Bəşəriyyət əleyhinə törədilən ağır cinayət
Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər
“XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib,
soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün
Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta
genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-
bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar...”
Heydər Əliyev
Yeni və ən yeni tariximizin yaxın dövrünə nəzər salsaq görərik ki, ermənilər öz
havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törətmişlər. Bu cinayətlərin
sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin
repressiyalarını, 1948-1953-cü və 1988-ci illərin deportasiyalarını aid etmək olar. Müxtəlif
zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı
olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilmişdir. 1 milyondan artıq adam
isə öz el-obasından, yurd-yuvasından didərgin salınmışdır. “Dənizdən-dənizə Böyük
Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımızın törətdikləri qatı cinayətlərdən
biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə onlar Xankəndi
(Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə
hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutmuşlar.
Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan
əsasında həyata keçirilmişdir. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən
blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının
yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki
vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olması hadisəsindən sonra bu əlaqə də
kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam
mühasirə şəraitində yaşamışdır. Bundan istifadə edən erməni silahlı dəstələri isə fevral ayının
ikinci yarısından başlayaraq şəhəri toplardan, ağır zirehli texnikalardan atəşə tuturdular. Lakin
milis və milli ordumuzun döyüşçülərindən, əli silah tuta bilən şəhər sakinlərindən təşkil olunmuş
yerli özünümüdafiə dəstəsi son ana qədər düşmənə müqavimət göstərmişdir.
Ermənilərin Xocalıya hücum etməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi olmuşdur. 7
mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndindən 10 kilometr Cənub-Şərqdə,
Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə
böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini
nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini aydın
təsəvvür etmək olar. Sonralar ermənilər özləri də etiraf etmişlər ki, şəhərə hücum zamanı başlıca
məqsəd Xocalı platsdarmının məhv edilməsi, həmçinin bu məntəqədən keçən Əsgəran-Xankəndi
yolunun boşaldılması və azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi olmuşdur.
Xocalıya hücum fevralın 25-də, axşam saat 23:00-da 366-cı alayın hərbi texnikasının
döyüş mövqelərinə çıxarılması ilə başlanmışdır. Əvvəlcə şəhər toplardan, tanklardan, “Alazan”
tipli raketlərdən iki saat ərzində aramsız atəşə tutulmuşdur. Xocalıda yanğınlar baş vermiş və
fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Hücum üç istiqamətdə
aparıldığından şəhərdəki 2500-ə yaxın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdur.
Tezliklə müəyyən edilmişdir ki, bu da ermənilərin növbəti düşünülmüş hiyləsidir. Çünki
Naxçevanik kəndi yaxınlığında çaşqın, əliyalın, dinc əhalinin qarşısı erməni silahlı dəstələri
tərəfindən kəsilərək gülləbaran edilmişdir. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən
düşmüş insanların çox hissəsi də məhz Əsgəran-Naxçivanik arasındakı ərazidə erməni
qəsbkarları tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Həmin günlərdə Azərbaycan hərbçiləri Xocalı sakinlərinin köməyinə çata bilməmişdir və
hətta sonradan cəsədlərin götürülməsi də mümkün olmamışdır. Bu müddətdə isə ermənilərin ağ
geyimli xüsusi qrupları meşələrdə gizlənmiş sağ qalan insanların axtarışını apararq onları əsir
götürmüş və çoxsaylı işgəncələrə məruz qoymuşlar. Yalnız fevralın 28-də, tərkibində yerli
jurnalistlərin də iştirak etdiyi qrup iki vertolyotla Xocalı sakinlərinin qətlə yetirildikləri əraziyə
gedə bilmişlər. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, həmin gün ermənilərin
güclü atəşi altında yalnız 4 cəsədi götürmək mümkün olmuşdur.
Qocalara, uşaqlara, qadınlara belə rəhm edilməyən bu qanlı faciənin törədilməsində
ermənilərlə bərabər, 366-cı motoatıcı alayın şəxsi heyəti də yaxından iştirak etmişdir. Həmçinin
alayın komandanlığının cinayət sövdələşməsi və məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın
bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilmişdir ki, bu da erməni qaniçənləri
tərəfindən azərbaycanlılara qarşı növbəti cinayətlərin törədilməsinə və separatçılıq hərəkatlarının
davam etdirilməsinə rəvac vermişdir.
XX əsrin ən qanlı faciəsinin törədilməsində Azərbaycanın o dövrdəki rəhbərliyinin
məsuliyyətsizliyi də önəmli rol oynamışdır. Belə ki, ölkənin o zamankı rəhbərliyi respublikanın
ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi Qarabağda, o cümlədən də
Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görməmişdir. Ən
acınacaqlı hal isə ondan ibarət olmuşdur ki, qanlı faciə baş verəndən sonra rəsmi orqanlar xalqın
qəzəbindən qorxaraq erməni vandallarının törətdiyi qətliamı, vəhşiliyi gizlətməyə çalışmışlar.
Xocalı faciəsinin soyqırımı faktı kimi açıqlanmaması və bununla bağlı dünya ictimaiyyətinə heç
bir məlumatın verilməməsi də ağır nəticələrə gətirib çıxarmışdır.
Həqiqətdə isə vəziyyət doğrudan da acınacaqlı idi; dinc əhaliyə qarşı həyata keçirilən
qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olmuşdu ki, onlardan da 63 nəfəri uşaq, 106
nəfəri qadın, 70 nəfəri qoca və ahıl sakinlər idi. 487 nəfər yaralıdan isə 76 nəfərini uşaqlar təşkil
edirdi. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130
uşaq isə valideynlərdən birini itirmişdi. Əhalinin 1275 nəfəri ermənilər tərəfindən əsir
götürülmüşdü. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi xəbər tutmaq mümkün deyil.
Təəssüflər olsun ki, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş bu qanlı faciəyə
həmin dövrdə heç bir hüquqi-siyasi qiymət verilməmiş, onun icraçıları heç bir məsuliyyətə cəlb
olunmamışlar. Halbuki yalnız 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi,
mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni
yazıçısı Daud Xeyriyanın kitabındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün
tutarlı faktlardır. Ümumiyyətlə isə “Xocalının işğalına dair istintaq materiallarından” aydın
olmuşdur ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın
2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun
qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və
praporşik iştirak etmişdir.
Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırım və
işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. İlk növbədə
Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit
olunmuş, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. H.Əliyevin
təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı
soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri,
günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr
kimi önə çəkilmişdir.
1996-cı il fevralın 24-də xocalılarla görüşən Prezident Heydər Əliyev Xocalı faciəsinin
xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayaraq demişdir: “Bir tərəfdən bu,
hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci
tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən
soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni
işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt
respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı
nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini
dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə
etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.
Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut
dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-
sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi
yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı
mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət
başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən
olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.
Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda Ermənistanda mühüm dövlət
postları tutanlar, o cümlədən müdafiə naziri Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və
hazırkı prezident Serj Sarkisyan, eləcə də digərləri baş vermiş soyqırımın günahkarları kimi
beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət cəzasız qalmamalıdır.
Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq
təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi
beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2009.- 18 noyabr.- S.4.
Dostları ilə paylaş: |