25
Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu
tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər
Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə
ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə
qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. O, gözünü açıb
gördüyü doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq
yaylaqları üçün çox darıxırdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə
qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq
onun çal-çağırlı günləri arxada qalmışdı. Ömrünü toylarda,
şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan,
xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır,
dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə
kəndində vəfat etmiş və burada da dəfn edilmişdir. Lakin Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəllərində
Azərbaycanın böyük aşıq-şairinin qəbri ermənilər tərəfindən
vəhşicəsinə yerlə yeksan edilmişdir. Aşıq Ələsgərin xatirəsi
dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə,
mədəniyyət sarayı, respublika Xalq Yaradıcılığı evi fəaliyyət
göstərir, Bakıda isə Hüseyn Hacı Qulu oğlu tərəfindən “Aşıq
Ələsgər muzeyi” yaradılmışdır.
Sonra konfransda iştirak edən oxucular Aşıq Ələsgər haqqında
maraqlı məlumatlar söyləyirlər.
I Oxucu: Müasirləri xatırlayırlar ki, “Ələsgər ucaboy, enlikürək,
bədəncə çox sağlam, çox da qüvvətli bir insan idi. Qara gözləri,
qalın, qara çatma qaşları, dolu sifəti, iri burnu vardı. Əyninə uzun
ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara
papaq qoyardı. Həmişə başını qırxdırar, üzündə xətt saxlardı.
Həmişə sazı sol əli ilə çalar, zil səslə oxuyardı”. Aşıq Ələsgər istər
özündən əvvəl, istərsə də özündən sonra heç bir xalq şairi, aşığı ilə
26
müqayisə olunmayacaq qədər müxtəlif janrlarda əsərlər
yaratmışdır. Ustadnamə, zəncirləmə, gəraylı, varsağı, təcnis,
qıfılbənd, həcv, hərbə-zorba, şikayətnamə, dodaqdəyməz,
dildönməz, divani, müxəmməs, müqəddəs, qəzəl, deyişmə və s.
II Oxucu: Aşıq Ələsgər yaradıcılığı mövzu baxımından çox
rəngarəngdir. O, Vətənin gözəllərini necə ilhamla tərənnüm
edirdisə, Vətənin igidlərini də o cür qürurla tərifləyir, onların
mərdliyindən vəcdə gəlir, şəninə dastanlar yazırdı. O, həmçinin,
dastan yazmaqla kifayətlənmir, şəyirdlərindən tələb edir ki, həmin
dastanları hər yerdə oxusunlar, yaysınlar. Həmçinin Aşıq Ələsgər
M.P.Vaqif kimi gözəlliyi, gözəlləri öz dastanlarında həmişə
tərənnüm edirdi.
III Oxucu: Qeyd etdiyimiz kimi, Aşıq Ələsgərin gözəllik
barəsindəki təsəvvürü daha genişdir. Onun Vətənin gözəlliyi,
təbiəti haqqında yazdığı dastanlar daha çox diqqəti cəlb edir.
Məsələn, Dəlidağ, Şəki, Kəlbəcər, Qarabağ, Şirvan, Qoşqar,
Muğan, Göyçə, Xaçın, Narışdar, Murov, Çilgöz, Uzunyoxuş və s.
IV Oxucu: Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları,
düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri,
təravəti və gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu səbəbdən də
onun bizə gəlib çatan zəngin yaradıcılığı özündən sonra gələn
istedad
sahiblərinin
– şairlərin, aşıqların, bəstəkarların,
xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs
öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.
V Oxucu: Aşıq Ələsgər irsinin toplanıb üzə çıxarılmasında,
ustada layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və
şairlərimizin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam
Ələsgərlinin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar
Axundovun, Osman Sarıvəllinin, Hüseyn Arifin, Məmməd
Aslanın, İlyas Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz
27
xidmətləri olmuşdur. Xüsusən, Aşıq Ələsgər irsinin geniş şəkildə
araşdırılmasında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin
daha çox xidməti olmuşdur.
VI Oxucu: Aşıq Ələsgərin sağlığında kitabı nəşr edilməmişdir.
İlk nəşri 1937-ci ildə Hümbət Əlizadənin tərtib etdiyi “Aşıq
Ələsgər” adlı kitabı olmuşdur. Bundan sonra müxtəlif illərdə
ustadın kitabları dolğunlaşa-dolğunlaşa, təkmilləşə-təkmilləşə
nəşrdən nəşrə daha mükəmməl şəkildə çap olunmağa başlamışdır.
İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş, xalqımızın
görkəmli alimləri onun yaradıcılığını bütün yönlərdən, müxtəlif
istiqamətlərdən təhlil və tədqiq etmişlər. 1972-ci ildə ustadın
anadan olmasınınm 150 illiyi, 1988- ci ildə 175 illiyi çox böyük
təntənə ilə qeyd edilmiş, əsərləri Azərbaycan Elmlər Akademiyası
tərəfindən iki cilddə çap edilmişdir.
VII Oxucu: Bəstəkarlarımızdan Bayram Hüseynli, Qəmbər
Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Aşıq
Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələmişlər.
Ümumiyyətlə, elə bir bəstəkar, xanəndə, müğənni, aşıq təsəvvür
etmək olmaz ki, o, Aşıq Ələsgər yaradıcılığına müraciət etməmiş
olsun. Aşıq Ələsgərin ilk mətbu əsərləri - “Dağlar”, “Bizim
dağlar” şeirləri 1927-ci ildə “Yeni kənd” jurnalında (№3) çap
olunmuşdur. Hümmət Əlizadənin onun haqqında ilk dəfə tərtib
etdiyi “Aşıq Ələsgər” adlı kitabı isə 1934-cü ildə nəşr
olunmuşdur. Aşıq Ələsgərin sözlərinə yüzlərlə mahnı və
romanslar bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə
dinlənilir.
28
Kitabxanada
keçiriləcək
tədbirlərin
siyahısına
Aşıq
Ələsgərdən bəhs edən ədəbi bədii gecəni də daxil etmək olar.
Kitabxanaçı Aşıq Ələsgərin 195 illik yubileyinə həsr olunmuş
ədəbi-bədii gecəyə tanınmış şair, Aşıq Ələsgər irsinin toplanıb
nəşr edilməsində şifahi ədəbiyyatımızın ən yaxşı naşirlərindən biri
olan Hümmət Əlizadəni, Aşıq Ədaləti, Aşıq Zülfiyyəni, Aşıq
Tellini və “Aşıq Pəri” məclisinin bir qrup tanınmış aşıqlarını
dəvət edə bilər. İlk əvvəl qonaqlar Aşıq Ələsgərdən bəhs edən
sərgi ilə tanış olurlar. Sonra tədbir iştirakçılarına Aşıq Ələsgərdən
bəhs edən slayd təqdim olunur. Slaydın nümayişindən sonra,
aparıcılar səhnəyə çıxıb tədbiri açıq elan edirlər.
I Aparıcı: Salam əziz və dəyərli qonaqlar, hörmətli oxucular. Hər
birimiz bu gün Aşıq Ələsgər poeziyasının işığına yığışmışıq.
Kökü çox-çox qədimlərdən şirə çəkən Azərbaycan aşıq sənətinin
on doqquzuncu yüzillikdən azman ustadları sırasında Aşıq
Ələsgərin yeri ayrıcadır. Onun bulaq kimi çağlayan coşqun
ilhamından bizlərə yadigar qalan saz-söz inciləri neçə qərinədir ki,
xalqımızın dilində əzbərdir. Dədə Ələsgərin könüllər bəzəyən
qoşmaları, şaqraq gəraylıları, dərdlərə məlhəm təcnisləri hər
zaman saz-söz məclislərimizin yaraşığıdır.
Yüz il dövran sürən aşıq Ələsgər,
Min-min məclislərə yaraşıq oldu.
Çoxları saz tutub gəlib-getdilər,
Ələsgər zülmətdə gur işıq oldu.
Qədim Azərbaycan mahallarından birində indi yağılar əlində
qalmış ulu Göyçədə göz açıb, saz sehri, söz tilsimiylə bütün
Qafqazı, Türkiyə və İranı heyrətdə qoyan Aşıq Ələsgər Dədə
Qorquddan, Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qasımdan
üzü bəri xalq arasında böyük şöhrət qazanmış ustadlar cərgəsinə
qoşula bilmişdir. Möhtəşəm saz sənətinin incəliklərinə dərindən
bələd olmaqla yanaşı, o, aşıq adının, ustad hörmətinin uca tutulub
xətirli saxlanılmasında əvəzsiz xidmətlər göstərmişdir.
29
II Aparıcı: Aşıq olub diyar-diyar gəzənin
Əzəl başdan pürkamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Saflıq, doğru-dürüstlük, halallıq ölçülərini həyat və sənət amalına
çevirən böyük aşığın ustad kəlamları hər zaman dəyərli və tutarlı
öyüd-örnəklərdir.
El içində düz otura, düz dura,
Dalısınca xoş sədalı gərəkdi!
I Aparıcı: Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür. Doğma
torpağa bağlılıq, ana yurdun axar-baxarlı gözəlliklərinə
vurğunluq, alın tərindən nur alan güzəran şirinliyinə heyranlıq,
mərdlik, sədaqət, dünyasının şah damarıdır. Babalarımızın vüqar,
ucalıq yerində tərifə mindirdiyi başı qarlı ulu dağlarımız da elə bu
səbəbdən Ələsgər sazından əzəli və əbədi bir vətən sevgisi kimi
boy göstərir. Özü də bu dağlarda Azərbaycan ellərinin hay-
haraylı, çal-çağırlı binələri, bərəkətli ağacları, qonaq-qaralı
oymaqları baş-başadır. Oradakı durna gözlü bulaqlar aşığın, hər
bir sözündə, səsində çağlayır.
II Aparıcı: Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur.
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Elə bil ki, Dədə Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə
vaxtsa əldən çıxıb yad-yağılara qismət olacağından duyuq
düşübmüş. Azərbaycan torpağının qaymağı olan Göyçə
yaylaqlarının eldən ayrı düşəcəyinin xiffətini, ağrısını ustad
sənətkar necə də uzaqgörənliklə söyləyib.
Hanı mən gördüyüm qurğu-büsatlar?
Dərdməndlər görsə, tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəşmir atlar.
Onçu pərişandı halların, dağlar!..
30
I Aparıcı: Çox gəzib, çox görüb, çox öyrənən Aşıq Ələsgər özü
demişkən, “hər elmdən halı” sənətkardı. Dövrünün şeir, sənət,
eləcə də şərq fəlsəfəsi və islam dini ilə bağlı biliklərə dərindən
yiyələnməsi onun yaradıcılığında aydın şəkildə görünür. Ətraflı
məlumata və geniş təssəvvürə malik olması sayəsində Tufarqanlı
Abbas, Xəstə Qasım kimi böyük sənətkarların yüz illər boyu
kilidli qalan bir çox qıfılbənd və bağlamalarını məhz Aşıq Ələsgər
aça bilmişdir. Özünün düzüb qoşduğu qıfılbənd, divani və
müxəmməslərdə o, elmi məlumatları qüdrətli istedadı ilə
qovuşduraraq əvəzsiz ağıl və könül inciləri yaratmışdır. Ustadın
sinəsində çağlayan müdriklik çeşməsindən haqq-ədalət yoluna
çağırış, mehribançılıq, böyüyə ehtiram, dost-yoldaş, qohum-qonşu
arasında səmimiyyətə səsləyən öyüdlər axır.
II Aparıcı: “Can” deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
“Çor” deməyin nəfi nədi dünyada?!
Abad könülləri pərişan eylər.
Abad könülləri pərişan eyləmək, dünyanı düzlüyə səsləmək, haqqı
nahaq, mərdi namərd ayağına verməmək Ələsgər şeirlərinin
başlıca qayəsi idi. Ələsgər şeirində Azərbaycan torpağı,
Azərbaycan ruhu kimi Azərbaycan dilinin incəlikləri də
özünəməxsus bir gözəlliklə cilvələnir. Canlı el danışığının bütün
şəhdi-şəkəri, aşığın şeir dilinə bulaq saflığı, bal şirinliyi
gətirmişdir. Ana dilinin incə çalarları hesabına ərsəyə gələn
təcnisin cığalı, dodaqdəyməz, dildönməz kimi nadir incilərini
Dədə Ələsgər Azərbaycan dilinin dərin qatlarına baş vuraraq
yaratmışdır.
I Aparıcı:
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.
Əsrarəngiz təbiətimizin göz oxşayan yaraşığından tutmuş el
gözəllərinin vəsfini, mərd igidlərin tərifini saz-söz sehriylə
ucalardan ucalara qaldıran böyük ustadın ilk kəlməsindən son
31
kəlamınacan bütün söz dünyasında Azərbaycan ruhunun və
Azərbaycan dilinin saflığı hakimdir. Əzəmətli Aşıq Ələsgər
sənətini yüzillikləri fəth etməyə aparan da onun bağrındakı saf və
yenilməz xalq qüdrətidir. Ələsgər poeziyası xalq ruhunun, milli
düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Şeirləri dillər əzbəri
olan, o taylı-bu taylı Azərbaycanda, ümumən Türk dünyasında
sevilən bu qüdrətli saz şairinin ədəbi irsinə dövlət səviyyəsində
həmişə diqqət göstərilmişdir.
II Aparıcı: Yaxşı hörmətinən, təmiz adınan
Mən dolandım bütün Qafqaz elini.
Pirə ata dedim, cavana qardaş,
Ana, bacı bildim qızı, gəlini.
Aşıq Ələsgərin xalq arasında böyük nüfuza malik olmasının bir
səbəbi onun haqdan gələn qeyri-adi, tükənməz istedadı,
müdrikliyi, mənəvi möhkəmliyi yüksək ədəb-ərkanı idi.
Aşıq olub tərki
-
vətən olanın
Əzəl başdan pürkamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
I Aparıcı: Azərbaycan müstəqillik qazanandan sonra aşıq
sənətinə diqqət artmış, klassik irsin nəşri, araşdırılması ilə yanaşı
aşıq poeziyasına qayğı yeni vüsət almışdır. Bəli bu gün milli
mənsubiyyətini, dilini, ruhunu, adət-ənənəsini, mədəni sərvətlərini
qorumaq üçün hər bir xalq öz kökünə doğru gedir, xilasını mənəvi
dəyərlərinin, əxlaqi sərvətlərinin yenidən dərk olunmasında görür.
Biz kitabxanaçılar da, bu sahədə əlimizdən gələni öz dəyərli
oxucularımız üçün etməyə həmişə hazırıq.
Son
32
İstifadə olunan ədəbiyyat siyahısı:
İnternetdə:
www.adam.az.
www.google.az
Kitablar:
1. Azərbaycan aşıqları. Bakı: Çaşıoğlu, 2004.-S.193-196
1. Aşıq Ələsgər. Əsərləri: Şeirlər, dastan-rəvayətlər .- Təkrar nəşr
.- Bakı: Şərq-Qərb, 2004. - 400 s.
2. Aşıq Ələsgər. Şerlər, dastan-rəvayətlər, xatirələr.- Bakı: Çinar-
çap, 2003.- 496 s.
Dövri mətbuatda:
M. Qasımlı. Aşıq Hüseyn Şəmkirli // Mədəniyyət.-2011.-2
dekabr.-№ 89. S.13
A.Ələsgər Düşdü. Gördüm. Dəyməmiş. Yanə-yanə. Yaylaq.
Gözəl / Aşıq Ələsgər // Azərbaycan. - 2006. - №8. - S.3-6.
N. Azər. Aşıq Ələsgər-şerin ən uca zirvələrindən boylanan
sənətkar / A.Nuriyev // Kaspi.- 2011.- 3 iyun.- № 97.- S. 12.
S. Fəxrəddin. Bir ozanın bəxti: Aşıq Ələsgər haqqında / F. Salim
// Kaspi.- 2011.- 9 fevral.- № 24.- S. 13.
Ə.İslam. Ustadlar ustadı: Aşıq Ələsgər - 190 / İ. Ələsgər //
Respublika.- 2011.- 14 aprel.- № 75.- S. 6
A.Qədir. Aşıq sənətinin korifeyi: Aşıq Ələsgər- 190 / Q. Aslan //
Respublika.-2011.- 4 iyun.- № 115.- S. 7.
L.Ə. Mahmud. Ələsgər poeziyasının qüdrəti: Aşıq Ələsgər -190 /
Ə. M. Lələdağ // Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- № 12.- S.
13
N. Məhəmməd. Dərsi azlar Ələsgərdən dərs aldı... : Aşıq Ələsgər
- 190 / M. Nərimanoğlu // Azərbaycan.- 2011.- 2 iyun.- № 117.-
S. 7
A.Tahir. Qədəm: Aşıq Ələsgər - 190 / T. Abbaslı // Mədəniyyət.-
2011.- 20 aprel.- № 27.- S. 12.
33
“Saz - Söz sərvətimizin keşiyində” –Aşıq Hüseyn Şəmkirlinin
205, Aşıq Ələsgərin 195 illik yubileyi münasibəti ilə respublika
uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait
Kompyuter yığımı
və dizayn: Ruhiyyə Məmmədli
Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |