61
demək caizsə, “üzə çıxarır” və bununla da çalışır
ki, qızı Gülnazın dul kişi Məşədinin tayı olmadığını
məclis əhlinə (potensial ictimaiyyətə) aydınlatsın.
Çünki o, Gülnazın İbad kişiyə ərə getməsi faktı ilə
heç cür barışa bilmir. Qızına “sən heç qorxub eləmə”
dediyi məqamdan etibarən Rüstəm bəy nigahın baş
tutmamasından ötrü bütün imkanlardan istifadə etməyə
daxilən hazırdır. Ziyafət isə hər ehtimala qarşı
görülmüş tədbirdir və müəyyən mənada Rüstəm bəyin
özünü və sözünü sığortalamaq cəhdidir. Bu fikir necə
yozula, necə başa düşülə bilər? Rüstəm bəy istəyir ki,
işdi, əgər birdən vəziyyət dəyişsə və o, verdiyi sözü
dəbbələsə, “hə”ni “yox” eləsə, bu zaman bir qız atası
kimi camaat qarşısında “Siz özünüz gördünüz də, daha
məni qınamayın” söyləməyə haqqı olsun. Fikirləşməyinə
dəyər ki, nə üçün Rüstəm bəyin malikanəsində təşkil
olunmuş ziyafətdə onun və Məşədinin qohum-əqrabasından
heç kim iştirak eləmir? Hər halda Üzeyir bəy bu
məqamla bağlı bir dənə də olsun replika-filan
yazmayıb. Öz sualıma mənim cavabım belədir ki, Rüstəm
bəyin evindəki
ZİYAFƏT qohumların sevinclərini
bölüşdürdüyü şadyanalıq məclisi deyil, Məşədini arxaik
bir EKSPONAT, köhnəliyin qiyafəsi kimi nümayiş etdirən
MƏCLİS-SƏRGİDİR. Elə bir sərgi ki, orada İbad kişi ən
yarıtmaz rakurslardan görükdürülür. ANTİELÇİLİK məramı
ilə keçirilən bu ziyafət “Leyli və Məcnun” poemasından
məşhur elçilik səhnəsinin şəbədə variantı kimi də
çözülür. Mən yadınıza salıram Leyli atasının öz qızını
ərə verməməkdən, “hə” deməməkdən ötrü gətirdiyi
bəhanəni: “Qürbün bilirəm mənə şərəfdir, amma xələfin
əcəb xələfdir, “Məcnun” - deyə tən edir xəlayiq,
Məcnuna mənim qızım nə layiq?” Bu bəhanə-bəyanat bir
güclü məntiq üzərində qurulur: Qeys dəlidir, məcnuna
isə evlənmək yasaq buyrulur. “O olmasın, bu olsun”
məsxərəsində isə Məşədinin üzünə deyilir ki, o, xalis
oranqutan meymunudur. Hərçənd ki, onun arvad almaq
hüququ bu “ittiham”a baxmayaraq qalır. Çünki əsl
müsəlmandır. Əslində, Həsən bəyin Məşədi İbadın
62
xeyrinə gətirdiyi sonuncu dəlil çox zəifdir və
ziyafətə yığılanların “kürəkən”lə ilişkili formalaşmış
neqativ təsəvvürlərinə bir qırıq da təsir göstərmir.
Nədən ki, ZİYAFƏT lap əvvəldən Məşədi üçün sosial,
mənəvi-əxlaqi bir İMTAHAN, bir SINAQ kimi düşünülüb.
Məclis İbad kişiylə zarafatlaşır, ona öcəşir, bu
baqqalın evlənmək şansına təcavüz eləyir ki, Məşədinin
gözləri açılıb özünü görə bilsin. Türkpərəst
“qəzetəçi” Rza bəy də elə qapıdan içəri gircəyin
camaatın “isti aşına soyuq su qatır”, bir-iki replika
ilə Rüstəm bəyi qızı Gülnaz xanımı “pul dağarcığına”
ərə verməkdə günahlandırır. Bu, ziyafətin
başlanğıcında Məşədi İbada sataşmaqdan, öcəşməkdən
ötrü elə bil ki bir siqnaldır. Çünki sonradan məclis
əhlindən kim ayağa durub söz danışırsa, bu və ya digər
tərzdə öz səviyyəsinə uyğun Məşədiyə
şəbədə
“bağlayır”. Beləliklə, bəy TƏRİFLƏNMƏK əvəzinə üst-
üstdən TƏHQİR olunur və getdikcə şən bir lətifənin
(qaravəllinin, kölgə oyununun?) maymaq qəhrəmanı
hüsnündə görükür. Məşədinin nüfuzuna endirilən
axırıncı zərbənin müəllifi Həsən bəydir. Bu, gecikmiş,
əks işarəli elçilik oyununun zirvəsidir. Nədən ki,
Məşədi “meymun” adlandırılmaqla Gülnaza evlənmək
şansından məhrum edilir. Xorun, - şəhər əhlinin, -
“deyirlər ki, toy olacaq, Məşdi İbad qız alacaq”
xəbəriylə başlanan ziyafətdə “hə”, yəni informasiyanın
təsdiqi, birdən-birə dönüb “yox”, yəni informasiyanın
inkarı olur. Bu səhnədə Məşədiyə sözoynatmalar
vasitəsilə bildirilir ki, axmaq bir iddiaya düşüb.
Amma çifayda ki, İbad kişi bu fikri özünə yaxın
buraxmır. O yalnız finalda ayılacaq. Odur ki, Həsən
bəy Məşədinin meymunabənzərliyini, köhnə əyyamdan bir
eksponat kimi qaldığını bəyan edən andaca məclis
faktiki surətdə qurtarır. Bununla da elçilik-həngamə
səhnəsi öz vəzifəsini tam yerinə yetirir: Qeysi
“məcnun” adlandırıb yararsız eləmişdilər, Məşədiyə isə
“meymun” deyib damğa vururlar. İmtina bəhanəsiylə dilə
gətirilən sözlərin qafiyələnməsi də bir daha onu
63
göstərir ki, Rüstəm bəyin evində verilən ziyafətdə
“Leyli və Məcnun” operasındakı elçilik səhnəsi
məsxərəyə qoyulur. Təbii ki, bu, ciddi klassik
mövzulara xalqın meydan mədəniyyətinin, gülüş
mədəniyyətinin kontekstində formalaşmış zarafatyana,
rişxəndcil, şəbədəçi münasibətin inikasından başqa
bir şey deyil.
İndisə keçək Məşədinin Məcnuna istehzasına, ona
lağ etməsinə. Aydın məsələdir ki, İbad kişi cavan Qeys
kimi səhraya varıb sərgərdan ola bilməz, əgər ona
“yox” deyilibsə. Çünki Məşədi öz gücünə arxayındır;
istər maddi təminatına, istərsə də fiziki vəziyyətinə
görə: maşallah-namxuda, quş kimi yüngüldür, dişləri də
cabecadır, yəni yerindədir. Ol səbəbdən Məşədi fürsəti
qaçırmayacaq və Gülnazdan ötrü kərgədan tərsliyilə
mübarizə aparacaq, ziyafətdəki biabırçılığı eyninə
almayıb çaparaq adaxlıbazlığa gələcək.
Əgər
situasiyanı məntiqlə təftiş eləsək, məlum olacaq ki,
İbad kişinin adaxlıbazlığına heç bir ehtiyac yoxdur.
Çünki Rüstəm bəydən Məşədinin icazəsi var: istədiyi
zamanda təşrif buyurub Gülnazı görə bilər. Bəs onda
İbad kişi, sinni bir adam, bu nə hoqqadır çıxardır,
gündüzün günorta vaxtı hasara dırmaşır? Məşədi
tərəfindən belə urvatsız davranış, zənnimcə, bu sayaq
izahat bulur: tacir İbad, daha doğrusu, baqqal İbad
hasara ona görə dırmaşır, ona görə adaxlıbazlıq eləyir
ki, ziyafətdən sonrakı pərtliyini aradan götürməyə,
hələ də cavan, ərköyün bir həyat sürdüyünə, evlənmək
hüququna malik olduğuna özünü və başqalarını
inandırsın. Bununla da Məşədi “mömin idbar qoca”,
“köhnə
əyyamın eksponatı” təssüratını bilmərrə
dağıtmağa can atır. Nəticə isə əksinə olur; Məşədini
miskinləşdirir, amma onu “atdan sala bilmir”, yolundan
döndərmir. Və sən bir təsadüfə bax, Gülnazın ikinci
adaxlısının mövcudluğu Məşədi İbada həməncə “Leyli və
Məcnun” əhvalatını xatırladır. Deməli, Məşədi özünü
eşq dünyasının əsl Məcnunu, Sərvərisə İbn Səlamı kimi
qavrayır. Bu analogiya bir daha təsdiqləyir ki, “O
Dostları ilə paylaş: |