M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Ekoloji böhran və onun aradan qaldırılması



Yüklə 222,71 Kb.
səhifə45/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   41   42   43   44   45   46   47   48   ...   57
muhazirə felsefe 2021

12.3. Ekoloji böhran və onun aradan qaldırılması

Sosial ekologiya elmi və fəlsəfi biliyin bir sahəsi olaraq keçən əsrin 60-cı illərindən başlamış, 80-ci illərin ortalarında tam formalaşmışdır.


Ekoloji problemlərin yaratdığı təhlükələr gücləndikcə onların öyrənilməsinə tələbat artır. Sosial ekologiyadan əlavə elmi biliklərin yeni sahələri də yaranmışdır. İnsan ekologiyası, qlobal ekologiya, şəhərlərin ekologiyası və s. İndi ekoloji elmlər insan varlığının fundamental əsaslarına toxunduğu üçün daha çox fəlsəfi mahiyyət daşıyır.
Ekoloji problemlərin fəlsəfi səpkisi müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Fəlsəfə təbiət ilə cəmiyyət arasında yaranan tək-tək problemləri həll etmir və bunların qaldırılmasına tövsiyələr də vermir. Fəlsəfənin bu məsələdə rolu konkret nəticələrin təhlili və ümumiləşdirilməsi, baş verən proseslərin meylini və dinamikasını aydınlaşdırmaq, qarşılıqlı təbii əlaqəni müəyyənləşdirməkdən və s. ibarətdir.
Beləliklə, fəlsəfə ekologiyanın mühüm ümumi anlayışlarını, prinsiplərini işləyib hazırlayaraq ayrı-ayrı elmlər üçün metodoloji əsas yaradır. Burada bir məsələni də qeyd etmək lazımdır ki, «təbiət ilə cəmiyyət arasında qarşılıqlı təsir problemləri» ilə «ekoloji problemlər» eyni anlayışlar deyildir. Bu halda yada salmaq lazımdır ki, «yaşama sferası» anlayışı da vardır. Bu sfera biosferin canlı orqanizmlər yaşayan hissəsidir.
İnsan varlığı mürəkkəb «biosfer və insan» sistemini yaradır. Biosferə qatılan insan özünün məqsədyönlü fəaliyyəti ilə onu dəyişdirir, özünün mövcud olmasının şəraitini təbiilikdən çıxarır. Elmin və texnikanın çox sürətli inkişafı vasitəsilə iqtisadi fəaliyyət elə miqyas və formalar almışdır ki, ya birbaşa, ya da dolayısı ilə planetin həyat fəaliyyətinə bütövlükdə təsir edir. Bu sahədə, yəni canlı orqanizmlərin, o cümlədən insanın əhatə olunduğu mühitlə qarşılıqlı təsirindən yaranan problemlər xüsusi ekoloji problemlərdir.
«Təbiət-cəmiyyət» problemləri daha geniş məsələləri əhatə edir. Buraya bəşəriyyəti xammal və enerji ehtiyatları ilə təmin etmək, kosmik fəzanı mənimsəmək və s. daxildir. «Təbiət-cəmiyyət» sistemində bu sonuncu söylədiklərimiz (xammal və enerji ehtiyatları və s.) o qədər də uzaq tarixə malik deyildir. Bu problem öz başlanğıcını təxminən 200 il bundan əvvəlki iqtisadi yüksəlişin sürətləndiyi tarixi dövrdən götürmüşdür. Buna görə də cəmiyyət ilə təbiətin qarşılıqlı təsirindən doğan problemlər kompleks xarakter daşıyır və insanların dəyişdirici fəaliyyəti ilə bağlıdır. Nəticə olaraq deməliyik ki, ekoloji problemlərlə o ölkələr daha çox üzləşirlər ki, orada insanın təbiət proseslərinə müdaxiləsi güclü olsun. Əslində sosial ekologiyanın predmetini də bu dediklərimizin öyrənilməsi təşkil edir. Bəhs etdiyimiz daha geniş fundamental məsələləri əhatə etdiyindən fəlsəfi səpki burada çox mühüm rol oynayır.
İndiki halda söhbət birincisi, biosferin sabit ekoloji müvazinəti saxlamaq imkanından, ikincisi, ekoloji şəraitin istehsal prosesində insanların müəyyən tarixi münasibətlərdən asılılığından, üçüncüsü isə insanın biososial varlıq kimi ətraf mühitin əsas tələbatlarını ödəməsi imkanlarının üzə çıxarılmasından gedir. İnsan bioloji təbiətinə görə sağlam qidaya, təmiz suya və havaya ehtiyac hiss edir, sosial mövcudat kimi insan təbiətdən xammal və enerji mənbəyi kimi istifadə edir. Bu problem üzərində düşünmək və onu başa düşmək və beləliklə, bu qədər mürəkkəb məsələləri həll etməyə yol açmaq fəlsəfəsiz mümkün deyildir.
Cəmiyyət və təbiət münasibətlərinin təkamülü Yer üzərində üzvi və sonra isə sosial aləmin yaranmasını müəyyən edən qanunauyğunluqların yeni anlamına əsaslanır. Cansız və canlı təbiətin qarşılıqlı təsiri Yerin litosfer, hidrosfer qatlarına və atmosferin keyfiyyətində dəyişikliklərə səbəb olmuşdur. Bu da öz əksini «biosfer» və «noosfer» kimi sintetik anlayışlarda tapmışdır. Vernadskinin rəyincə, biosfer Yer səthinin keyfiyyətcə tamamilə yeni vəziyyətidir. Bu yeni keyfiyyət canlı orqanizmlərin cansız təbiətlə çox uzun müddətdə baş verən qarşılıqlı təsirinin nəticəsidir. Bu halda təşəkkül tapmış keyfiyyəti dəyişdirmədən praktiki olaraq ayrılıqda heç bir ünsürü hissələrə parçalamaq mümkün deyildir. O yazırdı: «Yer səthində elə bir kimyəvi qüvvə yoxdur ki, bütövlükdə götürülmüş canlı orqanizm qədər daimi fəaliyyət göstərsin və buna görə də öz nəticələri etibarilə bu qədər qüdrətli olsun. Biz biosferdə olan kimyəvi hadisələri bildikcə, bir daha əmin oluruq: elə bir hal yoxdur ki, onlar həyatdan asılı olmasınlar». Bu dediklərimiz bütün geoloji tarix boyu baş vermişdir.
Beləliklə, noosferi müstəqil mövud olan örtük kimi deyil, biosferin bir haldan başqa hala keçməsi kimi və onun yeni keyfiyyətlər qazanması kimi başa düşmək lazımdır. Biosferin və noosferin coğrafi parametrləri üst-üstə düşmür. İnsan kosmosa daxil olur, yəni biosferin hüdudlarından kənara çıxır. Lakin o özü biosferin bir hissəsi olduğundan sadəcə, biosferin hüdudlarını genişləndirir, bunun sayəsində də onun hüdudları yeni keyfiyyət qazanır. Bununla yanaşı, insan təbiətlə, cəmiyyətlə qarşılıqlı təsirdə olaraq sanki biosferi sosiallaşdırır, ona yeni məzmun əlavə edir. Biosfer «ictimai varlığa qoşulur». Biosferin sonsuz inkişafı, təkmilləşməsi prosesi sosial sferaya da öz təsirini göstərir. Bu halda insan təbiətin bir hissəsi olduğundan bu prosesi dayandırmaq iqtidarında deyildir.
Beləliklə, biosferin noosferə keçməsi, insanın biosferin təkamülünün, eləcə də özünün mövcud olmasının bütün məsuliyyətini öz üzərinə götürməsidir. Onun bu məsuliyyətdən qaçmaq imkanı yoxdur, çünki onun özünün həyatı və ölümü məsələsi həll olunur. Deməli, insan dəyişdirici fəaliyyətində «Ziyan vurma» prinsipini həmişə rəhbər tutmalıdır. Bu vəzifəni həyata keçirmək üçün həm cəmiyyət, həm də «cəmiyyət-təbiət» sistemi haqqında müfəssəl biliklərə malik olmaq zəruri idi. Əslində, praktiki olaraq bütün təbiət humanitar və texniki fənlərin məzmununu təşkil edir. Burada fəlsəfə çox mühüm və spesifik rol oynayır. İlk əhəmiyyətli amil kimi aksioloji aspekti, əxlaqi idealları, mənəvi və etik normaları formalaşdırmaq məharəti ön plana çıxır.
Ekoloji imperativ. Müasir dövrdə bəşəriyyət çox ciddi ekoloji qarşıdurma ilə üz-üzədir. İnsanların davranışının etik tərəfləri ciddi dəyişikliklərə məruz qalır. «Cəmiyyət və təbiət» münasibətlərində insan özünün bütün fəaliyyətində əsas diqqətini biosferə yönəltmişdir. İndi yaranan situasiya insanlardan yeni etik normalar tələb edir. Artıq əxlaqi imperativ (tələb) təbiətə də tətbiq olunmaqla ümumi ekoloji imperativ yaratmalıdır. Bu ekoloji imperativin mənası ondan ibarətdir ki, fəaliyyət göstərən hər bir subyekt (istər ayrı-ayrı adamlar, istər cəmiyyət, istərsə də bütün bəşəriyyət) özünün bütün niyyətlərində, işlərində, davranışlarında (təbiətlə ya birbaşa, ya da dolayısı ilə olan) özünü elə aparmalıdır ki, bu davranışın, bu əxlaqın normaları ən ümumi ekoloji qanun olsun.


Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə