Ruhun müqəddəsliyinə inanan insan hər şeydə ruh olmasını qəbul edirdi. «Buna
uyğun olaraq miflərdə və
mərasimlərdə nəinki ruhlar, eləcə də təbii stixiyalar (məsələn, qışın qoca qarı şəklində, Ayın oğlan və Günün
qız görünüşlü, lalənin vaxtilə gözəl-göyçək bir qız və s. kimi təsəvvür olunması kimi) insan biçimində
düşünülmüş, insana xas olan bir sıra xüsusiyyətlər canlı-cansız, bilinən bütün varlılara, təbiət əşyalarına da
aid olunmuşdur» [37, s.39].
Antropomorfizmin bir xüsusiyyəti də zoomorf varlıqların canlı insan kimi təsəvvür olunmasında aşkar edilir.
Miflərdə, əfsanələrdə qurd insana dönə bilir və əksinə. Demək olar ki, totem sayıla bilən bütün heyvanlar
danışmaq qabiliyyətinə malik olur. Bu fakt isə mərhələlərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu göstərir.
Antropomorfizmin bir sıra xüsusiyyətlərindən mifin poetik dilində istifadə olunmuşdur. Mifdə dağlar danışa
bilən, kədərlənə bilən, heyvanlar dil açıb yol göstərə bilən mifologemlər kimi diqqət çəkir. Bu da mifin təsir
gücünü artıran amil olmuşdur. Şəxsləndirmə, alleqoriya, mübaliğələr, metaforalar mifdə istifadə olunan
bədii simvollardır.
Animizm, totemizm, antropomorfizm və fetişizmin folklorda tipik forması inkarnasiya, reinkarnasiya və
inisiasiyadır. Animizm, totemizm, antropomorfizm və fetişizmin son nəticəsi isə folklorda qurban motivi və
qurbankəsmə ilə tamamlanır.
Azərbaycan folklorunda az öyrənilmiş məsələlərdən biri, bəlkə də birincisi inkarnasiya, reinkarnasiya və
inisiasiya problemləridir. Folklorşünaslıqda problemə aid baxışlar müxtəlifdir. Çünki bu problemin kökündə
bilavasitə totemizm dayanır. Buna görə də problemə yanaşma aktuallıq kəsb edir. Bu problemin ayrı-
ayrılıqda folklor mətnləri ilə əlaqəsi öyrənilsə də, onların bir-biri ilə üzvi vəhdətdə tədqiqinə fikir
verilməmişdir. Halbuki problemi tək-tək deyil, birlikdə öyrənmək bu prosesin əhatə etdiyi bəzi məsələlərin,
məsələn, totemizmin silsiləli tədqiq edilməsini asanlaşdıra bilər. Məsələn, folklorda inkarnasiya hadisəsinin
necə əks olunmasının kompleks yanaşmadan kənarda öyrənilməsi ciddi nəticə verməz. Çünki inkarnasiya
özünün əks prosesi ilə birbaşa bağlıdır. Ona görə də bu iki hadisəni eyni vaxtda tədqiq etmək mifologiya
üçün mühüm nəticələrin əldə olunmasına kömək edər. İnisiasiya isə reinkarnasiyadan sonrakı mərhələ olub
geniş tədqiq xüsusiyyətlərinə malikdir.
İnkarnasiya və reinkarnasiya prosesi totemizmlə birbaşa bağlıdır. Totemizmin isə alt paleolit dövründə (e.ə.
XII - X minilliklər) yarandığını söyləyirlər (S.P.Tolstov, D.E.Xaytun, S.A.Tokarev və b.). Folklor üçün ani
olan dövr tarix üçün minilliklərlə ölçülür. Alt paleolit dövrü qədim insan nəslinin yaşadığı geoloji dövrdür.
Totemizmin yaranması da qədim insanların mağara həyatı bağlı olub özünü heyvandan ayıra bilmədiyi
çağlarla bağlıdır. İnkarnasiya da bilavasitə totemizmlə ilişgili olduğundan bu dövrə aid materiallar qədim
Asiya, Afrika, Avstraliya, Qvineya və Okeaniya qəbilələrinin etnoqrafiyasının öyrənilməsi zamanı aşkar
olunmuşdur. Azərbaycan folklor mətnlərində də inkarnasiya olunmuş totem heyvan və quşlara rast gəlinir.
