşünə,
Gələrəm işıq kimi (20, 67).
Göründüyü kimi, poemada müəllif işıq kultundan da istifadə etmişdir. Müəllifin fikrini açıqlamaq məqsədi ilə işıq kultu haqqında daha ətraflı şərh verməyi zəruri hesab edirik. Kamil Vəli Nərimanoğlunun “Özümüz, sözümüz” kitabında işıq kultu belə səciyyələndirilmişdir: “Bir səhər Oğuzun yurduna gün işığına bənzər bir işıq girdi. İçində boz tüklü, boz yallı erkək bir qurd göründü. Tanrı tərəfindən göndərilən bu qurd Oğuzun yol göstərən bələdçisi oldu, ordusunun qabağına düşdü” (155, 59).
İşıq, dastanlara səmavi aydınlıq verən, dini-bədii bir dastan ünsürüdür. Dastanların böyük qəhrəmanları; bu qəhrəmanlara qadınlıq və müqəddəs türk uşaqlarına analıq edən qadınlar, çox vaxt ilahi bir işıqdan doğularlar: Yaradılış dastanında Tanrıya yaratma ilhamı verən Ağ ana işıqlı, hətta işıqdan bir qadın xəyalıdır. Tanrı Qara xanın özü üçün yaratdığı, on yeddinci göy qatı bir işıq aləmidir (78, 30-32).
Oğuz Xaqan dastanının baş qəhrəmanı Oğuz, anadan olduğu zaman, onun üzü mavi, yəni işıqlı idi. Oğuzun Gün, Ay, Ulduz adlı böyük oğullarını dünyaya gətirən ilk qadını, ətrafı qaranlıq basdığı zaman, göydən bu qaranlığı yararaq enən mavi bir işıqdan hamilə qalmışdı. Oğuzun uşaqlarını dünyaya gətirən bu ananın doğum anında gözləri parıldayır, üzünə gizli bir nur gəlirdi. Oğuz ordularına yol göstərən və dastan boyunca ordu önündə yeriyən göy tüklü, mavi yallı erkək qurd, bir səhər Oğuzun çadırına düşən bir işıqdan peyda olmuşdu. Oğuzun birinci qadınından olan uşaqlarının üçünün də adları Gün, Ay, Ulduz - işıq əlaməti daşıyan adlar idi (134, 60-69; 135, 40-45).
Şaman inancına görə əbədi səadət ölkəsi olan uçmaq (cənnət) da bir işıq aləmidir. Bu dinə görə, yerdən on yeddi qat göyə tərəf qalxdıqca aydınlanan bir nur aləmi vardır ki, bunun on yeddinci qatında göz qamaşdıran nurlu türk Tanrısı oturur. Yer üzündə yaxşılıq edən ruhlar da bədəndən ayrılanda bir quş şəklinə girərək, bu əngin nur aləminə uçurlar (73; 166; 167; 169).
Türklər tərəfindən uyğurlar dövründə qəbul edilən maniheizm dininin əsas tanrısı da yaxşılıq və işıq tanrısıdır. Bu dini türklərə qəbul etdirən Buğu xanın röyalarına girən “işıq şəklindəki” qız, eyni dinin məşhur nur və işıq bakirəsidir. Bütün bu işıqlı cizgilər, bizə əski türk inanc və estetikasında işığın necə mühüm bir ünsür olduğunu göstərməklə qalmır, həm də türklərin, xüsusən müsəlmanlıqdan sonra islam nurunu niyə belə ürəkdən mənimsədiklərini və bu nuru, ondan qaranlıqda qalmış ölkələrə yaymaq üçün, əsrlərcə, niyə bu yolda şəhidlik yarışına girdiklərini dərindən düşünməyə sövq edir (77; 175; 176).
Məmməd Araz özü də poemada işıq, ağac kultlarının adlarını heç də təsadüfən işlətməmişdir. Müəllifin arzusu əsatirlərdən gələn bu ideyaları reallaşdırmaq, sevgililəri qovuşdurmaq, işğalçı dövlətlərin apardığı amansız müharibələr nəticəsində bir-birindən ayrı düşmüş oğuz ellərini birləşdirmək, Arazın sinəsindən keçən tikanlı məftilləri, sərhəd dirəklərini tarixin xarabalıqlarına yollamaq, Arazı-Vətəni azad görmək idi. Müəllifin qəlbində Araz-Vətən sevgisi tüğyan edirdi. Bu Araz-Vətən sevgisinin məskunlaşdığı ünvan bütöv Azərbaycandır:
Araz yadıma düşüb,
Araz çay deyil yalnız.
Araz neçə milyonluq,
İnsanlardır, eldir o.
Göy kişnədən gürşaddır,
Dağ yıxacaq seldir o (20, 73).
Şairin təsvirlərindən aydın olur ki, keşməkeşli bir həyat tərzinin ağırlıqları ağarmış saçlarında öz əksini tapmış lirik qəhrəmanın son məqsədi Araz sahillərində evlər tikmək, o evlərdə xoşbəxt, azad vətən övladlarının yaşayışını təşkil etməkdir.
Məmməd Araz bir vətəndaş, nəhayət bir Azərbaycan türkü olaraq Araz çayı ilə bağlı idi. O, buradan işıq alırdı. Bu bağlılıq onun taleyindən bir işıq zolağı kimi keçirdi. Özünün də qeyd elədiyi kimi şairin həyatında haqqında xeyli söhbət açdığımız nur-işıq önəmli rol oynamışdır. 28 sentyabr 1993-cü ildə şairin 60 illik yubileyi akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində təntənə ilə qeyd olunduğu günün axşamı Naxçıvan televiziyasında çıxış edən Məmməd Araz demişdir: “Bu gün çox işıqlı idi. Mənə elə gəldi ki, nə vaxtsa bu işığı Naxçıvandan borc almışdım, indi isə geri gətirmişəm. Mən həmişə Naxçıvana gələndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən düzənliyə çıxanda qəribə hisslər keçirirdim. Bu işıq dənizini heç yerin mənzərəsi ilə müqayisə edə bilmərəm. Mənə elə gəlirdi ki, bu məqamda burada hər şeydə işıq var! – daşda da, torpaqda da, sularda da” (90, 109).
Məmməd Arazın Araz sevgisində, vətən sevgisində tərəddüd etmədən bildiririk ki, bir işıq - nur sevgisi var idi. Bu işıq - nur sevgisi isə şairin poetikasının zənginləşməsinin, al-əlvan rənglərin harmoniyasından yaranmış təkrarsız bir gözəllik çələnginin əsasını təşkil edirdi.
Dostları ilə paylaş: |