Don
dəyişmək, cilddən cildə düşmək silkinməklə müşayiət olunur. Silkinmə yolu ilə don dəyişdirməyə
əfsanə və miflərimizdə də tez-tez rast gəlinir. Biz qeyd etdik ki, don əski türklərin qədim inanışları ilə
bağlıdır. İnsan don dəyişdirməyi özünün onqonuna, toteminə olan yaxınlığını büruzə verir. Mifoloji
görüşlərdə adam donu, yaxud insan donu adlanan görüşlər də vardır.
B.Ögəl «Dədə Qorqud» dastanlarındakı «adəmlər evreni Dəli Domrul» ifadəsini «adəmlər əjdahası Dəli
Domrul» kimi izahlayır [133, s.137]. Bu ifadə ilə Domrulun yaddaşdan Silinmiş əjdaha ilə don cəhətdən,
mənşə baxımından yaxınlığı qabardılır. Bu, özlüyündə təşbehdir, mifoloji bədii düşüncədə Domrulun
xislətinin təsdiqidir. B.Ögəl yazır ki, Dəli Domrulun nə vaxtsa əjdaha donuna bürünə bildiyini biz iddia
etmirik. Lakin bu, əski çağlar ilə bağlı bədii yaşantıdır.
Dəli Domrulun öz canı əvəzinə can axtarması motivi bir Altay mifi ilə üst- üstə düşür. Mifdə deyilir ki, ata-
anasız bir çocuq bir atın həsrətini çəkir və tanrı tərəfindən danışan bir at ona hədiyyə edilir. Mifdə qayın
ağacına sitayiş edildiyi göstərilir. Uyğurların nəslini qayın ağacı doğurmuşsa, burada da oğlanın adını qayın
ağacı üzərindəki tanrı vermişdir. Ad vermə adəti burada başqa miflərə nisbətən daha açıq göstərilir. Ad
verəcək bir böyük olmadığından oğlan adsız qalır. Tanrı ona ad verməklə həm də müqəddəslik verir. Mifin
qəhrəmanı olan bu oğlan düşməninin qızına evlənmiş, başqa birisi gəlib demiş ki, «tanrı bu qızı mənə
yazmış» və bu qəhrəmanla vuruşmağa başlamışdır. «Tanrı mənə yazmış» deyən gənc qüvvətlidir, mifin
qəhrəmanı da qayda-qanunla yuva qurmuş və tanrıdan ad almışdır. Bu səbəbdən tanrı onu da büsbütün yox
etməz. Nəhayət, tanrının iki mələyi gəlir və oğlanın canını qurtarır. Bu nəğməkar mələklər oğlanın canı
əvəzinə öz canlarını fəda edib onu ölümdən qurtarırlar [133, s.324]. Göründüyü kimi, don dəyişmək, cilddən
cildə düşmək mifoloji baxımdan məna kəsb etsə də, sonrakı təkamül nəticəsində adi məzmun qazanmış,
surətini dəyişməklə öz yalanını ört-basdır etmək məqamına xidmət etmişdir. Keçəl Həmzənin dəyirmançı ilə
paltarını dəyişməsi, üz-gözünü una bulaması Koroğlunu aldatmağa xidmət edir.
Hər bir xalqın tarixi onun keçmiş olduğu ictimai-siyasi proseslərə müncər olunur. Tarixdə elə bir millət
tapmaq çətindir ki, onun soykökünün, etnik-milli təfəkkürünün söykəndiyi hikmətli dəyərlər olmasın.
