“ Respublika”.-2015.-8 mart.-N 54.-S.6.; 11 mart.-N 55.-S.6.
“ERMƏNİ MƏSƏLƏSİ” NECƏ YARANDI?
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq
niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən
erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən
çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən rus polkovniki
Lazaryan (Lazarev) İrandan Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “...
Orada (yəni Şimali Azərbaycanda) siz yeni vətən əldə edəcəksiniz...”. Daim köçəri həyat sürməyə
adət etmiş ermənilərə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır”
(bax: İrəvan xanlığı. Elmi redaktor AMEA-nın müxbir üzvü, prof. Y.Mahmudov. B., 2010, səh. 23-
24).
Tarixin amansız zərbələrinə məruz qalmış və yadelli işğalçılara qarşı mərdi-mərdanə mübarizə
aparmış doğma Azərbaycanımızın başına min bir fəlakət gətirilmiş, faciəli hadisələr törədilmişdir. Qanlı
və faciəli tariximizin ən ağrılı dövrü məhz XIX yüzilliyin əvvəllərinə düşür. Tarixi ədalətsizlik
nəticəsində Azərbaycan torpaqlarının iki yerə parçalanmasını reallaşdıran Gülüstan və Türkmənçay
müqavilələri son nəticədə böyük faciələrə səbəb oldu. Bir tərəfdən böyük dövlətçilik təcrübəsinə malik
olan Azərbaycan dövlətinin müstəqilliyi əlindən alındı, digər tərəfdən Türkmənçay müqaviləsinin 15-ci
maddəsinə uyğun olaraq xaricdə yaşayan ermənilərin Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına
köçürülməsi işinə başlanıldı. 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni
Zaqafqaziyaya köçürüldü. Köçürülən ermənilər isə yerli azərbaycanlı əhalini getdikcə sıxışdırmağa
başladılar. Ermənilərin köçürülməsi işi və Azərbaycan torpaqlarında yerləşdirilməsi fasiləsiz davam
etdirilirdi. Rusiya imperatoru I Nikolay (1825-1855) ermənilərin köçürülməsinə nəinki şərait yaratdı, həm
də onlar üçün “erməni vilayəti” təşkil etdi. Bu, tarix boyu erməni siyasətçilərinin ən böyük arzusu idi. I
Nikolay 1828-ci il martın 21-də “Erməni vilayəti”nin yaradılması haqqında fərman verdi. Həmin fərmana
görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, qədimdən Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan
xanlıqları və Ordubad dairəsi hesabına “Erməni vilayəti” yaradıldı. Ümummilli lider Heydər Əliyevin
imzaladığı Prezident fərmanında deyildiyi kimi, ermənilər öz havadarlarının himayəsi altında “erməni
vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular ki, belə süni ərazi bölgüsü ilə, əslində
azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
Ermənilərə belə himayədarlıq edən çarizm onlardan bir əlverişli vasitə və dayaq nöqtəsi kimi istifadə
etməyə, nəticədə Qafqazın sərvətlərinə sahib olmağa və ermənilərin əli ilə Şərqə doğru ekspansiya
siyasətini genişləndirməyə çalışırdı. Özünün coğrafi-strateji əhəmiyyətinə görə Azərbaycan o zaman
Rusiya imperiyasının xarici siyasət diplomatiyasında əsas yer tuturdu. XIX əsrin əvvəllərində Rusiyanın
xarici siyasət xəttinin hazırlanmasında və formalaşmasında qatı şovinist olan I Pyotrun “üç istiqamət
planı” əsas götürülürdü və bu təcavüzkar plana görə Rusiyanın Şərq siyasətində Azərbaycan torpaqlarını
zor gücünə işğal etmək və bu zaman ermənilərdən bir vasitə kimi istifadə etmək nəzərdə tutulurdu. Belə
bir zamanda Şərqin məzlum xalqlarını əsarət altına almaq üçün meydan sulayan Avropanın müstəmləkəçi
dövlətləri “parçala və hökmranlıq et” taktikasından geniş istifadə edirdilər. Əslində Şərq siyasəti deyilən
bu siyasətin banisi sayılan Rusiya imperatoru I Pyotr imperiya dövlətinin gələcək işğalçılıq planlarının
əsas proqramını hazırlamışdır. Üç istiqamət adlandırılan Şərq siyasətinin başlıca məzmunu təxminən belə
idi:
1. Azov - Qara dəniz, Bosfor və Dardanel boğazlarından keçib Aralıq dənizinə çıxmaq;
2. Azərbaycan - İran-Fars körfəzi yolu ilə Hind okeanına (I Pyotrun dili ilə İsti okeana) yol açmaq;
3. Orta Asiyanı işğal edəndən sonra Əfqanıstandan keçib Hindistana soxulmaq (bax: M.Muradov. Çar
Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə siyasəti. B., 1999, səh.12).
