neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri
təşkil edilən boş zallarla
süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün
anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda,
Abissiniyanın bürkülü səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü
vahid Allahın izini belə tapa bilmədi. - «Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı,
mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-belə işlər!» Lakin monsenyor
Demetrio Aldous bir şəhərdə öyrəndikləri
ilə kifayətlənmədi, ata minib ölkənin
buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini
həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor,
uzunətəkli pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə
dumanın içindən peyda olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt
bu cür qara dərili adam görməyən camaatın marağına təəccüblənirdi. O, hamıya,
ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar, ondan kömür iyi gəlmədiyini
anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş etdirir, kişilərə
qoşulub əyyaşlıq edir,
pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının
içdiyi totuma cecəsindən içirdi.
Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq
yeməkxanalarında yeyib içə-içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu
tərəflərdə, dörd bir yanından, boz quş balaları, qızılı tükanalarla, quaçarakalarla
dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan adamların inamını
qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz
quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi.
«O, adətən bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə
kimsə onunla yeməkxananın arxa otağında, çaxır çəlləklərinin
üstündəki həsirdə
yatmaq istəyər. O, qarnını doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi,
ata. Bircə nahara, vəssalam. Ona bircə o lazım idi, çünki başını heç cür dolandıra
bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də, bircə dəfə yağış yağan kimi
yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub düşürdü. Əslinə
qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların hesabına
yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o
ki qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon
Alvarado deyildi, bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs
ata!»
Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi
öyrənib bu qara iblis-prokuror,
bunu da, o biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda
min bir maneələr yaradan prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin
bütün səylərinə, onun üçün ustalıqla qurduqları saxta torlara baxmayaraq, yeni-
yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz, mənim generalım, onu, bu
uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı necə,
çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə,
güdülməsinəi davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona
tam azad şərait yaradılması xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb
edirəm, bu, mənim ali isəyimdir, yerinə yetirin!» Bu cür qərar verməklə o anlayırdı
ki,
riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi – Bendisyon Alvarado mifini
təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı xatirələrini – bir
97
vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin
hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya
quakamaya* quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın
yelpincvari quyruqlarıyla bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı
və avam qadını biabır olmaq təhlükəsində qoyur.
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri
bazarda tək-tənha dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala,
havayı bağışlamağa hazır olan bu tənha quş alverçisinin avam bicliyinə kim uyardı
axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi qadını demək olar ki, hamı yaxşı
tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq
müəyyənləşdirmək mümkün
olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum günü barədə heç
bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun əvəzinə,
oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü
təsdiq edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı,
əsası üç dəfə müxtəlif şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl
doğulmuşdu. Bütün bunlar, bizim ölkənin tarixçilərinin – bizim tarixi yaradanların,
onun yaranma tarixinin ört-basdır edilməsi üçün həqiqəti yalanla qarışdıranların
əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı demək olar, məsələnin
kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, aydınlığa
çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım;
boz Kordelyer dərələrində, düzlərində əks-səda verən
atəş səsi eşidiləndə və
buzlaqların önündən, əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların
nəhəng sularının kükrədiyi yerlərdən, botanik ekspedisiyanın alim-həkimlərinin,
hinduların belində otura-otura, öz sirrli otlarını topladıqları ucuiti qayaların
önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti geyim verən
uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə
sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü
səhrayla dağ çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr
yığnağından, dənlərindən şokolad düzəldilən, qırmızı giləmeyvəsi
və gülləri olan
qalın yarpaqlı kakao ağacıyla xaincəsinə kürəyindən vurulub öldürülən qocanın ölü
bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, günəşin tərpənmədiyi, yandırıcı
tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, yeganə məktəbin
yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından
uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq
heyvan, sulu qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının
arasında yerə dəyib şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah
çəkdi. - «Onu vurdular, mənim generalım, pələng ovu tüfəngindən atdılar, Anima-
Sola* dərəsində!» «Mənim mühafizə təcrübəmə, qəti məzmunlu teleqramlarıma
məhəl qoymadan, köpək uşağı?..
Lənət şeytana, indi görərlər mən kiməm!» - deyə
o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa agentlərin, onun
sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan gizlədilməsi
ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda
sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin
nəfəsinə belə diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan
danışmağa cəsarət edərlər. O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün
98