Bugünkü tarixi zamanda da yaşayan hər bir millətin keçirdiyi inkişaf pillələri onun keçmişini xarakterizə
edən varislik ənənələrini təşkil edir [145, s.47 - 55]. Tarixi inkişafın birinci pilləsi qəbilə dövrü həyatı
sayılır. Azərbaycan xalqının da keçirdiyi tarixi təkamül prosesində qəbilə həyat tərzi mənsub olduğumuz
millətin yaranıb formalaşmasında aparıcı rola malik olmuşdur. Həmin qəbilə həyatı dövrü ilk insanın
dünyagörüşündə təbiətin üstün mövqe tutması, insanın özünü şüurunda yaratdığı ilahi qüvvələrdən asılı
olması duyğusu ilə xarakterizə olunur. Qədim insanın mifoloji dünyası ilə onu əhatə edən təbiət arasında
üzvi birlik olmuşdur. İctimai şərait insanın şüurunu formalaşdıran ən vacib şərtlərdən biridir. Mifoloji
şüurun da yetişməsi dünya haqqında qarmaqarışıq təsəvvürlərdən onun harmonik quruluşu haqqındakı
təfəkkürün formalaşması dövrünə uyğun gəlir ki, bu da qəbilə həyatı dövrüdür. Artıq bu dövrdə mifoloji
dünyagörüşdə dünyanın yaradıcısı - Allah obrazı formalaşmış, ilk insanın yaranması haqqında müəyyən
təsəvvürlər əmələ gəlmişdi [184, s.35 - 47]. Mifoloji şüurda Allah ideyasının yaranması da ictimai-tarixi
səbəblərlə bağlı idi. Allah haqqında təsəvvürlər yaranmamışdan əvvəl mifoloji şüurda totemlər, kultlar,
inanışlar və s. haqqında biliklər mövcud olmuşdur [148, s.27 - 29]. Hər qəbilənin də öz ərazisində hökm
sürən qadağanları, tabuları, inancları var idi. Günəşə, oda tapınma, yaxşılıq tanrısına - Hörmüzə səcdə,
qaranlıq, tufan, şər allahı Əhrimənə isə nifrət qəbilə ictimai görüşlərinin əsasını təşkil edirdi. Bu dövrAllah
və allahlar haqqında təsəvvürlərin, çoxallahlılıq haqqında görüşlərin formalaşması dövrü idi. İnkişaf etmiş
ölkələrin mifoloji təfəkkür sistemi (məsələn, şumer, babil, Misir, Yunanıstan, Roma və s.) göstərir ki, bəşər
çağının lap ilkin mərhələsində çoxallahlılıq hökm sürmüşdür. Bu mifologiyalarda hər bir allahın adı,
daşıdığı funksiya və s. öz əksini tapmışdır [171, s.112]. Belə olan tərzdə türk mifologiyasında
təktanrıçılıqdan əvvəlki dövrlərdə çoxallahlılığın izlərinə, yaxud onların adlarına nə üçün rast gəlinmir? Bu,
çox mürəkkəb məsələdir. Bəlkə də onunla izah oluna bilər ki, türk mifoloji düşüncə tərzinin yaranması,
əmələ gəlməsi o biri mifoloji sistemlərdən daha qədimdir. Ola bilsin ki, tarixin hansı dolaylarındasa əgər
çoxallahlılıq və bu allahların adları olubsa, bizə məlum olmayan səbəblərdən yaddaşlardan silinib. Ancaq
həqiqət budur ki, türk xalqları da öz tarixi inkişaflarında politeizm dövrünü keçirmişlər. Aşağıda
gətirəcəyimiz bir misal da sanki türk mifologiyasında bu adsız, lakin vəzifəsi məlum olan tanrıların olmasını
sübut edir. Prof. M.Seyidov «Azərbaycan mifik təfəkkürünün qaynaqları» əsərində X əsr səyyahı Əhməd
İbn-Fədlanın Volqaboyu türkləri arasında olarkən onlarda Qış, Yay, At, Su, Gecə, Gündüz, Ölüm, Yer
tanrıları haqqında məlumat verdiyini yazır [113, s.268].
Qəbul olunmuş türk təktanrıçılığından əvvəlki dövrlərdə Tanrının rolu barədə prof. A.Nəbiyevin birfikri
daha maraqlıdır. O yazır ki, Göy Tanrının ida- rəçiliyini yerdə yaratdığı hamilər həyata keçirir. Bu hamilər -
kultlar başqa xalqların panteonunda gördüyümüz allahların funksiyasını daşıyır [101, s.151]. Türk
panteonunda baş allah tenqri ilk baxışda təkallahlılığın model düşüncəsini yaratsa da, o, panteon şəcərəsini
formalaşdıra bilmir. Çünki onun tabeliyində silsilə hamilər- allah səviyyəsində olan kultlar sistemi
mövcuddur. Bu sistem Göy Tanrı tərəfindən idarə olunur. Azərbaycan mifologiyasında «əyə»çilik tanrının
bəzi funksiyalarının ona verilməsi, yaxud onda cəmləşməsi kimi təzahür edir. Prof. A.Nəbiyev əyə, kult,
hami problemini əslində təktanrıçılığın özünə məxsus olan çoxallahlılıq prinsiplərinə uyğun gəlməsi kimi,
bu formada həyata keçirilməsi kimi izah edir [101, s.152].
