81
həmçinin onlara uyğun kitabə motivləri işlənmişdir. Bu üsul, əsasən, Şirvan-Abşeron bədii daşyonma məktəbinə
aiddir (Bakı, Şamaxı, Dərbənd).
Şimal-qərb rayonlarının ustaları,
daha çox, çaylaq daşı üzərində işləmişlər.
Bu daşdan düzəldilmiş abidələrə istənilən formanı vermək mümkün olmamışdır. Bununla belə, bədii
daşyonma ustaları adi daşdan çox gözəl, əvəzolunmaz sənət əsərləri yaratmışlar. Azərbaycanın bir sıra
ərazisində Naxçıvan, Lerik, Yardımlı, Lənkəran,
Kəlbəcər, Laçın,
Mingəçevir, Zəngəzurda at, qoç heykəlli belə
məzar daşları vardır.
Azərbaycanın tarixi ərazisi, indi Gürcüstanda
qalan Armazisxevidə vaxtilə müsəlman qəbiristanlığı
olmuşdur (indi arxeoloji bazadır). Burada iki at heykəlli
məzar daşı qalmışdır. Birinin üzərində "Onun sahibi
Kərim xan, h. 741 (1340/41) il" yazılmışdır. Sag tərəfdə
oğuz türk tayfalarına məxsus tamqa - otuz oğuz təsvir
olunmuşdur. Belə tamqa Laçın rayonunun Malıbəyli
kəndindəki XVI əsrə aid at heykəlli abidədə də vardır.
On oğuz tamqaları isə Qobustan ərazisində olan Qaradağ
qəbiristanlığındakı məzar daşlarında mövcuddur. Tiflisin
Şota Rustaveli küçəsində və parklarında azərbaycanlılara
məxsus qəbiristanlıqlardan götürülmüş at heykəlli
abidələr qoyulmuşdur.
Qoç heykəlli və sənduqə formalı məzar daşları
Zəngəzurun Urud qəbiristanlığında da (indiki Ermənistan
ərazisində) olmuşdur. 1478-ci ildə vəfat etmiş Əmrusəlin
sənduqə formalı məzar daşında və 1578/79-cu ildə vəfat etmiş İftixarın qoç heykəlli məzar daşında "Allah,
Məhəmməd, Əli, ağvan-alban övladı" sözləri və Azərbaycan dilində kitabələr yazılmış, oğuz-türk tayfalarına
məxsus onqonlar-tanrıların təsvirləri həkk olunmuşdur. Bu, xristian Alban tayfalarının türkləşməsini və islamı
qəbul etməsini göstərir.
Məzar daşlarında dəfn olunanların peşələri ilə də əlaqədar təsvirlər həkk olunmuşdur. XIV-XVI əsrlərin
məzar daşlarında xalça naxışları, xalça toxunması, hana, kirgit, misgər alətləri və s. həkk olunmuşdur.
XII-XIX əsrlərə aid kitabələrdə görkəmli memar, inşaatçı usta, bənna, həkkak, xəttat, nəqqaş,
heykəltəraş adları qeyd olunmuşdur. Bakı-Abşeron abidələrində Aşur İbrahim oğlu, Əbd əlMəcid Məsud oğlu,
Zeynəddin Əbu Rəşid oğlu, Şəmsəddin Şeyx Hacı Məhəmməd oğlu, Əli, Hacı Məhərrəm, Əmirşah, Hacı Bani,
Nadir Əli, Bürhan, Şahkar Şahbəndə oğlu, Bəxşəli Mirzə Məhəmməd oğlu, Murad Əli və başqalarının adları
çəkilir.
