O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə13/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   ...   6   7   8   9   10   11   12   13   14

Ömər dedi: – Tamamilə doğrudur! Mən bu fikri icra etmək istəyirəm.

Bundan sonra o Həzrətin sözlərini bir neçə dəfə təəccüblə təkrar etdi və həddindən artıq sevindi.

Ömər Əli (ə)-dan, romalılarla müharibə barəsindəki nəzərini soruşduqda, buyurdu: – Allah-Taala müsəlmanların ərazilərini və sərhədlərini qorumağa, eyblərini örtməyə dair zəmanət vermişdir. Müsəlmanların sayının az olduğu zaman onlara kömək edən Allah (həmişə) diridir və heç vaxt ölməz! Əgər sən özün şəxsən düşmənə doğru hərəkət edib müharibədə məğlub olsan, ucqar yerlərdəki müsəlmanlar üçün (fitnə-fəsadın qarşısını almaq üçün) heç bir pənahgah və sığınacaq olmayacaq. Məsləhət görürəm ki, şücaətli və təcrübəli bir şəxsi düşmənə doğru göndərəsən, onun əsgərləri də səbirli, müqavimətli, moizə qəbul edən şəxslər olmalıdır. Əgər Allahın köməyi ilə düşmənə qələbə çalsalar, sənin arzun həyata keçmiş olar. Əgər məğlub olsalar, çox da mühüm bir iş olmaz. Çünki, özün müsəlmanların pənahı kimi sağ qalacaqsan.

Ömər iraqlı əsirləri satmaq qərarına gələndə Əli (ə) ona buyurdu: – Bunlar sizin üçün elə sərvətdir ki, onların mislini heç vaxt tapa bilməzsiniz. Əgər onları satsanız, bundan sonra müsəlman olanlar onlardan heç bir bəhrə almayacaqlar.

Ömər dedi: – Bəs nə edək?!

Əli (ə) buyurdu: – Onları (satmadan) öz halında saxlayın ki, müsəlmanlar üçün şövkət və əzəmət olsunlar.

Ömər öz qərarından döndü. Sonra Həzrət Əli (ə) Ömərə buyurdu: – Mən, bu əsirlərdən islamı qəbul edən hər bir şəxsdən öz payımı geri götürürəm.

Ömər tarixin necə yazılması barəsində camaatla məşvərət etdi. Əli (ə) ona buyurdu: – Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in hicrət gününü tarixin əvvəli seç və o Həzrətin sağlığında olduğu kimi tarix vur. Çünki Peyğəmbər (s.ə.v.v) rəbiül-əvvəl ayında Mədinəyə daxil olduğu zaman göstəriş vermişdi ki, tarixi yazsınlar. Camaat da tarixi o Həzrətin Mədinəyə daxil olduğu gündən hesab edirdilər.

Qadisiyyənin və Dəməşqin fəth olunması xəbəri Ömərə çatdıqda camaatı bir yerə toplayaraq onlara dedi: – Mən, xəlifə olmazdan qabaq tacir idim, amma siz məni xəlifə etdiniz. Halbuki, öz aylığımı məsrəf etməkdə Beytül-maldan nə qədər götürmək lazım olduğunu bilmirəm!

Orada hazır olanlardan hər biri müəyyən məbləğ dedi. Əli (ə) bir tərəfdə sakit oturmuşdu. Ömər ondan soruşdu: – Ya Əli, sənin nəzərin nədir?

Həzrət buyurdu: – Özünün və ailənin həyat və məişətini layiqli tərzdə təmin edəcək miqdardan artıq götürməyin rəva deyildir.

Hamı dedi:–Düzgün rəy Əliyyibni Əbi Talibin rəyidir.

Təlhə deyir: Bir qədər malı Ömərin yanına gətirdilər ki, müstəhəqlərin arasında bölüşdürsün. Ömər malı bölüşdürdü, amma bir miqdarı qaldı. Bu barədə Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir neçəsi ilə məşvərət etdi, onların hamısı dedi: – Artıq qalanını özün üçün götür, çünki onu sahibləri arasında bölüşdürsən, hamısına əhəmiyyətsiz hesab olunan miqdarda çatacaqdır.

Əli (ə) Ömərə dedi: – Bu miqdarı da sahibləri arasında bölüşdürməlisən, az-çoxluğunun arasında heç bir fərq yoxdur.