Dünya mifologiyasının ayrılmaz hissəsini təşkil edən türk mifologiyası özünün çoxşaxəliliyi, bütöv sistemi
təşkil etməsi ilə başqa xalqların mifoloji təfəkkür sistemindən, dünyagörüşündən seçilir. Türk
mifologiyasının kökü bəşər çağının lap ibtidai dövrlərinə gedib çıxır. Yayılma arealına görə də türk mifoloji
təfəkkürü başqa xalqların coğrafi məkanından daha geniş ərazini əhatə edir. Bir ucu Sibir, Qafqaz, Anadolu,
Orta Asiya ölkələrini, digər tərəfi Avropanı bürüyən türk tayfalarının kökü özü ilə bərabər buralara öz
mədəniyyətini - mifologiyasını gətirmiş, uyğun gəldiyi yerli mifoloji düşüncə tərzinə qaynayıb qarışaraq
indi başa düşdüyümüz türk mifoloji sisteminə çevrilmişdir. Bu nə ilə bağlı olmuşdur? Türk mifologiyası hər
şeydən əvvəl öz mütərəqqiliyi ilə seçilmişdir. İnsan təfəkkürünün yaratdığı ən alı varlıq Tanrıdır. Tanrı
ideyası, təktanrıçılıq həmişədən türk tayfalarında üstün mövqe tutmuşdur. Qaynayıb-qarışdığı ölkələrdə
çoxallahlılığa qarşı mübarizədə türk tanrıçılığı hakim ideologiya olmuş, dünyanın bir tanrı tərəfindən
yaradılmasını, insanların Tanrı tərəfindən yaradılıb himayə olunduğunu şüurlara təlqin etmişdir. Türk
mifologiyasında təktanrıçılıq deyəndə Qara xan yada düşür. Mifoloji təsəvvürlərə görə ilk insanı yaradan da
Qara xandır. Göyləri də o yaratmışdır. 17-ci qatda özü, 16-cı qatda oğlu Ülgeni oturdub.
Dünyanın yaradılması haqqındakı əsatirdə də Yeri, Göyü, Ayı, Günəşi, Suyu, Dağları, Torpağı yaradan Qara
xandır. Bu mifdə dünyanın Tanrı tərəfin- dən yaradılması fikri irəli sürülür. Tanrının yaratdığı insanlar hələ
ölümün nə olduğunu bilmirdilər. «Ölümü kimə verək?» mifində Allah Cəbrayıla deyir ki, sən yerə ölüm
aparmalısan. Dirim artıb, aclıq başlanar, inam-etiqad azalar. Cəbrayıl ölümü dağlara vermək istədi. Dağlar
titrədi, bulaqlar hönkürdü, şəlalələr haray saldı. Cəbrayıl ölümü sulara vermək istədi. Göllər, dənizlər,
dəryalar tüğyana gəldi, sular fəvvarə vurdu, yaşamaq üçün icazə istədilər. Cəbrayıl ölümü ağaclara təklif
etdi, ağaclar sızıldadı, inildədi, başlarını göylərin ayaqlarına əydilər, yarpaqları bir andaca saraldı. Cəbrayıl
baxdı ki, bunlarsız dünya yaraşıqsız qalacaq. Tanrı dərgahına getdi, dedi ölümü götürən yoxdur. Onların heç
birinə ölüm yaraşmır, birinin ölümü o birinin də ölümü olacaq, ölümü kimə verək? Ölüm yiyəsiz yetim kimi
arada qalıb. Tanrı dedi ölümü insanlara ver, insanlar saxlayacaq, dünyanı tarazda saxlayacaq. Onlar
öldürəcəklər, bir-birinə qəsd edəcəklər. Ölümü onlara ver [28, s.186].
İnsan təfəkkürünün yetişə bildiyi ən ali varlıq Tanrıdır. Tanrı ideyası, təktanrılıq qədimlərdən türk
tayfalarında olmuşdur. İslam dininin Cəbrayıl, Əzrayıl kimi mələkləri türk tayfalarında da yaxşıistər, pisistər
formada təşəkkül tapmışdı. Elə təkcə Hörmüz və Əhriməni yada salmaq kifayətdir. Yaxud Ülgen, Erlik kimi
tanrılar oğuz türklərində xeyirxahlıq və şər simvolu kimi qəbul edilmişdir. Dünyanın yaradılması haqqındakı
türk əsatirində deyilir ki, əvvəlcə su var idi. Yer, Göy, Ay və Günəş yox idi. Tanrı (Kuday) ilə bir (kişi) var
idi.