52
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Humanitar elmlər seriyası 2010
TARİX
XIX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ ŞƏRQİ SLAVYAN ÖLKƏLƏRİNDƏ
KƏND TƏSƏRRÜFATININ VƏZİYYƏTİ HAQQINDA
T.T.VƏLİYEV
Bakı Dövlət Universiteti
veliyevtofiq@yahoo.com
Məqalədə XIX əsrin 60-90-cı illərində Şərqi Slavyan ölkələrində həyata keçirilən aqrar
islahatlar, islahatların kənd təsərrüfatının inkişafına təsiri, əkinçiliyin əmtəə xarakteri alması,
əmtəə maldarlığının genişlənməsi, taxıl istehsalı və onun ixracı, kənd təsərrüfatına kömək
məqsədilə ipoteka banklarının təşkili və başqa məsələlərdən bəhs edilir.
Bəhs edilən dövrdə Şərqi Slavyan ölkələri iqtisadi cəhətdən Avropanın inkişaf
etmiş ölkələrindən geri qalırdılar. Bu geriliyin başlıca səbəbi bu ölkələrdə təhkimçilik
hüququnun hakim olması idi. Təhkimçilik hüququ Rusiya imperiyasının tərkibində
olan Ukrayna və Belorusiyada da mövcud idi.
II Aleksandr Rusiyada hakimiyyəti ələ aldıqdan sonra başa düşdü ki, Rusiyanı
gerilik bataqlığından çıxarmaq üçün hər şeydən əvvəl təhkimçilik hüququnu ləğv
etmək lazımdır.
Krım müharibəsindən (1853-1856) sonra müharibədə biabırcasına məğlub olan
Rusiyanın iqtisadiyyatı bərbad vəziyyətə düşmüşdü. Feodalizmin böhranı hakim
təbəqənin daxili siyasətinə də mənfi təsir göstərirdi. Rusiyanın apardığı müharibələr,
çoxsaylı vergi və mükəlləfiyyətlər, istismarın daha da güclənməsi, təbii fəlakətlər
(quraqlıq, aclıq və s.) nəticəsində əhalinin vəziyyəti ağırlaşmışdı. Ona görə də, ölkədə
baş verən kəndli hərəkatı getdikcə güclənirdi. Kənddə yeni «Puqaçovçuluq» təhlükəsi
yaranmışdı. 50-ci illərin sonunda mütləqiyyətin burjua islahatları keçirmək üçün
hazırlıq işləri görməsi «yuxarıların» böhranının ən qabarıq təzahürü idi. Hələ 1856-cı
il martın 30-da II Aleksandr Moskva zadəganları qarşısında çıxış edərkən demişdi ki,
mən kəndlilərə şəxsi azadlıq verilməsinin əleyhinəyəm. Amma yaranmış çətin
vəziyyət, təhkimçiliyin bundan sonra saxlanılmasının törədəcəyi təhlükə, şəxsi
asılılığın aşağıdan deyil, yuxarıdan, yəni dövlət tərəfindən ləğvini zəruri etmişdir.
Ona görə islahatların keçirilməsinə hazırlaşmaq lazımdır (1, 30-31).
1859-cu il avqustun sonuna yaxın «Kəndlilər haqqında Əsasnamə» demək olar
ki, hazır idi. Lakin hazırlıq işləri ilə əlaqədar yaradılmış çoxsaylı komitə və komis-
siyalarda «Əsasnamə»də edilmiş dəyişiklik, həmçinin əlavələr prosesi uzadılırdı.
Nəhayət, 1861-ci il yanvarın 28-də «Əsasnamə»nin layihəsi son mərhələyə – Dövlət
Şurasına verildi. 1861-ci il fevralın 16-da layihənin müzakirəsi başa çatdırıldı. Bir
53
neçə gün sonra – fevralın 19-da II Aleksandr onu imzaladı. Elə həmin gün çar kənd-
lilərin şəxsi asılılığını ləğv edən Manifest verdi. Beləliklə də, əsrlərdən bəri geriliyə,
zülmə və əsarətə səbəb olan təhkimçilik hüququ ləğv olundu (1, 44).
1861-ci il 19 fevral «Əsasnamə»si Avropa Rusiyasının 45 quberniyasını əhatə
edirdi. Bu quberniyalarda 22563 min təhkimli kəndli, 1467 min nökər və 543 min
fabrik-zavodlara təhkim edilmiş kəndli yaşayırdı. Şərqi Slavyan ölkələrində təhkim-
çilik hüququnun ləğvi birdəfəlik akt olmadığına görə bu proses hələ bir neçə on il
davam etmişdi. Manifestdə göstərilirdi ki, qanun elan edildikdən sonra mülkədar
kəndliləri 2 il əvvəlki vergiləri və mükəlləfiyyətləri ödəməli idilər. Ona görə də, bu
kəndlilər «müvəqqəti-mükəlləfiyyətli» kəndli adlanırdı. Guya bu vəziyyət müvəqqə-
tidir və uzun sürməyəcəkdir. Amma «müvəqqəti-mükəlləfiyyətli» vəziyyət düz 20 il
davam etdi və 1881-ci ildə ləğv olundu. Bu ildən etibarən mülkədar kəndliləri istifa-
dələrində olan pay torpaqlarını icbari şəkildə satın almalı (vıkup) idilər. «Əsasna-
mə»yə əsasən 15 yaşına çatmış hər bir kişiyə 2,75 desyatindən 12 desyatinə qədər pay
torpağı verilirdi. Burada pay torpağının münbitliyi mütləq nəzərə alınırdı (1, 46; 7,
28; 5, 126-128).
Pay torpaqlarının satınalma pulu elə müəyyənləşdirilmişdi ki, burada həm
xəzinə (dövlət) və həm də mülkədarlar qazanır, itirən isə kəndlilər olurdular.
Nökərlər – ev qulluqçuları haqqında ayrıca qayda verilmişdi. Bu qaydaya əsa-
sən onlar da təhkimli kəndlilər kimi, şəxsən azadlıq və mülk-pay torpağı əldə etmək
hüququna malik idilər. Lakin onlar da qanun verildikdən sonra 2 il ərzində ağalarına
qulluq edir və yaxud töycü ödəyirdilər. Mülkədar – zadəganlara məxsus fabrik-zavod-
larda işləyən fəhlələr 2 il müddətinə töycü vermək vəziyyətinə keçirilir, onların
keçmiş pay və həyətyanı torpaqları fəhlələrin xüsusi mülkiyyətinə çevrilirdi (1, 81; 5,
141-144).
Mülkədar-zadəgan torpaqlarında təhkimçilik hüququnun ləğvi hökumətin məc-
buriyyət qarşısında verdiyi burjua islahatı idi. Lakin islahat gedişində mülkədarların
mənafei həmişə gözlənilirdi. Kəndli islahatı feodal istismarını hələ də bu və ya digər
şəkildə qoruyub saxlayırdı. Vıkup (pay torpaqlarının satın alınması) ödəncləri vermək
sahibkar kəndlilərinin imkanı xaricində idi. Nəhayət, islahat qeyri-iqtisadi məcburiy-
yəti saxlamaqla kəndli silkini mülkədarlar və dövlət hakimiyyət orqanlarından asılı
vəziyyətə salmışdı.
Rusiya imperiyasında sahibkar kəndlilərlə bərabər digər kateqorayadan olan
kəndlilər üçün də islahat keçirilməsi dövrün tələbi idi. Bunlardan biri xanədan kənd-
liləri hesab olunurdu. Onlar sayca 2 mln nəfərdən bir qədər çox olmuşdu. Heç bir və-
təndaşlıq hüququna malik olmayan хanədan kəndliləri feodal töycüsü verir, nominal
olaraq, “azad kənd əhli” hesab olunur və istifadə etdikləri xəzinə torpaqları əvəzinə
töycü ödəyirdilər. 1863-cü il iyunun 26-da verilmiş “Əsasnamə”yə görə xanədan
kəndliləri “müvəqqəti-mükəlləfiyyətli vəziyyət”dən yan keçərək dövlətin köməyi ilə
pay torpaqlarını dərhal satın alırdılar. Əgər nadel-pay torpağının sahəsi az olardısa,
onda kəndliyə əlavə sahə ayrılırdı. İdarə işləri sahibkar kəndlərindəki kimi idi (1, 84;
5, 264-268).
Şərqi slavyan ölkələrində kəndlilərin 48%-ni dövlət kəndliləri təşkil edirdilər
(sahibkar-mülkədar kəndliləri sayca daha çox – 50% idi). 1866-cı il yanvarın 18-də
çar fərmanı əsasında dövlət kəndində də islahata başlanıldı. Bu kateqoriyadan olan
kəndlilərin vəziyyəti digər qruplardan əsaslı şəkildə fərqlənirdi. Onlar 1838-ci ilin
54
Kiselyov islahatına görə «azad kənd əhli» hesab olunurdular. Bu, şəxsi azadlıq demək
idi. Torpaq məsələsində də xeyli fərq vardı. Ailənin 15 yaşına çatmış hər bir kişi üz-
vünə 8 desyatin, torpağın çox olduğu quberniyalarda isə 15 desyatinə qədər pay
torpağı verilməsi nəzərdə tutulmuşdu. İslahat 36 quberniyanı əhatə edirdi, çünki
dövlət kəndliləri bu quberniyalarda yaşayırdılar. Qanun Sibir və Uzaq Şərqə şamil
edilməmişdi.