Ömər dedi: – Sizin bu yol göstərməyiniz mənə əta etdiyiniz digər bir nemətdir, halbuki, heç birinin əvəzini verməmişəm.

Müsəlmanların iranlılarla apardığı müharibələrdə əldə olunan qənimətlərdən biri də üzərində hər növ əyləncəli və gözəl mənzərəli rəsmlərin həkk olunduğu iranlı padşahlara məxsus "Bəhari-kəsra" adlı nəfis bir xalça idi. Şahlar qış fəslində ağaclar, güllər və reyhanlar quruyan zaman onun üzərində oturur, onun üzərində eyş-işrət dəstgahı açırdılar. Onun eni və uzunluğu 60x60 zira (təqribən 30 metr) idi və cürbəcür zinət əşyaları, ləl-cəvahirat və qızılla bəzədilmişdi.

Səd ibni Əbi Vəqqas qənimətlərin beşdə birini Ömər üçün göndərəndə müsəlmanlardan istədi ki, özlərinin "Bəhari-kəsra"dan olan paylarından keçsinlər, sonra onu Ömərə göndərdi. Ömər onu nə edəcəyini bilmirdi. Bir neçə nəfərlə məşvərət etdi. Onlardan bəziləri "özün üçün saxla" - dedilər, bəziləri isə onun ixtiyarını Ömərin özünə həvalə etdilər. Amma Əli (ə) Ömərə buyurdu: – Nə üçün yəqinini şəkkə döndərir və özünü cəhalətə vurursan?! Onu müsəlmanların arasında bölüşdürməlisən, çünki onu bu halda saxlasan, gələcəkdəkilər onu öz əllərinə keçirəcəklər, halbuki, hazırkı müsəlmanlar ondan istifadə etməyə daha haqlıdırlar.

Ömər o Həzrətin sözünü təsdiq edərək xalçanı müsəlmanların arasında bölüşdürdü.

Həmçinin, Əli (ə) Peyğəmbər (s.ə.v.v) səhabələrinə o Həzrətin mübarək cəsədinə necə namaz qılınacağı, eləcə də necə və harada dəfn olunacağı barədə yol göstərdi. Beləliklə də onların arasında mövcud ixtilafları aradan qaldırdı. Mərhum Şeyx Mufid "İrşad" kitabında belə qeyd edir: Müsəlmanlar Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in cəsədinə kim tərəfindən namaz qılınması, harada dəfn olunması barədə ixtilafa düşmüşdülər. Nəhayət, Əli (ə) onların yanına gəlib buyurdu: "Peyğəmbər (s.ə.v.v) hər bir halda – istər sağlığında, istərsə də vəfatından sonra bizim imam və rəhbərimizdir. (Ona namaz qılmaqda) imama ehtiyac yoxdur." Müsəlmanlar dəstə-dəstə gəlir, o müqəddəs cənazəyə namaz qılıb qayıdırdılar. Həmçinin buyurdu: "O Həzrətin dəfn olunma yerinə gəldikdə isə, Allah-Taala heç bir peyğəmbəri, elə bir məkanda qəbzi-ruh etmir ki, o məhəlli onun dəfn yeri kimi seçməmiş olsun. Mən o alicənab insanı vəfat etdiyi hücrədə dəfn edirəm."

Müsəlmanların hamısı o Həzrətin nəzərini qəbul etdilər.

Qoca bir kişi Bəkr ibni Vaildən belə nəql edir: "Siffeyn" müharibəsində Əli (ə) ilə birlikdə idim. Gördüm ki, Əmr As düşmən ordusunun arasında qara bir bayrağı nizəsinin ucuna vurub qaldırıb. Camaatdan bəzisi deyirdi: "Bu, Peyğəmbəri-Əkrəmin Əmr As üçün bağladığı bir bayraqdır." (Yəni, onun haqq olduğunu göstərir). Bu söz-söhbət camaat arasında dolaşdı və nəhayət, Əli (ə)-ın qulağına çatdı. Həzrət camaata buyurdu: – Bu bayrağın əhvalatının nə olduğunu bilirsinizmi?! (Bir gün) Rəsuli Əkrəm (s.ə.v.v) onu Əmr As üçün bağlayıb buyurdu: "Kim bu bayrağı götürər və onun şərtlərinə əməl edər?!" Əmr As soruşdu: "Onun şərtləri nədir?" Peyğəmbər (s.ə.v.v) buyurdu: "Bir şərti budur ki, onunla müsəlmanların müharibəsinə getməyəsən, digər şərti budur ki, kafirlərlə cihaddan fərarilik etməyəsən." Əmr As onu götürdü, amma o iki şərtdən heç birinə əməl etmədi. Allaha and olsun, o həm müşriklərlə cihaddan qaçdı, həm də bu gün müsəlmanların müharibəsinə gəlmişdir. İnsanları yaradan, çərdəyi yaran Allaha and olsun ki, bunlar İslamı heç vaxt qəbul etməmişlər, lakin çarəsizlik üzündən (zahirdə) İslamı qəbul etmiş, küfrü isə (qəlblərində) gizlətmişlər. Hər vaxt özləri üçün köməkçi tapsalar, yenə də, əvvəldə olduğu kimi, düşmənçilik izhar edərlər, əks halda zahirdə namazı heç vaxt tərk etməmişlər.

"Tarixi-Təbəri"də belə qeyd olunur: Müğeyrə ibni Şöbə iddia edirdi ki, camaat içərisində Peyğəmbərlə ən yeni əhd-peyman bağlamış (vidalaşan sonuncu) şəxsdir. O, deyirdi: "Mən üzüyümü Peyğəmbərin qəbrinə atdım ki, bu bəhanə ilə qəbrə daxil olum və onun bədəninə əl sürtüm ki, ondan ayrılan ən axırıncı adam olum."

Təbəri Əbdüllah ibni Hərəsin belə dediyini nəql edir: "Ömərin, yaxud Osmanın xilafəti dövründə ümrə əməllərini yerinə yetirmək üçün Əli (ə)-la birlikdə Məkkəyə getdim. O həzrət öz bacısı Ümmü Haninin evində qalırdı. Ümrə əməlləri qurtardıqdan sonra evə qayıtdı, qüsl etdi. Bu zaman bir dəstə iraqlı o Həzrətin yanına gəlib soruşdular: – Sizə bir sualımız vardır.

İmam (ə) buyurdu: – Zənnimcə, Müğeyrənin sizə dediyi "Peyğəmbərlə vidalaşan axırıncı şəxs mən olmuşam" - cümləsini soruşmaq istəyirsiniz?

Dedilər: – Bəli.

O Həzrət buyurdu: – Yalan deyirlər! Peyğəmbər (s.ə.v.v)-lə vidalaşan axırıncı şəxs Qəsəm ibni Abbasdır. O, bizim içimizdə Peyğəmbər (s.ə.v.v)-in qəbrindən çıxan axırıncı adam idi.

İmam Məhəmməd Baqir (ə) buyurur: – Bir gün Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı. Əli (ə) da onların arasında idi. Ömər ayaqqabının üstündən məsh çəkmək barəsində onlardan soruşduqda, Müğeyrət ibni Şöbə dedi: – Mən Peyğəmbərin ayaqqabılarının üstündən məsh çəkdiyini gördüm.

Əli (ə) buyurdu: – "Maidə" surəsi nazil olandan əvvəl idi, ya sonra?

Müğeyrə: – Bilmirəm.

Əli (ə) buyurdu: – Quran məsh etməyin hökmünü belə bəyan etmişdir ki, ayaqların üstünə çəkilməsi vacibdir. Bu hökmü əhatə edən "Maidə" surəsi Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in vəfatından 2-3 ay qabaq nazil olmuşdur.

Siffeyn müharibəsindən sonra Zətt əhalisindən (Sudan-Hind əhalisindən olan bir irqdəndir) yetmiş nəfər Əli (ə)-ın yanına gəldi. Salam verdikdən sonra Əli (ə)-la öz dillərində danışdılar, Həzrət də elə onların dillərində cavab verdi. Onlar öz sözlərində Əli (ə)-ı ilahiləşdirdilər. Həzrət onlara buyurdu: – Mən Allah deyiləm, əksinə, Allahın bəndələrindən biriyəm!

Onlar qəbul etmədilər və öz əqidələrinə dair israr etdilər. Nəhayət, Əli (ə) onların başçısına dedi: – Əgər bu əqidənizdən əl çəkməsəniz və tövbə etməsəniz sizi öldürəcəyəm!

Lakin nə qədər moizə edib öyüd-nəsihət verdisə də, onlara azacıq belə, təsir etmədi. Əli (ə)-ın göstərişi ilə bir neçə böyük çala qazdılar, aralarında deşik açaraq bir-biri ilə əlaqələndirdilər. Sonra onların hamısını çalalara salıb üstünü örtdü. İçində heç kəs olmayan çalada od yandırdı və tüstü vasitəsi ilə hamısını həlak etdi.

Əmirəl-möminin Əli (ə) Ənzət tayfasından olan Ümmü Əmrin evində idi. (Ümmü Əmr, Həzrət Əli (ə)-ın həyat yoldaşlarından biridir.) Qənbər o Həzrətin yanına gəlib dedi: – On nəfər evin qapısına gəlmişdir və sizi "Allah" adlandırırlar.

Əli (ə) Qənbərə buyurdu: – Onları bura gətir!

Onlar Əli (ə)-ın yanına gəldikdə Həzrət buyurdu: – Nə deyirsiniz?

Ğülat:–Sən bizim pərvərdigarımız, yaradanımız və ruzi verənimizsən!

Əli (ə):–Vay olsun! Belə deməyin, mən də sizin kimi, Allahın bir məxluquyam!

Onlar qəbul etmədikdə Əli (ə) yenidən buyurdu: – Vay olsun sizə! Mənim və sizin Pərvərdigarınız Allahdır. Tövbə edib bu əqidədən əl çəkin!

Ğülat: – Sən bizim pərvərdigarımız, ruzi verənimiz və xaliqimizsən!

Əli (ə) Qənbərə buyurdu:–Get bir neçə fəhlə gətir.

Qənbər on fəhlə gətirdi, hamısının da yer qazmaq üçün bel-külüngü var idi. Əli (ə) onlara göstəriş verdi ki, dərin bir çala qazsınlar, içinə odun töksünlər və böyük bir tonqal qalasınlar. Od şölə çəkdiyi zaman onlara dedi: – Vay olsun sizə! Tövbə edib öz əqidənizdən əl çəkin!

Dedilər: – Heç vaxt əl çəkmərik!

Əli (ə) onların hamısını tədrici olaraq oda atdı, sonra buyurdu: – Hər vaxt belə yaramaz iş müşahidə etsəm, od yandırıb Qənbəri çağıracağam!

Əmirəl-möminin Əli (ə) Ramazan ayı günlərində bir neçə nəfərin yanından keçərkən onların yemək yediyini gördü. Soruşdu: – Xəstəsiniz, yoxsa səfərdə?

– Nə xəstəyik, nə də səfərdəyik.

– Kitab əhlisinizmi?

– Xeyr.

– Onda nə üçün Ramazan ayının gündüzündə orucunuzu yeyirsiniz?



Onlar elə bir cavab verdilər ki, ondan "sən Allahsan" mənası başa düşülürdü. Əli (ə) onların məqsədini başa düşdükdə atdan endi, səcdəyə düşdü və hər iki üzünü torpağa sürtdü. Sonra onlara buyurdu: – Vay olsun sizə! Mən də Allahın bəndələrindən biriyəm.

Amma onlar bu sözə qulaq asmadan öz əqidələrində israr etdilər. Bu zaman Əli (ə) göstəriş verdi ki, bir-birinin yanında iki böyük çala qazsınlar. Biri üstü açıq, digəri isə üstü bağlı olsun. Onların arasında da baca qoydu, sonra onları ağzı bağlı olan çalaya saldı, digər bir çalada isə od yandırdı və tüstü ilə onları cəzalandırdı. Bu iş davam etdiyi müddət ərzində onları daim İslama dəvət edirdi. Lakin onlar qəbul etmədilər. Nəhayət, onun əmri ilə hamısını odda yandırdılar.

İbni Əbil Hədid "Nəhcül-Bəlağə"nin şərhində (c.1, s.425-426) belə qeyd edir: Əli (ə)-ın dövründə onu ilahiləşdirən və Allah adlandıran ilk şəxs Əbdüllah ibni Səba olmuşdur. Həzrət xütbə oxuyan zaman Əbdüllah ayağa qalxıb bir neçə dəfə ona "Sən Allahsan!" - deyə xitab etdi. Sonra o Həzrətin səhabələrindən bir neçəsi, o cümlədən Əbdüllah ibni Abbas, onun üçün vasitəçilik etdilər və dedilər: "Tövbə edərək öz əqidəsindən qayıtmışdır." Əli (ə) da onu bağışladı, bu şərtlə ki, Kufədən xaric olsun. Əli (ə)-ın şəhadət xəbəri Əbdüllah ibni Səbaya çatdıqda dedi: "Allaha and olsun, əgər onun beynini yetmiş qaba qoyub mənim üçün gətirsəniz, yenə də: "O ölməmişdir və bütün ərəblərin rəhbəri olmayınca da ölməyəcəkdir!" - deyəcəyəm." Bir neçə nəfər Əbdüllah ibni Səbanın sözlərinə iman gətirdi və onunla eyni əqidədə oldu. O cümlədən, Əbdüllah ibni Səbrət Həmdani, Əbdüllah ibni Əmr Kindi və s. Onların bəziləri əsassız dəlillərə və şübhələrə istinad edirdilər, o cümlədən Ömərin dediyi sözü dəlil gətirirdilər. Həzrət Əli (ə) ilahi qisas əsasında bir kişinin gözünü kor etdiyi zaman Ömər demişdi: "Allahın hərəmində bir gözü kor edən Allah əli barəsində nə deyə bilərəm?!"

Müəllif: İbni Əsir bu əhvalatı "Nəhayə" kitabında da qeyd edərək deyir: Bir nəfər təvaf halında müsəlmanların namuslarına baxırdı. Əli (ə) onun üzünə bir sillə vurdu. O kişi Ömərin yanına gəlib şikayət etdikdə, Ömər dedi: "O səni haqq olaraq vurmuşdur; Allahın gözlərindən biri sənə düşmüşdür." (Məqsədi Əli (ə)-ın gözü idi.)

O Həzrətin özü də buyururdu: "Allaha and olsun, mən Xeybər qalasını bəşər qüvvəsi ilə yox, əksinə, Allah tərəfindən olan bir qüvvə ilə açdım."

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) də "La ilahə iləllah vəhdəhu vəhdəh, sədəqə vədəhu və nəsərə əbdəh" (Allahdan başqa heç bir məbud yoxdur, yeganədir, vədəsinə əməl etdi və bəndəsinə kömək etdi) kəlamı barəsində buyurmuşdur ki, bütün (batil) dəstələri və partiyaları məğlub edən Əliyyibni Əbu Talib oldu. Çünki Əli onların başçılarını – Əmr ibni Əbdəvüddü qətlə yetirdiyi zaman vahimə onları bürüdü, hamısı qaçmağa başladı.

Amma xəvariclə aparılan cihada gəldikdə isə, bu cihadın keyfiyyətini də o Həzrətin özü ixtira etmişdi. Çünki onlar Peyğəmbər (s.ə.v.v)-in dövründə olmamışdılar ki, Peyğəmbər (s.ə.v.v) onların hökmünü aydın bəyan etmiş olsun.

İmam Sadiq (ə) buyurur: "Əli (ə)-ın qiblə əhli ilə (zahirdə müsəlman, əqidədə isə azğın olan qruplarla) apardığı müharibələr bərəkətli idi. Əgər onlarla müharibə etməsəydi, ondan sonra heç kəs bu qrupla nə edəcəyini bilməzdi."

İbni Təlhənin "Mənaqib" kitabında Şafeinin belə dediyi qeyd olunur: "Müsəlmanlar müşriklərlə cihad etməyin yolunu Peyğəmbər (s.ə.v.v)-dən, bağilərlə müharibə üslubunu isə Əli (ə)-dan öyrənmişdilər."

Əmirəl-möminin Əli (ə) Cəməl müharibəsində düşmənə qələbə çaldıqdan sonra öz köməkçilərinə buyurdu: "Müharibədən qaçanları təqib etməyin, yaralıları öldürməyin; öz evinə sığınanlar amandadırlar." Lakin Siffeyn müharibəsində heç bir istisna olmadan düşmənləri öldürürdü.

Əban ibni Təğlib, İbni Şərikdən soruşdu: – Nə üçün Əli (ə) Cəməl və Siffeyn müharibələrində iki müxtəlif üslub seçmişdir?

İbni Şərik dedi: – Çünki Cəməl müharibəsində müharibənin səbəbkarları olan Təlhə və Zübeyr müharibənin əvvəlində qətlə yetirildi. Lakin Siffeyn müharibəsində ordunun sərkərdəsi Müaviyə diri idi, əsgərləri bir yerə yığaraq onları müharibəyə vadar edirdi.

Cəməl müharibəsində şamlılar Əli (ə)-ın qoşu-nuna əsir düşəndə onlardan hansı biri Həzrətin köməkçilərini öldürməmişdisə azad edilir, əks halda qətlə yetirilirdi. Azad edilənlər də əgər ikinci dəfə müharibəyə gəlib əsir olsaydılar, onları da qətlə yetirirdi.

Həzrət Əmirəl-möminin Əli (ə) şamlılarla apardığı müharibədə əsir tutduğu hər kəsin silahını və minik heyvanını alır, onu and içdirirdi ki, bir daha düşmənə kömək etməsin. Bundan sonra azad edirdi.

Əmirəl-möminin Əli (ə) buyurur: "Hərgah bir müsəlman kafirlərə əsir düşsə və düşmənə yara varid etməmiş olsa, beytül-maldan fida verilərək azad edilmir. Lakin onun yaxın adamları istəsələr, öz mal-dövlətindən fida verərək onu azad edə bilərlər."

Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra xəlifə təyin etmək üçün Səqifədə yığıncaq təşkil etdilər. Bu zaman iştirakçılardan bir neçə nəfər Əli (ə)-ın yanına gələrək hadisəni xəbər verdilər. Həzrət buyurdu: – Ənsar xilafət barəsində nə deyir?

Cavab verdilər: – Onlar Qüreyşə dedilər ki, bir xəlifə bizdən olsun, bir xəlifə də sizdən.

Əli (ə): – Nə üçün onların cavabında demədiniz ki, Peyğəmbər tövsiyə etmişdir ki, ənsarın yaxşılarına ehsan olunsun, günahkarlarına güzəştə gedilsin?

Dedilər: – Bu mətləb ənsarın cavabı necə ola bilər?

Əli (ə): – Çünki, əgər xilafət ənsarın arasında olsaydı, Peyğəmbər (s.ə.v.v) onları başqalarına tövsiyə etməzdi. Bəs Qüreyş nə dedi?

Cavab verdilər: – Dedilər ki, onlar Peyğəmbərin şəcərəsindəndirlər və bu mənsəbi ələ keçirməkdə başqalarından irəlidirlər.

Əli (ə): – Bəli. Onlar bu şəcərəyə istinad etdilər, lakin onun səmərəsini zay etdilər.

Seyyid Rəzi (r.ə) "Nəhcül-Bəlağə"də qeyd edir ki, Əli (ə) "əvamun-nas" barəsində buyurdu: – Onlar həmin kəslərdir ki, onların bir yerə yığışmaları zərərli, dağınıq və pərakəndə vəziyyətdə olmaları isə xeyirlidir.

Bəziləri dedilər: – Bir yerə yığışmalarının zərəri məlumdur, lakin pərakəndə olmalarının xeyri necədir?

Həzrət buyurdu: – Çünki (pərakəndə vəziyyətdə olduqda) onların peşəçiləri və sənətkarları öz işləri ilə məşğul olurlar, camaat da onlardan bəhrələnirlər.

Əmirəl-möminin Əli (ə) buyurur: "Agah olun, haqq ilə batilin arasında dörd barmaqdan artıq fasilə yoxdur." Bunun mənası barəsində soruşulduqda, Həzrət əlin dörd barmağını bir yerdə gözü ilə qulağı arasına qoyub buyurdu: "Batil odur ki, "eşitdim" - deyəsən, haqq odur ki, "gördüm" - deyəsən."

Əbu Cüheyfə deyir: Ürvə Bariqi, Səid ibni Vəhəbin yanına gəlib ondan gördüyü şeylər barəsində sual etdi. Mən onların söhbətini eşidirdim. Səid dedi: – Müxnəf ibni Səlim məni Əli (ə)-ın yanına göndərdi. Mən Kərbəlada gördüm ki, o həzrət əli ilə bəzi yerlərə işarə edib buyurur: "Buradır, buradır." Bir nəfər o Həzrətdən soruşdu: – Ya Əmirəl-möminin! Burada nə olacaq?

Buyurdu: – Burada Ali-Məhəmmədin karvanının yükləri endiriləcək. Vay olsun sizdən onların halına! Vay olsun sizə onların halından!

Bir nəfər soruşdu: – Məqsədiniz nədir, ya Əli?

Buyurdu: – Vay olsun sizdən onların halına ki, onları öldürəcəksiniz; vay olsun sizə onlardan ki, onları öldürdüyünüzə görə Allah sizi cəhənnəmə aparacaqdır.

"Qeybəti Nomani" kitabında İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: "Əli (ə) Kufə minbərində buyurdu: – Sizin qarşınızda zülmətli, kor və müəmmalı bir fitnə olacaqdır ki, novmə şəxslərdən başqa heç kəs ondan nicat tapmayacaq.

Soruşdular: – Ya Əmirəl-möminin, "novmə" nədir?

Buyurdu: – O kəsdir ki, camaatı tanıyır, lakin camaat onu tanımır.

Əmirəl-möminin Əli (ə) Vəşşaya buyurdu: – Öz məhəllənizə get. Məsciddə bir-biri ilə dalaşan bir kişi ilə bir qadını görəcəksən. Onları mənim yanıma gətir.

Vəşşa deyir: Məscidə getdim, bir qadınla bir kişinin dalaşdığını gördüm. Onlara yaxınlaşıb dedim ki, Əli (ə) sizi istəyir. Birlikdə o Həzrətin yanına getdik. Əli (ə) cavana buyurdu: – Bu qadınla nə işin var?

Cavan: – Ya Əmirəl-möminin! Mən bu qadına mehriyyə verib öz əqdimə keçirmişəm. Ona yaxınlaşmaq istəyəndə qan gördü və mən də öz işimdən heyrətə daldım.

Əli (ə) cavana buyurdu: – Bu qadın sənə haramdır. Sən heç vaxt onun əri olmayacaqsan!

Camaat bu sözü eşitməklə heyrətləndilər. Əli (ə) qadına buyurdu: – Məni tanıyırsanmı?

Qadın: – Adınızı eşitmişəm, lakin indiyə qədər görməmişəm.

Əli (ə): – Sən filankəsin qızı filankəs və filan-kəsin nəvələrindən deyilsənmi?

Qadın: – Allaha and olsun ki, belədir.

Əli (ə): – Filan kişi ilə gizlində müvəqqəti əqd oxudaraq izdivac etmədinizmi? Sonra bir oğlan doğdun, öz qohum-əqrəbandan qorxduğun üçün uşağı ağuşuna götürüb gecə ikən evdən çıxdın və gizlin bir yerdə oğlunu yerə qoydun. Onun qarşısında dayandın, ona məhəbbət göstərdiyindən həyəcanlı idin. Yenidən qayıdıb oğlunu götürdün və yerə qoydun, uşaq ağladı. Sən rüsvay olmaqdan qorxdun. Çölün quduz itləri sənin ətrafını tutmuşdu, sən də təşviş içində, narahatçılıqla gedib-qayıdırdın. Nəhayət, bir it sənin uşağının başı üstünə gəldi və onu qapdı, sən övladına olan şiddətli məhəbbətindən itə bir daş atdın və o daş uşağın başını yardı. Uşaq qışqırdı. Sən isə sübhün açılacağından və sirrinin ifşa olunacağından qorxub qayıtdın. Çox iztirablı halda əllərini göyə qaldırıb dedin: "Pərvərdigara, ey əmanətləri saxlayan!"

Qadın dedi: – Allaha and olsun ki, belədir! Mənim başıma gələn əhvalatları sizin dilinizdən eşitdiyim-dən heyrətdəyəm.

Əli (ə) cavana üz tutub dedi: – Alnını aç.

Cavan alnını açdı, Əli (ə) onun alnındakı daş yarasının yerini qadına göstərdi və buyurdu: – Bu oğlan sənin oğlundur. Allah bu əlaməti ona göstərməklə sənə yaxınlaşmamasını istəmişdir. Allahdan istədiyin kimi, O sənin övladını qoruyub saxlamışdır. Belə isə, Allaha şükür et.

İbni Abbas deyir: Ömər öz xilafəti dövründə bir gün sübh namazını qılmaq üçün məscidə gəldi. Gördü ki, bir nəfər mehrabda yatmışdır. Ömər öz qulamına dedi: – Onu oyat ki, namaz qılsın.

Qulam irəli getdikdə onun bədənində qadın paltarı olduğunu gördü. Ənsardan olan bir qadın olduğunu güman edərək onu tərpətdi. Lakin o tərpənmədi. Məlum oldu ki, qadın paltarı geymiş bir kişidir, başı da kəsilmişdir.

Ömər göstəriş verdi ki, cənazəni məscidin bir küncündə qoysunlar. Sübh namazını qıldıqdan sonra Əli (ə)-dan soruşdu: – Bu hadisə barəsində nəzəriniz nədir?

İmam buyurdu: – Ölünü dəfn edib gözləyin, həmin mehrabda bir uşaq da görəcəksiniz.

Ömər dedi: – Haradan bilirsən?

Əli (ə): – Qardaşım və həbibim Rəsulullah (s.ə.v.v) məni bu hadisədən agah etmişdir.

9 aydan sonra bir gün Ömər sübh namazını qılmaq üçün məscidə daxil olarkən gözlənilmədən uşaq ağlamağının səsini eşitdikdə dedi: – Allah, Onun Rəsulu və onun əmisi oğlu düz demişdir. (Sonra öz qulamına dedi:) Uşağı mehrabdan götür.

Namazdan sonra uşağı götürüb Əli (ə)-ın hüzuruna gətirdi. Həzrət buyurdu: – Ənsardan bir dayə tapın, uşağı saxlasın.

Uşaq məhərrəm ayında doğulmuşdu. Əli (ə) Ömərin qulamına buyurdu: – Uşağın dayəsini doqquz aydan sonra, Fitr bayramında bura gətirin.

Təyin olunmuş gündə uşağın dayəsini Əli (ə)-ın hüzuruna gətirdilər. O buyurdu: – Uşağı bayram namazı qılınan yerə apar. Hansı qadın səndən uşağı alsa və üzündən öpsə, ona deyəcək: "Ey məzlum və ey zülm görmüş qadının övladı! Ey zalım kişinin oğlu!" Sonra onu götürüb mənim yanıma gətir.

Dayə uşağı oraya apardı. Birdən eşitdi ki, arxadan bir qadın onu səsləyir və deyir: – Səni and verirəm Məhəmməd ibni Əbdüllahın haqqına, bir az dayan!

Dayə dayandı. Qadın çatıb, uşağı aldı və üzündən öpdü. Ona dedi: – Ey məzlum! Ey məzlum qadının övladı! Ey zalım kişinin övladı! Bu uşaq mənim ölmüş uşağıma nə çox oxşayır!

O qadın uşağı dayəyə qaytarıb getmək istəyəndə dayə onun ətəyindən tutdu. Qadın dedi: – Məni burax!

Dayə dedi: – Səni Əliyyibni Əbu Talibin yanına aparmayınca, buraxan deyiləm.

Qadın təşviş içində dedi: – Əli məni camaat arasında rüsvay edəcək. Əgər belə etsən, Qiyamət günündə səninlə düşmən olacağam!

Dayə onun sözlərinə qulaq asmadan onu aparmaq istədikdə qadın dayəyə dedi: – Məni burax, səni öz evimə apararam. Sənə iki Yəmən parçası, bir Səna hilləsi, üç yüz hicri dirhəm də verərəm.

Dayə qəbul etdi və qadınla birlikdə onun evinə getdi, mal-dövləti aldı. Sonra dayəyə dedi: – Əgər uşağı Qurban bayramı günündə gətirsən, yenə həmin qədər hədiyyə verəcəyəm.

Camaat bayram namazından qayıtdıqda Əli (ə) dayəni çağırdı və dedi: – Ey Allahın düşməni! Mənim tövsiyəmlə nə etdin?

Dayə dedi: – Heç kəsi görmədim.

O Həzrət buyurdu: – Bu qəbrin sahibinin haqqına and olsun ki, yalan deyirsən! (Bu zaman Peyğəmbər (s.ə.v.v)-in qəbrinə işarə edirdi.) O qadın gəlib uşağı səndən aldı, üzündən öpdü və sənə rüşvət verərək dedi: "Əgər Qurban bayramı günü onu gətirsən, yenə həmin qədər hədiyyə verəcəyəm."

Dayə əsməyə başladı və dedi: – Ey Allah Rəsulunun əmisi oğlu! Məgər qeybi bilirsənmi?

Əli (ə) buyurdu: – Allahdan başqa heç kəs qeybi bilmir, lakin bu hadisəni mənə Allahın Rəsulu xəbər vermişdir.

Qadın dedi: – Ən yaxşı söz düzgün sözdür. Əgər indi göstəriş versəniz, qadını gətirərəm.

Əli (ə) buyurdu: – O qadın səni evinə apardıqdan sonra dərhal başqa bir evə köçdü. İndi gözləməliyik, Qurban bayramı günü onu gətirəsən ki, Allah sənin təqsirindən keçsin.

Qadın dedi: – Baş üstə!

Qurban bayramı günü dayə həmin yerə getdi və o qadın da gəldi. Uşağı alıb üzündən öpdü. Sonra dayə dedi: – Gəl gedək, sənə vədə verdiyim hədiyyələri verim.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə