40
İkinci Dünya müharibəsindən sonra gender hüquqları problemi (cinslərin bərabərliyi) aktual
əhəmiyyət kəsb etdi. Qadınlarla kişilərin hüquq bərabərliyi BMT-nin Nizamnaməsində təsbit olunmaqla
beynəlxalq hüquqi normaya çevrildi. 1948-ci ildə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə cinsi
bərabərlik bir daha əsaslandırılırdı. Lakin bu bəyannamə qadınların həyatına nəzərə çarpacaq bir
dəyişiklik gətirmədiyi üçün BMT Baş Məclisi 1967-ci ildə Qadınlar barəsində Ayrı-seçkiliyin Bütün
formalarının Ləğv edilməsi Bəyannaməsini qəbul etdi. BMT-yə üzv dövlətlər bəyannamələrin yerinə
yetirilməsi ilə bağlı öhdəlik daşımadıqlarından bu bəyannamə də cinslər arasında qarşılıqlı münasibətlərin
yeni, daha ədalətli modelini yarada bilmədi. Nəticədə BMT Baş Məclisi 1979-cu ildə "Qadın
Konvensiyası" adlı sənəd qəbul etdi. Azərbaycan 1995-ci ildə bu sənədi ratifikasiya etdi.
41
15 MART
ÜMUMDÜNYA İSTEHLAKÇILAR GÜNÜ
İnsanlar istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində
çıxış edirlər.
Qanun istehlakçı anlayışını dəqiq müəyyənləşdirir. İstehlakçı gəlir əldə etmək məqsədi güdmədən
əmtəələri alan və istifadə edən, xidmət və iş sifariş verən vətəndaşdır. İstehlakçı aldığı əşyanın, məhsulun,
ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır. Bu, istehlakçının keyfiyyət hüququdur. Biz
əmin olmalıyıq ki, aldığımız qida məhsulları ekoloji və gigiyenik cəhətdən sağlamlığımız üçün heç bir
təhlükə törətmir. Yaxud hər hansı bir elektrik cihazı mənzildə yanğına səbəb olmayacaqdır. Bu, isteh-
lakçının təhlükəsizlik hüququdur. Əmtəə, xidmətlər və s. haqqında məlumat almaq informasiya hüququnu
özündə əks etdirir. İstehlakçı dəymiş ziyanın ödənilməsi hüququna malikdir. Belə ki, aldığımız hər hansı
bir əşya sağlamlığımıza və yaxud əmlakımıza ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək
hüququmuz vardır. Beləliklə, istehlakçının hüququnun qorunması zəruridir.
Hər birimizin istehlakçı kimi hüquqlarımızın pozulduğu hallar azmı olub?
Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur. Hər
bir ölkədə olduğu kimi Azərbaycanda da "İstehlakçıların hüquqlarının qorunması haqqında Qanun" qəbul
olunmuşdur. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda ticarət təşkilatlarının
və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.
Ümumdünya İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il
martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır. Kennedi çıxışında yuxarıda göstərilən məşhur dörd
hüququ sadalamış, onu istehlakçının hüququ adlandırmışdır. Kennedi demişdir: "İstehlakçılar biz
hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında
həlledici rol oynayırlar. Lakin belə bir yekdil səs təəssüf ki, həmişə eşidilmir". Ümumdünya İstehlakçılar
İttifaqı Təşkilatı həmin sözləri özünün manifestinə çevirmişdir.
İstehlakçıların Hüquqlarını Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunmuşdur. İki
il sonra - 1985-ci il aprelin 9-da BMT Baş Məclisi istehlakçıların hüquqlarının müdafiəsi üçün rəhbər
prinsipləri müəyyənləşdirdi. Bu prinsiplərin qəbul olunması nəticəsində istehlakçı hüquqları beynəlxalq
səviyyədə tanınaraq qanuniləşdirildi.
15 martın Ümumdünya İstehlakçılar Günü kimi qeyd edilməsi beynəlxalq ictimaiyyəti
istehlakçıların hüquqlarının qorunması problemlərinin həllinə yönəldir. Ümumdünya İstehlakçılar İttifaqı
müstəqil, qeyri-kommersiya, gəlirsiz, qeyri-siyasi təşkilat kimi 1961-ci ildə Niderlandda qeydiyyatdan
keçmişdir. Bu təşkilat özündə 72 ölkədən istehlakçıların hüquqları problemləri ilə məşğul olan 180
ictimai və dövlət təşkilatını birləşdirir. Azərbaycanda da belə bir qeyri-hökumət təşkilatı XX əsrin 90-cı
illərinin ortalarından fəaliyyət göstərir.
42
21 MART
İRQİ AYRI-SEÇKİLİYİN (DİSKRİMİNASİYANIN)
LƏĞV EDİLMƏSİ UĞRUNDA
BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ
Etnik hökmranlıq nəticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən qrupunun
hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarır.
Gündəlik həyatda bu, həmin qrupun restoranlara, çimərliklərə, kinoteatrlara və ya şəhərin bəzi rayonlarına
getməyinə qadağa qoyulmasında, istehsal sahəsində bəzi peşələrlə məşğuliyyətin məhdud-
laşdırılmasında, hamı kimi təhsil almaq, uğurlu karyera yaratmaq imkanının olmamasında, psixoloji
planda - lağ-lağı ləqəblərdə, "geridə qalmış" xalqlar haqqındakı lətifələrdə və s. özünü göstərir.
Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birilə əlaqəsini kəsmək
məqsədilə onların müstəmləkəçilər tərəfindən insan həyatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür
sistem uzun müddət ABŞ-da hindulara qarşı, Cənubi Afrika Respublikasında (CAR) isə zəncilərə qarşı
hökm sürmüşdür.
Bu siyasətin əsasında rasizm (rasa irq deməkdir) - insan irqlərinin qeyri-bərabərliyi şəraitinə
əsaslanan ideologiya və siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, "tam dəyərli" və "natamam
dəyərli" irqlər vardır. Onlar bununla öz ölkələri daxilində irqi diskriminasiyaya və başqa ölkələrə
münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.
Diskriminasiyanın insanlığa sığmayan forması - hər hansı millətin və ya etnik qrupun
nümayəndələrinin yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da
soyqırımı (genosid) və holokost adlanır. XX əsr milli zəmində ehtirasların coşması və bunun nəticəsində
baş verən faciəvi hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun başqaları üzərində
hakimiyyətə malik olması və xüsusi ali irqin - bütün dünyanı idarə etməli olan ayrıca seçilmiş millətin
mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırımı nümunəsi göstərmişdir.
Bu ideyanın həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları tamamilə məhv
etməyə (holokost), digər xalqları (məsələn, slavyanları) "əsil arilərə" tabe etməyə cəhd göstərmişlər.
XX əsr tarixində Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımları ermənilər törətmişlər. Ter-
rorçu erməni təşkilatı olan "Daşnaksutyun" partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940,
1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımları
törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adlandırılan,
əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
Bəs BMT-ni irqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə
Günü təsis etməyə vadar edən nə olmuşdur? Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən
Afrikanın yerli əhalisi və Hindistandan köçürülmüşlərə qarşı dözülməz irqi diskriminasiya siyasəti
bəşəriyyəti narahat etmişdi. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil şəhərində polis aparteid
rejiminin afrikalı əhalinin məcburi pasportlaşdırılması haqqında qanununa qarşı dinc etiraz nümayişinə
divan tutmuşdu. Nəticədə 69 nəfər öldürülmüşdü.
1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin XXI sessiyası İrqi Diskriminasiyanın Ləğvi
Uğrunda Beynəlxalq Mübarizə Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. BMT Baş Məclisi
bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri
birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi
elan etdi. Baş Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə və
diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika
Respublikasında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.