Dövlət kəndliləri islahata qədər də torpaqla yaxşı təchiz edilmişdilər. Pay
torpaqları müqabilində kəndlilər dövlət xəzinəsinə «dövlət töycü vergisi» ödəyirdilər.
Torpaqların vikupu – satın alınması dərhal həyata keçirilmədi. İyirmi il müddətində
bu kəndlilərin dövlət idarələrindən asılılığı saxlanılmışdı. Dövlət kəndlilərinə Dövlət
Əmlak Nazirliyi nəzarət edirdi. Dövlət kəndliləri icbari vıkupa yalnız 20 ildən sonra –
1886-cı ilin iyununda keçdilər (5, 291; 1, 85).
Metropoliyada kəndli islahatları keçirib müstəmləkə ölkələrini yaddan çıxart-
maq olmazdı. Ona görə də 1864-cü ilin oktyabrında Kaxetiyada (Şərqi Gürcüstan),
1866-cı ilin dekabrında Meqreliyada, 1871-ci ilin fevralında Abxaziyada və həmin
ilin oktyabrında isə Svanetiyada təhkimçilik hüququ ləğv edildi. 1870-ci ilin may
ayında verilmiş aqrar qanuna əsasən Azərbaycanda feodal – asılı münasibətlər ləğv
edilirdi. 1865-1866-cı illərdə Şimali Qafqaz ölkələrində (Dağıstan, Osetiya, Balkariya
və b.) də kəndli islahatları elan edildi. 1868-ci ilin iyulunda verilmiş aqrar qanun
bütünlüklə Bessarabiyaya şamil edilmişdi. Mərkəzi Asiyanın Rusiya tərəfindən işğalı
başa çatdırıldıqdan sonra 1886-cı ildə bu regionda da aqrar islahatlar həyata keçirildi
(5, 329-344; 1, 86; 294; 8, 182-183).
Kəndli islahatları – aqrar qanunlar verildikdən sonra kənd təsərrüfatında müs-
bətə doğru ciddi dəyişiklik baş vermişdi.
1877-1878-ci illərdə keçirilmiş torpaq sayımına (kadastr) görə Şərqi Slavyan
ölkələrində 391 mln. desyatin yararlı torpaq sahəsi qeydə alınmışdı. Bu torpaqların 93
mln. desyatini 481 min nəfər xüsusi sahibkarlara, 131 mln. desyatini 8 mln. kəndli
təsərrüfatına, 150 mln. desyatini dövlət kəndlilərinə, 9 mln. desyatin xanədan kəndli-
lərinə və b. məxsus idi. XIX əsrin sonunda vəziyyət əsaslı şəkildə dəyişmişdi.
Mülkədar kəndində 13 mln. kəndli həyətinin 10,5 milyonu cəmi 75 milyon desyatin
torpağa malik idi. Amma ictimai təbəqələşmə nəticəsində meydana gəlmiş 1,5 mln.
qolçomaq təsərrüfatının sərəncamında da demək olar o qədər, yəni 70 mln. desyatin
torpaq sahəsi vardı. Mülkədar-zadəganların torpaq sahələri xeyli azalaraq 62
mln.desyatinə enmişdi (1, 302; 2, 394)
Rusiyada (o zaman Ukrayna və Belorusiya bu imperiyanın tərkibində olduğuna
görə bu ölkələr də nəzərə alınır) təhkimçilik hüququnun ləğvindən sonra feodal müna-
sibətlərinin qalıqları hələ də mövcud idi. Buna baxmayaraq kənd təsərrüfatı məhsul-
larının əsas hissəsi kapitalist təsərrüfat sistemində əldə edilirdi. Kənd təsərrüfatı daha
çox ticarət və sahibkarlıq xarakteri alırdı. Muzdlu əməyin tətbiqi geniş miqyas almış
və kənddə ictimai təbəqələşmə prosesi güclənmişdi. Ölkənin müxtəlif rayonlarının
ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması daxili bazarı
genişləndirmişdi. Dənli bitkilərin xarici bazarda rolu artmışdı. Kənd təsərrüfatının
dünya satış bazarı ilə bağlılığı məhsul istehsalının artırılmasına müsbət təsir göstərirdi
(9, 56; 7, 61).
Rusiyanın taxıl anbarı adlandırılan Qaratorpaq zonada (əsasən Ukraynada) və
Orta Volqa boyunda taxılın əsas satıcısı mülkədarlar idilər. Cənub və Volqa çayından
55
şərqdəki quberniyalarda isə bu işdə mühüm rolu kəndlilər oynayırdılar. Taxıl isteh-
salının getdikcə artmasını şərtləndirən əsas amillərdən biri kənd təsərrüfatında kapi-
talizmin inkişafı idi. Kəndlilərin pul ödənclərinin ildən-ilə çoxalması onları borcları
pulla ödəməkdən ötrü mütləq taxıl satmağa məcbur etməsi digər amil kimi qiymət-
ləndirilə bilər. İslahatdan sonrakı ilk 20 il ərzində hər il orta hesabla 241 milyon
çetvertdən (çetvert– 8-9 puda bərabərdir) çox, daha doğrusu 2 milyard puda qədər
taxıl istehsal edilmişdi. Şərqi Slavyan ölkələri taxıl ixracında dünyada birinci yerə
çıxmışdılar (4, 223-224).
Şərqi Slavyan ölkələrinin ixracatının 85 %-ni kənd təsərrüfatı məhsulları təşkil
edirdi. Kəndli torpaqlarının məhsuldarlığı mülkədarınkına nisbətən az idi. 1861-1870-
ci illərdə kəndli hər desyatin sahədən orta hesabla 29 pud, mülkədar isə 33 pud taxıl
götürürdü. Daxili və xarici bazarlarda taxıla olan tələbin artması kənd təsərrüfatının
inkişafına ikili təsir göstərirdi. Bir tərəfdən dənli bitkilərin əkin sahələri genişləndirilir
(ekstensiv inkişaf), o biri tərəfdən isə ayrı-ayrı regionlar taxıl istehsalı üzrə ixtisas-
laşırdı. Bu isə, öz növbəsində, bütövlükdə ticarət əkinçiliyi və əmtəə maldarlığının
inkişafına təkan verirdi (7, 61)
Tədqiq olunan dövrü şərti olaraq birinci və ikinci 20 illiyə bölünməsi barədə
yuxarıda deyilmişdir. XIX əsrin 60-70-ci illərində, yəni birinci 20 ilin sonuna yaxın
maldarlıqda da irəliləyiş nəzərə çarpırdı. Bu dövrdə Rusiya üzrə 18,6 milyon baş at,
26,2 milyon baş iri buynuzlu mal-qara, 53 milyon baş xırda buynuzlu davar, 10
milyon baş donuz və 2 milyon baş keçi vardı. Qeyri-qaratorpaq zonalarda südçülük
maldarlığının yüksəlişi bilavasitə şəhərlərin inkişafı ilə bağlı idi (4, 221-225).
Texniki bitkilər sahəsində də irəliləyiş gözə çarpırdı. Qeyri-qaratorpaq zonanın
şimal-qərb hissəsində kətan istehsalı güclənmişdi. Ukrayna bu baxımdan mərkəz
sayılırdı. 1861-1865-ci illərdə hər il orta hesabla 165 min desyatin sahədə şəkər
qamışı əkilirdi.
Həmin illərdə qeyri-qaratorpaq zonanın qərb və mərkəzi quberniyalarında
kartof becərilməsi artmışdı. İldə orta hesabla 250 min pud kartof əldə edilirdi. Yeni
təsərrüfat sahəsi olan tütünçülükdə də müəyyən irəliləyiş vardı. O dövrdə orta hesabla
ildə 250 min pudadək tütün yarpağı yığılırdı.
Kapitalist təsərrüfat sisteminə keçmiş mülkədarlar təkmil əkinçilik alətləri tət-
biq etməyə başlamışdılar. Daha güclü qolçomaq təsərrüfatlarında da bu kimi alətlər-
dən geniş şəkildə istifadə edilirdi. Ortabab kəndli təsərrüfatlarında dəmir kotan cütü
sıxışdırıb aradan çıxarırdı. Ona görə də, birinci 20 ilin sonunda kənd təsərrüfatında
mühüm bir hadisə – ictimai təbəqələşmə, yəni «kəndlilikdən çıxmaq» prosesi xeyli
güclənmişdi. Kənd təsərrüfatı məhsulları istehsalında varlı kəndlilərin – qolçomaq-
ların xüsusi çəkisi yüksəlməkdə idi. Kapitalizmə qədərki kənddə əmlak bərabərsizliyi
olmuşdu, amma o heç zaman ictimai təbəqələşməyə – kənd burjuaziyası və daimi
kənd təsərrüfatı fəhlələrinin meydana gəlməsinə gətirib çıxarmamışdı. Ona görə də,
qolçomaqları kənddə kapitalist münasibətləri inkişafının «övladı» hesab etmək olar.