Şəki-Zaqatala bölgəsindəki kitabələrdə XIII-XV əsrlərin əvəllərinə kimi işləmiş inşaatçı usta, xəttat,
həkkaklar İdris,
Şeyx Sultan,
Yusif Zəhir oğlu, Mahmud, İzzəddin,
Şəmsəddin,
Məhəmməd Əli Ağa,
Məhərrəm
Baba, Molla Şaxmərz Molla Səfiulla oğlu, Məhəmməd Əlinin adları qeyd olunmuşdur. Həmin bölgədə XVIII-
XX əsrin əvvələrində işləmiş 110 memar, inşaatçı usta, xəttat, həkkakın adları qeydə alınmışdır.
XII-XIV əsrlərdə Naxçıvanda fəaliyyət göstərmiş memar, inşaatçı usta, xəttat, həkkak və nəqqaşlardan
Əcəmi Əbubəkr oğlu, Cəmaləddin, Məhəmməd bəy Hacı oğlu, usta Nəcməddin Hacı Pənah oğlu , Vəli və
başqalarının adları abidələrdə həkk olunmuşdur.
Quba, Qusar, Xaçmaz, Cənubi Dağıstan, Dərbənddə fəaliyyət göstərmiş memar, inşaatçı usta, xəttat,
həkkaklardan Mahmud Gilani, Saleh Əli oğlu, Qasım, Məhəmməd, Mənsur, Seyid Fariz, Mamay əl-Zaxuri, İsa
Məhətə oğlu, Vaxuh Kəriməddin, bakılı Qarçiqay və Gökçə, Əli, Fərrux Şamaxılı (XII-XV əsrlər), nügədili
Qoçi bəyin oğlu Cəfər, Dərbəndli Mahmud, Ağacan, Hüseynqulu, Loğman Zeyd Əbubəkr və naxçıvanlı
Əhmədin (XVIII əsrin əvvəlləri) adları da kitabələrdə qeyd olunmuşdur. Gəncəli bədii daşyonma ustaları Şeyx
Zaman və Mirzə Mehdinin adları Gəncədəki Cavad xan türbəsində, İmamzadədə, Goranboy rayonun Rəhimli
kəndində Mirzə Adıgözəl bəyin türbəsindəki abidələr üzərində yazılmışdır.
Məşədixanım Nemətova
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007,
“B ədii daşyonma sənəti”
məqaləsi, səh.788-790.
82
Zərgərlik
Azərbaycan zərgərlik sənəti qədim tarixə və zəngin bədii-texniki ənənələrə malikdir. Elə bu səbəbdən
Azərbaycan zərgərlərinin yaratdıqları sənət nümunələri haqlı olaraq geniş şöhrət qazanıb. Onların yüksək bədii
məziyyətlərinə görə dünyanın müxtəlif ölkələrinə yayılması, məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəməsi
də elə bunun təsdiqidir.
Arxeoloji tapıntılara əsaslansaq, deməliyik ki, bizim dövrə gəlib çatan ən qədim zərgərlik nümunələri
eramızdan əvvəl I minilliyə aiddir. Həmin dövrə aid edilən qəbirlərdə silah, alət və məişət əşyaları ilə yanaşı
qızıl, tunc, dəmir və sümükdən hazırlanmış çoxlu bəzək əşyalarına da rast
gəlinir. Mum qəliblərdən istifadə edilərək yaradılan sırğa, bilərzik və
boyunbağılar çox vaxt rəmzi məna daşıyan ilan və şir şəklində hazırlanar,
həm də şər qüvvələrdən qorunmağa xidmət edərdi. Qədim bəzək əşyalarının
bədii tərtibatında əqiq, yaşma və s. minerallardan ustalıqla işlədilməklə, həm
də müxtəlif formalardan, heyvan təsvirlərindən və həndəsi naxışlardan
istifadə edilib.
Mingəçevir, Xocalı, Yoloylutəpə, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə
və s. yerlərdən arxeoloji qazıntılar zamanı tapılmış qızıl sırğa, tunc kəmər,
gümüş bilərzik, qızıl cam və digər əşyalar yüksək sənətkarlıq nümunəsi kimi
qəbul olunur. Bu cür zərgərlik əşyalarının hazırlanmasında müxtəlif texniki
üsullardan istifadə olunurdu. Basma, qarasavad, döymə, minasazlıq, oyma,
pardaqlama, xatəmkarlıq, həkketmə, hörmə,
şəbəkə və s. Azərbaycan zərgərliyində geniş yayılmış texniki
üsullardır.
Kəmər, qozalı qolbaq, düymə və s. zinət şeylərinin hazırlanmasında döymə üsulu əvəzsizdi. Əsasən
gümüş üzərində tətbiq olunan
qarasavad üsulundan isə silahların qını, dəstəyi, qundağı, eyni zamanda, bir sıra
ev avadanlığının hazırlanmasında istifadə edilirdi. Sırğa, üzük, medalyon, bilərzik və s. bəzək əşyalarının
yaradılmasında zərifliyi ilə seçilən
şəbəkə üsulu tətbiq olunurdu.
Xatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və
dəstəyi, habelə müxtəlif avadanlıq bəzədilirdi.
Minasazlıq üsulu ilə əşyanın üzərində həkk olunmuş rəsm,
yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulurdu. Bu texnikadan daha çox xəncər və qılınc qınlarının,
sırğa, bilərzik və s. zinətlərin bəzəklərində istifadə edilirdi.
Çağdaş dövrümüzdə zərgərlik keçmiş ənənələri davam etdirən forma və
məzmunca zənginləşmişdir. Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa,
Şəki, Təbriz, Quba tarixən Azərbaycanın məşhur
zərgərlik guşələri sayılır.
Parisin Luvr, Sankt-Peterburqun Dövlət Ermitajı muzeylərində və
Moskvanın Silah Palatasında, Türkiyənin Topqapı saray-muzeyində, Bakıdakı
Azərbaycan tarixi, Azərbaycan Dövlət incəsənət muzeylərində, Lətif Kərimov
adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində Azərbaycan
zərgərlərinin nadir bəzək örnəkləri saxlanılır.
Bütün dövrlərdə milli zərgərliyin inkişaf etdirilməsində qadın bəzəkləri əsas yer tutub. Başlıca
olaraq dörd
hissəyə bölünən, boyun, qol və barmaq, baş və libasların bəzədilməsində istifadə olunan əşyalar ilk növbədə
icrasının nəfisliyi, forma və naxışlarının orijinallığı ilə diqqət çəkir. Keçmişdə qiymətli metallardan hazırlanmış
milli kəmərlər qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsi sayılırdı. Adətə görə, qadınlar enli, kişilər isə
nazik, ensiz kəmər taxardılar. Qızıldan, gümüşdən, bürünc və misdən hazırlanan bu kəmərlər müasir və
dəyişkən moda dünyasının təsirinə məruz qalsa da, elə bilirik ki, öz bədii-estetik dəyərini və funksionallığını bu
gün də saxladığına göre, tətbiq olunmasına haqqı vardır. Bu mənada
böyük dövlət xadimi və şair Şah İsmayıl Xətai (XVI əsr) üçün
hazırlanan qızıl kəmər (hazırda İstanbulun Topqapı saray-muzeyində
saxlanılır) yüksək bədii-estetik dəyərinə görə milli zərgərlik-
metalişləmə sənətlərinin vəhdəti kimi heyranedicidir.
Qeyd etmək lazımdır ki, "Zər qədrini zərgər bilər" və "Zərgər
dəqiqliyi" deyim- ifadələrinin yaradıcısı olan xalqımız zərgərliyin
zəngin bədii-estetik yükünün daşıyıcısı olan sənətkarları həmişə
yüksək dəyərləndirib. Odur ki, xalq sənətinin bu qədim və çox nəfis
növü bu gün də uğurla inkişaf etdirilməkdə, keçmiş sənətkarların
unudulmaz ənənələri yaşadılır.
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta”
dizayn şirkəti, 2006, səh.85-88.