– Aman Allah! Siz necə sehrkarsınız!
Cip gülümsədi.
– Sizə iradə, aydınlıq, enerji, gözəl kompazisiya xoş gəlir. Eləmi? Budur, mənim daha bir
sevimlim.
Bu Messinin elə də böyük olmayan «Çarmıxa çəkilmə»si idi, nazik, hündür xaç, işıqlanmağa
başlayan toranlığın fonunda, arıq, itaətli, əzab çəkən İsa necə də yalqız və canlı idi.
– Bu, onun ideallaşdırılmış nəhəng rəsmlərindən daha çox məni təsirləndirdi. Hiss edirsən ki, o,
belə də olub. Ah! Bəs bu iki Françeska! Məgər onlar gözəl deyildilər?...
O, başını tərpətdi, ancaq gözləri deyirdi: «Siz də eləcə». Onlar intəhasız kətanların arasında iki
saat gəzdilər və həmişə, sanki, ikisi də o vaxt vaqonda olduğu kimi təkdilər. Cip onu evə ötürməyə
icazə verəndə o, yenidən sütunların altında donub qaldı. Günəş bura artıq aşağıdan düşürdü, göyərçinlər
lələklərini təmizləyirdilər, meydanda nəhəng sütunların və şirlərin fonunda tutqun və balaca adamlar
gəzişirdilər. O, bütün bunları görmürdü. Ona oxşar qadın yer üzündə yox idi! O, tamam başqa bir qız
idi, nəinki bu kübar qızlar və qadınlar! Qətiyyən bu riyakar adamlara oxşamırdı. Və tamamilə ağlında,
ancaq ali təhsil və seçmək hüququ olan «müasir» qadınlardan da deyildi… Tamam başqaydı! O isə qızı
lap az tanıyırdı. Hətta bilmirdi, o, nə vaxtsa sevibmi? Onun əri… indi haradaydı? Əriylə münasibətləri
nə yerdəydi? «Təkraredilməz, sakit, anlaşılmayan – bu o idi!» Nə vaxt ki, qız gülür, nə vaxt onun
gözləri… Ancaq qızın gözləri onun baxa bilməyəcəyi qədər ifadəliydi. Dodaqlarında təbəssüm,
rəsmlərə baxan qız necə də gözəldi! Dodaqlarıyla əgər ona toxuna bilsəydi! Ah çəkərək boz pillələrlə
günün altına çıxdı. İlin bu vaxtlarında həyatın gərginliyindən titrəyən London ona tamam boş göründü.
Sabah… Sabah yenidən qızı görə biləcəkdi!
IV FƏSİL
İstirahət günü, Sammerxey yanından gedəndən sonra Cip içində helitrop gülləri olan güldanının
yanında oturub, söhbətlərindən bəzi parçaları yadına salırldı.
«Missis Forsen, mənə özünüz haqda danışın».
«Siz nəyi bilmək istəyirsiniz?»
«Sizin ərə getməyiniz haqda».
«Mən qorxunc səhv elədim… Atamın iradəsinin əksinə olaraq, ərə getdim. Ərimi artıq bir neçə
aydı görmürəm və əgər məndən asılı olarsa, heç vaxt da görməyəcəyəm. Hə, bəsdirmi?»
«Siz onu sevirsiniz?»
«Yox».
«Məgər siz azad ola bilməzsiniz?»
«Boşanmaq prosesi! Br…r. Mən bunu bacarmazdım».
«Hə, mən bilirəm. Bu ürəkbulandırandır!»
Və o, qızın əlini elə möhkəm sıxdı!
Qız helitropun qoxusunu ciyərlərinə çəkdi və royala yaxınlaşıb çalmağa başladı. Atası qayıdana
qədər çaldı. Qızının onunla olduğu bu doqquz ayda, sanki, Uinton cavanlaşmışdı. Bir az şıq geyinməyə
başlamışdı, qısa saçlarına həmişə pomada sürtürdü.
– Ata, mister Sammerxey gəlmişdi. Sizi görə bilmədiyinə görə çox təəssüfləndi.
Ortalığa uzun sürən sükut çökdü.
– Şübhə edirəm, mənim əzizim, – o, nəhayət, dedi.
Demək, ona hansısa bir kişiylə dostluq eləmək lazım gəlirdi ki, buna bənzər uzun sürən sükut
olsun. Atasının ona diqqətlə baxdığını hiss eləyən qız soruşdu:
– Parkda hər şey yaxşıydımı?
– Otuz il əvvəl orada ancaq aristokratlar və kübarlar gəzərdilər, indisə Allah bilir, orada kimlər
yoxdu!
– Bəs güllər necəydi, gözəldimi?
– Oy! Hə! Quşlar da. Amma, Allah özün rəhm elə, bunlar necə adamdılar, Cip! De görüm, bu gənc
Sammerxey necə oğlandır?
– O, olduqca sevimlidir.
O, həmişə atasının fikrini daha tez oxuyurdu, nəinki atası onun və bilirdi ki, atasının daxilində
mübarizə gedir, görünür, əgər qızının hansısa bir əyləncəsi olarsa, sevinərdi, ancaq yüngülcə də olsa,
onu qorumaq, çəkindirmək istəyirdi. Köks ötürərək dedi:
– Cip, bu cavan adamların yayda hansı qəribəlikləri olmur!
Elə hiyləgər və təcrübəli qadınlar var, gələcək sevgililəri timsalında gördükləri kişini müəyyən
olunmuş məsafədə saxlamağı bacarırlar. Cip bilirdi ki, onun bircə sözü hər şeyi dəyişə bilər, amma
həmin sözü demirdi. Bununla belə, Sammerxeylə az qala hər gün görüşürdü, Royda, operada, öz
evində. Artıq neçə vaxtdı axşamlar Sent-Ceymsdəki parka gedib orada suyun kənarında oturmaq qızda
adət şəklini almışdı. Bir dəfə evə qayıdarkən Sammerxey parkla keçib getdi və sonra onlar həmişə
burada bir yerdə otururdular. Nəyə görə Sammerxeyi Beri-stritə dəvət eləyib atasını
kədərləndirməliydi? Parkda gözəl idi, sakitcə söhbət eləmək, balaca dilənçilərin necə balıq tutduqlarına
və öz qənimətlərini şüşə bankalara necə yığdıqlarına baxmaq, qəlyanaltı eləmək, yağışlı günlərdə sadə
adamların adət və xasiyyətlərini izləmək olardı.
Yay artıq sona yaxınlaşmaq üzrəydi, günlər sakit keçirdi, ancaq hamı hiss eləyirdi ki, bax elə
indicə küləklər əsəcək və havalar dəyişəcək. Məgər belə vaxtlar ağacların altında, çiçəklərin, suyun,
göyərçinlərin və ördəklərin yanında oturmaq təbii deyildimi?
V FƏSİL
Sammerxey öz qəlb həyəcanlarını büruzə verməməyi bacarırdı. Məhkəmə prosesi sona çatandan
sonra Ciplə görüşə gedəndə onun sifəti həmişə necəydisə, indi də eləydi. Ancaq düzünü demək lazım
gəlirsə, o, dalana dirənmişdi. Onun özünün şəxsi əxlaq kodeksi vardı. Ola bilər, bu kodeks hansısa
məqamda olduqca «köhnə georgiyansk» idi, ancaq qadınlara əzab bəxş eləməyi qadağan eləyirdi.
Hələlik Sammerxey özünü ələ ala bilirdi, baxmayaraq, bu, ona özünün fikirləşdiyindən də böyük
zəhmət bahasına başa gəlirdi. Onun özüylə mübarizəsinin yeganə şahidi qoca skoç-teryer idi, gecələr
dəfələrlə yuxusunun qaçdığı vaxt öz balaca evinin qonaq otağında var – gəl eləyirdi. Qız onun
hisslərindən xəbərdar olmalıydı! Əgər onun məhəbbətini istəyirdisə, barmağını tərpətməsi kifayətdi,
ancaq qız hələlik heç bir işarə vermirdi. Qız ona toxunanda, donundan gələn qoxunu udanda, qızın
döşlərinin necə yüngül və zərifcə qalxdığını görəndə başı hərlənirdi və belə şəraitdə özünü sakit və
dostcasına aparmaq əsl işgəncə idi.
Nə qədər ki, hər gün görüşürdülər, o, az-çox özünü idarə eləyə bilirdi, indisə onlar bir neçə
həftəlik ayrılmaq üzrə olanda, ürəyi az qala kədərdən dağılırdı. Ona öz məhəbbətini kübar tanışlarından
gizlətmək də asan deyildi. Çılğıncasına sevən insan qovuşmaq istəyi ilə alışıb yanır, o ya bütünlüklə
gərgin işin içində itib batır, ya da divanələr kimi öz sevdiyinin xəyalına tamaşa edirdi. Sammerxeyin işi
mübahisəliydi və o, buna şad idi, ancaq dostlarının zəhlətökən suallarından yaxa qurtarmaq üçün
özündən asılı olmadan belə mülahizələr yaranmasına səbəb olurdu: «Brayan Sammerxeyə nələr olur?»
Həmişə bir qədər adamayovuşmaz olan o, indi, hətta birlikdə səhər yeməyi yediyi, nahar elədiyi, rəqs
eləməyə, idmanla məşğul olmağa alışdığı adamlarla da görüşmürdü. Öz ətrafının adamlarından
kənarlaşır, heç kimin diqqətini cəlb eləmədən fikrini dağıtmaq mümkün olan haralarasa getmək
istəyirdi, nəhayət, ona aydın oldu ki, varlığına hakim kəsilən məhəbbət bir çox şeylərdən imtina
eləməyi tələb edir. Qız ona olduğu kimi lazımdı və o, öz duyğularını hansısa ölçülərlə dəyərləndirmək
istəmirdi.
Qızın keçmişi haqqındakı fikirləri, sadəcə olaraq, özündən uzağa qovurdu. Onun Uintonun
qanundan kənar doğulmuş qızı olduğunu bilirdi, ancaq bu, onun, yalnız qeybətçilərin dərsini vermək
arzusunu gücləndirirdi. Hətta qızın uğursuz nigahının da onun üçün heç bir mənası yox idi, mühüm
olan bir şey idi, qız icazə verənə qədər onunla birlikdə olmaq. İndisə qız dəniz sahilinə gedir, o isə
Pertşirə, tetra quşunun ovuna. Düz bir aylıq!
Qıza hər şeyi deməyə cürəti çatardımı? Bəzən qızın sifəti ona indicə sərt, qorxulu bir şey
deyiləcəyini gözləyən uşağın sifətini xatırladırdı. Qızı isə kədərləndirmək olmazdı. Bir, ya iki dəfə o,
öz üzərində qızın nəvaziş dolu baxışlarını hiss eləmişdi, düzdü, bunlar ani baxışlardı.
Sahildəki sürahiyə söykənərək, çayın necə axdığına baxırdı. Günəş çayın qara burulğanlarını və
sarıtəhər girdablarını şəfəqlərə qərq eləmişdi, çayın suları söyüdlü Eynşemin, Oksfordun, Kliftonun və
onların kilsələrinin, Maulsfordun, Sonniqin yanından keçib gedirdi. Qızla bircə günlük çayın sahilində
Dostları ilə paylaş: |