Ortabab kəndlilərin hesabına varlı və yoxsul kəndli təbəqələri əmələ gəlirdi. Ticarət
əkinçiliyinin genişlənməsi kənddə tacir – sələmçi zümrəsinin inkişafına şərait ya-
radırdı. Get-gedə möhtəkirlərin də sayı artırdı. Təkcə onu demək kifayətdir ki, ilk 20
ildə (1860-1880) Avropa Rusiyasının 50 quberniyasından yalnız 17-də işləyib ödəmə
üstünlük təşkil edirdi. Qalan quberniyalarda kapitalist təsərrüfat sisteminin, yəni
muzdlu əmək tətbiqinin xüsusi çəkisi yüksək olmuşdu (9, 34, 38).
56
Şərqi Slavyan ölkələrinin kənd təsərrüfatında kapitalizm iki yolla inkişaf edirdi.
Bir yol mülkədar təsərrüfatının təhkimçilikdən tədricən (təkamüllə) inkişaf edərək
burjua təsərrüfatına çevrilməsidir. Bu halda əkinçilikdə aparıcı rol mülkədara məxsus
olur, əsas kəndli kütlələri isə on illərlə köləlik əzabı yolunu keçirlər. Bu yol Prus-
siyada geniş yayıldığı üçün bunu «Prussiya yolu» adlandırırlar. Lakin kənd təsər-
rüfatında kapitalist münasibətləri başqa yolla da inkişaf edirdi. Deməli, burada mül-
kədar təsərrrüfatı ya tamam yoxdur, ya da kapitalizm inqilabi yolla inkişaf edir. Belə
olan halda əkinçilikdə aparıcı rol kəndliyə məxsus olur və kəndli kapitalist fermerə
çevrilir. Bu yolun geniş miqyas aldığı ölkə Amerika olduğuna görə bu yol “Amerika
inkişaf yolu” adlandırılır. Şərqi Slavyan ölkələrində hər iki inkişaf yolu mövcud idi.
Təhkimçilik hüququnun hakim olmadığı regionlarda sərbəst olan kəndli əkinçiliyə
girişir (Volqa arxası, Novorossiyski, Şimali Qafqaz, qismən Cənubi Qafqaz) və tə-
sərrüfatda kapitalizm inkişaf edirdi. “Prussiya yolu” əsasən Mərkəzi və Qərb
quberniyalarında üstünlüyə malik idi. Deməli, təhkimçiliyin geniş yayıldığı ərazilərdə
“Prussiya yolu” daha güclü olmuşdu. Təhkimçiliyin olmadığı, yaxud zəif olduğu
ərazilərdə əkinçilikdə əsas fiqur kəndli idi. Bir sıra quberniyada isə hər iki yol qarışıq
şəkildə mövcud idi (1,131).
Şərti adlandırdığımız ikinci 20 il (1880-1900) əslində islahatdan sonrakı iyirmi
ilin davamı olaraq qəbul edilməlidir. Amma bu dövrlər iqtisadi cəhətdən xeyli
fərqlənirdilər. 80-90-cı illər iqtisadi inkişafın sürətinə görə iki yerə bölünürdü.
Bunlardan biri 1881-1892-ci illərdir. Taxılın bu illərdə qiymətdən düşməsi üzündən
kəndlilərin yoxsullaşması 1891-1892-ci illərin aclığı nəticəsində fəlakətlə qurtardı. Bu
aclıq Qaratorpaq zonanın çox böyük hissəsini bürümüşdü. 1893-1900-cü illər iqtisadi
yüksəliş illəri hesab olunur. Taxılın bazar qiymətinin aşağı düşməsi 90-cı illərin
ortasında dayanmışdı. Başqa sözlə desək, bu dövr Şərqi Slavyan ölkələrinin ictimai-
iqtisadi inkişafında kapitalizmə qədərki dövrün sonu, yekun dövrü təki qiymət-
ləndirilməlidir.
XIX əsrin son rübündə Avropa ölkələrinin kənd təsərrüfatı durğunluq dövrü
keçirirdi. Aqrar böhran hesab edilən bu vəziyyətin başlıca səbəbi 70-ci illərin orta-
larından taxılın qiymətdən düşməsi idi. On beş il ərzində qiymətlər 2 dəfə ucuzlaş-
mışdı. Ucuzlaşmanı şərtləndirən əsas amil Amerika, Kanada, Argentina, eləcə də
Avstraliyada maya dəyəri aşağı olan taxılın Avropaya gətirilməsi idi. Gəmiçilikdə
texniki tərəqqi taxılın gətirilmə xərcini aşağı salmışdı. Ona görə də, Avropa ölkələri
nisbətən ucuz və keyfiyyətli taxılla doldurulurdu (2, 252).
Aqrar böhran Rusiyaya da təsir göstərmişdi. 80-90-cı illərdə kənd təsərrüfatı
məhsullarının, xüsusən taxılın ixrac tempi-sürəti zəifləmişdi. İkinci 20 ildə taxıl
istehsalı 1,5 dəfə artaraq 3,3 milyard puda çatmışdı. İxracat da 1880-ci ildəki 287
mln. puddan 1900-cü ildə 444 milyon puda qalxmışdı. Taxılın məhsuldarlığında xeyli
artım vardı. Kəndli təsərrufatından 1891-1900-cü illərdə hər desyatindən 39 pud,
mülkədar təsərrüfatından isə 47 pud taxıl götürülmüşdü. Məhsuldarlığın artmasında
aqrotexniki qaydaların tətbiqi böyük rol oynayırdı.
Çar hökuməti taxıl ixracına xarici ticarətin aktiv balansını saxlamaq üçün bir
vasitə kimi baxırdı. İ.A.Vışneqradski (keçmiş maliyyə naziri) deyirdi ki, özümüz ac
qalsaq da, mütləq taxıl ixrac etməliyik (1, 298).
Texniki bitkilər sahəsində də böyük yüksəliş vardı. 90-cı illərdə kətan istehsalı
30 %-dən çox artmışdı. 1900-cü ildə 1050 min desyatin sahədən 17 milyon pud kətan
57
götürülmüşdü. Ukrayna şəkər qamışı yetişdirilməsində həlledici rola malik idi. Bəhs
olunan illərdə 300 min des. çox sahədə şəkər qamışı əkilirdi. Şəkər çuğunduru əkilən
sahələr də genişlənmişdi. 1900-cı ildə 300 min desyatindən çox sahədə çuğundur
əkilirdi. Bu, 60-cı illərdəkindən 3 dəfə çox idi.
Maldarlıqda da ciddi dəyişiklik baş vermişdi. 1883-cü ildə Avropa Rusiyasında
17,4 mln. baş at, 23 mln. baş iri buynuzlu mal-qara, 47,5 mln. baş davar, 9 mln. baş
donuz olmuşdusa, 1900-cü ildə atların sayı 19,7 mln. başa, iri buynuzlu mal-qara 33
mln. başa, davar 49,6 mln. başa və donuzlar 11 mln. başa çatmışdı (1, 298; 4, 218).
Maldarlıq məhsulları istehsalının həcmi də genişlənmişdi. Təkcə onu demək
lazımdır ki, 1900-cü ildə Avropa Rusiyası quberniyalarında 4 mln. manatlıq pendir
istehsal edilmişdi (4, 221).
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, ikinci 20 il ərzində zadəganlar 20
mln. desyatindən çox torpaq itirmişdilər. Yalnız Pribaltika və qərb quberniyalarında
onlar nisbətən az ziyan çəkmişdilər. Çar hökuməti bu prosesi ləngitmək və zadəgan-
lara kömək məqsədilə 1882-ci ildə Kəndli torpaq bankı, bundan 3 il sonra – 1885-ci
ildə isə Zadəgan torpaq bankı yaratdı. Zadəgan bankı zadəgan – mülkədarlara güzəştli
şərtlərlə borc verməklə onların mülklərini girov götürmək məqsədini güdürdü. Kəndli
torpaq bankı mülkədar torpaqlarının xırda hissələrlə satın alınmasında kəndlilərə kö-
mək etməli idi. Əslində bu bank kəndlilərdən daha çox mülkədarlara xidmət gös-
tərirdi. İslahatdan sonrakı dövrdə torpağın qiyməti durmadan artırdı. Mülkədar torpaq
sahibliyinin hökumət tərəfindən müdafiə olunması kəndli təsərrüfatlarının inkişafına
mane olur və kəndlilərin vəziyyətini ağırlaşdırırdı (1, 302; 3, 252, 256).
Belə bir şəraitdə ictimai təbəqələşmə prosesi güclənməkdə idi. Hesablamalara
görə yoxsul kəndli təsərrüfatları ümumi kəndli həyətlərinin 50 %-ni təşkil edirdi.
Onlar – yoxsul kəndlilər əhalinin 40 %-i qədər idi. Həm də onların əlində əkin sahə-
lərinin 25 %-i və iş heyvanlarının 30 %-ə qədəri toplanmışdı. Çoxları iş heyvanı
olmadığına görə torpaqlarını tavanalı həmkəndlilərinə – qolçomaqlara icarəyə vermə-
yə məcbur olurdu. Təkcə 70-ci illərdə nadel-pay torpaqlarından 11,6 milyon desyatin,
yaxud bütün pay torpaqlarının 9 %-i qolçomaqlara icarəyə verilmişdi. Sonrakı dövr-
lərdə, yəni 80-90-cı illərdə bu rəqəm 2,5 dəfədən çox artmışdı (4, 55, 66).
Tavanalı kəndli – qolçomaq təsərrüfatları bütün kəndli həyətlərinin 20 %-dən
azını və kənd əhalisinin yalnız 10 %-ni təşkil edirdilər. Lakin onlar qəbalə torpaq-
larının əksər hissəsinə və icarə torpaqlarının yarıdan çoxuna malik idilər. Ona görə
də, əkin sahələri və mal-qaranın 50 %-ə qədəri, iş heyvanlarının böyük əksəriyyəti,
kənd təsərrüfatı alətlərinin 70 %-i onların sərəncamında idi. Pribaltikada qolçomaq-
ların xüsusi çəkisi yüksək olmuşdu. Stavropol – Kubanda mülkədarlar yox dərəcə-
sində olduğuna görə burada maldarlıq əmtəə xarakteri almışdı. Muzdurların 50-60 %-
i tavanalı kəndlilərin torpaqlarında işləyirdi. Kənd əhalisi sayca artdıqca torpaqsız və
aztorpaqlı kəndlilərin sayı çoxalırdı. Bütün bu amillər ictimai təbəqələşməni sürət-
ləndirirdi. Başqa sözlə desək, islahatdan sonrakı Rusiya kəndinin sosial siması «kənd-
lilikdən çıxma» ilə xarakterizə olunurdu. Dərin ictimai təbəqələşmə prosesi nəticə-
sində ortabab kəndlilər hesabına kənd burjuaziyasının və daimi kənd təsərrüfatı
fəhlələrinin sayı getdikcə artırdı. Kəndlilər parçalandıqca pay torpağı olan kəndlilərin
vəziyyəti getdikcə ağırlaşır, yoxsulların sayı çoxalırdı. Deməli, bir qütbdə varlanma,
digər qütbdə isə yoxsullaşma prosesi gedirdi. Kapitalizmə xas olan bu proses təh-
kimçilik qalıqlarının hələ də güclü olduğu ərazilərdə nisbətən ləng gedirdi. Yoxsul
58
kəndlilərin əksəriyyəti özlərinin pay torpaqlarını becərmək iqtidarında deyildi. Çünki
onların əkinçilik alətləri, iş heyvanları və s. ya tamam yox idi, ya da kifayət deyildi.
Ona görə də, onlar bu torpaqları qolçomaqlara, əvvəl deyildiyi kimi, icarəyə verməyə
məcbur olur, bir müddət keçəndən sonra isə onu tamam itirərək iş axtaran ordunun
sırasını sıxlaşdırırdılar.
Görkəmli iqtisadçı P.Lyaşşenkonun hesablaşmasına əsasən əsrin sonunda
Avropa Rusiyasında torpağı olmayan kəndlilərin sayı 4 milyon nəfərdən çox idi (7,
28-29 ). Sonrakı dövrlərdə isə belələrinin sayı bir neçə dəfə artmışdı. Hələ 80-ci
illərdə kəsbkarlığa gedənlərin sayı 3,7 milyon nəfərə çatırdı.
