226
acı paxla > yulaf > qarabaşaq > noxud > arpa > buğda > qarğıdalı > soya
b. tərəvəz və kartof:
kələm > kartof > çuğundur > kök > xiyar > pomidor
Kənd təsərrüfatı bitkilərində radionuklidlərin konsentrasiyasını azaltmaq məqsədilə onların düzgün seçilib
əkin dövriyyəsində yerləşdirilməsi yuxarıda verilmiş tədbirlər fonunda daha yüksək səmərə verə bilər.
4. Radionuklidlərlə çirklənmiş torpaqların fitomeliorasiyası. Məlum olduğu kimi, bir sıra təbii və kənd
təsərrüfatı bitkiləri kimyəvi elementləri və radionuklidləri özündə toplamaq qabiliyyətinə malikdir. Bu
maddələrin bitkidəki konsentrasiyası torpaqdan, adətən, bir neçə dəfə çox olur. Bunu nəzərə alaraq bitkilərin
toplamaq qabiliyyətindən istifadə etməklə onların vasitəsilə (vegetasiya dövrünün sonunda sahədən
çıxarılmaqla) torpaqların bioloji təmizlənməsini həyata keçirmək mümkündür. Bu üsul torpaqların
fitomeliorasiyası adlanır. Adətən, bu tədbirlər AES qəzalarından sonra və digər səbəblərdən müəyyən
ərazilərdə radionuklidlərlə çirklənmə baş verərkən tətbiq edilir.
Radionuklidlərlə çirklənmiş torpaqların ekoloji problemlərinin həllində aqrotexniki, aqrokimyəvi, fitomeli-
orativ və digər tədbirlərin əhəmiyyəti böyük olsa da, onların ətraf mühitdə yayılmasına qarşı profilaktik
tədbirlərin görülməsi daha önəmlidir. Bunlar içərisində Respublika ərazisinə daxil olan sənaye və kənd
təsərrüfatı məhsulları üzərində ekoloji nəzarətin gücləndirilməsi, transsərhəd zonalarda, xüsusən də AES və
onun tullantıları ilə problemi olan Ermənistan Respublikası ilə sərhəddə daimi ekoloji monitorinqin qoyulması
təxirəsalınmazdır.
12.7. Suvarmanın ekoloji problemləri
Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən istifadə olunur. Dünyada suvarı-
lan torpaqların sahəsi 250 mln. hektara çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq
əkinçiliyin bütün məhsulunun 1/3-ni təmin edir.
Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlə-
nərək dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxaldı. XX əsrin əvvəlində dünyada suvarılan torpaqların
sahəsi 40 mln. ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı illərdə baş verdi, sonralar isə
azalmağa başladı.
Suvarmanın inkişaf tempinin azalmasına səbəblər bunlardır.
- Yeni layihələrin qiymətinin yüksək, orta hesabla ABŞ dollarılə 1 ha-ra 1000-2000 dollar olması;
-
Su resurslarının qıtlığı;
-
Əlverişli (münasib) torpaqların qıtlığı;
-
Şoranlaşma, şorakətləşmə, bataqlaşma nəticəsində suvarılan ərazilərin itirilməsi;
-
Suvarma sistemlərinin deqradasiyası.
Söz yox ki, suvarma işləri bəşəriyyət üçün xeyirlidir, lakin, o, hər şeydən öncə ekoloji problemlər yaradır.
Təbii landşaftların aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini və rejimi dərin dəyişikliyə uğradır.
Aparıcı proseslər kökündən dəyişir: quru vilayətlər üçün xarakterik olan az miqdarda atmosfer yağmurlarının
suları əvəzinə tarla çox miqdarda su qəbul edir. Bunun nəticəsində torpağın əsas su rejimi, o cümlədən kimyəvi
birləşmələrin miqrasiya şəraiti, sonra isə torpağın fiziki xassələri dəyişir.
İrriqasiyanın yüksək inkişafı zamanı ayrı-ayrı tarlaların və ya suvarma sistemlərinin dərin ekoloji dəyişkən-
liyə uğraması ilə yanaşı, bu proses eyni zamanda çay hövzələrini, o cümlədən iri çay hövzələrini (məs. Nil, Ko-
lorada, Amurdarya, Kür) də əhatə edir.
Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilər – su (göl) hövzəsi, suvarma sistemi və ya
tarlalar deqradasiyaya məruz qalır, ona görə daim onların davamlığına yönəldilən tədbirlərin aparılması və nəza-
rət tələb olunur. Təbiət heç nəyi havayı vermir: o, nə qədər pozulmağa məruz qalarsa, əvəzinə bir o qədər haqqı-
nı ödəməyi tələb edir.
İrriqasiyanın əsas vəzifəsi torpaq qatında bitkinin inkişafı üçün labüd olan optimal rütubətliyi saxlamaqdır.
Suvarma dünyada əsas su istifadəçisi olub, bütün istifadə olunan suyun 80%-ni təşkil edir.
Əsas problemlərdən biri istifadə edilən su resursunun az effektli olmasıdır. Tarla və ya suvarma sistemi üçün
faydalı təsir əmsalı (f.t.ə.) bitkinin istifadə etdiyi suyun verilən suya olan nisbətidir. Bu vahid bir çox şəraitdən
asılı olaraq çox dəyişir, f.t.ə. adətən 0,4-0,6 arasında, bəzən hətta daha aşağı olur.
Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən əsası sudan istifadə qiymətinin (əgər varsa)
onun sosial qiymətindən çox aşağı olmasıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və
ya suvarma sistemini saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorun-
mur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz istifadə edilir.
Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji prob-
lemlər yaradır. Bunun əsas səbəbi drenajın kifayət qədər effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq
suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin qalxmasıdır. Bu isə ərazini su basmasına və ya bataq-
laşmaya səbəb olur. Bundan başqa torpaqdan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki
227
duzlarla birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqca əlverişsiz proses sayılan – torpağın təkrar
şorlaşması baş verir.
Əgər tarla və suvarma sistemi səviyyəsində irriqasiyanın əsas ekoloji problemi bataqlaşma və şorlaşmadırsa,
çay hövzəsi səviyyəsində həll olmuş duzların axınının çoxalmasıdır. N.F. Qlazovskiyə görə dünyada suvarılan
torpaqlardan drenaj suları vasitəsilə axıdılan duzların cəmi ildə 2 milyard ton təşkil edir. Müqayisə üçün qeyd
edək ki, dünyanın təbii çay axınları ilə aparılan həll olan maddələrin miqdarı ildə 3 mld. ton təşkil edir.
Suvarmanın inkişafı xüsusilə tropik ölkələrdə adətən bir sıra sosial problemlərlə də nəticələnir. Onlardan ən
mühüm problem malyariya, şistomatoz və onkoserkoz xəstəliklərinin daşıyıcılarının artmasıdır. Suvarılan mas-
sivlərin effektsiz idarə olunmasının digər nəticəsi içməli suların keyfiyyətinin pisləşməsi və yaşayış məntəqələ-
rini su basması (bataqlaşma) sayılır.
Suvarmanın ekoloji problemləri irriqasiyanın tam dəyərinin uçotunun aparılmasını tələb edir. Bura yalnız su-
varma sisteminin tikilməsinə və istismarına çəkilən xərclər deyil, həm də ətraf mühitin vəziyyətinin pisləşməsi-
nə, ekoloji məsələlərin və sosial-iqtisadi problemlərin həllinə çəkilən xərclər daxil edilməlidir. İrriqasiyanın belə
tam dəyərini hesablamaq çətin olsa da suvarma sistemi layihələrinin həqiqi effektivliyini qiymətləndirməyə kö-
mək edərdi.
Torpağın vəziyyətini dəyişdirən antropogen faktorların və dünya torpaq sahələrinin istifadəsinin analizi, Ye-
rin canlı maddələrinin əsasını, sürətlə artan dünya əhalisinin ərzaq məhsullarının əsas mənbəyi sayılan pedosfe-
rin təhlükə qarşısında qaldığını göstərir.
Pedosferin deqradasiyası dünyanın ən ciddi, uzunmüddətli ekoloji problemlərindən biri hesab olunur, çünki
Yerdə həyatın mövcudluğunu təmin edən bu sistemin dağılması geniş miqyas almışdır. Nəzərə daha tez çarpan
ümumdünya problemləri də mövcuddur, olduqca kəskin lokal problemlərə də rast gəlinir və onlar diqqəti daha
çox cəlb edir. Lakin təəssüf ki, pedosferin deqradasiyası hələ layiqincə qiymətləndirilmir.
Bu baxımdan, əsas narahatlıq doğuran kənd təsərrüfatı sahəsi hesab olunur. Burada vəziyyəti yaxşılaşdırmaq
və baş verəcək böhranı müvəqqəti aradan qaldırmaq üçün gübrə və pestisidlərdən istifadə olunur, süni suvarma
tətbiq olunur və ya yeni maşınlardan istifadə olunur.
Kənd təsərrüfatı resurs bazasının təhlükəli vəziyyəti dünyanın ən varlı və ən kasıb dövlətlərində müşahidə
olunur. Belə vəziyyəti hətta ən inkişaf etmiş ABŞ –da da görmək olar. Amerika kənd təsərrüfatının müvəffəqiy-
yətləri əsasən torpaq resurslarının itirilməsi hesabına baş verir. Məlumdur ki, Ayova ştatının torpaq qatının yarı-
sı eroziya nəticəsində son 150 il ərzində itirilmişdir.
Dörd ən böyük dövlət sayılan ABŞ, Çin, Hindistan və keçmiş SSRİ dünyada əkin sahəsinin yarısından azını
istifadə edir, lakin dünyada eroziya və şorlaşma nəticəsində itirilən torpaqların 50%-dən çoxu bu dövlətlərin pa-
yına düşür.
Kənd təsərrüfat ehtiyat bazasının deqradasiyasının davam etməsinə baxmayaraq, dünyada əhali artımını ər-
zaqla təmin etmək lazımdır. Ona görə ekoloji cəhətdən dayanaqlı kənd təsərrüfatına keçmək vacibdir.
Bunun üçün təsərrüfatın təşkili ekoloji əlverişli metodlarla aparılmalıdır. Bu metodlar təbiət üçün yad olan
pestisid və mineral gübrələrin tətbiqi kimi aqrotexniki üsulların minimuma endirilməsinə əsaslanır. Bu üzvi, bi-
oloji və ya ekoloji əkinçilik də adlanır. Təsərrüfatın bu metodla aparılması nəticəsində orta hesabla az məhsul
əldə edilsə də yüksək qidalığı ilə fərqlənir. Üzvi əkinçiliyin məhsulu baha olduğu üçün əldə olunan qazanc yük-
sək texnoloji kənd təsərrüfatından da çox olur.
Lakin üzvi əkinçiliyin tətbiqi ilə istifadə olunan torpaq sahələri olduqca az olub bir neçə faiz təşkil edir, az
da olsa onun get-gedə artımı müşahidə olunur. Keçid və ya kompromis strategiya kimi kimyəvi maddələrin
(gübrə və pestisidlər) miqdarının azaldılması, onların daha effektiv istifadəsi, suvarma sistemlərinin daha effek-
tiv idarə olunması, az vaxt ərzində ağır olmayan maşınlardan istifadə və s. nəzərdə tutula bilər.
Gübrə və pestisidlərdən istifadənin azadılması həm də ətraf mühitin (torpaq, su) çirklənmə səviyyəsini aşağı
salır.
12.8. Azərbaycanda suvarmanın problemi
Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada
suvarma Mesopotamiya və Misirə nisbətən yüksək inkişaf etmişdir. Şirvan düzündə suvarma işləri Girdiman
dövlətinin vaxtında daha geniş ərazilərdə aparılırdı. Azərbaycanda suvarmanın tarixi Q.Əzizov, Ə.Həsənəliye-
vin (2001) kitabında ətraflı verilmişdir.
Qeyd etmək lazımdır ki, respublikamızın quraqlıq rayonlarında kənd təsərrüfatı istehsalını intensivləşdir-
mək üçün suvarma ən mühüm tədbir sayılır.
Suvarmanın müxtəlif növləri və üsulları mövcuddur. Torpaq qatını nəmləndirmək məqsədilə aparılan suvarma
müntəzəm və birdəfəlik suvarmalara bölünür. (Aslanov,1999). Müntəzəm suvarmada, bitkinin tələb etdiyi vaxtlar-
da sahə təyin olunmuş normalarda su ilə təmin olunur. Birdəfəlik suvarma (və ya liman suvarması) yaz fəslində
çay subasarlarında daşqın suyu, qar suyu və su anbarından birdəfəlik verilən suyun hesabına həyata keçirilir.
Gübrələmə suvarmasında torpağa su ilə birlikdə, suda əridilmiş gübrə də verilir. Buraya çirkab suları və bu-
lanıq su (tərkibində lillərin ölçüsü 0,005mm-dək kiçik hissəciklər olan su) aid edilir.