I Pyotrun xarici siyasət diplomatiyasında Qafqazı, xüsusilə Azərbaycanı işğal etmək, buranın
sərvətlərinə yiyələnmək ön planda idi. I Pyotr Bakı nefti ilə ciddi maraqlanır və buranı ələ keçirməyə
çalışırdı. I Pyotrun işğalçılıq planlarının reallaşmasında yerli ermənilər satqınlıq edərək, rus qoşunlarının
müxtəlif yollarla irəliləməsinə bələdçilik edirdilər. I Pyotr Bakını işğal edən general Matyuşkinə
“Bakıdan ağ neft göndərmək” sərəncamını vermişdi. I Pyotr işğal edilmiş Azərbaycan torpaqlarında
xristiranlaşdırma siyasəti aparırdı. Matyuşkinə yazırdı: “Gilanda və Mazandaranda olan erməniləri və
başqa xristianları orada yerləşdirməyə çalışın”. (Bax: bax: M.Muradov. Çar Rusiyasının Azərbaycanda
işğalçılıq və köçürmə siyasəti. B., 1999, səh.11).
Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəllərində Şərq siyasəti istər Rusiya
imperiyasının və istərsə də Avropa dövlətlərinin xarici siyasət proqramında mərkəzi yerdə dayanırdı. Bu
strategiyanı həyata keçirmək üçün Avropanın iri dövlətləri öz aralarında ciddi siyasi gedişlər edir, hərb və
ya sülh danışıqlarından istifadə edərək üstünlüyü ələ keçirməyə çalışırdılar.
“Şərq məsələsi”nin ən dəhşətli qolu - “erməni məsələsi” adlanan məsələ tarix səhnəsində
arasıkəsilməz faciələr mənbəyinə çevildi. Tarixi hadisələrə bələd olan hər kəsə yaxşı məlumdur ki, bu
məsələ Osmanlı imperiyasını zəiflətmək və son nəticədə Şərqin siyasi xəritəsinin dünyanın iri
dövlətlərinin mənafeyinə uyğun şəkildə formalaşmasını təmin etmək məqsədi ilə yeridilən siyasətin
mühüm tərkib hissəsidir. Erməni xalqının öz müqəddəratını özü təyin etməsi pərdəsi altında dünya
siyasətinə daxil olan bu məsələ əslində xarici kapital ilə sıx bağlı olan erməni millətçilərinin mənafeyinə
uyğun olaraq Türkiyə və Azərbaycan torpaqları hesabına “dənizdən dənizə böyük Ermənistan” imperiyası
yaradılması haqqında tarixdə oxşarı olmayan avantürist, hiyləgər və məkrli bir siyasətdir.
“Erməni məsələsi” Rusiya və İngiltərə tərəfindən ortaya atılan bir məkrli siyasətdir ki, onu bəhanə
edib orta əsrlərin qüdrətli dövləti olan Osmanlı dövlətini zəiflətsinlər, torpaqlarını ələ keçirsinlər.
V.F.Mayevskinin təbirincə desək, ermənilər “... hər halda başqa dövlətlərin Türkiyənin işlərinə qarışması
üçün bəhanə olsun deyə ağlasığmaz, təsəvvürəgəlməz anarxiya yaratmaqdan ötrü əllərindən gələn hər
şeyri etmişlər...”. (Bax: Rusiyanın Van və Ərzurumdakı Baş konsulu Mayevskinin xatirələri. B., 1994,
səh.39).
Şərq tarixini bilən hər kəsə yaxşı məlumdur ki, XIX yüzilliyin ortalarında baş verən Krım
müharibəsində Osmanlı dövlətinin tarixi qələbəsi həm Şərqdə və həm də Avropada qüvvələr nisbətini
Türkiyənin xeyrinə xeyli dəyişdi və Vyana konqresindən sonra dövlətlər arasında yaranmış balansa ciddi
təsir göstərdi. Bu nisbət Rusiyanın xarici siyasət nüfuzuna ağır zərbə vurdu və hərbi qüdrətini xeyli
zəiflətdi. Nəticədə Rusiyanın beynəlxalq nüfuzu aşağı düşdü, Avropada rolu zəiflədi, Qara dəniz və
boğazlar məsələsində yaxına buraxılmadı. Bundan başqa Krım müharibəsində acı məğlubiyyət dadan
Rusiya Balkanlarda üstün hüquqlardan mərhum edildi. Rusiyanın yeni hakim dairələri bu vəziyyətlə
barışmaq istəmir və ölkəsinin təklənməsi vəziyyətindən çıxış yolları axtarırdılar. Bunun üçün yeni xarici
siyasət proqramı hazırlandı və bu strategiyanı həyata keçirmək üçün Avropa dövlətləri ilə və Türkiyə ilə
intensiv danışıqlar, beynəlxalq görüşlər və konfranslar aparmağa başladılar. Nəticədə XIX yüzilliyin 60-
70-ci illərində həm Rusiya dövlətinin və həm də Avropa dövlətlərinin marağında olan Şərq böhranı
yarandı, getdikcə mürəkkəbləşdi və Qordi düyününə çevrildi. Avropa ölkələri isə Şərq məsələsində və
Şərq böhranında daha çox Rusiyanı qızışdırır və onu daha ciddi tədbirlər həyata keçirməyə təhrik
edirdilər.
Beləliklə, müharibəyə ciddi hazırlaşan Rusiya 1877-ci il aprelin 12-də (24-də) Türkiyəyə müharibə
elan etdi. Bu müharibə 1878-ci il fevralın 19-da (martın 3-də) San-Stefano sülh müqaviləsi ilə başa çatdı.
San-Stefano müqaviləsinin şərtləri ilə razılaşmayan Avropa dövlətləri yenidən bu məsələni müzakirə etdi
və özlərinin xeyrinə dəyişdirmək üçün Berlin konqresinə toplaşdılar. Bismarkın sədrliyi ilə keçirilən bu
konqres 1878-ci il iyunun 1-dən iyulun 1-dək çəkdi. San-Stefano müqaviləsinin 16-cı maddəsində
deyilirdi: “Türkiyə ermənilər yaşayan vilayətlərdə tezliklə həyat şəraitini yaxşılaşdırmaq və yerli
əhəmiyyətə malik islahatları həyata keçirmək öhdəliyini götürür və ermənilərin təhlükəsizliyini kürd və
çərkəzlərdən qoruyacağına zəmanət verir”.
San-Stefano sülh müqaviləsinin bu 16-cı maddəsi az sonra Berlin konqresinin 61-ci maddəsi ilə
yenidən formalaşdırıldı və “erməni məsələsi”nin həllində erməniləri tam razı sala biləcək sənədlə
yekunlaşdı. 61-ci maddədə deyilirdi: “Sultan hökuməti ermənilərin yaşadıqları vilayətlərdə yerli
ehtiyacların zəruri etdiyi islahatları gecikdirmədən həyata keçirməyi və onların asayişini, təhlükəsizliyini
kürdlərlə çərkəzlərdən qorumağı öhdəsinə götürür. Bu sahədə görüləcək tədbirlər böyük dövlətlərə
bildiriləcəkdir. Və onlar da tədbirlərin həyata keçirilməsinə nəzarət edəcəklər”. (bax: İ.Musayev. Böyük
dövlətlər və “erməni məsələsi”, B. 2003, səh.111). Beləliklə, beynəlxalq münasibətlərin diqqətində olan
“erməni məsələsi” nəinki erməniləri razı saldı, eyni zamanda Osmanlı dövlətinin daxili işlərinə qarışmaq
və ona nəzarət etmək mexanizminin rolunu açıq şəkildə böyük Avropa dövlətlərinin ixtiyarına verdi.
Beləliklə, ermənilər ilk dəfə beynəlxalq sənəddə belə xatırlanırlar... Məlum olduğu kimi, Berlin
konqresi San-Stefano müqaviləsinin həmin 16-cı maddəsini ləğv etdi, çünki konqres iştirakçısı olan
böyük dövlətlər bəyan etdilər ki, Anadolunun heç bir hissəsində erməni əhalisi çoxluq təşkil
etmədiyindən erməni xalqının muxtariyyəti haqqında söhbət belə gedə bilməz. Türkiyə ermənilərinin
keçmiş patriarxı Xrimyanın başçılıq etdiyi nümayəndə heyəti vətənə demək olar ki, əliboş qayıtdı.
Beləliklə, “erməni məsələsi” XIX-XX yüzilliklər boyu böyük dövlətlərin əlində bir vasitə olmuş və
sözün əsl mənasında Osmanlı Türkiyəsinə qarşı çevrilmişdir. Türkiyə alimləri haqlı olaraq göstərirlər ki,
“erməni məsələsi” əslində ermənilərin deyil, türk torpaqları üzərində mənafeləri toqquşan böyük
dövlətlərin - Çar Rusiyası ilə İngiltərənin məsələsi kimi siyasi həyata atılmışdır. Tarixi hadisələrin gedişi
göstərir ki, bütün XX əsr boyu azərbaycanlılar üçün əsl tarixi fəlakətə çevrilmiş olan “erməni məsələsi”,
sonralar isə uydurma Qarabağ problemi zəngin sərvətə malik olan Qafqazda öz nüfuzunu itirmək
istəməyən Rusiya imperiyasında siyasi hadisələrin gedişi ilə bilavasitə bağlı olmuşdur.
“Erməni məsələsi” Rusiyanın xarici siyasətinin gündəliyində həmişə olmuşdur. İmkan tapdıqca bu
məsələnin həyata keçirilməsi, ya da ondan Osmanlı dövlətinə qarşı istifadə etməyin yolları araşdırılırdı.
1799-cu ildə Peterburqda “erməni məsələsi” müzakirə edilərək “isti dənizə doğru” siyasətini həyata
keçirməsi vasitələrinin tapılmasına çalışılırdı (bax: H.Sadıqov. Erməni məsələsi. B., 2012, səh.162).
Avropa dövlətləri tərəfindən Şərq məsələsinin tərkib hissəsi kimi yaradılan “erməni məsələsi” onların
əlində oyuncaq bir vasitəyə və getdikcə mürəkkəbləşən beynəlxalq bir problemə çevrilmişdir. V.Qurko-
Kryajin Böyük Sovet Ensiklopediyası üçün yazdığı “Erməni məsələsi” məqaləsində erməni məsələsini
Şərq məsələsinin bir hissəsi adlandırmaqla, onun həm zahiri və həm də daxili mahiyyətini belə
fərqləndirir: Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun
mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırlar. Daxili mahiyyət: öz
burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda mübarizə
aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.
Qərbi Avropa ölkələri və Rusiya xarici siyasət strategiyasında üstünlüyü ələ keçirmək və özlərinin
işğalçılıq planlarını daha asanlıqla reallaşdırmaq üçün XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəllərində
“erməni məsələsi”ndən istifadə edərək ona həm də böyük ümidlərlə yanaşırdılar. Öz növbəsində Rusiya
hakim dairələri Balkanlarda və Şərqdə möhkəmlənmək və üstünlüyü ələ almaq üçün bu avantürist kartdan
istifadə edir və hətta Türkiyə torpaqlarında “Türkiyə Ermənistanı” yaratmağı vəd edirdilər. Bu vəddən
həvəsə düşən ermənilər Türkiyə vilayətlərində qanlı aksiyalar həyata keçirməyə başladılar. Milli zəmində
baş verən bu dəhşətli qırğınlarda on minlərlə türk öldürüldü. Samsunda, İstanbulda, Vanda dinc türklər
amansızcasına məhv edilməyə başlandı. Bu qırğınları həyata keçirən ermənilər sürətlə bu işi gördülər ki,
həmin ərazilərdə türklərin kökü kəsilsin və türksüz, Türkiyə torpaqları hesabına “Erməni dövləti”
yaratsınlar. Ermənilər əslində türklərə qarşı əsl soyqırımı həyata keçirdilər (bax: Rusiyanın Van və
Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri. B., 1994). Belə bir vaxtda, Rusiya dövləti ermənilərə
kömək etmək üçün edilən xahişlərə və yalvarışlara biganə qalmadı. 1912-ci ildə erməni kilsəsinin
katalikosu Rusiya hökumətinə Türkiyə ermənilərini müdafiə etmək üçün xahişlə müraciət etdi. Rusiya öz
növbəsində Türkiyə Ermənistanında geniş islahatlar proqramını irəli sürsə də Almaniya buna etiraz etdi.
Hətta iş o yerə çatdı ki, Antanta dövlətləri 1914-cü il yanvarın 26-da erməni vilayətlərində islahat
keçirmək barədə müqavilə imzaladı. Əgər nəzərə alsaq ki, bu zaman Türkiyənin beynəlxalq və daxili
siyasi vəziyyəti xeyli mürəkkəb idi, onda çox şey aydınlaşar. Türkiyə Balkan və Trablis müharibələrində
xeyli itki vermişdi, üstəlik yeni dünya müharibəsinin alovları yaxınlaşmaqda idi. Vəziyyətin belə ağır və
mürəkkəb olmasına baxmayaraq, Türkiyə hökuməti qəti addım atdı və islahatların keçiril-məsindən
imtina etdi. Türkiyə hökumətinin qəti və prinsipial mövqeyi doğru idi. Ona görə ki, Türkiyə ərazisində və
vilayətlərin heç birində ermənilər çoxluq təşkil etmirdilər və necə ola bilərdi ki, qədimdən türk yurdu və
türk torpaqları olan bir dövlətdə yeni bir bufer dövləti olacaq “Türkiyə Ermənistanı” deyilən qondarma və
uydurma bir dövlət yaradılsın?
Birinci Dünya müharibəsi başlanan kimi ermənilər öz murdar planlarını həyata keçirmək üçün Türkiyə
vilayətlərində qanlı qırğınlar törətdilər. Ermənilər sürətlə silahlanır və türk kəndlərini amansızcasına
yandırırdılar. Türkiyənin belə ağır zamanında düşmən orduları hücuma keçdilər, yunan qoşunları hücumla
bir çox türk şəhərlərini ələ keçirdilər. 1915-ci ilin martında Vanda erməni üsyanı başlandı. Ermənilər 3
min nəfərdən çox türkün üstünə benzin tökərək yandırdılar. Van vilayəti ermənilərin əlinə keçdi. 1916-cı
ilin aprelinə qədər rusların və ermənilərin birləşmiş ordusu Şərqi Anadolunun böyük bir hissəsini -
Trabzonu, Ərzurumu, Muşu, Bitlisi, Vanı ələ keçirmişdilər. İngilislər Qarsı işğal etmiş, fransızlar isə
Adananı və Kilikiyanı tutmuşdular. Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da Mudros sülh müqaviləsini
imzalayaraq Birinci Cahan müharibəsindən çıxdı. Acı məğlubiyyət nəticəsində Osmanlı dövləti özünün
faciəli tarixini yaşayırdı. Mudros müqaviləsi Türkiyə üçün ağır şərtlər irəli sürürdü. Müqavilənin
şərtlərinə görə Türkiyə parçalanır, qədim Anadolu torpaqları düşmən əlinə keçirdi. Hətta düşmən
donanması İstanbulda lövbər salmışdı. Vəziyyətin ağırlığı bir də ondan ibarət idi ki, Türkiyə torpaqları
hesabına “Türkiyə Ermənistanı” yaradılması nəzərdə tutulmuşdu. Türkiyənin ağır vəziyyətə düşməsindən
istifadə edən düşmən orduları bir-birinin ardınca Türkiyə şəhərlərini və türk vilayətlərini işğal edirdilər.
Belə ağır bir vəziyyətdə ikən sultan hökuməti biabırçı Sevr müqaviləsini (10 avqust 1920-ci il)
imzaladılar. Sevr müqaviləsinin şərtləri Türkiyə üçün olduqca ağır və həqarətli idi. Bu müqaviləyə görə
Sultan Türkiyəsi öz ordusunu buraxmalı, hərbi donanmasını əslində ləğv etməli, Suriya, Fələstin,
Ərəbistan yarımadası, Transiordaniya və Mesopotamiyadakı torpaqlarından məhrum edilməli, İzmir
şəhəri Yunanıstana verilməli idi. Müqaviləyə görə Ermənistana müstəqillik verilməli və yeni yaradılacaq
Ermənistanın ərazisi Ərzurum, Van, Trapezund və Bitlis əyalətlərinə qədər genişləndirilməli idi. Bu,
ayrıca maddə kimi qəbul edilmişdi. Osmanlı Türkiyəsi bax belə parçalandı və çox ağır vəziyyətə düşdü.
Ağır və acı taleyini yaşayan Türkiyə bir dövlət olaraq tarixdən silinmək təhlükəsi ilə üz-üzə qaldı.
Beləliklə, avropalıların “xəstə adam” adlandırdıqları Sultan Türkiyəsinin yaraları yenidən qövr
eləməyə başladı. Türkiyənin belə ağır durumunda “Ya istiqlal, ya ölüm” şüarını irəli atan Mustafa Kamal
Paşa ilk baxışda mümkün olmayan bir şəraitdə bütün türk xalqını ayağa qaldırdı, düşmənə qarşı ölüm-
dirim savaşına girdi, milli mübarizədə milli birliyi təmin edən əvəzsiz bir lider, müharibə meydanlarında
əfsanəvi bir komandan, qüdrətli dövlət yaradan böyük siyasi xadim, millətin simasını dəyişdirən qorxmaz
bir inqilabçı oldu. Ağlın və elmin rəhbərliyini, sağlam düşüncəni qəbul edən Atatürk girişdiyi
mübarizənin əvvəlindən sonuna qədər türk millətinin yüksək keyfiyyətlərinə güvənmiş, qazandığı hər bir
qələbənin dahiliklə millətin olduğunu söyləmişdir. Sanki uca Tanrı onu parçalanmış, qəlbi viran olmuş,
düşmən tapdağı altında inildəyən türk torpaqlarının, türk yurdunun qurtuluşu üçün, bir xilaskar kimi türk
millətinə bəxş etdi. Türkiyəyə qarşı haqsız torpaq iddiaları Atatürkü çox üzürdü. Məhz bu səbəbdən aslan
kimi meydana atılan dahi öndər Atatürk böyük və parlaq zəfərlər qazanaraq türk torpaqlarını düşməndən
azad etdi və türk xalqının qəlbində müqəddəs bir heykəl ucaltdı (bax: U.Qocatürk. Atatürk. B., 1991).
Atatürkün rəhbərliyi ilə türk xalqının milli azadlıq mübarizəsi, ölüm-dirim savaşı 1922-ci il oktyabrın
11-də Antanta dövlətləri ilə imzalanan Mudaniya müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə Ədirnə də
daxil olmaqla Şərqi Trakiya yunanlardan azad edildi, İstanbul və boğazlar Türkiyəyə qaytarıldı. Bundan
sonra Türkiyə bir dövlət olaraq ayağa qalxmağa başladı.
Ancaq belə bir vaxtda ermənilər dinc durmur, böyük dövlətlərin qılığına girməkdən əl çəkmirdilər.
Mudaniya müqaviləsinin şərtləri ermənilərin “Türkiyə Ermənistanı” yaratmaq ümidlərini qırdı. Lakin
erməni millətçiləri öz təbliğatından qalmır, Antanta dövlətləri və digər böyük dövlətlərlə yaltaqcasına
danışıqlar aparırdılar. Bundan sonra ermənilər qarşıdakı Lozanna konfransına ciddi hazırlaşmağa
başladılar. Başlıca məqsədləri nəyin bahasına olursa-olsun “böyük Ermənistan” dövləti yaratmaq,
dənizlərə çıxışı ələ keçirmək idi.
Hətta ermənilər konfrans iştirakçılarına özlərinin həyasız memorandumunu təqdim etdilər. Həmin
memorandumla “erməni məsələsi”nin həllinin 3 variantını göstərmişdilər:
1. Ermənilər üçün ərazi ayrılması;
2. Ermənistan ərazilərinin ona Şərqi Anadolu torpaqlarını birləşdirmək yolu ilə genişləndirilərək
dənizə çıxışını təmin etmək;
3. Bu ərazilərə Sevr müqaviləsi əsasında Suriya, sonra isə Ankara müqaviləsinə əsasən Türkiyə
Kilikiyasına verilmiş hissələri birləşdirmək.
Nəhayət, Lozanna konfransı 1922-ci il noyabrın 20-də toplandı və aylarla öz işini davam etdirdi. Çətin
və mürəkkəb şəraitdə aparılan danışıqlardan sonra nəhayət, 1923-cü il iyulun 24-də müqavilə imzalandı.
Lozanna müqaviləsinə görə yeni Türkiyə dövlətinin istiqlaliyyəti bütün dünya tərəfindən təsdiq edildi,
Türkiyənin milli sərhədləri müəyyənləşdirildi, sosial-iqtisadi, siyasi və diplomatiya sahəsində Türkiyə
üçün əhəmiyyətli və tarixi qərarlar qəbul edildi.
Lozanna konfransı tarix salnaməsinə türk xalqının qəhrəmanlıq mübarizəsinin məntiqi nəticəsi kimi
daxil oldu və Osmanlı dövlətinin tarixində Atatürkün rəhbərliyi və başçılığı ilə misli görünməmiş bir
siyasi zəfər oldu. Türkiyə dövlət istiqlaliyyəti qazandı, ölkə daxilində əcnəbilərin hökmranlığının bütün
əsasları məhv edildi, yabançı buxovlar sındırıldı. Ən mühümü o idi ki, ermənilərə aid heç bir maddə
nəzərdə tutulmamışdı, erməni daşnaklarının bütün ümidləri dəfn edildi. Ancaq konfransın 37-44-cü
maddələrində dini azlıqlara aid müəyyən fikirlər var idi ki, Türkiyə ərazisində bir dini azlıq kimi onu
ermənilərə də aid etmək olardı. Lakin sonralar ermənilər Türkiyədə milli azlıq kimi tanınmalarından
imtina etdilər, onlar adi Türkiyə vətəndaşı kimi yaşamağa üstünlük verdilər. Bu barədə erməni daşnak
lideri O.Kaçaznuni yazırdı: “Artıq Türkiyə Ermənistanı yoxdur. Avropanın böyük dövlətləri bizim
məsələni dəfn etdilər”. Daha sonra o, “Daşnaksütyun” partiyasının rəhbəri kimi partiyanın fəaliyyətinə
yekun vuraraq “Daşnaksütyun”a artıq heç nə qalmır, partiya özünün qərarı ilə şüurlu və qətiyyətli surətdə
öz mövcudluğuna son qoymalıdır” qərarını vermişdi (bax: O.Kaçaznuni (Ermənistanın ilk Başbakanı).
Daşnak partisinin yapacağı bir şey yok. İstanbul, 2006). Lakin daşnaklar öz liderlərinin məsləhətinə əməl
etmədilər, onların cinayətkar fəaliyyəti və qanlı əməlləri o vaxtdan bu günə qədər davam etməkdədir.
Beləliklə, “Erməni məsələsi”nin yaranma tarixi, avantürist fəaliyyəti, qanlı əməlləri və cinayətkar
hərəkətlərinin tarixçəsi belə olmuşdur. Son olaraq qeyd etmək istəyirik ki, tarixdə yaranmış “erməni
məsələsi” uydurulmuş bir mif, çürük ağacı xatırladan bir müqəvva, heç bir sosial əsası və bazası olmayan
yalançı nəzəriyyədən başqa bir şey deyildir. Lakin belə bir çürük “erməni məsələsi”nin uydurulması
dünyanın böyük dövlətlərinə öz işğalçılıq planlarını həyata keçirmək üçün lazım imiş. Kim bilir, “erməni
məsələsi” olmasaydı belə Avropanın böyük dövlətləri onun kimi nəsə uyduracaqdı və nəhəng Osmanlı
dövlətinin ixtiyarında olan torpaqları onun əlindən almaq üçün daha hansı kəşf edəcəkdilər? Lakin tarix
ondan ibrət dərsi götürməyənləri cəzalandırır. Erməni daşnakları və təbliğatçıları dəfn edilmiş “erməni
məsələsi”ni iyirminci yüzilliyin 80-ci illərinin ortalarında başqa bir adla - “Qarabağ problemi” adı ilə
yenidən meydana atdılar.
“Qarabağ problemi”nin ortaya atılmasında imperiya mərkəzinin də xüsusi maraq dairəsi olmuşdur.
SSRİ rəhbərliyi tərəfindən qızışdırılan “Qarabağ problemi” on minlərlə günahsız adamların kütləvi
şəkildə məhvinə, yüz minlərlə insanın məcburi qaçqına, köçkünə və didərginə çevrilməsinə, minlərlə
şəhər və kəndin məhvinə, milyardlarla maddi ziyanlara, insan zəkasına sığmayan və təfəkkürə gətiriləsi
mümkün olmayan ağır mənəvi sarsıntılara səbəb olmuşdur. Əvvəl “Şərq məsələsi”ni, sonra “erməni
məsələsi”ni, daha sonra isə “Qarabağ problemi”ni ortaya atanlar bu gün tarix qarşısında cavab
verməlidirlər, bütün dünya dövlətləri tarixi həqiqətlərdən və canlı tarixin özündən ibrət dərsi almalıdırlar.
Beləliklə, tarixi araşdırmalar və tədqiqatlar nəticəsində bir obyektiv həqiqət meydana çıxır ki, Rusiya
və xarici dövlətlərin köməyi olmasaydı, ermənilər heç vaxt bugünkü süni dövlətlərini əldə edə və
Azərbaycan torpaqlarını işğal edə bilməzdilər.
Nuru MƏMMƏDOV,
professor
Dostları ilə paylaş: |