Əsrin sonuna yaxın Avropa Rusiyasında 25 milyon desyatinə qədər torpaq
icarəyə götürülmüşdü. İcarə əvəzində pul ödənilməsi prosesi güclənmişdi. Kapita-
lizmin kənd təsərrüfatına nüfuz etməsi əhalinin yoxsullaşmasını artırırdı. Təsadüfi
deyildir ki, 1900-cü ildə Avropa Rusiyasının yalnız 50 quberniyasında aqrar əhali
artıqlığı 23 milyon nəfər olmuşdu. Başqa cürə də ola bilməzdi. Çünki torpaq icarə
edən kəndlinin ümumi gəlirinin 34 %-i və xalis gəlirin 80 %-dən çoxu icarə əvəzində
torpaq sahibinə verilirdi. Belə bir şərait əhalinin mütəhərrikliyini artırmışdı. Pay tor-
pağını satıb kəsbkarlığa gedən kəndlilərin sayı ildən-ilə çoxalırdı. Əgər 1867-ci ilədək
bu yolla 8,6 milyon desyatin torpaq satılmışdısa, 1893-1897-ci illərdə satılmış
torpaqların ümumi sahəsi 17,5 milyon desyatinə qalxmışdı (4,188).
Kapitalist əmtəə istehsalı mövzunun maraqlı məsələlərindəndir. XIX əsr və XX
əsrin ayrıcında Avropa Rusiyasında hər il satışa gedən taxılın 38 %-ni qolçomaq –
varlı kəndli təsərrüfatları verirdi. Bunun 25 %-i daxili bazarda, 13 %-i isə xarici ba-
zarda satılırdı. Mülkədar təsərrüfatlarının xüsusi çəkisi az-12 % idi. Bu təsərrüfatlarda
istehsal olunan taxılın yalnız 5,6 %-i ixracata gedirdi. Ortabab və yoxsul kəndli
təsərrufatları taxılın ümumi həcminin 50 %-ni vermələrinə baxmayaraq, burada ix-
racat 7,4 %-dən çox deyildi (9, 34; 6, 224-226). Göründüyü kimi, qolçomaq və kəndli
təsərrüfatları əmtəəlik taxılın istehsalında həlledici rola malik idilər
ƏDƏBİYYAT
1. Çoxcildli «SSRİ tarixi» (rusca), V c. M.: Наука, 1968, 731 s.
2. Хромов П.А. Экономическое развитие России в ХIХ-ХХ веках. М.: Наука, 1950, 551с
3. Ковальченко И.Д., Милов Л.В. Российский аграрный рынок. ХVIII-начало ХХ века.
М.: Наука, 1974, 414 с.
4. Анфимов А.М. Крестьянское хозяйство Европейской России. 1881-1904. М.: Наука, 1980,
339 с.
5. Зайончковский П.А. Отмена крестьянского права в России. М.: Наука, 1968, 367 с.
6. Нифонтов А.С. Зерновое производство России во второй половине ХIХ века. М.:
Наука, 1974, 317 с.
7. Ляшенко П.И. История народного хозяйства СССР, В 2-х т. т. II, М.: Наука, 1956, 735 с.
8. Azərbaycan tarixi, IV cild, Bakı: Elm, 2000, 456 s.
9. Немчинов В.С. Сельскохозяйственная статистика с основами общей теории. М.:
Наука, 1945, 477 с.
10. Китанина М. Хлебная торговля России в 1875-1914 гг. М.: Наука, 1978, 361 с.
59
О ПОЛОЖЕНИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА В ВОСТОЧНОСЛАВЯНСКИХ
СТРАНАХ В 60-90-х гг. ХIХ ВЕКА
Т.Т.ВЕЛИЕВ
РЕЗЮМЕ
Восточнославянские страны на много отставали от развитых Европейских
стран. Основным фактором отсталости являлось существование крепостного права. По
этому царь Александр II в 60-х годах издал указ о ликвидации крепостного права.
Крестьяне освободились от личной зависимости. После этих реформ в сельском хоз-
яйстве наблюдались определенные изменения. Если в конце 60-х годов было собрано
почти 2 млд. пудов зерна, то в 1900-х годах объем производства зерна достигал до 3,3
млд. пудов. Усилился процесс социального расслоения крестьян. Отдельные регионы
специализировались по производству товарного зерна. Расширилось отходничество
крестьян.
ON THE STATE OF AGRICULTURE IN EASTERN SLAV COUNTRIES
IN THE 60-90S OF THE XIX CENTURY
T.T.VALIYEV
SUMMARY
Countries of eastern Slav stood back from the developed European countries. The
basic factor of this wаs serfdom. Therefore, Tsar Aleksandr II issued a decree about the
liquidation of serfdom. The peasants became free from the personal dependence. After these
reforms there wеre some striking changes in agriculture. While at the end of the 60s about 2
milliard poods of harvest was gathered, in the 1900s the capacity of the production increased
about to 3,3 milliard poods.
Dostları ilə paylaş: |