Məsələn, «Məlik Cümşüdün nağılı»nda Mürği-Xəndan yarı insan, yarı quş kimi təsəvvür olunur [46, s.23].
Totemizmlə məşğul olanların (C.Freyzer, E.Taylor, Spenser, E.Meletinski və b.) fikrincə, totem o heyvandır
ki, ona sitayiş edənin ruhu həmin heyvandadır. Bu fikri inkişaf etdirərək onu demək olar ki, qədim insan öz
ruhunun onda olduğunu güman etdiyindən totemi (heyvanı) insan şəklində (bədəni insan, başı heyvan)
təsəvvür edir [194, s.166].
Azərbaycan mifologiyasında, xüsusən nağıllarda quşlar zoomorf, xeyirxahlıq edən hamilər kimi yer
almışdır. Nağıl və dastanlarda quşlar qəhrəmanların soykökünü təyin edən mifik obrazlardır. «Kitabi-Dədə
Qorqud» dastanlarında quşlarla qəhrəmanların genetik əlaqələrini təyin edən prof. İ.Vəliyev yazır ki, qızın,
qadının quş timsalında xatırlanması, Qazan xanın «ağ sunqur quşu erkəyində bir köküm var» deməsi onların
ana tərəfdən təmsilçisinin quş olmasını göstərir [123, s.44].
Azərbaycan nağıllarında pəri quşlar da inkarnasiya edərək qız cildinə düşə bilir. Yaxud əfsanələrdə müəyyən
həya, utancaqlıq üzündən qız, qadın reinkarnasiya edərək göyərçinə və başqa quşlara çevrilə bilirlər.
Totemizmin obyekti totem əcdadı və onunla bağlı olan təsəvvürlərdir, subyekti isə kollektiv içində müəyyən
ərazidə yayılmış insan nəslidir.
Totemizm qəbilə quruluşu ilə bağlıdır. Qəbilənin yox olması və ya birləşərək tayfa əmələ gətirməsi ilə
totemik nizam da dəyişərək əcdad kultuna keçir. Hami ruhlar, tayfanın müqəddəsləri haqqında təsəvvürlər
formalaşır [217, s.391]. Tayfanın qəhrəmanları, qəhrəmanlıq fenomeni haqqında baxışlar dəyişir. Qeyd
etmək lazımdır ki, qəhrəman kultu qəbilə quruluşunun dağılması ilə, totem yaradıcının əcdad törədiciyə
keçməsi ilə yaranan bir kultdur. Yeni kult mifoloji allahlara etiqadın artdığı dövrdə inkişaf etməyə başlayır.
S.A.To- karev yunan dilində yazılmış kitabədə «qəhrəman» sözünün «rəhmətə gedən» sözünə uyğun
gəldiyini yazır. O bu terminə uyğun qəhrəman tipinə Heraklı yaxın sayır, onu əfsanəvi əcdad, əsilzadələrin
sülaləsinin başçısı hesab edir (eynilə Oğuz da bu cürdür) [217, s.393]. O, dinin varislik formasından
danışarkən totemizmin və erkən qəbilə kultu kimi inisiasiyanın rolunu qeyd edir [218, s.50].
Problemin şərhinə keçməzdən əvvəl qeyd edək ki, totemizm xalqların həyatında böyük bir mərhələni təşkil
edir. Bütün türk xalqları da bu mərhələni özlərinə məxsus şəkildə keçmişlər. Totemə yanaşmada, xüsusən
qurda münasibət, onun totem, yoxsa yaradıcı, demiurq olması müəyyən mülahizələrə gətirib çıxarmışdır.
Bu mülahizələrə münasibət bildirmədən qısaca onu deməyi lazım bilirik ki, boz qurdun aid edildiyi Oğuz
xanın şəxsiyyətində öküzün də rolu diqqəti cəlb edir. Burada həm qurd, həm də öküz əcdad heyvandır.
Tarixdə tək Oğuz xan deyil, Çingiz xanın, Teymurun da kökündə əcdad heyvanların durduğu söylənilir.
Çingiz xan, Oğuz xan və başqa şəxsiyyətlərin həyatı ilə bağlı əfsanələrdə onların əcdad heyvanlarla əlaqəsi
gözə çarpmaqdadır. Bu əfsanələrdə işığın heyvan şəklində təzahür etməsi və qəhrəmanın doğulmasında
iştirakı xatırladılır. Prof. A.Nəbiyev «Oğuz Kağan» dastanında qurdun şüa şəklində enməsini belə
mənalandırır: «Bu, mifoloji təsəvvürdə - insan və qurd rastlaşmasında qurdun tanrıçılıq funksiyasını yox,
bərq vuran günəş şüaları altında görünən siluetin simvolizmidir» [101, s.174]. Deməli, qurd Oğuz üçün
fetişdir, onu özü üçün düşərli hesab edir. Məhz fetiş olandan sonra qurdun totem olması funksiyası bu
dastanda görünür. Oğuz xanın dünyaya gəlişini izləməmişdən əvvəl türk soyunun yaranmasında qurdun
demiurqluğuna nəzər salmaq lazımdır. Bizə belə gəlir ki, demiurqluq qurdun qazandığı ikinci funksiyadır və
totemik əcdaddan törəmədir. Totemin də özününkünü qorumaq xüsusiyyəti vardır. Bir əfsanədə Aşina
tayfasının çoxalıb artmasında əsas səbəb qurdun əcdad olması göstərilir. Əfsanədə bu tayfadan sağ qalan
əlləri, ayaqları kəsilmiş bir uşağın dişi qurd tərəfindən aparılıb mağarada bəslənilməsi və bu qurddan 10
uşağın doğulması, başqa qadınlarla evlənməsi və yayılması söylənilir. Əfsanədə uşağın əllərinin, ayaqlarının
kəsilməsi onu heyvana, əcdada yaxınlaşdırır, o da özünü heyvan kimi hiss edir. Belə olanda uşaqla qurd
arasında olan cismani bənzəyiş, yaxınlıq qurdun mavi olması ilə əcdad uşağın göy türk olması arasında daha
çox üzə çıxır. Hər ikisi mavi göydən gəlmə hesab edilir (insanın kosmos mənşəli olması məsələsi) və
müqəddəslik qazanır. Bu uşaq hələ Oğuz deyildir, lakin Oğuzun dünyaya gəlməsində ikinci bir törədici ilə
birləşərək iki əcdadlılığın başlanğıcını qoyur. J.P.Roux iki heyvanın evlənməsindən söz açır. Çingiz xanın
ailə kökənində olan Borte Çino ilə vəhşi dişi keyik olan Koa Maral (Çingiz xanın anası) birləşərək iki
əcdadlılığın nümunəsi kimi diqqəti çəkir [142, s.153]. Əski düşüncədə Yer ilə Göyün evlənməsi Göyü təmsil
edən qurdla Yeri təmsil edən keyik arasında izdivacın baş tutmasına qədim türkləri, monqolları
inandırmışdı. Qurd mavi və boz olduğuna görə Göyü, maral isə (keyik) torpağın simvolu kimi düşünülürdü.
İki əcdadlılıq Oğuz xanın da tarixi keçmişində qalmaqdadır. Qurd və öküz (inək) Oğuzun dünyaya
gəlməsində iştirak etmişdir. Bu əfsanələrdə diqqəti çəkən işığın qurd şəklinə düşməsi, inkarnasiya
prosesidir. İşıq (şüa) eyni zamanda ruhdur və qurda çevrilərək Oğuzun dünyaya gəlişinə səbəb olur. Totemin
bu cür təsəvvür olunması ibtidai təfəkkürün məhsulu olan totem əcdadla bağlıdır. S.P.Tolstov totemizmin
mərhələlərini belə təsvir edir: 1. Totem əcdadı; 2. Totem qohum rolunda çıxış edir; 3. Totem əcdad, qohum
deyil, kollektivin ümumi inancıdır [231, s.139].