Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
50
MEHDİYEVA AYTƏN
Dos., t.ü.f.d. ADPU
E-mail: ayten-69@mail.ru
ŞƏRQ ÖLKƏLƏRİ XAÇ YÜRÜŞLƏRİ ƏRƏFƏSİNDƏ
Açar sözlər: Səlcuq imperatorluğu, Bizans imperiyası, Aleksey Komnin, peçeneqlər,
xaç yürüşləri
Ключевые слова: империя Сельджукидов, Византийская империя, Алексей
Комнин, печенеги, крестовые походы
Key words: the Saldjuqid Empire, the Byzantine Empire, Aleksey Komnin,
pechenegs, crusades
Xaç yürüşləri ərəfəsində Yaxın Şərqdə siyasi vəziyyət sabit olmamışdı. Xilafətin nüfuzu
altında olan ərazilərdə müstəqil dövlətlər yaranmışdı. Həmin dövlətlər arasında regionda
üstünlüyə sahib olmaq uğrunda mübarizə getmişdi. Bu vəziyyət isə Qərbi Avropa feodalları və
katolik kilsəsinin Şərq ölkələrinə hücumu üçün əlverişli vəziyyət yaratmışdı.
XI əsrdə xaç yürüşlərinin əsas hərəkət istiqamətlərindən biri olan Anadoluda siyasi
vəziyyət mürəkkəb idi. Səlcuq türklərinin Anadoluya gəlişinə qədər bu ərazi Bizansın nüfuzu
altında olmuşdur. Malazgird döyüşündən (1071) sonra sultan Alp Arslan Kiçik Asiyanın çox
hissəsinə sahib olmuşdur.Roman Diogenin Malizgird döyüşündəki məğlubiyyətindən sonra
Bizansda hakimiyyəti ələ keçirən VII Mixail Alp Arslanla imzalanan müqavilənin şərtlərini
yerinə yetirməkdən imtina etmişdi.
Sultan Alp Arslan Anadolunun digər ərazilərini də fəth etmək üçün buraya yeni
qüvvələr göndərmişdi. Sərkərdələr yeni ərazilər ələ keçirərək bir neçə bəylik və dövlətin
əsasını qoymuşdular: Saltuklu, Artuklu, Məngücəkli bəylikləri, Anadolu Səlcuq dövləti,
Danişməndli dövləti [ 1, s.377].
Bu dövlət və bəyliklərin daha qüvvətlisi Konya və ya Rum sultanlığı kimi tanınan
Anadolu Səlcuq dövləti Kiçik Asiyada cərəyan edən siyasi hadisələrin mərkəzində idi.
Anadolu Səlcuq dövlətinin qurucusu Süleyman bəy Bizansda olan qarışıqlıqlardan istifadə
edərək Anadolunun qərbinə və şimalına hücumlar edir. Süleyman bəyin böyük nüfuz
qazanması, fəth etdiyi torpaqların getdikcə genişlənməsi qardaşı Mansurun narazılığına səbəb
oldu. Mansur Anadoluda üstünlüyü ələ almaq üçün Bizans imperatoruna müraciət etdi.
Süleyman bəy bu hərəkəti xəyanət kimi qiymətləndirərək onu məğlub etmək üçün Səlcuq
imperatorluğundan əlavə qüvvə istəyir. Məlikşah Bizans imperatorundan Mansurun təhvil
verilməsini tələb etdi. Bizans imperatoru bu tələbi rədd edərək Mansuru qüvvə və sursatla
təchiz edərək Anadoluya göndərir. Lakin Mansur Məlikşahın sərkərdəsi Porsuk tərəfindən
məğlub edilərək öldürüldü. Anadoluda fəth olunmuş ərazilərin idarə olunması Süleyman bəyə
tapşırıldı.
Süleyman bəyin əldə etdiyi nailiyyətlər Bizansın diqqətindən kənarda qalmırdı. Bizans
imperatoru VII Mixail Süleyman bəyi qiyam qaldırmış Nikifor Votaniata qarşı ittifaqa çağırır
və ondan kömək istəyir. Süleyman bəy döyüşdə qələbə çalaraq Votaniatı əsir tutsa da,
sonradan onu sərbəst buraxır. Bu addım onunla əlaqədar idi ki, Bizansda baş verən qarışıqlıq
onun yeni ərazilər tutmasına əlverişli şərait yaradırdı.
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
51
1078-ci ildə isə hətta ərazi qarşılığı əvəzində Süleyman bəy Nikifor Votaniata Bizans
taxtını ələ keçirməyə köməklik göstərir [2, s.172]. Lakin Nikifor Votaniatın hakimiyyəti uzun
sürmür, general Melissen ona qarşı qiyam qaldırdı. O da Nikifor Votaniat kimi hakimiyyəti
ələ keçirmək üçün Süleyman bəydən kömək istəyir. Süleyman bəy yaranmış bu vəziyyətdən
istifadə edərək 1080-ci ildə Nikeya, Mərmərə dənizinin qərb və cənub hissələrini ələ keçirir.
Bizansda hakimiyyət uğrunda mübarizədə qalib çıxan hərbi aristokratiya öz nümayəndəsi
sərkərdə Aleksey Komnini hakimiyyətə gətirdi [3, s.173-175]. 1081-ci ildə Bizans
imperiyasının dağılmaq təhlükəsi ilə qarşılaşdığı bir zamanda hakimiyyə keçən Aleksey
Komnin Bizansın əvvəlki mövqeyini geri qaytarmaq məqsədilə fəaliyyətə başladı.
Aleksey Komninin hakimiyyəti dövründə səlcuq türkləri Süleyman bəyin başçılığı
altında Anadolunun şimal-qərb bölgəsinin əsas şəhərləri Nikomediya və Bursanı tutdular.
Bunun cavabında Bizans imperatoru əvvəlcə türklərə qarşı hücumlar təşkil etdi. Lakin
peçeneqlər tərəfindən Balkanlarda yaranan vəziyyət onu öz siyasətini dəyişməyə məcbur etdi.
O, Süleyman bəylə danışıqlara başlayaraq, 1081-ci ildə sülh şəraitinin yaranmasına nail oldu.
1084-cü ilin sonunda Süleyman ibn Kutalmış yenidən hücuma keçərək Bizansın Şərqdə
sonuncu dayağı olan Antioxiyanı fəth etdi [4,
s.26]. Səlcuq imperatoru və xəlifənin köməyilə
Süleymana qarşı mübarizə aparan yerli knyazlar sonda onun hakimiyyətini qəbul etməyə
məcbur oldular. Lakin Süleyman bəyin Dəməşq əmiri Tutuşla baş verən döyüşdə öldürülməsi
onun planlarını həyata keçməsinə maneə oldu. Süleyman ibn Kutalmışın ölümü Kiçik Asiyada
siyasi vəziyyəti gərginləşdirdi. Onun tərəfindən tutulan şəhərlərin əmirləri müstəqil siyasət
yürütməyə başladılar. Bu əmirlər Smirna şəhərində Çaka bəy, Nikeyada Əbülqasım,
Kappadokiyada Pulxas idi.
Əbülqasım Mərmərə sahillərini fəth etmək üçün donanma təşkil etdi. Lakin bu
donanma Bizans imperatorunun göndərdiyi qüvvə tərəfindən məhv edildi. 1090-cı ildə Kiosda
Bizans qoşunu ilə qarşılaşan Əbülqasım məğlubiyyətə uğradı və Nikeyaya qayıtdı [ 5, s.112].
Əbülqasımın müstəqillik meylləri Məlikşahın ona qarşı Porsukun başçılığı ilə qoşun
göndərməsinə səbəb oldu. Nikeya əmirinin çətin vəziyyətdə qaldığını görən və əsas məqsədi
Nikomediyanı tutmaq olan Aleksey Komnin ona ittifaq təklif etdi. Əbülqasım
Konstantinopolda səfərdə olduğu müddətdə Aleksey Komnin Nikomediyaya qüvvə
göndərərək əsaslı şəkildə möhkəmlənmək məqsədilə burada qala tikdirməyə başladı.
Əbülqasım geri qayıdarkən artıq Nikomediyanın bizanslılar tərəfindən tutulduğunun şahidi
oldu. Lakin yaxınlaşan səlcuq ordusuna qarşı mübarizə aparmaq üçün Əbülqasımın kifayət
qədər hərbi qüvvəsi yox idi. Buna görə də o, kömək üçün Bizans imperatoruna müraciət etmək
məcburiyyətində qaldı.
Bizans bu zaman peçeneqlərin hücum təhlükəsi altında idi. Bütün qüvvələrini
peçeneqlərlə döyüşə cəlb edən imperator Əbülqasıma kömək etmək iqtidarında deyildi.
Bununla bərabər Bizans Nikeyanın Məlikşahın qoşunları tərəfindən tutulması ilə də
razılaşmaq istəmirdi. Buna görə də imperator hiylə işlətməyi qərara aldı. İmperatorun da
tərkibində olduğu güman edilən kiçik bir dəstə səlcuqlara qarşı göndərildi. Aleksey Komninin
hazırladığı bu plan baş tutdu. Bizans hərbi qüvvələrinin azsaylı olmasından xəbərdar olmayan
əmir Porsuq böyük ordu ilə qarşılaşacağından ehtiyat edir və döyüşə girməyərək geri çəkilir.
Bundan asılı olmayaraq, Əbülqasım sultan qəzəbindən xilas ola bilmədi. 1092-ci ildə
Məlikşahın sərkərdəsi Əmir Bozan tərəfindən tutulan Əbülqasım mərkəzi hakimiyyətə
itaətsizlikdə günahlandırılaraq öldürüldü [6, s.94], Nikeyada hakimiyyətə onun qardaşı
Əbülqazi gəldi. Bizans imperatoru onunla danışıqlar apararaq Nikayanı tərk etməsinə
çalışmışdı. Lakin imperatorun danışıqları uğur qazanmadı. Əbülqazi də hakimiyyətdə uzun
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
52
müddət qalmadı. Bunun səbəbi Məlikşahın ölümündən sonra Süleyman ibn Kutalmışın
əsirlikdə olan oğullarının azad buraxılması ilə bağlı idi. Kutalmışın oğullarından biri I Qılınc
Arslan Nikeyaya gələrək hakimiyyəti ələ aldı. Bu zaman Konya sultanlığının ərazisi əsasən
Nikeya və onun ətraf torpaqlarından ibarət olmuşdu. Nikomediya və onun ətraf əraziləri
Bizansın nüfuzu altında idi. Smirnada isə digər türk əmiri Çaka bəy hakimiyyətdə idi. Çaka
bəy Smirnadan Çanaqqalaya qədər uzanan sahil ərazilərini tutaraq mərkəzi Smirna olan bəylik
yaratmışdı. Onun planı Balkan yarımadasında yaşayan peçeneqlərlə birləşib Konstantinopolu
ələ keçirmək və Bizans dövlətinə son qoymaq olmuşdu.
I Qılınc Arslan Çaka bəyin nüfuzu və qüvvəsindən istifadə etdi. O, ordunu yenidən
təşkilatlandıraraq Çaka bəyin köməyilə Mərmərə sahillərini Bizansdan aldı. Konstantinopola
gedən yollar türklər üçün açıldı. İmperator Aleksey Komnin qorxuya düşərək I Qılınc Arslana
ittifaq və Çaka bəyə qarşı müttəfiqlik təklifi ilə müraciət etdi. Aleksey Komnin “türkə qarşı
türkün gücündən istifadə etmək” kimi ənənəvi Bizans siyasətinə əl atdı və türklərin Bizansa
qarşı birlik yaratmasının qarşısını aldı. Vəziyyəti sona qədər qiymətləndirməyən I Qılınc
Arslan Çaka bəyin nüfuzundan ehtiyalanaraq Bizansın təklifinə tərəfdar çıxdı. I Qılınc
Arslanın sarayında Çaka bəyin öldürülməsi (1093)Bizans üçün yaranmış real təhlükəni aradan
qaldırdı.
Bizans üçün ciddi təhlükə yaranmasının digər səbəbi türk tayfası peçeneqlərin imperiya
ərazisinə basqın etmələrilə bağlı idi. Peçeneqlər XI əsrdə Bizans sərhədlərini dəfələrlə təhlükə
altına almışdılar. 1088-ci ildə peçeneqlərdən təşkil olunmuş ordu Aleksey Komnini
Silistriyada ağır məğlubiyyətə uğratdı. Döyüşdə yüksək rütbəli hərbçilər əsir alınmış,
imperator isə yalnız qaçmaqla xilas ola bilmişdi.
1089-1090-cı ilin qışında peçeneqlər Adrianopol vilayətində məskən salır [7, s. 96],
yazda Bizansa hücum etməyi planlaşdırırdılar. 1090-cı ilin yayında Bizans imperiyasının hərbi
qüvvələri və peçeneqlər arasında döyüşlər baş vermişdi. Payızın gəlməsi ilə döyüşlər dayansa
da, peçeneqlər tutduqları əraziləri tərk etməyərək, Bizans torpaqlarında yaşayış məskənləri
salmağa başladılar. 1091-ci ilin qışında hərbi əməliyyatlar yenidən başlansa da, tərəflərin heç
biri həlledici qələbə əldə edə bilmədi.
Qərbdən peçeneq və norman təhlükəsi ilə, şərqdən isə səlcuq hücumları ilə üz-üzə
qalan Bizans imperiyası çıxış yolunu Qərb ölkələrinə müraciət etməkdə axtarırdı. Aleksey
Komninin Qərb ölkələrinə göndərdiyi məktublardan xaç yürüşlərinin səbəblərini anlamaq
mümkündür. İmperator Aleksey Komnin məktublarından birində yazırdı: “Xristian yunanların
müqəddəs imperiyası peçeneq və türklərin hücumu nəticəsində çıxılmaz vəziyyətdədir.
Xristianlar onlar tərəfindən təhqir edilir, öldürülür. Yerusəlimdən Yunanıstana qədər bütün
torpaqlar onların hücumlarına məruz qalmışdır. Bizansın əlində yalnız Konstantinopol
qalmışdır. Buna görə sizdən xahiş edirəm: xristian yunanlara köməyə tələsin.
Konstantonopolun bir küçəsində toplanan xəzinə ilə dünyanın bütün xəzinələrini bəzəmək
mümkündür. Bütün gücünüzlə tələsin ki, bu xəzinələr türklər və peçeneqlərin əlinə keçməsin.
Tələsin ki, xristian dövləti və bundan daha vacib olanı Xudabəndənin qəbri itirilməsin,
əvəzində siz mükafatlanacaqsınız” [5, s.3-5]. Məhz bu məktub 1095-ci ildə Klermon şəhərində
papa II Urban tərəfindən böyük izdiham qarşısında oxunmuş, sonrakı illərdə isə xaç
yürüşlərinin başlanmasının əsasını qoymuşdu.
Xaç yürüşləri ərəfəsində Böyük Səlcuq imperatorluğu qüvvətlənərək bir çox əraziləri
öz hakimiyyəti altına almışdı. XI əsrin 40-50-ci illərində səlcuqlar İranı fəth edərək bütün
Mesopotamiya və Cənubi Qafqaza sahib olmuşdular. 1055-ci ildə xəlifə əl-Qaim səlcuqlara
üstün gələ bilməyəcəyini anlayaraq Toğrul bəyi Bağdada dəvət etmiş və onun qüvvələrindən
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
53
istifadə etmişdir [8,
s.122]. Sultan Abbasilərə sədaqətli olacağına and içmiş, türklərin Asiyada
tutduqları əraziləri idarə etmək hüququ almışdı. Xəlifə tərəfindən mükafatlandırılan Sultan
Toğrul “Şərqin və Qərbin hökmdarı” titulunu almış və xəlifə qızı ilə evlənmişdir. 1063-cü ildə
Alp Arslanın hakimiyyətə gəlməsindən sonra türklər Qafqaz ərazisi ilə bərabər Bizansın
əyalətləri olan Mesopotamiya, Xaldiya, Fəratın yuxarı axarında olan ölkələrə hücum edərək
imperiyanın sərhədlərini əsasən qərb istiqamətində genişləndirmişdilər [9, s. 362].
1072-ci ildə Alp Arslanın ölümündən sonra hakimiyyətə onun əvvəldən təyin etdiyi
vəliəhd Məlikşah gəlsə də, bundan narazı olan qüvvələr siyasi sabitliyi pozmağa başladılar.
Məlikşahın əmisi Kavurd hakimiyyətə gəlmək üçün imperatorluğun şərq hissəsində qiyam
qaldırmışdı. Lakin imperatorun ona qarşı göndərdiyi qüvvələrlə döyüşdə məğlub olaraq əsir
düşmüş və yayının kirişi ilə boğdurulmuşdu. Alp Arslanın ölümündən sonra Səlcuq
imperatorluğunun zəiflədiyini düşünən imperiyanın şərq qonşuları – Qəznəvilər və
Qaraxanilər hücuma keçmiş, lakin məğlub edilmişdilər.
Alp Arslan tərəfindən Suriyaya göndərilən Atsız bəy buradakı hərbi fəaliyyəti
nəticəsində Yerusəlim, Dəməşq şəhərlərini Səlcuq imperatorluğunun tərkibinə daxil etmişdi.
Hakimiyyət dəyişməsi Atsızı da əvvəlki mövqeyindən döndərərək hakimiyyət uğrunda
mübarizəyə sövq etmişdi. Atsızın bu iddiası barədə məlumat alan Məlikşah onun Fatimi
ordusuna məğlub olmasından (1077) istifadə edərək qardaşı Tutuşu Suriyaya göndərmişdi [10,
s. 115]. Tutuş əvvəlcə Hələbdə möhkəmlənmişdi. Fatimi ordusunun Dəməşqi mühasirəsi
zamanı Atsız Tutuşdan kömək istəməyə məcbur olmuşdu. Tutuş da bu fürsətdən istifadə
edərək Dəməşqdə hakimiyyəti ələ keçirmiş, Atsızı isə öldürmüşdü.
1086-cı ildə Sultan Məlikşah Tutuş və Süleyman bəy arasında olan münaqişəyə son
qoymaq, ucqarlarda mərkəzi hakimiyyətə itaətsizliyin qarşısını almaq məqsədilə yürüşə
başlamışdı [11,s.63-64]. Hələbə gələn Məlikşah itaətsiz əmirləri cəzalandırmış, şəhəri idarə
etmək üçün Ağsunquru vali təyin etmişdi. Hələbdən Antioxiyaya gələn Sultan buranın
idarəsini Yağıbasana, Urfanın idarəsini isə Bozana tapşırdı. 1087-ci ildə Bağdada gələn
Məlikşah çox təntənəli qarşılanmış, xəlifə ona “Şərqin və Qərbin hökmdarı” titulunu vermişdi
[12, s. 270-273].
Alp Arslan və Məlikşahın hakimiyyət dövrü Səlcuq imperatorluğunun ən qüdrətli dövrü
hesab olunur. Alp Arslanın fəthlərini davam etdirən Məlikşah imperatorluğun sərhədlərini
qərbdə Aralıq dənizi, şərqdə Çinə qədər genişləndirmişdi.
Lakin bu hərbi qüdrət fasiləsiz hərbi əməliyyatların nəticəsi olmuşdu. Hər bir feodal
dövləti kimi Səlcuq imperatorluğu da qələbələr nəticəsində qazanılan qənimətə, fəth olunan
torpaqlara əsaslanmışdı. Həmin torpaqlar hərbi xidmət qarşılığında əmirlərə
paylanılmışdı.1092-ci ildə Məlikşahın ölümündən sonra işğallar azaldığından imperatorluq
tənəzzül dövrünü yaşamağa başlamışdı.
Tənəzzül dövrünün başlamasının əsas səbəblərindən biri imperiyada hakimiyyət
uğrunda gedən müharibələr sayılır. Hələ Alp Arslanın hakimiyyəti dövründə şərq, qərb və
cənub istiqamətində göndərilən hərbi sərkərdələr Məlikşahın ölüm xəbərini alan kimi özlərinin
müstəqilliyini elan etmişdilər. Səlcuq imperatorluğunun dörd hissəyə - Kirman, Suriya, İraq və
Anadolu Səlcuq dövlətlərinə ayrılmasının əsası məhz bu dövrdə qoyulmuşdu.
Hakimiyyət uğrunda mübarizənin şiddətləndiyi bir dövrdə Suriya Səlcuq dövlətinin
başçısı Tutuş özünün hakimiyyətə iddiasını irəli sürmüşdü. O, ordusunu tanınmış əmirlər
Ağsunqur, Bozan və Yağısıyanın dəstələri ilə gücləndirərək Rəhbəyə hücum etmişdi. 1093-cü
ildə burada öz adına xütbə oxutdurub özünü sultan elan etdirmiş Tutuş Abbasi xəlifəsinə
Bağdadda adına xütbə oxunması xəbərini göndərmişdi. Əvəzində xəlifə Tutuş bir sıra şərtlər
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
54
(onun Xorasan və ölkənin şərq bölgəsi ilə birlikdə bütün İslam aləminin hökmdarı olması,
qardaşı oğlanlarının hakimiyyətə iddia etməməsi, dövlət xəzinəsinə sahib olması və s.) irəli
sürmüşdü. Onda Tutuş zor gücünə hakimiyyəti ələ keçirməyi planlaşdırmışdı. Ağsunqur,
Bozan və digər əmirlər onun bu istəyinə qarşı çıxaraq ixtiyarlarında olan hərbi qüvvə ilə
Tutuşun ordusundan ayrılsalar da, bir qədər sonra baş verən döyüşdə Tutuş tərəfindən məğlub
edilmişdilər. 1095-ci ildə Tutuş hakimiyyətə sahib olmaq üçün əsas rəqibi Sultan Börküyarıqla
Rey yaxınlığında döyüşə girmişdi. Tutuşun hərbi qüvvələrinin əsas hissəsinin Səlcuq
sultanının tərəfinə keçməsi nəticəsində Tutuş məğlub edilərək öldürülmüşdü [13, s. 70-75].
Bununla sultan Məlikşahın ölümündən sonra üç il ərzində hakimiyyət uğrunda
mübarizə aparan Tutuş Suriya ilə birlikdə Rey və Həmədana qədər imperatorluğun böyük bir
hissəsinə sahib olsa da, sonda məğlub edilmişdi. Onun bu uğursuzluğunun əsas səbəbi
əmirlərə qarşı amansız rəftarı və bunun nəticəsində onların Böyrüyarığın tərəfinə keçməsi
olmuşdu.
Rey döyüşü zamanı Böyrüyarığın ordusunda Məlikşahın bayrağının qaldırılması böyük
ruh yüksəkliyi yaratmış və bu da döyüşün taleyini həll etmişdi. Döyüşdə üstünlük qazanan
Böyrüyarığın dövləti möhkəmləndirmək məqsədinin qarşısına başqa bir maneə çıxmışdı.
Onun keçmiş vəziri Müəyyədül-mülk Gəncəyə gələrək sultanın qardaşı Məhəmməd Təpəri
üsyana təhrik etmişdi. 1099-cu ildə Məhəmməd Təpər qoşunu ilə birlikdə Reyə yaxınlaşmışdı
[14, s.195].
XI əsrin son onilliyində Səlcuq imperatorluğunda hakimiyyət uğrunda gedən
müharibələr Börküyarıq və Məhəmməd Təpər arasındakı döyüşlərlə davam etmiş, Səlcuq
imperiyasının iki hissəyə parçalanması ilə nəticələnmişdi. 1104-cü ildə Börküyarıq və
Məhəmməd Təpər arasında imzalanan müqaviləyə görə, Böyük Səlcuq imperiyası Səfidrud
çayı sərhəd olmaqla iki hissəyə bölünmüşdü [13,
s. 75].
VIII əsrdən etibarən bütün xristian dünyasını qorxu altında saxlayan xilafət daxili
ziddiyyətlər nəticəsində xeyli zəifləmişdi. Hələ X əsrdə iki hissəyə bölünmüş bu dövlət
sonradan daha xırda dövlətlərə parçalanmış, Abbasilər sülaləsinin hakimiyyəti altında yalnız
Bağdad və onun ətraf əraziləri qalmışdı. Səlcuqların gəlişi ilə özünə etibarlı dayaq qazanan
Abbasilər bir qədər qüvvətlənmişdi. Lakin X əsrdə Misirdə yaranmış Fatimilər dövlətinin
Bağdad üzərinə təzyiqi davam etmişdi. 1063-cü ildə əl-Müntəsir Hələb və Suriyanın bir sıra
ərazilərini ələ keçirmişdi. Lakin bu, Fatimilərin Səlcuq dövləti üzərinə sonuncu hücumu
olmuşdu. Fatimilər dövləti XI əsrin 80-90-cı illərində getdikcə zəifləməyə başlamışdı. Bu
zəifləmənin əsas səbəbi İspaniya və Şimali Afrika ərazilərində yaranmış Murabitlər dövlətinin
güclənməsi idi. 1085-ci ildə Fatimilərin Hicazda hakimiyyəti sona çatmış, bu ərazi yenidən
Abbasilərin hakimiyyəti altına keçmişdi.1086-cı ildə Suriya Səlcuq dövlətinin hücumu
nəticəsində Fatimilərin qoşunu Hələbi tərk etmək məcburiyyətində qalmışdı [15, s. 136].
Xəlifə əl-Müstənsirin dövründə Fatimilərin Bizansla dostluq münasibətləri olmuşdu. IX
Konstantinin hakimiyyəti dövründə dinc münasibətlər davam etmişdi. Onun ölümündən sonra
imperatriçə Feodora Fatimilərdən Bizansın düşmənlərinə qarşı müharibələrdə iştirak etməyi
tələb etmişdi. Xəlifə əl-Müstənsirin bu tələblərə rədd cavabı onlar arasında müharibəyə səbəb
olmuşdu. Fatimilər dənizdə ağır məğlubiyyətə uğramış, məcburiyyət qarşısında qalan əl-
Müstənsir sülh müqaviləsi imzalamışdı. Onun dövründə Fatimilər dövləti xeyli zəifləmiş,
Hicaz, Suriya, Məğrib əraziləri itirilmiş, Fatimilərin əlində əsasən Misir torpaqları qalmışdı.
Beləliklə, xaç yürüşləri ərəfəsində Yaxın Şərqdə siyasi vəziyyət sabit olmamışdı.
Xilafətin nüfuzu altında olan ərazilərdə müstəqil dövlətlər yaranmış, bu dövlətlər arasında
mübarizə getmişdi. Nisbətən qüvvətli olan Fatimilər dövləti qüvvəsini ümumi düşmənə
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
55
(xristianlara) qarşı birləşdirməkdənsə, Abbasilər və Səlcuq imperiyasına qarşı yönəltmişdi
Sərqdəki xaosu görən xristian dövlətlər hücuma keçmək üçün məqamın yetişdiyini anlayaraq,
Şərq dünyasına qarşı geniş miqyaslı hücumlara başlamışdılar. Bu yürüşlər Şərq
müsəlmanlarına dəhşətli bədbəxtliklər gətirmiş, Şərq ölkələri dağıdılmış, Bizans xarabalığa
çevrilmişdi. Bu dövrün müəllifləri xaç yürüşlərini “axmaqlıq”, “qana bulaşmış ağılsızlıq” kimi
qiymətləndirirdilər.
Eyni zamanda xaç yürüşləri Şərqlə Qərb arasında iqtisadi, ticari əlaqələr, mənəvi
mədəniyyətin və məişətin qarşılıqlı inkişafına təkan vermişdi. Şərqlə Qərb arasında maddi və
mənəvi dəyərlərin mübadiləsi xaç yürüşlərindən əvvəl də mövcud olmuş, bu sahədə Ərəb
İspaniyası, Siciliya və Bizans mühüm rol oynamışdı. Xaç yürüşləri gedişində xristianlarla
müsəlmanlar arasında müxtəlif xarakterli əlaqələr yaranmış, müqavilələr bağlanmışdı. Həmin
proses xaç yürüşləri başa çatdıqdan sonra da davam etmişdi. Bu isə onu göstərir ki, xaç
yürüşləri olmadan da Şərqlə Qərb arasında iqtisadi, siyasi, mədəni və ticarət əlaqələri
saxlamaq mümkün idi.
ƏDƏBIYYAT
1.Tarihde türk devletleri. Ankara, Ankara Universiteti Basımevi, 1987, I h., 414 s.
2. Норвич Джон. История Византии. М., АСТ, 2010, 288 с.
3. История средних веков.Т.1.Под ред.С.П.Карпова. М.,Изд-во МГУ, 2010, 688 c.
4. Гийу Андре. Византийская цивилизация. Екатеринбург, У-Фактория, 2007, 545 с.
5. Mercil Erdoğan. Müsülman türk devletleri tarihi. Ankara, Ankara Universiteti Basımevi,
1991, 251 s.
6. Klaude Kahen.Osmanlılardan önce Anadoluda türkler. İstanbul, E-yayınları, 1994, 464 s.
7. Успенский Ф.И. История крестовых походов. М., Дарь, 2005, 352 c.
8. Средневековый Восток: история, культура, источниковедение. М.,1980, 318 с.
9. Средние века. М., Наука, 2006, 464 с.
10. Köymen Altay Mehmet. Selcuklu devri türk tarihi. Ankara, TTK Basımevi, 1963, 310 s.
11. Sevim Ali. Suriya-Filistin Selcuklu devleti tarihi. Ankara, TTK Basımevi, 1989, 198 s.
12. Mevdüdi. Selcuklular tarihi. Ankara, Hilal yayımları, 1971, 276 s.
13. Cağatay M.Uluçay. İlk müselman türk devletleri. İstanbul, Milli Egitim Basımevi, 1975,
336 s.
14.Akşin Sina.Türkiye tarihi.1.Osmanlı devletine kadar türkler.İstanbul,Cem yayınevi, 1989,
520 s.
15. Али-заде А. Хроника мусульманских государств I-VII веков хиджры М., УММА,
2004, 198 с.
А.А.МЕХТИЕВА
СТРАНЫ ВОСТОКА НАКАНУНЕ КРЕСТОВЫХ ПОХОДОВ
Политическая ситуация в странах Востока до крестовых походов была
нестабильной. На территориях, находящихся под влиянием халифата, образовались
независимые государства, между которыми неустанно шла ожесточенная борьба за
верховенство в регионе. Такая ситуация создала соответствующие условия для
нападения западноевропейских феодалов и католической церкви на восточные страны.
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 4 2014
56
A.A.MEHDIYEVA
THE EASTERN COUNTRIES BEFORE THE CRUSADES
The political situation in the eastern countries before the crusades was unstable. There
was formed the independent states on the territories, that was under the influence of khalifat,
among which occurred inexorably the fierce struggle for the supremacy in this region. Such
situation had created the corresponding conditions for the offensive of the western european
feudal lords and the Catholic church to the eastern countries.
Rəyçilər: t.e.d. Q.Əliyev, t.e.d. M.Fətəliyev
ADPU-nun Tarix fakültəsi “Ümumi tarix” kafedrasının 01 oktyabr 2014-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2).
Dostları ilə paylaş: |